Yehova Öz sadiq bəndələrini tərk etməyəcək
«Rəbb ədaləti sevir, heç zaman möminləri [«sadiq bəndələrini», YD] tərk etmir. Salehlər daim müdafiə olunacaq» (MƏZ. 37:28).
1, 2. a) Eramızdan əvvəl onuncu əsrdə yaranan hansı vəziyyət Allahın xidmətçilərinin sadiqliyini sınağa çəkdi? b) Yehova Öz sadiq bəndələrini hansı üç vəziyyətdə qorudu?
ERAMIZDAN əvvəl onuncu əsr. Həlledici an gəlib çatıb. İsrailin baş qaldıran şimal qəbilələrinə müstəqillik verilməsi sayəsində vətəndaş müharibəsi təhlükəsi güc-bəla ilə sovuşub. Üzərlərinə təzə təyin edilmiş padşah Yarovam yeni dövlət dini yaradaraq vaxt itirmədən öz hakimiyyətini möhkəmləndirməyə başlayır. O öz təbəələrindən tam sədaqət tələb edir. Bəs Yehovanın sadiq xidmətçiləri nə edəcəklər? İbadət etdikləri Allaha sadiq qalacaqlarmı? Minlərlə insan belə də davranır və nöqsansızlıqlarını qoruduqları müddətdə Yehovanın gözü onların üstündə olur (1 Pad. 12:1-33; 2 Saln. 11:13, 14).
2 Allahın xidmətçilərinin sadiqliyi bizim günlərdə də sınanır. Müqəddəs Kitab xəbərdarlıq edir: «Ayıq durun, sayıq olun. Çünki düşməniniz olan şeytan, nərə çəkən və aşırmaq üçün kimisə axtaran aslan kimi gəzir». Bəs biz ‘möhkəm imanla ona qarşı durmağa’ müvəffəq ola bilərikmi? (1 Pet. 5:8, 9). Gəlin Yarovam padşahın b. e. ə. 997-ci ildə taxta çıxdığı dövrdə cərəyan edən bəzi hadisələri və onlardan hansı ibrət dərslərini götürə biləcəyimizi nəzərdən keçirək. Həmin gərgin dövrdə Yehovanın sadiq xidmətçiləri sıxışdırılırdılar. Onlar çətin tapşırıqlarını yerinə yetirdikləri müddətdə dönüklərin təsirinə də məruz qalırdılar. Bu vəziyyətlərin heç birində Yehova Öz sadiq bəndələrini tərk etmədi, indiki dövrdə də etməyəcək (Məz. 37:28).
Sıxışdırılanda
3. Nə üçün Davudun hökmranlığı altında xalq nalə çəkmirdi?
3 Gəlin əvvəlcə Yarovamın hansı şəraitdə padşah olduğunu nəzərdən keçirək. Süleymanın məsəlləri 29:2 ayəsində deyilir: «Pis hökmdar olanda xalq nalə çəkər». Qədim İsrailin padşahı Davudun hakimiyyəti dövründə xalq nalə çəkmirdi. Davud kamil deyildi, amma Allaha sadiq idi və Ona güvənirdi. O, əzazil hökmdar da deyildi. Yehova Davuda: «Sənin nəslin və padşahlığın Mənim qarşımda əbədi əmin-amanlıqda olacaq, taxtın isə əbədi möhkəm qalacaq» deyərək, onunla əhd bağladı (2 Şam. 7:16).
4. Süleymanın hakimiyyəti dövründə verilən xeyir-dualar nədən asılı idi?
4 Davudun oğlu Süleymanın hakimiyyəti altında əvvəlcə elə firavanlıq və əmin-amanlıq hökm sürürdü ki, Məsih İsanın gələcək Minillik Hökmranlığının nümunəsi olmuşdu (Məz. 72:1, 17). O zaman İsrailin 12 qəbiləsindən heç birinin üsyan qaldırmağa səbəbi yox idi. Ancaq Süleymana və onun təbəələrinə verilən xeyir-dualar şərti idi. Yehova Süleymana demişdi: «Əgər sən Mənim qaydalarımla getsən, hökmlərimə və əmrlərimə uyğun hərəkət etsən, onda Mən atan Davuda verdiyim sözü sənin vasitənlə yerinə yetirəcəyəm: İsrail övladlarının arasında yaşayacağam və xalqım İsraili tərk etməyəcəyəm» (1 Pad. 6:11-13).
5, 6. Süleymanın Yehovaya sədaqətsizliyi nəyə gətirib çıxardı?
5 Qocalıq çağında Süleyman Yehovaya sədaqətindən döndü və yalan ibadətə qoşuldu (1 Pad. 11:4-6). O, tədricən Yehovanın qanunlarından çıxır və get-gedə zalımlaşırdı. Axırda o həddə gəlib çatdı ki, ölümündən sonra xalq onun oğlu və xələfi Rexavamın yanına şikayətə gəlib, vəziyyəti yüngülləşdirməyi xahiş etdi (1 Pad. 12:4). Yehova Süleymanın sədaqətsizliyinə necə münasibət göstərdi?
6 Müqəddəs Kitabda deyilir: «Rəbb Süleymana qəzəbləndi, çünki onun ürəyi İsrailin Allahı Rəbdən dönmüşdü. Rəbb ona iki dəfə görünərək “başqa allahlara xidmət etmə” deyə bu barədə əmr etdi, o isə Rəbbin əmrinə əməl etmədi». Yehova Süleymana dedi: «Sənə əmr etdiyim əhdimə və qaydalarıma əməl etmədiyin üçün Mən hökmən padşahlığını əlindən çəkib alacağam və onu sənin quluna verəcəyəm» (1 Pad. 11:9-11).
7. Yehova Süleymanı rədd etsə də, Öz sadiq bəndələrinin qayğısına necə qaldı?
7 Yehova sonra Axiya peyğəmbəri göndərdi ki, xalqı Süleymanın zülmündən qurtaracaq adamı məsh etsin. Həmin adam Süleymanın padşahlığında çalışan bacarıqlı Yarovam idi. Yehova Davudla bağladığı Padşahlıq əhdinə sadiq qalsa da, 12 qəbilənin bölünməsinə razılıq verdi. On qəbilə Yarovama veriləcəkdi, ikisi isə həmin vaxt Rexavam padşahın təmsil etdiyi Davudun sülaləsində qalacaqdı (1 Pad. 11:29-37; 12:16, 17, 21). Yehova Yarovama dedi: «Əgər qulum Davud kimi Mənim qanunlarıma və əmrlərimə əməl edərək sənə buyurduğum hər şeyə qulaq assan, Mənim yolumla getsən və Mənim gözümdə doğru olan işlər görsən, onda Mən səninlə olacağam. Davud üçün qurduğum kimi sənin üçün də möhkəm bir sülalə quracağam və İsraili sənə verəcəyəm» (1 Pad. 11:38). Yehova Öz xalqı naminə hərəkət etdi və onlar üçün zülmdən qurtuluşa yol açdı.
8. Allahın xalqı müasir dövrdə necə sıxışdırılır?
8 Bu gün zülm və haqsızlıq hər yanı bürüyüb. Vaiz 8:9 ayəsində deyilir: «Bir nəfərin başqa adama ağalıq etməsi başına bəla olur». Ticarətdəki acgözlük və idarəçilikdəki rüşvətxorluq çətin iqtisadi vəziyyətin yaranmasına gətirib çıxara bilər. Hökumətə, iqtisadiyyata və dinə rəhbərlik edənlər çox vaxt əxlaqi cəhətdən pis nümunə qoyurlar. Buna görə də, saleh Lut kimi, Allahın sadiq bəndələri bu gün ‘pozğun adamların səfahətə düşkün həyat tərzindən əziyyət çəkirlər’ (2 Pet. 2:7). Bundan əlavə, heç kimə dəyib-dolaşmadan Allahın normaları ilə yaşamağa çalışmağımıza baxmayaraq, çox vaxt təkəbbürlü rəhbərlərin təqib hədəfinə çevrilirik (2 Tim. 3:1-5, 12).
9. a) Yehova xalqını xilas etmək üçün nə etmişdir? b) İsanın Allaha həmişə sadiq qalacağına nəyə görə əmin ola bilərik?
9 Ancaq bir dəyişməz həqiqətə əmin ola bilərik: Yehova Öz sadiq bəndələrini tərk etməyəcək! Dünyanın mənəviyyatını itirmiş rəhbərlərini əvəz etmək üçün Yehovanın artıq atdığı addımlar üzərində bir düşünün. Məsihin idarə etdiyi Allahın Padşahlığı artıq təsis olunmuşdur. İsa Məsih yüz ilə yaxındır ki, göydə idarə edir. Tezliklə o, Allahın adından qorxan insanlara əsl qurtuluş gətirəcək. (Vəhy 11:15-18 ayələrini oxu.) İsa, hətta ölüm qarşısında da Allaha sadiq olduğunu artıq sübut etmişdir. Süleymandan fərqli olaraq, o öz təbəələrinin ümidini heç vaxt boşa çıxarmayacaq (İbr. 7:26; 1 Pet. 2:6).
10. a) Allahın Padşahlığını qiymətləndirdiyimizi necə göstərə bilərik? b) Sınaqlara məruz qalarkən nəyə əmin ola bilərik?
10 Allahın Padşahlığı bütün sıxıntılara son qoyacaq real hökumətdir. Biz yalnız Yehova Allaha və Onun quruluşuna sadiqik. Padşahlığa tam arxayın olaraq, biz dünyadakı allahsız əməlləri rədd edir və səylə yaxşı işlərə can atırıq (Tit. 2:12-14). Biz bu dünyadan ləkəsiz qalmağa çalışırıq (2 Pet. 3:14). İndi hansı sınaqla üzləşiriksə üzləşək əmin ola bilərik ki, Yehova bizi ruhani zərərdən qoruyacaq. (Məzmur 97:10 ayəsini oxua.) Bundan savayı, Məzmur 116:15 ayəsi bizi əmin edir ki, «Rəbbin gözündə hər bir möminin [«sadiq bəndələrinin», YD] ölümü çox bahadır». Yehovanın xidmətçiləri Ona o qədər əzizdirlər ki, onların bir qrup şəklində məhv olmalarına heç vaxt yol verməyəcək.
Dönüklərin təsirinə məruz qalanda
11. Necə oldu ki, Yarovam sədaqətsiz oldu?
11 Yarovam padşahın hakimiyyəti Allahın xalqının vəziyyətini bir az yüngülləşdirə bilərdi. Ancaq onun hərəkətləri xalqın Allaha sadiqliyini daha da sınağa çəkdi. Yarovam ona verilən şərəf və imtiyazlara qane olmayıb öz mövqeyini möhkəmləndirmək üçün yollar axtarmağa başladı. O, ürəyində fikirləşirdi: «Əgər bu xalq Yerusəlimə, Rəbbin məbədinə qurban gətirmək üçün gedərsə, bu xalqın ürəyi ağalarına — Yəhuda padşahı Rexavama tərəf dönəcək. Onlar məni öldürüb Yəhuda padşahı Rexavamın tərəfinə keçəcəklər». Buna görə də Yarovam iki qızıl danaya ibadətdə mərkəzləşən yeni din təsis etdi. «O, danalardan birini Bet-Eldə, o birini isə Danda qoydu. Bu iş günah oldu. Xalq onlardan birinə səcdə etmək üçün Dana qədər gedirdi. Yarovam səcdəgahlarda ibadət evləri tikdi və xalqın arasından Levililərdən olmayan kahinlər təyin etdi». Yarovam hətta özündən ‘İsrail övladları üçün bayram’ günü də uydurdu və «buxur yandırmaq üçün... düzəltdiyi qurbangaha qalxdı» (1 Pad. 12:26-33).
12. Yarovam İsraildə danaya ibadəti təsis edən zaman Allahın şimal padşahlığındakı sadiq bəndələri nə etdilər?
12 Bəs indi Allahın şimal padşahlığındakı sadiq bəndələri nə edəcəkdilər? Şimal padşahlığında onlara verilən şəhərlərdə yaşayan levililər, sadiq əcdadları kimi, vaxt itirmədən hərəkətə keçdilər (Çıx. 32:26-28; Say. 35:6-8; Qanun. t. 33:8, 9). Onlar miraslarını buraxıb, ailələri ilə birlikdə cənuba, Yehovaya maneəsiz ibadət edə biləcəkləri Yəhudaya köçdülər (2 Saln. 11:13, 14). Yəhudada müvəqqəti yaşayan digər israillilər evlərinə dönməyi yox, həmişəlik orada qalmağı seçdilər (2 Saln. 10:17). Yehova qayğı göstərdi ki, həqiqi ibadətə yol açıq olsun və sonrakı nəsillər də şimal padşahlığında danaya ibadəti tərk edib Yəhudaya qayıda bilsinlər (2 Saln. 15:9-15).
13. Dönüklərin təsiri müasir dövrdə Allahın xalqını necə sınağa çəkir?
13 Dönüklər və onların göstərdiyi təsir bu gün də Allahın xalqı üçün təhlükə doğurur. Bəzi rəhbərlər özlərinin dövlət dinini yaratmağa çalışır və təbəələrini onu qəbul etməyə məcbur edirlər. Xristian dünyasının ruhaniləri və başqa təkəbbürlü şəxslər ruhani kahin tayfası olduqlarını iddia etməyə çalışırlar. Ancaq padşahlıq edən ‘kahin tayfasını’ təşkil edən əsl məsh edilmişlər yalnız həqiqi məsihçilərdən seçilir (1 Pet. 2:9; Vəhy 14:1-5).
14. Dönük fikirlərə münasibətimiz necə olmalıdır?
14 Eramızdan əvvəl onuncu əsrdəki sadiq levililər kimi, bu gün də Allaha sadiq insanlar dönük fikirlərə aldanmırlar. Məsh edilmişlər və onların məsihçi yoldaşları dərhal dönük fikirlərdən qaçır və onları rədd edirlər. (Romalılara 16:17 ayəsini oxu.) Dünyəvi məsələlərdə biz hakim dairələrə həvəslə tabe olsaq da, dünyadakı çəkişmələrdə bitərəfliyi qoruyur və yalnız Allahın Padşahlığına sadiq qalırıq (Yəh. 18:36; Rom. 13:1-8). Biz Allaha xidmət etdiyini söyləyən, eyni zamanda davranışı ilə Ona ləkə gətirənlərin yalan iddialarını rədd edirik (Tit. 1:16).
15. Nə üçün «sadiq və ağıllı qul» ona sadiq qalmağımıza layiqdir?
15 Həmçinin Yehovanın səmimi qəlbli insanların pis dünyadan çıxıb, məcazi dildə desək, ruhani cənnətə keçməsinə imkan yaratması üzərində düşünün (2 Kor. 12:1-4). Minnətdarlıqla dolu ürəyimiz bizi ‘vaxtlı-vaxtında onlara yemək vermək üçün, ağasının öz nökərlərı üzərinə qoyduğu sadiq və ağıllı qulla’ sıx əməkdaşlıq etməyə təşviq edir. Məsih «bütün malikanəsinin idarəsini» bu qula tapşırıb (Mat. 24:45-47). Buna görə də, biz şəxsən sadiq qulun tutduğu hansısa mövqeyi axıradək başa düşməyəndə, onu rədd etməyə və ya Şeytanın dünyasına qayıtmağa heç bir əsasımız yoxdur. Əksinə, sədaqət bizi təvazökarlıqla davranmağa və Yehovanın məsələlərə aydınlıq gətirəcəyini gözləməyə təşviq edəcək.
Allahın tapşırıqlarını yerinə yetirərkən
16. Yəhudadan olan peyğəmbərə hansı tapşırıq verilmişdi?
16 Yehova Yarovamı dönüklüyünə görə mühakimə etdi. O, Yəhudadan olan peyğəmbərə şimala, Bet-Elə gedib, qurbangahda dini ayini icra edərkən Yarovama görünməyi tapşırdı. Peyğəmbər Yarovama dəhşətli hökm xəbərini çatdırmalı idi. Sözsüz ki, bu, çətin tapşırıq idi (1 Pad. 13:1-3).
17. Yehova Öz elçisini necə qorudu?
17 Yarovam Yehovanın hökmünü eşidəndə bərk qəzəbləndi. O, əlini Allahın elçisinə uzadıb, yanındakı adamlara «onu tutun», deyə qışqırdı. Ancaq o andaca, hələ heç kim addım atmağa macal tapmamış, «Allah adamına qarşı uzatdığı əli qurudu və əlini özünə tərəf döndərə bilmədi... qurbangah bölündü və kül qurbangahdan töküldü». Yarovam məcbur olub peyğəmbərdən xahiş etdi ki, Yehovanı rəhmə gətirsin və qurumuş əlini özünə tərəf döndərə bilməsi üçün Ona dua etsin. Peyğəmbər Yehovaya dua etdi və onun əli sağaldı. Bununla da Yehova Öz elçisini bəladan qorudu (1 Pad. 13:4-6).
18. Müqəddəs xidməti qorxmadan icra edəndə Yehova bizi necə qoruyur?
18 Padşahlığın təbliği və şagird hazırlamaq işində sədaqətlə iştirak edərkən hərdən soyuq və hətta qərəzli münasibətlə qarşılaşa bilərik (Mat. 24:14; 28:19, 20). Ancaq rədd edilmək qorxusunun xidmətdəki səyimizi zəiflətməsinə heç vaxt yol verməməliyik. Yarovamın günlərindəki adı çəkilməyən peyğəmbər kimi, biz də qorxmadan sədaqətlə Yehovanın hüzurunda ibadət etmək şərəfinə layiq görülmüşükb (Luka 1:74, 75). Düzdür, biz bu gün Yehovanın möcüzəli şəkildə müdaxilə etməsini gözləmirik, ancaq O, indi də müqəddəs ruhu və mələkləri vasitəsilə biz Şahidlərini qoruyur və müdafiə edir. (Yəhya 14:15-17; Vəhy 14:6 ayələrini oxu.) Allah Onun kəlamını qorxmadan bəyan edənləri heç vaxt tərk etməyəcək (Filip. 1:14, 28).
Yehova Öz sadiq bəndələrini müdafiə edəcək
19, 20. a) Yehovanın bizi heç vaxt tərk etməyəcəyinə nə üçün əmin ola bilərik? b) Növbəti məqalədə hansı suallar müzakirə ediləcək?
19 Yehova bizim sadiq Allahımızdır (Məz. 18:25). O, «hər işində sadiqdir» (Məz. 145:17). Həmçinin Müqəddəs Kitab bizi əmin edir: «O... möminlərin [«sadiq bəndələrinin», YD] yollarını hifz edir» (Sül. məs. 2:8). Sınaqlarla, dönük fikirlərlə üzləşəndə, yaxud çətin tapşırıqları yerinə yetirəndə Allahın sadiq bəndələri Yehovanın rəhbərliyinə və köməyinə arxayın ola bilərlər.
20 İndi hər birimizin üzərində düşünməli olduğu bir şey var: qarşıma çıxan sınaqlara və şirnikdirici təsirlərə baxmayaraq, Yehovaya sədaqətimi qorumağa mənə nə kömək edər? Başqa sözlə, Allaha sadiqliyimi necə möhkəmləndirə bilərəm?
[Haşiyələr]
a Məzmur 97:10 (YD): «Ey Yehovanı sevənlər, pisliyə nifrət edin. O, sadiq bəndələrinin canını qoruyur, onları pislərin əlindən qurtarır».
b Peyğəmbərin Yehovaya sonra da tabe olub-olmadığı və onunla nə baş verdiyi növbəti məqalədə müzakirə ediləcək.
Necə cavab verərdiniz?
• Yehova sadiq bəndələrini sıxıntılar zamanı tərk etmədiyini necə göstərmişdir?
• Dönüklərə və onların fikirlərinə necə münasibət göstərməliyik?
• Yehova məsihçi xidmətini icra edən sadiq bəndələrini necə müdafiə edir?
[5-ci səhifədəki xəritə/şəkil]
(Xəritəyə nəçrin özündə baxın)
ŞİMAL PADŞAHLIĞI (Yarovam)
Dan
ŞEKEM
Bet-El
CƏNUB PADŞAHLIĞI (Rexavam)
YERUSƏLİM
[Şəkil]
Yarovam danaya ibadəti təsis edəndə Yehova Öz sadiq bəndələrini tərk etmədi
[3-cü səhifədəki şəkil]
Süleymanın və təbəələrinin aldığı xeyir-dualar şərti idi