Məsihin məhəbbəti bizi sevməyə təşviq edir
«İsa dünyada Özünə aid olanları sevmiş olaraq, onları sona qədər sevdi» (YƏH. 13:1).
1, 2. a) İsanın məhəbbətinin ən heyrətamiz cəhəti nə idi? b) Bu məqalədə məhəbbətin hansı yönləri müzakirə olunacaq?
İSA mükəmməl məhəbbət nümunəsidir. Onun məhəbbəti hər şeydə — davranışında, danışığında, təlimlərində və həyatını qurban verməsində özünü büruzə vermişdi. O, son nəfəsinədək onu əhatə edən hər kəsə, xüsusilə də şagirdlərinə məhəbbət göstərirdi.
2 İsanın heyrətamiz məhəbbət nümunəsi onun davamçılarının izləməli olduğu ən gözəl nümunədir. Bu həmçinin bizi ruhani bacı-qardaşlarımıza, o cümlədən digər insanlara qarşı eyni məhəbbəti bəsləməyə təşviq edir. Bu məqalədə biz ağsaqqalların səhvlərə, hətta ciddi səhvlərə yol verənlərə qarşı məhəbbət göstərmələrinə dair İsadan necə nümunə götürə biləcəklərindən söhbət açacağıq. Biz həmçinin İsanın məhəbbətinin çətin anlarda, fəlakət və xəstəlik zamanı məsihçiləri həmimanlılarına kömək etməyə necə təşviq etdiyini müzakirə edəcəyik.
3. Peterin ciddi səhvə yol verməsinə baxmayaraq, İsa onunla necə davrandı?
3 İsanın həyatının son gecəsində həvarisi Peter üç dəfə onu inkar etdi (Mark 14:66-72). Lakin Peter tutduğu əməldən peşman olanda İsa, qabaqcadan dediyi kimi, günahından keçdi və ona ciddi məsuliyyətlər həvalə etdi (Luka 22:32; Həv. iş. 2:14; 8:14-17; 10:44, 45). İsanın ciddi səhvlərə yol verən kəslərə qarşı münasibətindən biz nə öyrənə bilərik?
Səhv iş görənlərə qarşı Məsihin düşüncə tərzini əks etdirin
4. Xüsusilə hansı vəziyyətlərdə Məsihin düşüncə tərzini əks etdirmək tələb olunur?
4 Məsihin düşüncə tərzini əks etdirmək lazım gələn vəziyyətlərdən biri də ailədə və ya yığıncaqda kiminsə ciddi səhvə yol verməsidir. Bu, bizə dözülməz ürəkağrısı verə bilər. Təəssüflər olsun ki, Şeytan dünyasının sonu yaxınlaşdıqca əxlaq dəyərləri dünyanın ruhunun təsiri altında get-gedə aşağı düşür. Allahın əxlaq normalarına dünyanın barmaqarası və ya xor baxması, yaşımızdan asılı olmayaraq, hər birimizin düzgün olanı etmək qətiyyətini zəiflədə bilər. Birinci əsrdə bəziləri məsihçi yığıncağından kənar edilmiş, digərləri isə töhmət almışdılar. Eyni şeylər bizim günlərdə də baş verir (1 Kor. 5:11-13; 1 Tim. 5:20). Bu cür məsələləri həll edən ağsaqqallar Məsihin məhəbbətini təzahür etdirirlər ki, bu da, öz növbəsində, günah işlədənə dərin təsir bağışlaya bilər.
5. Ağsaqqallar günah işlədənlərə qarşı münasibətdə Məsihin düşüncə tərzini necə əks etdirə bilərlər?
5 İsa kimi, ağsaqqallar da hər zaman diqqət yetirməlidirlər ki, Yehovanın saleh normalarına riayət olunsun. Belə etməklə onlar Yehovanın həlimliyini, lütfkarlığını və məhəbbətini əks etdirirlər. Kimsə səmimi-qəlbdən tövbə edəndə, yəni səhvlərinə görə ‘qəlbisınıq’ və ‘ruhən əzilmiş’ olanda ‘onu həlimlik ruhu ilə islah etmək’ ağsaqqallar üçün çətin deyil (Məz. 34:18; Qalat. 6:1). Bəs ağsaqqallar səhvini boynuna almayan, az da olsa və ya heç bir vicdan əzabı çəkməyənlərlə necə rəftar etməlidirlər?
6. Günahkarlarla münasibətdə ağsaqqallar nədən qaçınmalıdırlar və nəyə görə?
6 Günahkar Müqəddəs Kitab məsləhətini rədd edəndə, yaxud səhvini boynundan atmağa çalışanda bu, ağsaqqalların və başqalarının hiddətinə səbəb ola bilər. Həmin şəxsin vurduğu zərərdən xəbərdar olan bu qardaşlar hisslərini cilovlaya bilməyib onun hərəkətləri və mövqeyi barədə düşündüklərini birbaşa üzünə söyləyə bilərlər. Ancaq aydındır ki, qəzəb zərərdən başqa heç nə gətirə bilməz və belə davranış ‘Məsihin ağlına’, yəni düşüncə tərzinə ziddir. (1 Kor. 2:16; Yaqub 1:19, 20 ayələrini oxu.) Düzdür, İsa da bəzilərinə qəti xəbərdarlıq edirdi, lakin o, heç vaxt sözləri ilə kiminsə qəlbini sındırmaz, ya da qılınc kimi yaralamazdı (1 Pet. 2:23). Əksinə, o, sözləri və əməlləri ilə göstərirdi ki, günahkarlar tövbə etməklə yenidən Yehovanın lütfünü qazana bilərlər. Bir sözlə, İsanın yer üzünə gəlməsinin əsas səbəblərindən biri də «günahkarları xilas etmək» idi (1 Tim. 1:15).
7, 8. İntizam tədbirləri görərkən ağsaqqallar nəyi əldə rəhbər tutmalıdırlar?
7 İsanın bu sahədə qoyduğu nümunə yığıncaqda cəza tədbiri almalı olan insanlara qarşı münasibətimizə necə təsir göstərməlidir? Yadda saxlayın ki, Müqəddəs Kitaba əsasən görülən intizam tədbiri sürünü müdafiə etməklə yanaşı, günahkarı tövbə etməyə də təşviq edə bilər (2 Kor. 2:6-8). Təəssüf ki, bəziləri tövbə etmir və onları yığıncaqdan kənar etmək lazım gəlir. Ancaq sevindirici haldır ki, sonradan onların bir çoxu Yehovaya və yığıncağa yenidən qayıdır. Ağsaqqalların Məsihin düşüncə tərzini təzahür etdirmələri sayəsində günah işlədən adama ürəyində dəyişiklik etmək və sürüyə dönmək daha asan olacaq. Gələcəkdə günah işlədənlərdən bəziləri ağsaqqalların Müqəddəs Kitaba əsaslanan məsləhətlərini unutsalar belə, onların hörmətcil rəftarını və göstərdikləri məhəbbəti mütləq yadda saxlayacaqlar.
8 Buna görə də ağsaqqallar ‘ruhun səmərəsini’, əsasən də Məsihin məhəbbətini hətta çətin vəziyyətlərdə belə təzahür etdirməlidirlər (Qalat. 5:22, 23). Onlar heç vaxt günah işlədəni yığıncaqdan kənar etməyə tələsməməlidirlər. Ağsaqqallar həmin adama göstərməlidirlər ki, onun Yehovaya dönməsini istəyirlər. Beləliklə, günah işlədən kəs, bir çoxlarının etdiyi kimi, sonradan tutduğu əməldən peşman olanda həm Yehovaya, həm də onun yığıncağa qayıtmasını asanlaşdıran ‘insanlar timsalında hədiyyələrə’ (YD), yəqin ki, ürəkdən minnətdar olacaq (Efes. 4:8, 11, 12).
Axır günlərdə Məsihin məhəbbətini təzahür etdirin
9. İsanın şagirdlərinə əməldə göstərdiyi məhəbbətə dair nümunə gətirin.
9 Luka öz Müjdəsində İsanın əməldə göstərdiyi məhəbbətin gözəl nümunəsini qələmə alıb. İsa bilirdi ki, vaxt gələcək, Roma əsgərləri məhkum olunmuş Yerusəlim şəhərini mühasirəyə alacaq və heç kimin qaçmasına imkan verməyəcəklər. Buna görə də o, şagirdlərini məhəbbətlə xəbərdar etdi: «Qoşunların Yerusəlimi mühasirə etdiyini gördüyünüz zaman bilin ki, onun viranəliyinin vaxtı yaxınlaşmışdır». Bəs bu zaman onlar nə edə bilərdilər? Buna dair İsa aydın və konkret göstəriş verdi: «O zaman Yəhudeyada olanlar dağlara qaçsınlar; şəhərdə olanlar oradan çıxsınlar və ətrafda olanlar oraya girməsinlər. Çünki bunlar, bütün yazılanların yerinə yetəcəyi qisas günləridir» (Luka 21:20-22). Roma əsgərləri eramızın 66-cı ilində Yerusəlimi mühasirəyə aldıqdan və gözlənilmədən geri çəkildikdən dərhal sonra itaətkar insanlar bu göstərişə uyğun davrandılar.
10, 11. Erkən məsihçilərin Yerusəlimdən qaçmasını nəzərdən keçirmək ‘böyük məşəqqətə’ hazırlaşmağımıza necə kömək edə bilər?
10 Yerusəlimdən qaçan zaman məsihçilər bir-birlərinə məsihçi məhəbbəti, hətta Məsihin onlara göstərdiyi məhəbbəti göstərməli idilər. Əlbəttə, onlar əllərində olan hər şeyi bir-birləri ilə bölüşməli idilər. Lakin İsanın peyğəmbərliyinin icrası yalnız bu qədim şəhərin məhv edilməsi ilə bitmir. Çünki o demişdi: «O zaman elə böyük məşəqqət olacaqdır ki, beləsi dünyanın başlanğıcından indiyədək olmamışdır və heç olmayacaqdır» (Mat. 24:17, 18, 21). Ola bilsin, qarşıda gözlənilən ‘böyük məşəqqətdən’ öncə və həmin zaman bizim də çətinliklərimiz və korluq çəkəcəyimiz şeylər olacaq. Məsihin düşüncə tərzi onların hamısına tab gətirməkdə bizə kömək edəcək.
11 O zaman bizə təmənnasız məhəbbət göstərərək İsanın nümunəsini izləmək lazım gələcək. Bu səbəbdən, Pavel məsləhət görürdü: «Hər birimiz yaxşılıq naminə öz qonşumuzun qayğısına qalmalıyıq ki, o ruhən inkişaf etsin. Ona görə ki, Məsih də Öz qayğısına qalmamışdı... Qoy təhəmmül və təsəlli verən Allah, Məsih İsaya əsasən sizə, öz aranızda həmfikir olmağı ehsan etsin» (Rom. 15:2, 3, 5).
12. Hal-hazırda bizə hansı məhəbbəti inkişaf etdirmək lazımdır və nə üçün?
12 İsadan məhəbbət görən Peter məsihçiləri də ‘qardaşlara riyasız məhəbbət’ inkişaf etdirməyə və ‘həqiqətə itaət etməyə’ təşviq edirdi. Onlar ‘bir-birini var qüvvə ilə səmimi qəlbdən sevməli’ idilər (1 Pet. 1:22). Bu gün məsihçi keyfiyyətlərini inkişaf etdirmək həmişəkindən daha zəruridir, ona görə ki, Allahın bütün xidmətçilərinə göstərilən təzyiqlər get-gedə artır. Bu yaxınlarda dünyanın maliyyə sistemində baş verən böhrandan aydın göründüyü kimi, heç birimiz bu köhnə dünyanın istənilən hissəsinə bel bağlamamalıyıq. (1 Yəhya 2:15-17 ayələrini oxu.) Əksinə, bu dünya sonuna doğru irəlilədikcə biz yığıncaqda əsil dostluq münasibətləri quraraq Yehovaya və bir-birimizə daha sıx bağlanmalıyıq. Pavel məsləhət edirdi: «Qardaşlıq sevgisi ilə bir-birinizi şəfqətlə sevin; bir-birinizi hörmətdə qabaqlayın» (Rom. 12:10). Həmin fikri bir daha vurğulayaraq Peter deyir: «Hər şeydən əvvəl bir-birinizə coşğun məhəbbətiniz olsun, çünki məhəbbət bir çox günahın üstünü örtər» (1 Pet. 4:8).
13-15. Bəzi qardaşlar fəlakətdən sonra məsihçi məhəbbətini necə təzahür etdirmişlər?
13 Bütün dünyada Yehovanın Şahidləri məsihçi məhəbbətini əməldə göstərməklə tanınırlar. Gəlin 2005-ci ildə Birləşmiş Ştatların cənubunun geniş ərazisini darmadağın edən tufan və qasırğadan sonra kömək üçün çağırışa hay verən Şahidlərin nümunəsinə baxaq. İsanın məhəbbət nümunəsini təqlid edərək 20 000-dən artıq könüllü rahat evlərini və daimi işlərini ataraq zərər çəkmiş qardaşlarının köməyinə getdilər.
14 Bir ərazidə hündürlüyü 10 metrə çatan dalğa 80 kilometrə yaxın ərazini suya qərq etmişdi. Su geri çəkiləndə evlərin və binaların üçdə biri tamamilə yerlə yeksan olmuşdu. Həmin əraziyə müxtəlif ölkələrdən kömək etmək çağırışına hay verən Şahidlər axışmışdılar. Onlardan bəzilərinin lazımi bacarığı, başqalarının isə alətləri və tikinti materialları var idi. Bu bacı-qardaşlar istənilən hər bir işi görməyə hazır idilər. Dul qalmış iki doğma bacı bütün əşyalarını kiçik yük maşınına toplayıb 3 000 kilometr yol qət etdi. Bacılardan biri həmin ərazidə qalıb hələ də yerli yardım komitəsinə kömək edir və daimi pioner kimi xidmət edir.
15 Həmin ərazidə Şahidlərin və digər insanların 5 600-dən çox evləri bərpa olunmuş və ya yenidən tikilmişdir. Bəs yerli Şahidlərə məhəbbətin belə böyük təzahürü necə təsir bağışladı? Evi uçub-dağılmış bir bacı damı sızan və qaz plitəsi xarab olan kiçik furqona köçməli olmuşdu. Qardaşlar ona xudmani, amma rahat bir ev tikdilər. O, təzə evini görəndə ürəyi Yehovaya və qardaşlara minnətdarlıqla doldu və o, sevindiyindən göz yaşlarını saxlaya bilməyib ağladı. Ancaq bir çox yerli Şahidlər evləri bərpa edildikdən sonra da bir il və ya ondan bir az artıq vaxt ərzində müvəqqəti yaşayış yerlərində yaşamalı oldular ki, yardım göstərən qardaşların yaşamağa yerləri olsun. Bu, Məsihin düşüncə tərzini necə də gözəl əks etdirir!
Xəstələrə Məsihin yanaşdığı kimi yanaşın
16, 17. Xəstəlikdən əziyyət çəkən bacı-qardaşlarımıza Məsih kimi yanaşdığımızı necə göstərə bilərik?
16 Bizlərdən çox az adam irimiqyaslı təbii fəlakətlərdən əziyyət çəkib. Amma demək olar ki, hər birimiz — istər özümüz, istərsə də qohumlarımız səhhətlə bağlı problemlərlə üzləşirik. İsanın xəstələrə qarşı münasibəti bizim üçün gözəl nümunədir. Məhəbbət İsanı onlara qarşı şəfqətli olmağa təşviq edirdi. İnsanlar öz xəstələrini onun yanına gətirəndə o, onların ‘hamısını sağaldırdı’ (Mat. 8:16; 14:14).
17 Bu gün məsihçilərə möcüzəli şəkildə şəfa vermək qabiliyyəti verilməsə də, onlar xəstələrə İsa kimi canıyananlıqla yanaşırlar. Bu, özünü nədə büruzə verir? Məsələn, ağsaqqallar Matta 25:39, 40 (ayələri oxu) ayələrində əks olunan prinsipə müvafiq olaraq yığıncaqdakı xəstə bacı-qardaşlara yardım təşkil etməklə və onların həyata keçirilməsinə nəzarət etməklə Məsihin düşüncə tərzinə malik olduqlarını göstərirləra.
18. İki bacımız xəstəlikdən əziyyət çəkən həmimanlımıza necə kömək etdilər və bunun nəticəsi nə oldu?
18 Düzdür, başqalarına kömək etmək üçün ağsaqqal olmaq lazım deyil. Xərçəng xəstəliyinə tutulan 44 yaşlı Şarlenin nümunəsinə nəzər salaq. Həkimlər bacının uzağı on gün yaşayacağını demişdilər. Bacının ehtiyaclarını və onun qayğısına qalan ərinin çəkdiyi əziyyətləri görən ruhani bacılarımız Şeron və Nikoletta həyatının son günlərində Şarlenin yanında olub ona baxmaq üçün öz köməklərini təklif etdilər. Şarlen on gün yox, altı həftə yaşadı, ancaq bacılar son nəfəsinədək məhəbbətlə onun qayğısına qaldılar. «Kiminsə sağalmayacağını bilmək insana çox ağır gəlir. — deyə Şeron qeyd edir. — Lakin Yehova bizə güc verdi. Bu vaxt ərzində biz Allaha və bir-birimizə yaxın olduq». Şarlenin əri deyir: «Bu iki əziz bacının göstərdiyi xeyirxahlığı və köməyi ömrüm boyu unutmayacağam. Onların səmimiliyi və müsbət əhval-ruhiyyəsi əziz yoldaşım Şarlenin son günlərini yüngülləşdirdi və mənə son dərəcə ehtiyac duyduğum fiziki və emosional gücü verdi. Mən həmişə onlara minnətdar olacağam. Bu bacıların fədakarlığı Yehovaya olan imanımı və ümumdünya qardaşlığına məhəbbətimi möhkəmləndirdi».
19, 20. a) Məsihin düşüncə tərzinin hansı beş sahəsini nəzərdən keçirdik? b) Biz nə etmək əzmindəyik?
19 Bu silsilə məqalələrdə biz İsanın düşüncə tərzinin beş sahəsini nəzərdən keçirdik və onun kimi necə düşünə və davrana biləcəyimizi öyrəndik. Gəlin İsa kimi ‘həlim və qəlbdən təvazökar’ olaq (Mat. 11:29). Başqaları ilə həmişə, xüsusilə də onların qeyri-kamilliyi və zəiflikləri özünü büruzə verəndə mülayim davranmağa çalışaq. Gəlin hətta sınaqlar qarşısında belə Yehovanın bütün tələblərinə cəsarətlə riayət edək.
20 Nəhayət, gəlin Məsih kimi, bütün qardaşlarımızı «sona qədər» sevək. Belə məhəbbət Məsihin əsil davamçıları olduğumuzu göstərir (Yəh. 13:1, 34, 35). Bəli, ‘qoy aramızda həmişə qardaş məhəbbəti olsun’ (İbr. 13:1). Heç vaxt bunu etməkdən çəkinməyək! Gəlin həyatımızı Yehovanı izzətləndirməyə və başqalarına kömək etməyə həsr edək! Biz əmin ola bilərik ki, Yehova bütün səmimi cəhdlərimizə mütləq xeyir-dua verəcək.
[Haşiyə]
a «Gözətçi Qülləsi»nin 1987-cı il 15 mart sayındakı (rus.) «Sadəcə “isinin və doyun” deməyin» adlı məqaləyə baxın.
İzah edə bilərsinizmi?
• Ağsaqqallar günah işlədənlərlə münasibətdə Məsihin düşüncə tərzini necə təzahür etdirə bilərlər?
• Nəyə görə son günlərdə Məsihin məhəbbətini təzahür etmək xüsusilə vacibdir?
• Xəstələrə münasibətdə Məsihin düşüncə tərzini necə təzahür etdirə bilərik?
[17-ci səhifədəki şəkil]
Ağsaqqallar günah işlədənlərin Yehovaya dönmələrini istəyirlər
[18-ci səhifədəki şəkil]
Yerusəlimi tərk edən məsihçilər Məsihin düşüncə tərzini necə təzahür etdirmişdilər?
[19-cu səhifədəki şəkil]
Yehovanın Şahidləri məsihçi məhəbbətini əməldə göstərməklə tanınırlar