«Dəniz nəğməsi». Boşluğu dolduran əlyazma
ERAMIZIN VII-VIII əsrlərinə aid edilən ibrani tumarından bir fraqment 2007-ci il mayın 22-də Yerusəlimdəki İsrail muzeyində sərgiyə çıxarıldı. Bu, Çıxış 13:19-16:1 ayələrinin əlyazmasıdır. Bura israillilərin möcüzəli şəkildə xilas edilmələrindən sonra Qırmızı dəniz sahilində oxuduqları, «dəniz nəğməsi» kimi tanınan zəfər nəğməsi daxildir. Bu fraqmentin nümayişi nə üçün əlamətdar hadisədir?
Bu sualın cavabı əlyazmanın yaşı ilə bağlıdır. Ölü dəniz əlyazmaları b. e. ə. III əsrlə b. e. I əsri arasında yazılmışdı. Onların tapılmasından təxminən 60 il əvvəl, eramızın 930-cu ilinə aid edilən Hələb kodeksi ən erkən ibrani əlyazması hesab edilirdi. Bir neçə fraqment istisna olmaqla, bu əsrlər arasındakı bir neçə yüzillikdən ibarət dövrə aid olan heç bir ibrani əlyazması tapılmamışdı.
İsrail muzeyinin müdiri Ceyms Snayder deyir: «“Dəniz nəğməsi” əlyazması Ölü dəniz əlyazmaları... ilə Hələb kodeksi arasındakı vaxt boşluğunu doldurur». Onun sözlərinə görə, bu əlyazma Müqəddəs Kitabın digər qədim yazıları ilə birlikdə «mətnin dəyişməz qalmasının nadir nümunəsidir».
Bu fraqmentin XIX əsrin sonlarında Misirin Qahirə şəhərindəki sinaqoqda aşkar edilən çoxsaylı əlyazmalardan biri olduğu hesab edilir. Ancaq özü üçün ibrani əlyazmalarının kolleksiyasını toplayan bir şəxs 1970-ci illərin sonunda bir mütəxəssislə məsləhətləşənədək onun əhəmiyyətindən bixəbər idi. Həmin vaxt fraqmentin yaşı radiokarbon analizinin köməyi ilə müəyyənləşdirildi və İsrail muzeyində sərgiyə qoyulanadək arxivdə saxlanıldı.
İsrail muzeyində yerləşən «Kitab məbədinin» rəhbəri və Ölü dəniz əlyazmalarının mühafizi Adolfo Roitman fraqmentin əhəmiyyətinə dair şərh verərək deyir: «“Dəniz nəğməsi” əlyazması Müqəddəs Kitabın masoret mətninin əsrlər boyunca valehedici dəqiqliklə ötürülməsini nümayiş etdirir. “Dəniz nəğməsi”nin səciyyəvi üslubunun VII-VIII əsrlərdəki ilə bu gün nə dərəcədə eyni olması valehedicidir».
Müqəddəs Kitab Allahın ilhamlanmış Kəlamıdır və onun qorunub saxlanılması məsuliyyətini Yehova Öz üzərinə götürüb. Bundan əlavə, mirzələr Müqəddəs Yazıları son dərəcə dəqiqliklə köçürürdülər. Buna görə də, bu gün istifadə etdiyimiz Müqəddəs Kitab mətninin etibarlı olduğuna heç bir şübhə ola bilməz.
[İcazə ilə]
Courtesy of Israel Museum, Jerusalem