Ailə xoşbəxtliyinin açarları
Yeniyetmələrlə ünsiyyət
«Əvvəllər oğlumla söhbət etmək asan idi. İndi onun 16 yaşı var. Həm yoldaşıma, həm də mənə onun nə fikirləşdiyini bilmək çətindir. O öz otağına çəkilir və bizimlə güc-bəla ilə danışır». MİRYAM (MEKSİKA)
«Bir vaxtlar uşaqlarım mənə canla-başla qulaq asırdılar. Hər sözümü sanki canlarına çəkirdilər! İndi isə yeniyetməlik yaşına çatıblar və düşünürlər ki, mən onların dünyasına yadam». SKOT (AVSTRALİYA)
ƏGƏR sizin də övladınız yeniyetmə yaşındadırsa, onda yəqin bu valideynlərin dedikləri sizə tanışdır. Əvvəllər uşağınızla söhbət ikitərəfli geniş yola bənzəyirdi. İndi isə elə bil yolu bağlayıblar. İtaliyadan olan Anjela adlı bir ana deyir: «Oğlum uşaq olanda üstümə suallar yağdırırdı. İndi isə söhbətə başlamaq üçün təşəbbüs göstərən təkcə mən oluram. Əgər cəhd göstərməsəm, günlərlə bir-birimizlə düz-əməlli söhbət etmərik».
Anjela kimi, yəqin siz də görürsünüz ki, bir vaxtlar söhbətcil olan uşağınız, indi çevrilib olub qaradinməz yeniyetmə. Söhbətə başlamaq üçün göstərdiyiniz bütün cəhdlərin müqabilində qısa, soyuq cavablar eşidirsiniz. «Günün necə keçdi?» — deyə oğlunuzdan soruşursunuz. Quru cavab gəlir: «Yaxşı». Qızınızdan soruşursunuz: «Məktəbdə nə var, nə yox?» O isə çiyinlərini çəkib deyir: «Heç nə». «Niyə danışmaq istəmirsən?» — deyərək onu söhbətə tutmaq cəhdləriniz tam sükutla qarşılanır.
Əlbəttə, bəzi yeniyetmələr üçün danışmaq heç də problem deyil. Ancaq onların dedikləri valideynlərin eşitmək istədikləri şey olmur. Nigeriyadan olan Edna adlı ana xatırlayır: «Qızıma nəyisə etməyi tapşıranda çox vaxt cavabı “əl çək məndən” olurdu». Meksikadan olan Ramonun 16 yaşlı oğlunda da oxşar hal müşahidə olunur. O deyir: «Demək olar ki, hər gün mübahisəmiz düşür. Ona bir iş tapşıranda dərhal bəhanələr gətirərək yaxasını kənara çəkir».
Qaradinməz yeniyetmə ilə ünsiyyət etməyə çalışmaq valideyni hövsələdən çıxara bilər. Müqəddəs Kitab etiraf edir ki, «məsləhətsiz [«etibarlı söhbət olmazsa», YD] niyyət boşa çıxar» (Süleymanın məsəlləri 15:22). Uşağını tək böyüdən rusiyalı Anna deyir: «Oğlumun nə düşündüyünü bilməmək məni özümdən elə çıxarır ki, hirsimdən qışqırmaq istəyirəm». Nə üçün ünsiyyətin məhz belə vacib olduğu bir zamanda gənclər və onların valideynləri ünsiyyət etmək bacarığını sanki itirirlər?
Maneələri görün
Ünsiyyət sadəcə söhbət demək deyil. İsa demişdi ki, ‘ağız ürəkdən gələni söyləyir’ (Luka 6:45). Beləliklə, yaxşı ünsiyyət vasitəsilə biz həm başqalarından öyrənir, həm də özümüzü kəşf edirik. Ürəyində və ağlında olan şeyləri bölüşmək yeniyetmələrə çətin gələ bilər, çünki cinsi yetkinliyə qədəm qoyandan sonra hətta ən ünsiyyətcil uşaq belə birdən-birə utancaq ola bilər. Ekspertlərin fikrincə, özlərini həmişə səhnədə, xəyali auditoriya qarşısında, projektorların gözqamaşdırıcı şüaları altında hiss etmək yeniyetmələr üçün səciyyəvi haldır. Projektorların qarşısında cəsarətlə durmaq əvəzinə utancaq yeniyetmələr, necə deyərlər, pərdəni aşağı salır, valideynlərin girməyə çətinlik çəkdiyi gizli dünyalarına çəkilirlər.
Ünsiyyətə mane olan başqa bir amil yeniyetmənin sərbəst olmaq arzusudur. Bu, qaçılmaz haldır, uşağınız böyüyür, böyümək isə özünə yavaş-yavaş ailədən aralanmağı daxil edir. Ancaq bu o demək deyil ki, o, artıq evdən getməyə hazırdır. Bir çox məsələlərdə indi onun sizə əvvəlkindən də artıq ehtiyacı var. Ancaq ailədən aralanmaq yetkinlik yaşına çatmazdan xeyli əvvəl başlayır. Böyüdükcə bir çox yeniyetmələr fikirlərini başqaları ilə bölüşməzdən əvvəl hər şeyi öz ürəklərində ölçüb-biçməyə üstünlük verirlər.
Meksikadan olan Cessika adlı bir ananın müşahidə etdiyi kimi, yeniyetmələr öz yaşıdlarından heç də hər şeyi gizlətmirlər. O deyir: «Balaca vaxtı qızım çətinliyi olan kimi mənim yanıma gəlirdi, indi isə rəfiqələrinin yanına qaçır». Əgər sizin də övladınız belə edirsə, onun sizi valideynlikdən çıxardığı qənaətinə gəlməyin. Əksinə, sorğular göstərir ki, yeniyetmələr, dilləri başqa şey desə də, valideynlərinin məsləhətini dostlarınınkından üstün tuturlar. Belə isə, ünsiyyət qapısını necə açıq saxlamaq olar?
Müvəffəqiyyətin açarları: sədləri aşın
Təsəvvür edin ki, avtomobiliniz uzun, düz yolda şütüyür. Qət etdiyiniz çox kilometrlər boyunca sükanı çox az fırlatmalı olmusunuz. Sonra qəfildən yolda qarşınıza sərt döngə çıxır. Maşının yoldan çıxmaması üçün, istiqaməti dəyişməkdən başqa çarəniz yoxdur. Uşağınız yeniyetmə yaşına çatanda da oxşar hal baş verir. Bəlkə də, uzun illər ərzində tərbiyə üsulunuzda çox az dəyişiklik etməli olmusunuz. İndi isə övladınızın həyatında sərt döngə peyda olub, siz də ünsiyyət üsullarınızı dəyişərək «döngəyə sürməlisizin». Özünüzə növbəti sualları verin.
▪ «Oğlum və ya qızım söhbət etmək istəyəndə mən buna hazır olurammı?» Müqəddəs Kitab deyir: «Yerində deyilən sözlər, gümüş oymalar içində qızıl almalara bənzər» (Süleymanın məsəlləri 25:11). Ayədən göründüyü kimi, çox vaxt əsas rolu vaxt oynayır. Misal üçün: əkinçi biçin vaxtını nə tələsdirə, nə də ləngidə bilər. Sadəcə olaraq, biçin vaxtı çatanda işini görməlidir. Sizin uşağınızın da danışmağa daha meylli olduğu konkret vaxtlar ola bilər. Belə fürsəti əldən verməyin. Avstraliyada yaşayan və uşağını tək böyüdən Franses adlı bir ana deyir: «O qədər olub ki, qızım gecələr yataq otağıma gəlib və hərdən söhbətimiz bir saatacan çəkib. Gec yatmağa alışmadığımdan bu mənə heç də asan olmurdu, ancaq həmin gecələrdə biz hər şey haqqında danışırdıq».
MƏSLƏHƏT: Uşağınız söhbətə həvəs göstərməyəndə birlikdə nə isə edin: gəzməyə çıxın, maşınla harasa gedin, oyun oynayın, yaxud evdə iş görün. Çox vaxt belə sərbəst atmosferdə uşaq ürəyini açmağa daha meylli olur.
▪ «Sözlərin arxasında duran fikirləri tuturammı?» Əyyub 12:11 ayəsində deyilir: «Yeməyin dadını damaq hiss etdiyi kimi qulaq da sözləri sınaqdan keçirməzmi?» İndi sizə oğlunuzun və ya qızınızın sözlərini əvvəlkindən də çox ‘sınaqdan keçirmək’ lazımdır. Çox vaxt yeniyetmələr elə danışırlar ki, guya həmişə onlar düzdürlər. Məsələn, oğlunuz və ya qızınız deyə bilər: «Sən mənimlə həmişə uşaq kimi rəftar edirsən!», yaxud «Sən heç vaxt mənə qulaq asmırsan!» «Həmişə» və ya «heç vaxt»ın haçan olduğunu ayırd etmək əvəzinə, uşağınızın hərfi mənada danışmadığını başa düşün. Məsələn: «Sən mənimlə həmişə uşaq kimi rəftar edirsən» «Mənə elə gəlir ki, sən mənə etibar etmirsən», «Sən heç vaxt mənə qulaq asmırsan» isə «Ürəyimdəkini sənə açmaq istəyirəm» mənasını verə bilər. Sözlərin arxasında duran fikirləri tutmağa çalışın.
MƏSLƏHƏT: Yeniyetmə uşağınız qəti danışanda belə deyə bilərsiniz: «Görürəm qanın qaradır, de görüm nə olub, niyə elə düşünürsən ki, səninlə uşaq kimi rəftar edirəm». Sonra sözünü kəsmədən axıra qədər qulaq asın.
▪ «Uşağı danışmağa məcbur edərək, özüm də bilmədən ünsiyyətə mane olurammı?»
Müqəddəs Kitab deyir: «Salehliyin bəhrəsi də sülh yaradanlar üçün sülh içində əkilir» (Yaqub 3:18). Sözlərinizlə və hərəkətlərinizlə «sülh» yaradın ki, uşaqda söhbətə həvəs yaransın. Unutmayın ki, siz uşağınızı müdafiə etməlisiniz. Buna görə də, nəyi isə müzakirə edərkən, məhkəmədə ittihamçı rolunda çıxış edən prokuror kimi davranmayın. Koreyalı An adlı bir ata deyir: «Müdrik valideyn “Sən nə vaxt böyüyəcəksən?”, yaxud “Sənə neçə dəfə demək olar?” kimi məzəmmətedici ifadələrdən istifadə etmir. Bu kimi çoxlu səhvlərə yol verəndən sonra fikir verdim ki, təkcə necə danışmağım yox, həm də dediyim sözlər oğullarımı əsəbiləşdirir».
MƏSLƏHƏT: Əgər uşağınız suallara cavab vermirsə, başqa üsula əl atın. Məsələn, qızınızdan gününün necə keçdiyini soruşmaq əvəzinə, öz gününüzün necə keçdiyini danışın və görün reaksiya verəcək, ya yox. Yaxud nə haqdasa qızınızın fikrini bilmək üçün diqqəti onun özündən başqa yerə yönəldən suallar verin. Rəfiqəsinin məsələyə dair nə fikirləşdiyi ilə maraqlanın. Sonra soruşun ki, o, rəfiqəsinə hansı məsləhəti verərdi.
Yeniyetmələrlə ünsiyyət qurmaq qeyri-mümkün bir şey deyil. Ünsiyyət üsullarınızı uşaqlarınızın tələbatına görə dəyişin. Bu işin öhdəsindən müvvəffəqiyyətlə gələn valideynlərlə söhbət edin (Süleymanın məsəlləri 11:14). Oğlunuz və ya qızınızla söhbət edərkən ‘eşitməkdə iti, söz söyləməkdə təmkinli və qəzəbdə təmkinli olun’ (Yaqub 1:19). Ən vacibi isə yeniyetmə uşaqlarınızı ‘Rəbbin tərbiyə və nəsihəti ilə böyütmək’ cəhdlərinizə heç vaxt son qoymayın (Efeslilərə 6:4).
ÖZÜNÜZDƏN SORUŞUN...
▪ Uşağım yeniyetməliyə qədəm qoyandan onda hansı dəyişikliklər baş verir?
▪ Ünsiyyət etmək bacarığımı necə yaxşılaşdıra bilərəm?
[20-ci səhifədəki çərçivə]
Valideynlərdən məsləhətlər
«Yanımızda başqaları olanda oğlum daha sərbəst danışır. Sonra özümüz qalanda həmin söhbəti onunla davam etdirirəm». ANJELA (İTALİYA)
«Fikir vermişik ki, uşaqları əvvəlcə tərifləyəndə və onları nə qədər çox sevdiyimizi deyəndə ürəklərini bizə açırlar». DONİZETİ (BRAZİLİYA)
«Mən Müqəddəs Kitab normalarına uyğun tərbiyə edilmiş böyüklərlə danışır, onlardan yeniyetmə olanda hansı hissləri keçirdiklərini və valideynlərinin onlara necə kömək etdiyini soruşurdum. Bunun mənə böyük köməyi dəyirdi». DON (BRİTANİYA)