Qədim Yerusəlim nə vaxt dağıdılıb? İkinci hissə
Mixi yazı sənədləri əslində nəyi göstərir?
Bu məqalə qədim Yerusəlimin dağılma tarixi ilə bağlı «Gözətçi qülləsi»ndə elmi sualların müzakirə olunduğu ikinci məqalədir. Hər iki məqalədə bəzilərində çaşqınlıq yaradan suallara cavab olaraq dərin araşdırmalara və Müqəddəs Kitaba əsaslanan dəlillər gətirilir.
Birinci hissənin qısa icmalı:
▪ Dünyəvi tarixçilər deyirlər ki, Yerusəlim b. e. ə.a 587-ci ildə dağıdılıb.
▪ Müqəddəs Kitab xronologiyası dəqiq göstərir ki, Yerusəlim b. e. ə. 607-ci ildə dağıdılıb.
▪ Dünyəvi tarixçilər fikirlərini qədim tarixçilərin yazılarına və Ptolemeyin xronoloji qanununa əsaslandırırlar.
▪ Qədim tarixçilərin bəzi yazılarında ciddi səhvlər var və onlar həmişə gil lövhəciklər üzərində yazılanlarla uyğun gəlmirb.
MÜQƏDDƏS KİTABDA deyilir ki, «Yeremyanın dili ilə deyilən Rəbbin sözü yerinə yetsin deyə yetmiş il bitənə qədər» yəhudilər Babildə əsarətdə qaldılar. Bəs onlar sürgündən nə vaxt azad edildilər? «Fars padşahı Kirin hökmranlığının birinci ilində» (2 Salnamələr 36:21, 22). Müqəddəs Kitab da, dünyəvi tarix də təsdiq edir ki, bu əsarətə Kirin Babili ələ keçirməsindən və yəhudiləri azad etməsindən sonra son qoyulub. Yəhudilər Yerusəlimə b. e. ə. 537-ci ildə qayıtdılar. Müqəddəs Kitabda Babil əsarətinin 70 il sürəcəyi aydın şəkildə deyildiyi üçün, bu əsarət b. e. ə. 607-ci ildə başlamalı idi.
Lakin bir çox alimlər Yerusəlimin b. e. ə. 587-ci ildə dağıdıldığını deyirlər. Belə olan halda Babil əsarəti 50 il davam etməli idi. Nəyə görə onlar belə fikirləşirlər? Onlar öz hesablamalarını II Navuxodonosor və onun xələfləri haqqında bəhs edilən qədim mixi yazı lövhəciklərinə əsaslandırırlar1. Həmin sənədlərdən bir çoxu Yerusəlimin dağıdıldığı zaman və ya bu hadisədən qısa vaxt sonra yazılmışdı. Bəs b. e. ə. 587-ci ili göstərən hesablamalar nə dərəcədə əsaslıdır? Bu sənədlər əslində nəyi göstərir?
Bu suallara cavab vermək üçün gəlin alimlərin tez-tez əsaslandığı üç sənəd növünü nəzərdən keçirək: 1) Babil salnamələri, 2) işgüzar məzmunlu lövhəciklər və 3) astronomik lövhəciklər.
● Babil salnamələri.
Bu nədir? Babil salnamələri üzərində Babil tarixində əhəmiyyətli hadisələr qeyd olunan lövhəciklərdir2.
Mütəxəssislər nə deyirlər? Mixi yazı sənədləri üzrə mötəbər mütəxəssis Ronald Sak qeyd edir ki, bu salnamələrdə vacib hadisələr haqqındakı məlumatlar tam deyilc. O yazır ki, tarixçilər «əslində nəyin baş verdiyini müəyyən etmək üçün... ikinci dərəcəli mənbələri» araşdırmalıdırlar.
Sənədlər nəyi göstərir? Babil salnamələrində olan tarixi məlumatlar natamamdır3. (Aşağıdakı çərçivəyə baxın.) Onda məntiqi sual yaranır: belə natamam məlumatlara əsaslanan fikirlər nə dərəcədə etibarlıdır?
● İşgüzar məzmunlu lövhəciklər.
Bu nədir? Yeni Babil dövrünə aid olan işgüzar məzmunlu (iqtisadi-təsərrüfat işlərinə dair) lövhəciklərin əksəriyyəti pul əməliyyatlarını təsvir edən sənədlərdir. Həmin lövhəciklərdə hakimiyyətdə olan padşahın hökmranlıq etdiyi günü, ayı və ili göstərilir. Məsələn, belə lövhəciklərin birində deyilir ki, sövdələşmə «Babil padşahı Navuxodonosorun [II Navuxodonosor kimi tanınan] 11-ci ilinin 27-ci günü, nisanu ayında» baş tutmuşdur4.
Bir padşah öləndə və ya devriləndə onun padşahlığının son ilinin qalan ayları yeni padşahın taxta çıxma ili hesab olunurdud5. Başqa sözlərlə desək, bir padşahın digəriylə əvəz olunması Babil təqvimi ilə bir ildə baş verirdi. Beləliklə, yeni padşahın taxtda oturduğu ildə tərtib olunan sənədlər əvvəlki padşahın rəhbərlik etdiyi son ilin ayları ilə müəyyən edilirdi.
Mütəxəssislər nə deyirlər? Ronald Sak Yeni Babil dövrünə aid olan çoxsaylı işgüzar məzmunlu lövhəciklər araşdırmışdır. 1972-ci ildə Sak yazmışdır ki, Britaniya muzeyinin ona təqdim etdiyi və heç vaxt nəşr edilməmiş mətnlər II Navuxodonosorun yerinə oğlu Amel-Mardukun (Evil-Merodak kimi də tanınır) taxta çıxdığı tarix ilə bağlı əvvəllər söylənilən fikirləri «tamamilə təkzib edir»6. Saka məlum idi ki, lövhəciklərə əsasən, II Navuxodonosor hökmranlığının son (43-cü) ilinin 6-cı ayında hələ də padşahlıq edirdi. Lakin mətnin mənası yeni açıqlanmış lövhəciklər növbəti padşah olan Amel-Mardukun taxta çıxmasının, hesab olunduğu kimi, həmin ilin dördüncü və beşinci aylarına aid edilir7. Ziddiyyət göz qabağındadır.
Sənədlər nəyi göstərir? Ziddiyyətlər bununla bitmir. Məsələn, bir sənəddə deyilir ki, II Navuxodonosor hökmranlığının son ilinin onuncu ayında, yəni, qəbul olunduğu kimi, onun xələfinin padşahlığının altıncı ayında hələ də hakimiyyətdə idi8. Eyni ziddiyyət Amel-Mardukun və onun xələfi Neriqlissar arasında da müşahidə olunur9.
Bu, bizi nəyə görə maraqlandırmalıdır? Yuxarıda qeyd olunduğu kimi, Babil salnamələrindən doğan tarixi boşluqlar ona işarə edir ki, ola bilsin, biz heç vaxt həmin dövrdə baş verən hadisələrin xronoloji ardıcıllığını bərpa edə bilməyəcəyik10. Yuxarıda adları çəkilən padşahların arasında digər padşahlar da taxtda oturubmu? Əgər bu belədirsə, onda Yeni Babil dövrü daha uzun müddət çəkməlidir. Bu səbəbdən, nə Babil salnamələri, nə də ki işgüzar məzmunlu mixi yazı lövhəcikləri Yerusəlimin b. e. ə. 587-ci ildə dağıdıldığını iddia etməyə əsas vermire.
● Astronomik lövhəciklər
Bu nədir? Bunlar üzərində Günəşin, Ayın, planet və ulduzların yerləri təsvir olunan, həmçinin ayrı-ayrı padşahların hökmranlıq etdikləri illər kimi tarixi məlumatlar daxil olunan mixi yazı lövhəcikləridir. Misal üçün, aşağıda göstərilən astronomik gündəlikdə Ukin-zera padşahın hökmranlığının birinci ilinin birinci ayında baş verən ay tutulması haqqında məlumat yerləşir11.
Mütəxəssislər nə deyirlər? Mütəxəssislər razılaşırlar ki, babillilər ay tutulmalarının ehtimal edilən vaxtını qabaqcadan müəyyən etmək üçün təfsilatlı cədvəllər hazırlamışdılar12.
Bəs babillilər keçmişdə baş vermiş ay tutulmalarını müəyyən etmək üçün bu cədvəllərdən istifadə edə bilərdilərmi? Professor Con Stil deyir: «Çox ehtimal ki, mətn tərtib ediləndə gələcək ay tutulmalarının erkən hesablamalarının bəziləri cədvəllərin keçmişə tətbiq edilməsi sayəsində aparılmışdır». (Kursiv bizimdir.)13 Astronomik cədvəllərdə təsvir edilən hadisələrin baş verməsindən bir az öncə qeyd edildiyini hesab edən professor Deyvid Braun etiraf edir ki, bəzi hadisələrin tarixini «mirzələr Miladdan əvvəl IV və daha sonrakı əsrlərdə iş işdən keçəndən sonra hesablaya bilərdilər»14. Əgər bu hesablamalar doğrudan da hadisələr baş verəndən sonra aparılıblsa, əlavə dəlillər olmadan onları etibaralayiq hesab etmək olarmı?
Hətta ay tutulması deyilən vaxtda baş versə belə, demək olarmı ki, lövhəciyi tərtib edənlərin həmin vaxtla əlaqələndirdikləri tarixi məlumatlar da dəqiqdir? Bunu əminliklə demək olmaz. Alim Robertus van der Spek izah edir: «Həmin lövhəcikləri tərtib edənlər tarixçilər yox, münəccimlər idi». O, astronomik lövhəciklərdə olan tarixi məlumatların «müəyyən dərəcədə başdansovdu» tərtib olunduğunu deyir və xəbərdarlıq edir ki, belə məlumatlardan «ehtiyatla istifadə etmək» lazımdır15.
Sənədlər nəyi göstərir? Nümunə üçün VAT 4956 lövhəciyinə nəzər salaq. Bu lövhəciyin ilk sətrində yazılıb: «Babil padşahı Navuxodonosorun 37-ci ili»16. Sonra Ayın və planetlərin müxtəlif ulduz və bürclərə nisbətən durduğu yer təsvir olunur. Həmçinin bir ay tutulmasından da bəhs olunur. Alimlər deyirlər ki, göy cisimlərinin təsvir olunduğu kimi durmaları b. e. ə. 568/567-ci ildə baş vermişdir. Bu hesablamaya əsasən, II Navuxodonosorun padşahlığının 18-ci ili, yəni onun Yerusəlimi dağıtdığı il b. e. ə. 587-ci ilə düşür. Demək olarmı ki, bu astronomik məlumatlar yalnız b. e. ə. 568/567-ci ilə istinad edir?
Həmin lövhəcikdə, hesablamalara əsasən, Babil təqvimində üçüncü ay sayılan simanu ayının 15-də baş verən bir ay tutulması xatırlanır. Dəqiq məlumdur ki, həmin ayda ay tutulması olmuş və bu, Yuli təqviminə əsasən, eramızdan əvvəl 568-ci il iyulun 4-də baş vermişdir. Lakin ay tutulması bundan 20 il əvvəl də, yəni eramızdan əvvəl 588-ci il iyulun 15-də də olmuşdur17.
Əgər II Navuxodonosorun hökmranlığının 37-ci ili b. e. ə. 588-ci ilə təsadüf edirsə, onda onun padşahlığının 18-ci ili b. e. ə. 607-ci ilə düşür və Müqəddəs Kitab xronologiyasına əsasən, Yerusəlim məhz bu ildə dağıdılmışdı! (Aşağıda gətirilən zaman xəttinə baxın.) Bəs VAT 4956 lövhəciyində b. e. ə. 607-ci ili təsdiq edən əlavə dəlil varmı?
Yuxarıda qeyd olunan ay tutulmasından əlavə, lövhəcikdə Ayla bağlı 13, planetlərlə bağlı isə 15 müşahidə haqqında məlumat var. Orada Ayın və ya planetlərin müəyyən ulduz və yaxud bürclərə nisbətən durduğu yer təsvir olunur18. Bu lövhəcikdə həm Günəşin, həm də Ayın doğub batması arasında 8 vaxt kəsiyi göstərilir18a.
Ayın durduğu yeri yoxlamaq çətin olmadığı üçün, alimlər VAT 4956 lövhəciyində göstərilən Ayla bağlı 13 müşahidəni dərindən araşdırdılar. Onlar bu araşdırmanı keçmişdə göy cisimlərinin məlum olan tarixdə durduğu yeri müəyyən edən kompüter proqramının köməyilə apardılar19. Alimlər hansı nəticəyə gəldilər? Ayın durduğu yerlə bağlı təsvirlərin hamısı b. e. ə. 568/567-ci ilə təsadüf etmədiyi halda, 13 müşahidənin hamısı 20 il əvvələ, yəni b. e. ə. 588/587-ci ildəki təsvirlərə müvafiqdir.
Ayın duruşu ilə bağlı təsvirlərin b. e. ə. 568-ci ildən daha çox 588-ci ilə uyğun gəldiyini göstərən lövhəciyin fraqmenti 30 və 31-ci səhifələrdə yerləşdirilib. Həmin lövhəciyin 3-cü sətrində oxuyuruq ki, «9 [nisanu] gecəsində» Ay müəyyən yerdə durmuşdu. Bu hadisənin b. e. ə. 568-ci ildə (astronomik təqvimi ilə 567) olduğunu iddia edən alimlər etiraf etdilər ki, o ildə Ay həmin yerdə «nisanu [ayının] 9-da yox, 8-də» durmuşdu. Lövhəcikdəki b. e. ə. 568-ci il tarixini təsdiqləmək üçün onlar belə bir fərziyyə irəli sürdülər ki, bunları yazan səhv olaraq «8» əvəzinə «9» yazmışdır20. Lakin Ayın durduğu yerin 3-cü sətirdə təsvir olunması b. e. ə. 588-ci ilin 9 nisanu tarixinə tamamilə uyğun gəlir21.
Aydındır ki, VAT 4956 lövhəciyindəki astronomik məlumatların əksər hissəsi b. e. ə. 588-ci ilini II Navuxodonosorun hökmranlığının 37-ci ilinə işarə edir. Bu isə öz növbəsində, Müqəddəs Kitabda deyildiyi kimi, Yerusəlimin b. e. ə. 607-ci ildə dağıdıldığını təsdiq edir.
Müqəddəs Kitaba nə üçün etibar etmək olar?
Müasir zəmanədə tarixçilərin böyük əksəriyyəti Yerusəlimin b. e. ə. 587-ci ildə dağıdıldığını hesab edir. Lakin Yeremya və Daniel kimi peyğəmbərlərin yazdıqlarına əsasən, yəhudilər Babil əsarətində 50 yox, 70 il olmuşdular (Yeremya 25:1, 2, 11; 29:10; Daniel 9:2). Deməli, Yerusəlim b. e. ə. 607-ci ildə dağıdılmışdı. Yuxarıda gətirilən sübutların göstərdiyi kimi, bu fikir bəzi dünyəvi mənbələrdə öz təsdiqini tapır.
Alimlər dəfələrlə Müqəddəs Kitabın dəqiqliyini şübhə altına alırdılar. Lakin daha çox sübutlar aşkar edildikcə Müqəddəs Kitabın dəqiqliyi yenə də təsdiq olunurf. Müqəddəs Kitaba etibar etməyimizin tam əsası var. Çünki əmin olmuşuq ki, Müqəddəs Kitab tarixi, elmi və peyğəmbərliklər baxımından dəqiqdir. Biz Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna inanırıq (2 Timoteyə 3:16). Nə üçün bu faktları özünüz tədqiq etməyəsiniz? Siz də eyni nəticəyə gələcəksiniz.
[Haşiyələr]
a Tarixi müxtəlif cür göstərirlər. Bu məqalədə «b. e. ə.» — «bizim eradan əvvəl» deməkdir.
b «Gözətçi qülləsi»nin 2011-ci il oktyabr—dekabr sayındakı «Qədim Yerusəlim nə vaxt dağıdılıb? Bunun hansı əhəmiyyəti var? Sübutlar nəyi göstərir?» adlı məqaləyə baxın.
c Qeyd. Bu məqalədə gətirilən dünyəvi alimlərin heç biri Yerusəlimin b. e. ə. 607-ci ildə dağıdılması fikrini dəstəkləmir.
d Padşahın taxta çıxdığı il onun hökmranlıq etdiyi illərə daxil edilmirdi; yalnız həmin ilin qalan ayları əlavə edilirdi. Padşah yeni ilin başlanğıcından rəsmi olaraq rəhbərlik edirdi.
e Mövcud olan işgüzar məzmunlu mixi yazı lövhəciklərinin aid olduğu illər, ənənəvi olaraq, Yeni Babil padşahlarının bütün illərini əhatə etdiyi hesab olunur. Əgər bu padşahların hakimiyyətdə olduğu illəri cəmləsək və alınan rəqəmi Yeni Babil dövrünün son padşahı Nabonidin hökmranlığının sonuncu ilindən geriyə hesablasaq, Yerusəlimin dağıdılmasının tarixi kimi, b. e. ə. 587-ci ilə gəlib çıxırıq. Lakin bu üsul bir şərtlə dəqiq ola bilər: hər padşah digərini ardıcıl olaraq əvəz etmiş və onların arasında heç kim hökmranlıq etməmişdir.
f Konkret nümunələr üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab — Allahın Kəlamıdır, yoxsa insanın?» kitabının 4 və 5-ci fəsillərinə baxın.
[27-ci səhifədəki çərçivə/cədvəl]
(Mətnə nəşrin özündə baxın)
BABİL SALNAMƏLƏRİ: TARİXDƏ OLAN BOŞLUQLAR
Babil salnamələrində Yeni Babil dövrünün yalnız 35 ili haqda məlumat var, halbuki həmin dövrün təxminən 88 il davam etdiyi ehtimal olunur.
◻ SALNAMƏLƏRDƏ MƏLUMAT OLMAYAN İL
◼ SALNAMƏLƏRDƏ MƏLUMAT OLAN İL
BM 21901 BM 21946 BM 35382
↓ ↓ ↓ ↓
YENİ BABİL DÖVRÜ FARSLAR
Nabopalasar II Navuxodonosor Amel-Marduk Nabonid
Neriqlissar Labaşi-Marduk
↑ ↑ ↑
BM 25127 BM 22047 BM 25124
[İcazə ilə]
BM 21901 and BM 35382: Photograph taken by courtesy of the British Museum; BM 21946: Copyright British Museum; BM 22047, 25124, 25127: © The Trustees of the British Museum
[28-ci səhifədəki çərçivə/şəkil]
Astronomik Gündəlik Bm 32238
Bu lövhəcikdə ay tutulmaları haqda məlumat yerləşir. Lövhəcik ay tutulması haqda sonuncu dəfə verilən məlumatdan sonra tam tərtib olunub. Birinci və sonuncu ay tutulması arasında 400 il fərq var. Bu gündəliyin tərtibatçısı bütün ay tutulmalarını müşahidə edə bilmədiyi üçün, əvvəl baş verən ay tutulmalarının tarixini müəyyən etmək üçün riyazi hesablamadan istifadə etmişdir. Onun çıxardığı nəticələri sübut edən dəlillər olmadan, belə hesablamalar xronoloji məlumat üçün etibarlı mənbə sayıla bilməz.
[İcazə ilə]
© The Trustees of the British Museum
[30- səhifədəki şəkil]
Vat 4956 lövhəciyində əslində nə deyilir?
Belə sual nə üçün yaranır? Bu lövhəciyin üçüncü sətrində yazılır ki, birinci ayın (nisanu/nisan) «9-u gecəsində Ay ß Qız bürcünün qarşısında bir qulac məsafədə durmuşdu». Bununla belə, 1915-ci ildə Neyqebauer və Vaydner yazmışdılar ki, b. e. ə. 568-ci ildə (bu tarix Yerusəlimin dağıdılması kimi b. e. ə. 587-ci ilə işarə edir) «Ay həmin ulduzun qarşısında bir arşın məsafədə 9 nisanda yox, 8 nisanda durmuşdu». (Kursiv bizimdir.) Lakin, lövhəcikdə təsvir edildiyi kimi, Ay b. e. ə. 588-ci ilin 9 nisan günündə məhz həmin yerdə durmuşdu, bu isə b. e. ə. 607-ci ilə işarə edir.
Nisanın 9-u, yoxsa 8-i?
1) 30-cu səhifədəki şəkildə 9 rəqəmi üçün olan akkad simvolu aydın görünür.
2) Neyqebauer və Vaydner bu mixi yazını transliterasiya edərkən «9» əvəzinə «8» yazmışdılar.
3) Onlar orijinal mətndə «9» rəqəminin olduğunu yalnız haşiyədə göstərmişdilər.
4) Hətta Alman dilinə etdikləri tərcümədə də «8» yazmışdılar.
5) 1988-ci ildə Saks və Hunqerin əsərində lövhəcikdəki «9» rəqəmi olduğu kimi yazılmışdı.
6) Lakin həmin əsərin ingilis tərcüməsində göstərilirdi ki, «8 rəqəminin əvəzinə səhv olaraq» «9» yazılıb.
[İcazə ilə]
bpk/Vorderasiatisches Museum, SMB/Olaf M. Teßmer
[32-ci səhifədəki çərçivə]
Qeydlər
1. Mixi yazı — daş və ya çiy gil üzərində basma üsulla çəkilmiş mıxabənzər xətlərin kombinasiyalı şəkillərindən istifadə edilən yazı üsuludur.
2. Assyrian and Babylonian Chronicles, by A. K. Grayson, published 1975, 2000 reprint, p. 8.
3. Yeni Babil dövrü b. e. ə. VII əsrdə, yəni Babil imperiyasında Kəldani (Xaldey) sülaləsindən olan padşahların hökmranlığı ilə başladı. II Navuxodonosorun atası Nabopalasar birinci hökmdar idi. Bu dövrə sonuncu padşah Nabonid b. e. ə. 539-cu ildə Fars padşahı Kir tərəfindən devriləndə son qoyuldu.
4. Neo-Babylonian Business and Administrative Documents, by Ellen Whitley Moore, published 1935, p. 33.
5. Archimedes, Volume 4, New Studies in the History and Philosophy of Science and Technology, “Observations and Predictions of Eclipse Times by Early Astronomers,” by John M. Steele, published 2000, p. 36.
6. Amel-Marduk 562-560 B.C.—A Study Based on Cuneiform, Old Testament, Greek, Latin and Rabbinical Sources. With Plates, by Ronald H. Sack, published 1972, p. 3.
7. BM 80920 və BM 58872 lövhəciklərinin tarixi Evil-Merodakın taxta çıxdığı ilin dördüncü və beşinci ayları ilə müəyyən edilir. Onları Ronald Sak öz əsərində nəşr etmişdir (562-560 B.C.—A Study Based on Cuneiform, Old Testament, Greek, Latin and Rabbinical Sources. With Plates, pp. 3, 90, 106).
8. Britaniya muzeyində olan BM 55806 lövhəciyinin tarixi kimi II Navuxodonosorun hökmranlığının 43-cü ilinin onuncu ayı göstərilir.
9. BM 75106 və BM 61325 lövhəciklərinin tarixi, hesab olunduğu kimi, Evil-Merodak padşahın hökmranlığının sonuncu (ikinci) ilinin yeddinci və onuncu ayı göstərilir. Ancaq BM 75489 lövhəciyinin tarixi onun xələfi Neriqlissarın taxta çıxdığı ilin ikinci ayı göstərilir (Catalogue of the Babylonian Tablets in the British Museum, Volume VIII [Tablets From Sippar 3], by Erle Leichty, J. J. Finkelstein, and C.B.F. Walker, published 1988, pp. 25, 35).
Catalogue of the Babylonian Tablets in the British Museum, Volume VII, (Tablets From Sippar 2) by Erle Leichty and A. K. Grayson, published 1987, p. 36.
Neriglissar—King of Babylon, by Ronald H. Sack, published 1994, p. 232. Lövhəcikdə ayru ayı (ikinci ay) göstərilir.
10. Neriqlissarın nümunəsinə baxaq. Onunla bağlı olan padşah sənədlərinin birində deyilir ki, o, «Babil padşahı Bel-şum-işkunun oğlu» idi (kursiv bizimdir). Başqa bir sənəddə Bel-şum-işkun «müdrik şahzadə» adlanır. Orijinal dildən «şahzadə» kimi tərcümə olunan rubu sözü həmçinin «padşah, hökmdar» mənasını verən tituldur. Neriqlissarın və ondan əvvəl padşah olan Evil-Merodakın hökmranlıq dövrləri arasında vaxt baxımından ziddiyyətlər olduğu üçün, bu iki padşahın arasında «Babilin padşahı» Bel-şum-işkun hökmranlıq edə bilərdimi? Professor R. F. Doerti etiraf etmişdir ki, «Neriqlissarın mötəbər nəsildən olduğunu inkar etmək olmaz» (Nabonidus and Belshazzar—A Study of the Closing Events of the Neo-Babylonian Empire, by Raymond P. Dougherty, published 1929, p. 61).
11. Astronomical Diaries and Related Texts From Babylonia, Volume V, edited by Hermann Hunger, published 2001, pp. 2-3.
12. Journal of Cuneiform Studies, Volume 2, No. 4, 1948, “A Classification of the Babylonian Astronomical Tablets of the Seleucid Period,” by A. Sachs, pp. 282-283.
13. Astronomical Diaries and Related Texts From Babylonia, Volume V, p. 391.
14. Mesopotamian Planetary Astronomy-Astrology, by David Brown, published 2000, pp. 164, 201-202.
15. Bibliotheca Orientalis, L N° 1/2, Januari-Maart, 1993, “The Astronomical Diaries as a Source for Achaemenid and Seleucid History,” by R. J. van der Spek, pp. 94, 102.
16. Astronomical Diaries and Related Texts From Babylonia, Volume I, by Abraham J. Sachs, completed and edited by Hermann Hunger, published 1988, p. 47.
17. Babylonian Eclipse Observations From 750 BC to 1 BC, by Peter J. Huber and Salvo De Meis, published 2004, p. 186. VAT 4956 lövhəciyinə əsasən, bu ay tutulması Babil təqviminə görə üçüncü ayın 15-də olmuşdur, deməli, simanu (sivanu) ayı 15 gün əvvəl başlamışdı. Əgər ay tutulması Yuli təqviminə görə b. e. ə. 588-ci ilin iyulun 15-də baş vermişdirsə, onda b. e. ə. 588-ci ilin simanu ayının ilk günü 30 iyun/1 iyul olmuşdur. Buna görə də Babil təqviminin birinci ayı (nisanu) iki ay əvvəl, 2/3 mayda başlamalı idi. Bu ay tutulmasının baş verdiyi il aprelin 3/4-ü başlamalı idi, amma VAT 4956 lövhəciyinin 6-cı sətrində yazılıb ki, keçən ilin on ikinci (sonuncu) ayına (addaru) əlavə ay artırılıb. (Lövhəcikdə yazılıb: «XII2 [13-cü] ayın 8-ci günü».) Bu səbəbdən, yeni il mayın 2/3-dən sonra başlamışdı. Beləliklə, b. e. ə. 588-ci ildə ay tutulmasının tarixi tamamilə lövhəcikdə olan təsvirə uyğundur.
18. Pol V. Neyqebauer və Ernst F. Vaydnerin fikrincə, lövhəcikdə Ayın müəyyən bir ulduza və ya bürcə nisbətən duruşu ilə bağlı 13 müşahidə göstərilir (Berichte über die Verhandlungen der Königl. Sächsischen Gesellschaft der Wissenschaften zu Leipzig [Reports Regarding the Discussions of the Royal Saxonian Society of Sciences at Leipzig]; Volume 67; May 1, 1915; in the article “Ein astronomischer Beobachtungstext aus dem 37. Jahre Nebukadnezars II,” pp. 67-76 [An Astronomical Observer’s Text of the 37th Year Nebuchadnezzar II]). Onlar həmçinin planetlərlə bağlı 15 müşahidəni də sadalayırlar (72—76-cı səhifələr). Ayı göstərən mixi yazı işarəsi şübhəyə yer qoymasa da, planetləri və onların yerini göstərən bəzi işarələr aydın deyil. (Mesopotamian Planetary Astronomy—Astrology, by David Brown, published 2000, pp. 53-57). Buna görə də planetlərin yerini müxtəlif cür izah etmək olar. Ayın yerini müəyyən etmək çətin olmadığı üçün, VAT 4956-da xatırlanan digər göy cisimlərinin Aya nisbətən yerini və həmin yerdə durduğu tarixi yüksək dəqiqliklə müəyyənləşdirmək olar.
18a. Bu məsafə («ay üçlüyü») ayın birinci və digər iki günündə Günəşin doğmasından Ayın doğmasına qədər olan vaxt ölçüsü idi. Alimlər bu ölçünü təqvim tarixləri ilə əlaqələndirirdilər (“The Earliest Datable Observation of the Aurora Borealis,” by F. R. Stephenson and David M. Willis, in Under One Sky—Astronomy and Mathematics in the Ancient Near East, edited by John M. Steele and Annette Imhausen, published 2002, pp. 420-428). Bu vaxt kəsiyini ölçmək üçün müşahidəçiyə saat kimi bir cihaz lazım idi. Belə ölçülər isə dəqiq olmurdu (Archimedes, Volume 4, New Studies in the History and Philosophy of Science and Technology, “Observations and Predictions of Eclipse Times by Early Astronomers,” by John M. Steele, published 2000, pp. 65-66). Lakin Ayın başqa göy cisimlərinə nisbətən yerinin hesablanması daha dəqiq idi.
19. Bu araşdırmalar «TheSky6™» adlı kompüter proqramının köməyilə aparılmışdır. Həmçinin araşdırmalarda «Cartes du Ciel/Sky Charts (CDC)» adlı qeyri-kommersiya proqramı və ABŞ Dəniz rəsədxanasının təqdim etdiyi təqvim-konvertasiya proqramı istifadə edilmişdir. Planetlərin yerini göstərən bir çox mixi yazı işarələrini müxtəlif cür izah etmək mümkün olduğundan, astronomik gündəlikdə xatırlanan ili hesablamaq məqsədilə aparılan bu araşdırmada planetlərin yeri nəzərə alınmırdı.
20. Berichte über die Verhandlungen der Königl. Sächsischen Gesellschaft der Wissenschaften zu Leipzig [Reports Regarding the Discussions of the Royal Saxonian Society of Sciences at Leipzig]; Volume 67; May 1, 1915; “Ein astronomischer Beobachtungstext aus dem 37. Jahre Nebukadnezars II, (-567/66)” [An Astronomical Observer’s Text of the 37th Year Nebuchadnezzar II], by Paul V. Neugebauer and Ernst F. Weidner, p. 41.
21. VAT 4956 lövhəciyinin 3-cü sətrində yazılıb: «Ay ß Qız bürcü qarşısında 1 qulac [və ya 2 dərəcə] məsafədə dururdu». Yuxarıda xatırlanan araşdırma göstərdi ki, 9 nisanuda Ay ß Qız bürcünün 2°04ʹ qarşısında və 0° ondan aşağıda dururdu. Tədqiqatçıların fikrinə görə, bu tam dəqiq idi.
[29-cu səhifədəki cədvəl]
(Mətnə nəşrin özündə baxın)
VAT 4956 LÖVHƏCİYİNƏ ƏSASƏN, YERUSƏLİM NƏ VAXT DAĞIDILMIŞDI — B. E. Ə. 587-Cİ, YOXSA 607-Cİ İLDƏ?
◼ Bu lövhəcikdə II Navuxodonosor padşahın hökmranlığının 37-ci ilində baş verən astronomik hadisələr təsvir olunur.
◼ II Navuxodonosor Yerusəlimi öz hökmranlığının 18-ci ilində dağıtmışdı (Yeremya 32:1).
Əgər II Navuxodonosorun
hökmranlığının 37-ci ili
b. e. ə. 568-ci ilə düşürsə,
onda Yerusəlim
587 ← ← b. e. ə. 587-ci ildə dağıdılmışdı.
610, b. e. ə. 600 590 580 570 560
607 ← ← Əgər II Navuxodonosorun hökmranlığının
37-ci ili b. e. ə. 588-ci ilə düşürsə,
onda Müqəddəs Kitab xronologiyasına
uyğun olaraq, Yerusəlim
b. e. ə. 607-ci ildə dağıdılmışdı.
◼ VAT 4956 lövhəciyindəki məlumat b. e. ə. 607-ci ilə daha uyğun gəlir.
[26-cı səhifədəki şəkil/İcazə ilə]
Photograph taken by courtesy of the British Museum