Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/12 s. 21—22
  • Qədim mixi yazılar və Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qədim mixi yazılar və Müqəddəs Kitab
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Bizim günlərədək gəlib çatmış yazılar
  • Müqəddəs Kitabı təsdiqləyən yazılar
  • Aşşur və Babil qaynaqlarında xatırlanan adlar
  • Qədim Yerusəlim nə vaxt dağıdılıb? Birinci hissə
    Gözətçi qülləsi 2011
  • Müqəddəs Kitabda yəhudilərin Babilə sürgün olmaları barədə yazılanlar doğrudur?
    Əlavə mövzular
  • Qədim Yerusəlim nə vaxt dağıdılıb? İkinci hissə
    Gözətçi qülləsi 2012
Gözətçi qülləsi 2008
w08 15/12 s. 21—22

Qədim mixi yazılar və Müqəddəs Kitab

BABİLDƏ insanların dili qarışdırıldıqdan sonra müxtəlif yazı sistemləri yaranmağa başlandı. Mesopotamiyada yaşayan xalqlar, məsələn, şumerlər və babillilər mixi yazı sistemindən istifadə edirdilər. Onlar çiy gil üzərində basma üsulla çəkilmiş mıxabənzər xətlərin kombinasiyalı şəkillərindən (mixi yazının adı da buradandır) istifadə etmişlər.

Arxeoloji qazıntılar zamanı Müqəddəs Yazılarda xatırlanan insanlardan və hadisələrdən xəbər verən mixi mətnlər tapılmışdı. Bu qədim yazı sistemi haqqında bizə nə məlumdur? Onlar Müqəddəs Kitabın mötəbərliyini necə təsdiq edir?

Bizim günlərədək gəlib çatmış yazılar

Alimlər belə hesab edirlər ki, Mesopotamiyada istifadə olunan bu yazı sistemi başlanğıcda piktoqrafik idi, yəni müəyyən sözü və ya fikri ifadə etmək üçün simvollardan, yaxud şəkillərdən istifadə olunurdu. Məsələn, öküz başı işarəsi «öküz» mənasını ifadə edirdi. Yazılı sənədlərin saxlanılmasına ehtiyac artdıqca, mixi yazı sistemi də getdikcə inkişaf edirdi. «Artıq işarələr təkcə sözləri yox, həm də hecaları ifadə edirdi və hecaların kombinasiyası sözlər əmələ gətirirdi» («NIV Archaeological Study Bible»). Nəticə etibarilə, mixi yazı sisteminin təxminən 200 işarəsi «nitqi mürəkkəb lüğət ehtiyatı və qrammatikası ilə birlikdə ifadə etməyə» imkan yaradırdı.

İbrahimin yaşadığı dövrdə, b. e. ə. təxminən 2000-ci ildə mixi yazı artıq inkişaf etmişdi. Sonrakı 20 yüzillik ərzində təxminən 15 dil bu yazı sistemini mənimsədi. İndiyədək tapılmış mixi mətnlərin 99 faizindən çoxu gil lövhələr üzərində yazılıb. Ötən 150 il ərzində Ur, Uruk, Babil, Nimrud, Nippur, Aşşur, Nineva, Mari, Ebla, Uqarit və Amarnada bu kimi çoxsaylı gil lövhələr tapılmışdır. «Arxeoloji odisseya» kitabında deyilir: «Mütəxəssislərin hesablamalarına görə, indiyədək bir milyondan iki milyonadək mixi yazılı lövhələr tapılıb və hər il 25 000-dək yeni lövhələr aşkar edilir» («Archaeology Odyssey»).

Mixi yazıları tədqiq edən alimlərin tərcümə üçün olduqca böyük materialları var. Bir tədqiqatın nəticələrinə görə, «əldə olan mixi yazılı lövhələrin yalnız onda biri müasir dövrdə heç olmasa bir dəfə oxunmuşdu».

İki və ya üç dildə olan mixi yazılı lövhələrin köməyi ilə mixi yazıları açıqlamaq mümkün olmuşdu. Alimlər fikir vermişdilər ki, bu sənədlər müxtəlif dillərdə mixi yazı ilə yazılmış eyni mətnlərdən ibarətdir. Adların, titulların, hökmdarların nəsil şəcərələrinin və hətta özünüizzətləndirmə sözlərinin tez-tez təkrarlanması mixi yazıları açıqlamaqda kömək etmişdir.

Artıq 1850-ci ildə alimlər qədim Yaxın Şərq millətlərinin və akkadların (aşşur-babillilər) «linqva-franka»sını, yəni onlar tərəfindən qəbul edilmiş ümumi dili başa düşə bilirdilər. «Britaniya ensiklopediyası»nda deyilir: «Akkad dili aydınlaşdırıldıqdan sonra mixi yazı sistemini başa düşmək çətin deyildi və bunun sayəsində mixi yazı sistemindən istifadə edən digər dilləri də başa düşmək mümkün oldu» («Encyclopædia Britannica»). Bütün bu yazıların Müqəddəs Kitaba hansı aidiyyəti var?

Müqəddəs Kitabı təsdiqləyən yazılar

Müqəddəs Kitabda deyilir ki, Davud Yerusəlimi b. e. ə. təxminən 1070-ci ildə zəbt edənə qədər oranı Kənan hökmdarları idarə edirdi (Yeşua 10:1; 2 Şam. 5:4-9). Lakin bəzi alimlər bunu şübhə altına alırdılar. Amma 1887-ci ildə bir kəndli qadın Amarnada (Misir) bir gil lövhə tapır. Sonralar burada aşkar edilən təxminən 380 lövhəni tərcümə etdikdən sonra alimlər anladılar ki, bunlar Misir (III Amenhotep və Exnaton) və Kənan hökmdarlarının bir-birinə göndərdikləri diplomatik məktublardır. Məktublardan altısı «Yerusəlim hökmdarı Abdi-Heba»dan idi.

«Müqəddəs Kitabın arxeoloji icmalı»nda deyilir: «Amarna lövhələrində Yerusəlim açıq-aydın şəhər, Abdi-Heba isə... iqamətgaha və Yerusəlimdə yerləşən 50 Misir əsgərindən ibarət qarnizona malik olan hökmdar adlanır. Bu da onu göstərir ki, o vaxtlar Yerusəlim təpədə yerləşən kiçik padşahlıq idi». Həmin jurnalda həmçinin deyilir: «Amarna məktubları əsasında əminliklə deyə bilərik ki, həmin dövrdəki şəhərlər arasında böyük əhəmiyyətə malik olan bu şəhər o zaman mövcud olmuşdu» («Biblical Archaeology Review»).

Aşşur və Babil qaynaqlarında xatırlanan adlar

Aşşurlular və daha sonra babillilər öz tarixini gil lövhələr, eləcə də silindirlər, prizmalar və abidələr üzərində həkk edirdilər. Buna görə də, alimlər akkad mixi yazılarını oxumağa müvəffəq olanda bu mətnlərdə xatırlanan adlara Müqəddəs Kitabda da rast gəldiyini aşkar etdilər.

«Müqəddəs Kitab Britaniya muzeyində» kitabında yazılır: «Doktor Semyuel Börç yeni yaranmış Müqəddəs Kitab Arxeologiyası Cəmiyyətində 1870-ci ildə çıxış edərkən [mixi mətnlərdə] ibrani padşahları Omri, Axav, Yehu, Azarya... Menaxem, Peqah, Huşə, Xizqiya və Menaşşe, Aşşur padşahları Tiqlatpalasar... [III], Sarqon, Sanxeriv, Asarxaddon və Aşşurbanipal,.. Suriya padşahları Benhadad, Xazael və Resinin [adlarını] müəyyən edə bildiyini söylədi» («The Bible in the British Museum»).

«Müqəddəs Kitab və radiokarbon analizi» kitabında İsrailin və Yəhudanın Müqəddəs Kitabda qələmə alınan tarixi qədim mixi yazılar ilə müqayisə edilir. Bəs hansı nəticə çıxarılır? «O dövrün başqa xalqlarının qaynaqlarında rast gələn Yəhuda ilə İsrailin 15-16 padşahının adı [Müqəddəs Kitabın] Padşahlar [kitabındakı] adlara və onların hakimiyyətdə olduqları zamana tamamilə uyğun gəlir. Başqa xalqların qaynaqlarında adları çəkilən padşahların hamısı Müqəddəs Kitabın Padşahlar kitabında artıq xatırlanmışdı» («The Bible and Radiocarbon Dating»).

1879-cu ildə tapılmış və mixi yazı ilə yazılmış məşhur «Kirin silindri»ndə deyilir ki, b. e. ə. 539-cu ildə Babili zəbt edəndən sonra Kir yürütdüyü siyasətə uyğun olaraq əsirlərə vətənlərinə qayıtmağa icazə verdi. Onların arasında yəhudilər də vardı (Ezra 1:1-4). XIX əsrin bir çox alimləri Müqəddəs Kitabda sitat gətirilən bu fərmanın doğruluğuna şübhə edirdilər. Amma, «Kirin silindri» də daxil olmaqla, fars dövrünün mixi yazılı sənədləri Müqəddəs Kitabda yazılanların dəqiq olduğunu inandırıcı şəkildə sübut edir.

1883-cü ildə Babilin yaxınlığında yerləşən Nippurda 700 gil lövhədən ibarət bir arxiv aşkar edilmişdir. Lövhələrdə xatırlanan 2 500 addan təxminən 70-i, görünür, yəhudi adıdır. Tarixçi Edvin Yamauçinin ifadə etdiyi kimi, bu insanlar önümüzdə «saziş bağlayan tərəflər, vasitəçilər, şahidlər, vergi yığanlar və saray məmurları kimi canlanırlar». Yəhudilərin bu dövrdə Babilə yaxın ərazidə belə işlərlə məşğul olmasına dair sübut mühüm əhəmiyyət kəsb edir. Bu, Aşşurda və Babildə olan əsirlərin hamısının Yəhudaya qayıtmayacağına dair edilən peyğəmbərliyin yerinə yetdiyinə dəlalət edir (Yeşaya 10:21, 22).

Eramızdan əvvəl birinci minillikdə mixi yazılarla bərabər əlifba sistemi yazısı da istifadə olunurdu. Lakin nəhayətdə aşşurlular və babillilər mixi yazıdan tam imtina edərək tamamilə əlifba sistemi yazısına keçdilər.

Muzeylərdə yığılıb qalan yüz minlərlə lövhələr hələ də öz tədqiqatçısını gözləyir. Mütəxəssislərin artıq oxuya bildikləri lövhələr Müqəddəs Kitabın doğruluğunu sübut edir. Kim bilir, qalan lövhələr üzərindəki yazılar oxunandan sonra biz nələr öyrənəcəyik!

[İcazə ilə]

Photograph taken by courtesy of the British Museum

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş