Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/10 s. 22—25
  • İntiqam almaq düzgündürmü?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İntiqam almaq düzgündürmü?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • İntiqam almaq ağılsızlıqdır
  • Sonsuz davam edən qisas
  • «Göz əvəzinə göz»
  • Sülh yolunu izləyin
  • Müqəddəs Kitabda qisas barədə nə deyilir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • 2 | Qisas almayın
    Gözətçi qülləsi (kütləvi) 2022
  • «Göz əvəzinə göz» ifadəsinin mənası nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Qəzəbinizi cilovlayaraq ‘pisliyə qalib gəlin’
    Gözətçi qülləsi 2010
Əlavə
Gözətçi qülləsi 2009
w09 1/10 s. 22—25

İntiqam almaq düzgündürmü?

ÇOXLARI düşünür ki, intiqam ürəyi sakitləşdirir. Çünki kimsə xətrimizə dəyəndə, yaxud bizə pislik edəndə təbii olaraq ürəyimizdə hiddət baş qaldırır. Bizdə anadangəlmə olan ədalət hissi haqsızlığın aradan qaldırılmasını tələb edir. Ancaq necə?

İntiqam almaq istəyi insanda müxtəlif səbəblərdən, məsələn, kimsə onu vuranda, itələyəndə, sözləri və hərəkətlərilə təhqir edəndə, qarət edəndə və sair şeylər nəticəsində yarana bilər. Bu və ya digər vəziyyətlərlə üzləşəndə siz hansı hissləri keçirirsiniz? Əksər insanlarda bu cür fikir yaranır: «Mən bunun heyfini onda qoymayacağam!»

Birləşmiş Ştatlarda yuxarı sinif şagirdlərindən bəziləri onlara cəza verən müəllimlərdən intiqam almaq üçün onları təhqirdə ittiham etmişlər. Yeni Orleanda Müəllimlər birliyinin prezidenti Brenda Mitçell deyir: «İş orasındadır ki, bir dəfə ittiham olunduqda artıq müəllimin adına ləkə gəlir». Hətta ittihamın yalan olduğu isbat edildikdə belə, müəllimin adına vurulan ləkə getmir.

İş yerində şirkətin kompüter şəbəkəsindən vacib məlumatı silməklə və ya onu təhrif etməklə öz müdirlərindən intiqam almağa çalışan acıqlı işçilərin sayı getdikcə artır. Digərləri şirkətin sirlərini oğurlayıb satır, yaxud onu başqalarına danışırlar. «Elektron faylları ilə yanaşı şirkətin əşyalarının da oğurlanması işçilərin intiqam almasının əsas üsulu olaraq qalır»,— deyə bir qəzetdə məlumat verilir («The New York Times»). Bir çox şirkətlərdə intiqamın qarşısını almaq üçün mühafizəçilər işdən çıxarılan işçini iş masasınadək yola salır, əşyalarını yığana kimi yanında durur və binanın çıxışına qədər onu müşayiət edir.

Çox vaxt insanlar onlara ən yaxın olan adamlardan — dostlardan, tanışlardan və ailə üzvlərindən intiqam alırlar. Sərt sözdən və ya düşünülməmiş hərəkətdən inciyən adam çox vaxt eyni cür cavab verir. Dostunuz sizinlə sərt danışanda siz də ona kobud cavab verirsinizmi? Əgər ailə üzvünüz necəsə sizin xətrinizə dəyibsə, ondan acıq çıxmağa çalışırsınızmı? Xətrimizə dəyən bizə yaxın adam olanda bu cür davranmaq necə də asan olur!

İntiqam almaq ağılsızlıqdır

Çox vaxt insanlar ürəklərini sakitləşdirmək üçün intiqam almağa çalışırlar. Məsələn, Müqəddəs Kitaba əsasən, Yaqubun oğulları eşidəndə ki, kənanlı Şekem bacıları Dinanı zorlayıb, onlar «məyus oldular və bərk qəzəbləndilər» (Yaradılış 34:1-7). Bacılarına edilən pisliyin heyfini çıxmaq üçün Yaqubun iki oğlu Şekemə və onun ailəsinə qarşı sui-qəsd hazırladı. Hiylə işlədərək Şimeon və Levi kənanlıların şəhərinə girib, Şekem də daxil olmaqla, bütün kişiləri öldürdülər (Yaradılış 34:13-27).

Bəs qan tökməklə məsələ həll olundumu? Yaqub oğlanlarının hərəkəti haqda eşidəndə onları məzəmmət edib dedi: «Ölkədə yaşayan Kənanlılarda və Perizlilərdə mənə qarşı nifrət oyadıb məni bəlaya saldınız... Əgər birləşib bizi qırsalar, özüm də ailəmlə birgə həlak olacağam» (Yaradılış 34:30). Bəli, onların qisas alması məsələni həll etmədi, əksinə, işləri daha da korladı; indi Yaqubun ailəsi qəzəbli qonşuların hücumundan özlərini qorumaq üçün ehtiyatlı olmalı idi. Ehtimal ki, bunun qarşısını almaq üçün Allah Yaquba ailəsi ilə birlikdə Bet-Elə getməyi tapşırdı (Yaradılış 35:1, 5).

Dinanın zorlanması ilə bağlı hadisələrdən vacib dərs öyrənirik. İntiqam almaq qarşı tərəfin də intiqam almasına səbəb olur və bu, dönə-dönə təkrarlanır. Bu zaman bir alman məsəli yada düşür: «Qisas uzun müddət cavabsız qalmaz».

Sonsuz davam edən qisas

İnsanın öz fikrini və qüvvəsini ona pislik edən adamı cəzalandırmağa cəmləməsi onu məhv edir. Bir kitabda deyilir: «Hiddət insanı içəridən yeyib dağıdır. Keçmişin acı xatirələri üzərində düşünmək, qəlbinə dəyən adamları ürəyində lənətləmək və acıq çıxmaq üçün yollar axtarmaq adamın vaxtını və gücünü əlindən alır» («Forgiveness —How to Make Peace With Your Past and Get On With Your Life»). Müqəddəs Kitabda aydın şəkildə bildirilir ki, ‘paxıllıq sümükləri çürüdür’ (Süleymanın məsəlləri 14:30).

Doğrudan da, əgər insanın ürəyində nifrət və mənfi hisslər kök salıbsa, o, necə sevinə bilər? Bir şərhçi qeyd etmişdi: «Əgər siz də düşünürsünüzsə ki, “intiqam almaq ürəyi sakitləşdirir”, onda illərlə intiqam hissi ilə alışıb-yanan adamların üzünə baxın».

Dini və etnik toqquşmaların mövcud olduğu bir çox yerlərdə baş verənlər haqda düşünün. Çox vaxt bir qətl hadisəsi başqasına səbəb olur ki, bu da nifrət və ölümün sonsuz davam etməsinə təkan verir. Məsələn, bir terror aktı zamanı bomba partlayışı nəticəsində 18 nəfər gənc həlak olanda bir qadın fəryad edib demişdi: «Biz bunun əvəzini onlardan min qat çıxmalıyıq!» Beləliklə, qəddarlıq yalnız və yalnız artır və daha çox insan münaqişəyə cəlb olunur.

«Göz əvəzinə göz»

Qisas almaq arzusu ilə yaşayan insanların bəziləri özlərinə haqq qazandırmaq üçün Müqəddəs Kitaba istinad edirlər. Onlar deyirlər: «Məgər Müqəddəs Kitabda “göz əvəzinə göz, diş əvəzinə diş” yazılmayıb?» (Levililər 24:20). İlk baxışdan elə gələ bilər ki, «göz əvəzinə göz» qanunu intiqam almağa təşviq edir. Əslində isə o, qisas almağın qarşısını almaq məqsədinə xidmət edirdi. Necə?

Əgər bir israilli soydaşının üstünə hücum çəkib gözünü çıxarsaydı, Qanun həmin adamı ədalətlə cəzalandırmağa yol verirdi. Lakin günahkarı və ya onun ailə üzvlərindən kimisə cəzalandırmaq zərər çəkmiş adamın ixtiyarına verilmirdi. Qanuna əsasən, düzgün həll edilməsi üçün o, bu işi səlahiyyəti olan şəxslərə — təyin olunmuş hakimlərə təqdim etməli idi. Başqasına qarşı qəsdən cinayət törətmiş və ya zorakılıq etmiş adamın eyni cür cəzalandırıla biləcəyini bilmək insanları intiqam almaqdan saxlamaq üçün güclü vasitə idi. Lakin hər şey təkcə bununla bitmir.

İntiqamla bağlı yuxarıda xatırlanan qanunu verməzdən əvvəl Yehova Musa vasitəsilə İsrail xalqına demişdi: «Soydaşına qarşı ürəyində nifrət bəsləmə... Heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama» (Levililər 19:17, 18). Bəli, «göz əvəzinə göz, diş əvəzinə diş» prinsipinə bütün Qanun əhdi kontekstində baxılmalıdır. İsa Məsih bütün Qanunu iki əmrdə cəmləşdirmişdi: «Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev» və «Qonşunu özün kimi sev» (Matta 22:37-40). Bəs belə olduqda, ədalətsizliklə üzləşəndə həqiqi məsihçilər necə davranmalıdırlar?

Sülh yolunu izləyin

Müqəddəs Kitab Yehovanı «sülh mənbəyi olan» Allah kimi təsvir edir və Allahın xidmətçilərini ‘sülh axtarmağa və onun ardınca qaçmağa’ səsləyir (İbranilərə 13:20; 1 Peter 3:11). Bəs sülh axtarmağın doğrudanmı köməyi dəyir?

Yer üzündəki xidməti zamanı İsanın başı çox əziyyətlər çəkmişdi, onu təqib edən düşmənləri üzünə tüpürmüş və onu çubuqla döymüş, yaxın dostu ona xəyanət etmiş, hətta şagirdləri də onu tərk etmişdilər (Matta 26:48-50; 27:27-31). İsa bunun müqabilində nə etmişdi? Həvari Peter yazırdı: «Söyülərkən, cavabında söymədi; əzab çəkərkən, təhdid etmədi, əksinə ədalətlə mühakimə Edənə Özünü təslim etdi» (1 Peter 2:23).

Peter izah etmişdir: «Məsih də bizə bir nümunə qoyaraq, bizim üçün iztirab çəkdi ki, biz Onun izləri ilə gedək» (1 Peter 2:21). Bəli, Müqəddəs Kitab məsihçiləri İsanın bütün hərəkətlərini, eləcə də ədalətsizliklə üzləşərkən onun necə davrandığını təqlid etməyə təşviq edir. Bununla bağlı İsa özü Dağüstü təbliği zamanı demişdi: «Düşmənlərinizi sevin, sizə lənət oxuyanlara xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə əziyyət verib, təqib edənlər üçün dua edin ki, siz, göylərdə olan Atanızın oğulları olasınız» (Matta 5:44, 45).

Məsihin məhəbbətini təqlid edənlər pisliklə üzləşəndə və ya ədalətsizliyin qurbanı olduqlarını düşünəndə necə davranırlar? Süleymanın məsəlləri 19:11 ayəsində deyilir: «İnsanın ağlı hiddəti ləngidər, başqasının günahını bağışlamaq ona şərəf gətirər». Onlar həmçinin bu nəsihətə ciddi yanaşırlar: «Pisliyə məğlub olma, pisliyə yaxşılıq ilə qalib gəl» (Romalılara 12:21). Bu, müasir dünyada geniş yayılan intiqam almaq ruhundan necə də fərqlənir! Həqiqi məsihçi məhəbbəti bizə qisas almaq istəyinə üstün gəlməyə və beləliklə də ‘başqasının günahını bağışlamağa’ kömək edə bilər, çünki məhəbbət «ona edilən pisliklərin hesabını tutmaz» (1 Korinflilərə 13:5).

Bəs bu o deməkdirmi ki, əgər cinayətin qurbanı olmuşuqsa və ya başqa bir təhlükəyə məruz qalırıqsa, dinməz-söyləməz bunu qəbul etməliyik? Qətiyyən! Həvari Pavel: «Pisliyə yaxşılıq ilə qalib gəl»,— deyəndə məsihçilərin şəhid olmalı olduqlarını nəzərdə tutmurdu. Əksinə, hücuma məruz qalanda özümüzü müdafiə etmək hüququmuz var. Əgər sizin özünüzə və ya malınıza təcavüz edilirsə, siz polis çağıra bilərsiniz. Əgər işdə və ya məktəbdə kiminləsə problem yaranırsa, kömək üçün səlahiyyətli şəxslərə müraciət etmək olar (Romalılara 13:3, 4).

Buna baxmayaraq, yadda saxlamaq yaxşı olardı ki, bu sistemdə həqiqi ədalətə həmişə nail olmaq olmur. Çoxları bütün ömrünü onu axtarmağa sərf etmiş, lakin ümidləri doğrulmadığı üçün məyusluğa qapılmış və hiddətlənmişlər.

Şeytanın da istədiyi odur ki, intiqam və nifrət hissi vasitəsilə insanların arasına nifaq salsın (1 Yəhya 3:7, 8). Müqəddəs Kitabdakı bu sözləri yadda saxlamaq çox yaxşı olardı: «Ey sevimlilər, qisas almayın, ancaq Allahın qəzəbinə yol verin. Çünki yazılmışdır: “Rəbb deyir: Qisas Mənimdir, əvəzini Mən verəcəyəm”» (Romalılara 12:19). Hər şeyi Yehovanın öhdəsinə buraxmaqla biz özümüzü ürək ağrısından, qəzəbdən və zorakılıqdan qoruyacağıq (Süleymanın məsəlləri 3:3-6).

[24-cü səhifədəki yazı]

«Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev» və «Qonşunu özün kimi sev»

[25-ci səhifədəki şəkillər]

Məhəbbət «ona edilən pisliklərin hesabını tutmaz» (1 Korinflilərə 13:5)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş