Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/6 s. 25—28
  • Subaylıq ənamından necə sevinc əldə etmək olar?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Subaylıq ənamından necə sevinc əldə etmək olar?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Müsbət cəhətləri görməyi öyrən
  • Qədimdə subay qalanların nümunəsi
  • Həyatı zənginləşdirməyin üsulu
  • İstəkli olmaq tələbatımızı necə ödəyə bilərik?
  • Allah unutmayacaq
  • Qoy subaylıq illərin hədər getməsin!
    Gözətçi qülləsi 2011
  • Subaylıq və evliliklə bağlı müdrik məsləhətlər
    Gözətçi qülləsi 2011
  • Yığıncaqdakı hər kəsə hörmət edin
    Gözətçi qülləsi 2020
  • Bu ən’amı sığışdır
    Müqəddəs ibadətimiz 2003
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/6 s. 25—28

Subaylıq ənamından necə sevinc əldə etmək olar?

«ONLAR qırx gün-qırx gecə toy edib şad-xürrəm və uzun ömür sürdülər». Nağılların əksəriyyəti bu sözlərlə bitir. Məhəbbət filmləri və romanları da tez-tez eyni fikri təlqin edir: xoşbəxt olmaq üçün insan gərək evlənsin. Bundan əlavə, bir çox mədəniyyətlərdə gənclərə evlənmələri üçün güclü təsir göstərilir. Debbi 20 yaşlarında olanda demişdi: «İnsanlar səni inandırmağa çalışır ki, qız ancaq ərə getmək üçün yaranıb və əsil həyat evlilikdən sonra başlayır».

Yehovanın nöqteyi-nəzərini başa düşən insan bu məsələdə həddən artıq qəti mövqe tutmayacaq. Düzdür, qədim İsraildə evlənmək normal hesab edilsə də, Müqəddəs Kitabda xoşbəxt həyat sürmüş subay kişi və qadınlardan da bəhs edilir. Bu gün bəzi məsihçilər ömür boyu subay qalmağı seçsələr də, bir çoxları şərait ucbatından subay qalmışlar. Subaylığın səbəbi hər nə olursa-olsun, yenə də belə bir vacib sual meydana çıxır: «Məsihçi subaylıq illərindən necə səmərəli istifadə edə bilər?»

İsa da evli deyildi. Ona verilən tapşırığı nəzərə alsaq, səbəb aydındır. O, şagirdlərinə demişdi ki, davamçıları arasında evlənməkdən imtina edənlər olacaq (Mat. 19:10-12). Bununla bərabər o göstərdi ki, subaylıqdan səmərəli istifadə etmək üçün insan bu həyat yolunu bütün ürəyi və düşüncəsi ilə qəbul etməlidir.

İsanın bu məsləhəti ancaq özlərini tamamilə teokratik xidmətə həsr etmək üçün həyatlarının sonunadək subay qalmaq qərarına gələn insanlaramı aiddir? (1 Kor. 7:34, 35). Bu heç də belə deyil. Gəlin ailə həyatı qurmaq istəyən, lakin hələ özünə münasib həyat yoldaşı tapa bilməyən bir məsihçinin nümunəsinə baxaq. Yaşı 30-dan yuxarı olan subay bacımız Anna deyir: «Bu yaxınlarda Yehovanın Şahidi olmayan iş yoldaşım mənə gözlənilmədən evlənmək təklif etdi. Əvvəlcə bu, mənim xoşuma gəldi, ancaq dərhal bu hissləri özümdə boğdum, çünki elə adama ərə getmək istəyirəm ki, mənə Yehovaya daha da yaxın olmağa kömək etsin».

Ancaq «Rəbbə bağlı» olan adamla evlənmək arzusu Anna kimi bir çox bacılarımızı imanlarına şərik olmayan adamla evlənməkdən qoruyura (1 Kor. 7:39; 2 Kor. 6:14). Allahın bu tələbinə hörmətdən irəli gələrək onlar, ən azı bir müddət, subay qalmağı üstün tuturlar. Onlar bu vaxtdan necə səmərəli istifadə edə bilərlər?

Müsbət cəhətləri görməyi öyrən

Ürəyimizcə olmayan vəziyyəti olduğu kimi qəbul etmək əsas etibarilə əhval-ruhiyyəmizdən asılıdır. «Mən malik olduğum şeylərlə kifayətlənirəm, olmayan şeylər barəsində isə xəyallar qurmuram»,— deyə yaşı 40-ı ötmüş subay bacımız Karmen qeyd edir. Düzdür, özümüzü tənha və məyus hiss etdiyimiz anlar da olur. Ancaq bütün dünyada bir çox qardaş-bacılarımızın eyni vəziyyətlə üzləşdiyini bilmək əminliklə irəliyə doğru getməyimiz üçün bizə güc verə bilər. Yehova bir çoxlarına subaylıq illərindən səmərəli istifadə etməyə və başqa çətinliklərin öhdəsindən gəlməyə kömək etmişdir (1 Pet. 5:9, 10).

Bir çox bacı və qardaşlar əmin olmuşlar ki, subaylığın öz müsbət cəhətləri var. Yaşı 30-dan çox olan subay bacımız Ester deyir: «Mənim fikrimcə, xoşbəxtliyin açarı insanın düşdüyü hər vəziyyətdə müsbət cəhətləri görməsidir». Karmen isə əlavə edir: «Ərdə olsam da, olmasam da, əminəm ki, Padşahlığın maraqlarını birinci yerə qoysam, Yehova Öz xeyirxahlığını məndən əsirgəməyəcək. Həyatım tamamilə planlaşdırdığım kimi olmasa da, özümü xoşbəxt hiss edirəm və bu, həmişə belə olacaq» (Məz. 84:11).

Qədimdə subay qalanların nümunəsi

İftahın qızı subay qalmağı planlaşdırmırdı. Lakin atasının vədi onun üzərinə gənc yaşlarından qurbangahda xidmət etmək öhdəçiliyi qoydu. Şübhəsiz, bu gözlənilməz təyinat qızın planlarını alt-üst etdi, üstəlik, onun təbii hisslərinə zidd idi. Ailə qurub oğul-uşaq sahibi ola bilməyəcəyini anlayanda iki ay yas tutdu. Amma o, yeni vəziyyəti ilə barışdı və ömrünün sonunadək canla-başla xidmət etdi. Digər israilli qadınlar hər il ona baş çəkib fədakarlıq ruhuna görə onu ‘mədh edirdilər’ (Hak. 11:36-40, YD).

Yeşayanın günlərindəki xədimlər vəziyyətlərinə görə məyus ola bilərdilər. Müqəddəs Kitabda onların xədim olmalarına nə səbəb olduğu haqda heç nə deyilmir. Onlar nə İsrail icmasının tamhüquqlu üzvü, nə də evlənib uşaq sahibi ola bilirdilər (Qanun. t. 23:1). Amma Yehova onların hisslərini başa düşürdü və əhdinə səmimi-qəlbdən itaət etdiklərinə görə onları tərifləyirdi. Həmçinin Allah onlara demişdi ki, evində ‘xatirəyə’ və ‘əbədi bir ada’ malik olacaqlar. Bir sözlə, bu sadiq xədimlər İsa Məsihin rəhbərliyi altında əbədi yaşayacaqlarına əmin ola bilərdilər. Yehova onları heç vaxt unutmayacaqdı (Yeşaya 56:3-5).

Yeremyanın vəziyyəti isə tamam fərqli idi. Peyğəmbər təyin olunduqdan sonra Allah ona yaşadığı ağır və təhlükəli dövrü və təyinatının xarakterini nəzərə alaraq evlənməməyi tapşırdı: «Özünə arvad alma, qoy bu yerdə oğulların və qızların olmasın» (Yer. 16:1-4). Müqəddəs Kitabda bu sözlərin Yeremyada hansı hisslər doğurduğu barədə deyilməsə də, oradan aydın görürük ki, Yehovanın kəlamı ona sevinc gətirirdi (Yer. 15:16). İllər ötdükdən sonra Yeremya 18 aylıq dəhşətli mühasirədən sağ çıxanda, şübhəsiz, Yehovanın subay qalmaq göstərişinə əməl etməyin müdriklik olduğuna əmin oldu (Mərs. 4:4, 10).

Həyatı zənginləşdirməyin üsulu

Yuxarıda adları çəkilən Müqəddəs Kitab personajları subay olmalarına baxmayaraq, Yehovanın dəstəyini hiss edirdilər və özlərini tamamilə Ona xidmətə həsr etmişdilər. Faydalı işlə məşğul olmaq bizim də həyatımızı zənginləşdirə bilər. Müqəddəs Yazılarda qabaqcadan deyilmişdir ki, xoş xəbəri təbliğ edən qadınların sayı bir alay olacaqdır (Məz. 68:11). Bu izdihamın içində minlərlə subay bacılarımız var. Onların xidməti bar gətirib və çoxları ruhani oğul və qızlarla xeyir-dualanılıblar (Mark 10:29, 30; 1 Salon. 2:7, 8).

14 il pioner kimi xidmət edən Loli deyir: «Pionerlik həyatıma istiqamət verir. Subay bir bacı kimi mən fəal həyat tərzi sürürəm, bu da mənə tənhalığa qapılmamağa kömək edir. Hər günün sonunda məmnunluq hiss edirəm, çünki görürəm ki, xidmətim insanlara həqiqətən də fayda gətirir. Bu, mənə böyük sevinc bəxş edir».

Bir çox bacılar xarici dili öyrənmiş və əcnəbidilli ərazidə təbliğ etməklə xidmətlərini genişləndirmişlər. Yuxarıda adı çəkilən Anna deyir: «Bizim şəhərdə minlərlə əcnəbi yaşayır». Fransız dilində danışan insanlara təbliğ etmək ona sevinc gətirir. «Onlarla ünsiyyətdə olmaq üçün öyrəndiyim dil mənə yeni fəaliyyət üçün geniş qapı açıb və təbliğ xidmətimi daha da maraqlı edib».

Adətən, subayların ailə məsuliyyətləri az olduğu üçün bəziləri mövcud şəraitlərindən istifadə edərək təbliğçilərə böyük ehtiyac olan ərazilərdə təbliğ edirlər. «Mən tamamilə əminəm ki, insan Yehovaya xidmətdə nə qədər çox şey edirsə, yaxın dostlar tapmaq bir o qədər asan olur və özünün sevildiyini hiss edir,— deyə yaşı 30-dan yuxarı olan və təbliğçilərə ehtiyac olan ərazilərdə xidmət edən subay bacımız Lidiana qeyd edir. — Mənim həyatımı zənginləşdirən müxtəlifmənşəli və müxtəlif millətlərdən çoxlu yaxın dostlarım var».

Müqəddəs Kitabda müjdəçi Filipin peyğəmbərlik edən dörd subay qızı haqqında danışılır (Həv. iş. 21:8, 9). Onlar da ataları kimi səylə xidmət edirdilər. Ola bilsin, onlar peyğəmbərlik etmək ənamlarından Qeysəriyədəki həmimanlılarının rifahına istifadə edirdilər (1 Kor. 14:1, 3). Bu gün də bir çox subay bacılar müntəzəm olaraq məsihçi görüşlərinə gəlməklə və onlarda iştirak etməklə başqalarını ruhlandırır.

Lidiya isə Filipi şəhərində yaşayan erkən məsihçilərdən biri idi və Müqəddəs Kitabda qonaqpərvərliyinə görə təriflənir (Həv. iş. 16:14, 15, 40). Ehtimala görə subay, yaxud dul olan Lidiya səxavətli qadın idi. Bunun sayəsində onun Pavel, Sila və Luka kimi səyyar nəzarətçilərlə ünsiyyət etmək imkanı olurdu. Bu cür ruh təzahür etdirmək bu gün də xeyir-dualar gətirir.

İstəkli olmaq tələbatımızı necə ödəyə bilərik?

Həyatda faydalı işlə məşğul olmaqdan savayı, hamımızın məhəbbətə və diqqətə ehtiyacı var. Subay insanlar bu tələbatı necə ödəyə bilərlər? İlk növbədə unutmamalıyıq ki, Yehova bizi həmişə sevir, möhkəmləndirir və dualarımızı dinləyir. Davud padşah özünü bəzən ‘tənha və zülm içində’ hiss etsə də, bilirdi ki, hər zaman Yehovaya kömək üçün üz tuta bilər (Məz. 25:16; 55:22). O yazmışdı: «Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər» (Məz. 27:10). Allah bütün xidmətçilərini Ona yaxınlaşmağa və Onunla yaxın dost olmağa çağırır (Məz. 25:14; Yaq. 2:23; 4:8).

Bundan əlavə, biz ümumdünya qardaşlığımızda öz məhəbbətləri ilə həyatımızı zənginləşdirəcək ruhani ata, ana, qardaş və bacılar tapa bilərik (Mat. 19:29; 1 Pet. 2:17). Bir çox subay məsihçilər ‘xeyirli işləri və verdiyi sədəqələri’ ilə tanınan Tabitanın nümunəsini təqlid etməkdən böyük məmnunluq duyurlar (Həv. iş. 9:36, 39). Loli deyir: «Getdiyim hər yığıncaqda məni sevəcək və ruhdan düşəndə mənə dayaq olacaq əsil dostlar axtarıram. Dostluq tellərini möhkəmləndirmək üçün mən insanlara məhəbbət və maraq göstərməyə çalışıram. İndiyədək xidmət etdiyim səkkiz yığıncaqda qarşıma həmişə əsil dostlar çıxıb. Onların arasında təkcə həmyaşıdlarım yox, eləcə də yaşlı və yeniyetmə bacılar olub». Hər yığıncaqda sevgiyə və dostluğa ehtiyacı olan insanlar var. Belə adamlara səmimi maraq göstərmək onlara böyük kömək olar və sevib-sevilmək tələbatımızı ödəyə bilər (Luka 6:38).

Allah unutmayacaq

Müqəddəs Kitab göstərir ki, bütün məsihçilər, yaşadığımız çətin günləri nəzərə alaraq, müəyyən şeyləri qurban verməlidirlər (1 Kor. 7:29-31). Yalnız Rəbbə bağlı insanla ailə qurmaq tələbinə itaət etdiyinə görə subay qalan məsihçilər xüsusi hörmətə və diqqətə layiqdirlər (Mat. 19:12). Ancaq bu təqdirəlayiq qurban o demək deyil ki, onlar həyatdan tam sevinc əldə etmirlər.

«Mən Yehova ilə yaxın münasibətlərdən və xidmətdən böyük məmnunluq duyuram,— deyə Lidiana qeyd edir. — Mən evli olanlar arasında həm xoşbəxt, həm də xoşbəxt olmayan insanları tanıyıram. Bu, məni əmin edir ki, xoşbəxt olmağım gələcəkdə ərə gedib-getməyəcəyimdən asılı deyil». İsanın vurğuladığı kimi, xoşbəxtlik əsas etibarilə verməkdən və xidmət etməkdən asılıdır, bunu isə bütün məsihçilər bacarar (Yəh. 13:14-17; Həv. iş. 20:35).

Şübhəsiz, bizi ən çox sevindirən odur ki, Allahın iradəsini yerinə yetirmək üçün verdiyimiz qurbanlardan asılı olmayaraq, Onun bizə xeyir-dua verəcəyini bilirik. Müqəddəs Kitab bizi əmin edir: «Allah haqsız deyildir ki, sizin... Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun» (İbr. 6:10).

[Haşiyələr]

a Bu məqalədə əsasən bacılardan söhbət getsə də, müzakirə olunan prinsiplər qardaşlara da tətbiq oluna bilər.

[25-ci səhifədəki şəkil]

«Mən malik olduğum şeylərlə kifayətlənirəm, olmayan şeylər barəsində isə xəyallar qurmuram» (Karmen)

[26-cı səhifədəki şəkil]

Loli və Lidiana təbliğçilərə ehtiyac olan yerlərdə xidmət etməkdən sevinc duyurlar

[27-ci səhifədəki şəkil]

Allah bütün xidmətçilərini Ona yaxınlaşmağa dəvət edir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş