Günlərimizə dair peyğəmbərliklər
MÜQƏDDƏS KİTABDA deyilir ki, Allahın Padşahlığı yer üzünə daimi sülh və xoşbəxtlik gətirəcək (Daniel 2:44). Bir çox ölkələrdə «Atamız» və ya «Rəbbin duası» kimi tanınan nümunəvi duada İsa şagirdlərinə belə dua etməyi öyrətmişdi: «Səltənətin gəlsin. Göydə olduğu kimi, Yerdə də Sənin iradən olsun» (Matta 6:10). Zeytun dağında olarkən şagirdlərinə söylədiyi möhtəşəm peyğəmbərlikdə İsa həmin Padşahlıq gəlməzdən əvvəl yer üzündə hökm sürəcək konkret hadisələri və vəziyyəti təsvir etmişdi. Ümumilikdə bu səciyyəvi xüsusiyyətlər bütün səmimi insanların aydın görəcəkləri əlaməti təşkil edəcəkdi. Şəxsən siz həmin əlamətin aşağıda gətirilən cəhətlərindən hansının şahidi olmusunuz?
Dünya miqyaslı müharibələr. İsa demişdi: «Xalq xalqa, dövlət dövlətə qarşı qalxacaq» (Matta 24:7). 1914-cü ildə başlayan Birinci Dünya müharibəsindən əvvəlki müharibələr adətən yalnız müəyyən ərazi ilə məhdudlaşırdı. Birinci Dünya müharibəsi yer kürəsinin böyük hissəsini əhatə etməklə yanaşı bəşəriyyətə o vaxta qədər məlum olanlardan daha dəhşətli silahların yaradılmasını sürətləndirdi. Məsələn, yeni ixtira edilmiş aeroplan dinc əhalini bombalamaq üçün istifadə olunurdu. Silahların kütləvi istehsalı ölənlərin sayını ağıla gəlməyəcək dərəcədə artırdı. Səfərbər olunmuş 65 milyon əsgərin təxminən yarısı ya ölmüş, ya da yaralanmışdı. Lakin XX əsrin ortalarına yaxın həlak olanların sayı daha da artdı. Bir tarixçinin sözlərinə əsasən, İkinci Dünya müharibəsində ölən hərbçilərin və dinc əhalinin sayı «heç vaxt dəqiq bilinməyəcək». Müharibələr isə hələ də davam edir.
Hər yanı bürüyən aclıq. İsa qabaqcadan demişdi: «Qıtlıqlar... olacaqdır» (Matta 24:7). 2005-ci ildə bir jurnalda deyilirdi: «Yer üzündə xroniki və ya qısamüddətli kəskin aclıqdan əziyyət çəkən 854 milyon adam (əhalinin təxminən 14%) var. Birləşmiş Millətlər Təşkilatının 2007-ci ildə verdiyi məlumata görə 33 ölkə öz əhalisini kifayət qədər qida ilə təmin edə bilmir. Dünyada taxıl istehsalı artdığı halda bu necə mümkündür? Səbəblərdən biri odur ki, insanları qidalandırmaq üçün istifadə edilməli olan torpaq və taxıldan etil spirti istehsal edilir. Cənubi Afrikada çıxan qəzetlərin birində yazılır: «Bir iri idman maşınının cəmi bir dəfə doldurulması üçün lazım olan etil spirtinin hazırlamasına sərf olunan buğda bir nəfərin illik qidasını təşkil edir» («The Witness»). İnkişaf etmiş ölkələrdə də qida məhsullarının bahalaşması ucbatından çoxları bilmir pulu nəyə sərf etsin: yemək alsın, yoxsa dərman və ya kommunal xidmətlər kimi əsas tələbatlarını ödəsin.
Güclü zəlzələlər. İsa demişdi: «Güclü zəlzələlər... olacaqdır» (Luka 21:11). Əgər sizə elə gəlirsə ki, indi zəlzələlər nəticəsində əvvəlkindən daha çox adam ölür, yanılmırsınız. Hind seysmoloqu R. K. Çadha 2007-ci ildə qeyd etmişdi: «Bütün yer kürəsinin seysmik fəaliyyətində qəfil sıçrayış müşahidə edilməkdədir... Səbəbini isə heç kim bilmir». Bundan əlavə, seysmik zonalarda əhalinin sürətlə artması nəticəsində zəlzələ qurbanlarının sayı çoxalır. ABŞ-ın Geoloji Xidmət mərkəzinin verdiyi məlumata əsasən, 2004-cü ildə Hind okeanında baş vermiş zəlzələ və onun ardınca gələn sunami nəticəsində həmin il «təxminən son 500 il ərzində zəlzələ baxımından ən dəhşətli» və «qeydə alınmış ikinci ən fəlakətli» il kimi yadda qalmışdır.
Qarşısıalınmaz xəstəliklər. İsa peyğəmbərlik etmişdir: «Qırğınlar [«epidemiyalar», YD]... olacaqdır» (Luka 21:11). Bütün dünyada getdikcə daha çox insan köhnə və yeni xəstəliklərə tutulur, onların müalicəsini isə tapmaq çətindir. Məsələn, malyariyanın kökünü kəsmək üçün bütün dünyada göstərilən cəhdlər hər dəfə müvəffəqiyyətsizliyə uğrayır, çünki xəstəliyi nəzarət altında saxlamaq mümkün olmur. Üstəlik, QİÇS və başqa yeni xəstəliklərlə birlikdə tüğyan edən vərəm, o cümlədən digər köhnə xəstəliklər milyonlarla insanın həyatına son qoyub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, «dünya əhalisinin üçdə biri hazırda vərəm çöplərinə yoluxmuşdur». Təşkilat, həmçinin qeyd edir ki, İİV vərəmin bir çox ölkələrdə epidemiya halını almasına şərait yaradır. Hər saniyədə bir insan vərəmə yoluxur, bu xəstəlik dava-dərmanlara qarşı daha davamlı olur. «Nyu Sayəntist» jurnalında məlumat verilir ki, 2007-ci ildə Avropada bir xəstəyə «istənilən dərmana qarşı davamlı olan» vərəm diaqnozu qoyulmuşdu.
Mənəvi və ictimai dəyərlərin aşağı düşməsi. İsa demişdi: «Qanunsuzluq artdığından bir çoxlarının sevgisi soyuyacaqdır» (Matta 24:12). İsadan başqa, Pavel də mənəvi və ictimai dəyərlərin enəcəyini qabaqcadan xəbər vermişdi. O, Allahın Padşahlığının bu sistemə son qoymasından əvvəl gələn çətin keçən ‘axır günləri’ təsvir etmişdir. «İnsanlar xudbin, pulpərəst, lovğa, təkəbbürlü, küfr danışan, valideynlərinə itaət etməyən, nankor, qüdsiyyətdən məhrum, şəfqətsiz, barışmaz, böhtançı, nəfsini saxlamayan, azğın, rəhmsiz, yaxşılığın düşməni, xain, ehtiyatsız, məğrur olacaq, zövqü Allahdan çox sevəcək. Allah yolunda imiş kimi görünəcək, amma o yolun qüdrətini inkar edəcəklər» (2 Timoteyə 3:1-5). Sizcə, bu gün insanların bu kimi keyfiyyətləri əvvəlkindən çox təzahür etdirməsi aydın görünmürmü?
Nə İsa, nə də Pavel dünyanın bu vəziyyətinə səbəb olan bütün tarixi, sosial və siyasi amilləri sadalamamışdı. Buna baxmayaraq, onların peyğəmbərliklərində bu gün gördüyümüz hadisələr və keyfiyyətlər dəqiqliklə deyilmişdi. Bəs gələcək haqda nə demək olar? Məsihin gəlişini tam gerçəkliyi ilə qabaqcadan söyləyən Yeşayanın peyğəmbərliyində, həmçinin Allahın Padşahlığının yer üzündə edəcəyi müsbət dəyişikliklər təsvir edilir. Gəlin növbəti məqalədə bunları nəzərdən keçirək.
[6-cı səhifədəki şəkil]
«Xalq xalqa... qarşı qalxacaq»
[İcazə ilə]
© WHO/P. Virot
[7-ci səhifədəki şəkil]
‘Epidemiyalar olacaqdır’