Məsihin düşüncə tərzini qoruyub saxlayın
«Məsih İsada olan fikir sizin aranızda da olsun» (FİLİP. 2:5).
1. Məsihin düşüncə tərzini nəyə görə mənimsəməyə çalışmalıyıq?
«MƏNİM yanıma gəlin... Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq taparsınız»,— deyə İsa Məsih səsləyir (Mat. 11:28, 29). Bu səmimi dəvət İsanın düşüncə tərzini necə də gözəl əks etdirir! Heç bir insan bizə onun kimi yaxşı nümunə ola bilməz. Allahın qüdrətli Oğlu olmasına baxmayaraq, o, hər kəsə, xüsusilə də əziyyət çəkənlərə şəfqət və nəvazişlə yanaşırdı.
2. İsanın düşüncə tərzini əks etdirən hansı sahələrə diqqət yetirəcəyik?
2 Bu və növbəti iki məqalədə İsanın düşüncə tərzini özümüzdə necə inkişaf etdirəcəyimizi və qoruyub saxlayacağımızı, həmçinin həyatımızda ‘Məsihin ağlını’ necə əks etdirəcəyimizi araşdıracağıq (1 Kor. 2:16). Biz, əsasən, beş sahəyə — İsanın həlimlik və təvazökarlığına, lütfkarlığına və ya xeyirxahlığına, Allaha itaətkarlığına, cəsarət və tükənməz məhəbbətinə diqqət yetirəcəyik.
Məsihin həlimliyindən ibrət götürün
3. a) İsa həlimliyə dair şagirdlərinə nə öyrətdi? b) İsa şagirdlərinin zəifliyinə necə reaksiya göstərdi?
3 Allahın kamil Oğlu İsa qeyri-kamil və günahlı insanlar arasında xidmət etmək üçün könüllü olaraq yer üzünə gəldi. O bilirdi ki, bəziləri onu öldürəcəklər. Bununla belə, İsa həmişə sevincini qoruyur və özünə hakim olmağı bacarırdı (1 Pet. 2:21-23). Başqalarının qüsurları və qeyri-kamilliyi ürəyimizə toxunanda ‘İsanın [nümunəsinə] baxmaq’ onu təqlid etməyimizə kömək edəcək (İbr. 12:2). İsa şagirdlərini öz boyunduruğu altına girməyə və ondan öyrənməyə dəvət edirdi (Mat. 11:29). Onlar İsadan nə öyrənə bilərdilər? Hər şeydən əvvəl, İsa həlim idi və şagirdlərinin səhvlərinə baxmayaraq, onlara qarşı səbirli idi. Ölümündən əvvəlki gecə İsa həvarilərinin ayaqlarını yumaqla onlara ‘qəlbən təvazökar’ olmağa dair heç vaxt yaddaşlarından silinməyəcək bir nümunə verdi. (Yəhya 13:14-17 ayələrini oxu.) Bir qədər sonra, Peterin, Yaqubun və Yəhyanın ‘oyaq dura’ bilmədiyini görən İsa onların zəifliyinə anlayışla yanaşdı. «Şimon, sən yatmısanmı? — deyə o soruşdu. — Oyaq durub dua edin ki, imtahana uğramayasınız. Doğrudan da ruh qeyrətli, bədən isə zəifdir» (Mark 14:32-38).
4, 5. İsanın nümunəsi başqalarının qüsurlarına düzgün münasibət göstərməkdə bizə necə kömək edir?
4 Həmimanlılarımızdan kimsə rəqabət ruhu göstərəndə, tez-tez küsəndə, yaxud ağsaqqalların və ya «sadiq və ağıllı qul»un göstərişlərinə dərhal hay verməyəndə bu, bizə necə təsir edir? (Mat. 24:45-47). Ola bilsin, biz bu dünyanın insanlarından xoşagəlməz hərəkətlər gözləyir və onların səhvlərini bağışlayırıq, ancaq qardaşlarımızın bu kimi qüsurlarına göz yuma bilmirik. Başqalarının nöqsanları bizim əsəbimizlə oynayırsa, özümüzdən soruşmalıyıq: «‘Məsihin ağlını’ daha yaxşı necə əks etdirə bilərəm?» Bir şeyi yaddan çıxarma ki, şagirdləri Məsihin düşüncə tərzini əks etdirməyəndə belə o, heç vaxt şagirdlərindən ümidini üzmürdü.
5 Həvari Peterin nümunəsinə nəzər salaq. İsa Peteri qayıqdan düşüb suyun üstü ilə onun yanına gəlməyə çağıranda o, bir müddət suyun üstü ilə yeridi. Birdən o, fırtınanı gördü və batmağa başladı. İsa özündən çıxıb: «Əcəb oldu! Qoy bu, sənə dərs olsun»,— dedimi? Xeyr! «İsa o anda əlini uzadıb onu tutdu və dedi: “Ey az imanlı adam, nə üçün şübhə etdin?”» (Mat. 14:28-31). Əgər biz də qardaşımızın imanının çatışmadığını görürüksə, yardım əlimizi uzadıb imanını möhkəmləndirməkdə ona kömək edə bilərikmi? İsanın Peterlə həlimcəsinə rəftar etməsindən məhz bunu öyrənirik.
6. İsa həvarilərinə nüfuzlu mövqe tutmağa dair nə öyrətdi?
6 Aralarında kimin ən böyük olduğuna dair şagirdlərin sonsuz və qızğın mübahisələrində Peter də iştirak edirdi. Yaqubla Yəhya Padşahlıqda İsanın sağında və solunda oturmaq istəyirdilər. Bunu eşidən Peter və digər həvarilər çox hiddətləndilər. İsa bilirdi ki, bu cür düşüncə tərzi onlara boya-başa çatdıqları cəmiyyətdə aşılanmışdı. İsa onları yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin başçıları onlara hökmdarlıq edərlər, və ağaları üzərlərində hakimiyyət sürərlər. Sizin aranızda belə olmamalıdır. Lakin aranızda böyük olmaq istəyən, digərlərinin nökəri olsun. Və aranızda birinci olmaq istəyən, digərlərinin qulu olsun». Sonra İsa öz nümunəsinə işarə edib dedi: «İnsan Oğlu Ona xidmət edilmək üçün deyil, xidmət etməyə və bir çoxları üçün canını fidiyə olaraq verməyə gəlmişdir» (Mat. 20:20-28).
7. Hər birimiz yığıncaqda sülhün olması üçün öz töhfəmizi necə verə bilərik?
7 İsanın həlimlik nümunəsi üzərində düşünmək bizə qardaşlarımız arasında özümüzü ‘hamıdan kiçik’ kimi aparmağa kömək edə bilər (Luka 9:46-48). Bu, birliyə səbəb olur. Böyük bir ailənin qayğıkeş başçısı kimi, Yehova istəyir ki, Onun övladları ‘qardaş olub, bir yaşasınlar’, yəni bir-birləri ilə yola getsinlər (Məz. 133:1). İsa Atasına dua edirdi ki, bütün həqiqi məsihçilər arasında birlik hökm sürsün. Bunun sayəsində dünya onun Allah tərəfindən göndərildiyini və onu sevdiyi kimi, davamçılarını da sevdiyini biləcəkdi (Yəh. 17:23). Beləliklə, aramızdakı birlik bizim Məsihin davamçısı olduğumuza dəlalət edir. Belə birlik telləri bizə sevinc gətirsin deyə biz başqalarının qeyri-kamilliyinə Məsih kimi yanaşmalıyıq. İsa bağışlayan idi və öyrədirdi ki, biz yalnız başqalarını bağışladığımız təqdirdə bağışlanacağımıza ümid edə bilərik. (Matta 6:14, 15 ayələrini oxu.)
8. Uzun illər Allaha xidmət edən insanların nümunəsindən nə öyrənə bilərik?
8 Uzun illər Məsihi təqlid edənlərin imanlarını təqlid etməklə də çox şey öyrənə bilərik. İsa kimi, bu bacı-qardaşlar da, adətən, başqalarının qeyri-kamilliyinə anlayışla yanaşırlar. Onlar Məsihi təqlid edərək şəfqət göstərməyin nəinki ‘qüvvətsizlərin zəifliklərinə dözməyə’, hətta birlik yaratmağa kömək etdiyini öyrənmişlər. Üstəlik, bu, bütün yığıncağı Məsihin düşüncə tərzini əks etdirməyə təşviq edir. Bu bacı-qardaşlar istəyirlər ki, həmimanlıları həvari Pavelin Romadakı məsihçilərin malik olmalarını istədiyi düşüncə tərzinə yiyələnsinlər: «Qoy təhəmmül və təsəlli verən Allah, Məsih İsaya əsasən sizə, öz aranızda həmfikir olmağı ehsan etsin ki, siz yekdilliklə, bir ağızdan... İsa Məsihin Atası olan Allaha izzət verəsiniz» (Rom. 15:1, 5, 6). Bəli, Yehovaya birgə ibadət etməyimiz Ona izzət gətirir.
9. Nəyə görə İsanın nümunəsini təqlid etmək üçün müqəddəs ruha ehtiyacımız var?
9 İsa ‘qəlbdən təvazökarlığı’ Allahın müqəddəs ruhunun səmərəsinin tərkib hissələrindən biri olan həlimliklə əlaqələndirdi. Buna görə də İsanın nümunəsini araşdırmaqla yanaşı, onun nümunəsini düzgün təqlid etməyimiz üçün Yehovanın ruhuna ehtiyacımız var. Biz Allahın müqəddəs ruhu üçün dua etməli və onun səmərəsi olan «məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq» kimi keyfiyyətləri inkişaf etdirməliyik (Qalat. 5:22, 23). İsanın qoyduğu həlimlik və təvazökarlıq nümunəsini təqlid etməklə biz səmavi Atamız Yehovanı razı salacağıq.
İsa başqalarına qarşı lütfkar idi
10. İsanın lütfkarlığı nədən görünürdü?
10 Lütfkarlıq da müqəddəs ruhun səmərəsinin bir hissəsidir. İsa başqalarına qarşı həmişə lütfkar olub. İsa onu səmimi-qəlbdən axtaranların hamısını ‘mehribanlıqla qəbul edirdi’ (Luka 9:11, YD). Biz onun lütfkarlıq göstərməsindən nə öyrənə bilərik? Lütfkar insan mehriban, mülayim, şəfqətli və xeyirxah olur. İsa məhz belə insan idi. Onun insanlara yazığı gəlirdi, «çünki çobansız qoyunlar kimi taqətsiz və dağınıq idilər» (Mat. 9:35, 36).
11, 12. a) İsanın əməldə şəfqət göstərməsinə dair nümunə çəkin. b) Abzasda çəkilən nümunədən nə öyrəndiniz?
11 İsanın insanlara sadəcə yazığı gəlmirdi, onlara kömək etmək üçün o, əlindən gələni də əsirgəmirdi. Bir nümunəyə nəzər salaq. Düz 12 il idi ki, bir qadın qeyri-normal qanaxmadan əziyyət çəkirdi. O bilirdi ki, Musanın Qanununa əsasən, səhhəti ucbatından başqaları ilə birgə Allaha ibadət edə bilməz və ona toxunan hər kəs natəmiz sayılır (Lev. 15:25-27). Ancaq İsanın xalq arasında qazandığı ad və insanlarla rəftarı, görünür, onu əmin etdi ki, İsanın onu sağaltmağa gücü və istəyi var. Qadın öz-özünə deyirdi: «Heç olmasa, ancaq paltarına toxunsam, sağalacağam». O, cəsarətini toplayıb onun paltarına toxundu və dərhal sağaldığını hiss etdi.
12 İsa kiminsə ona toxunduğunu hiss edib ətrafa boylandı ki, onun kim olduğunu görsün. Qadın Qanunu pozduğuna görə məzəmmət eşidəcəyindən qorxaraq İsanın ayaqlarına yıxılıb, hər şeyi etiraf etdi. İsa bu məzlum qadını məzəmmət etdimi? Qətiyyən! Ona təsəlli verib dedi: «Qızım! İmanın səni xilas etdi. Sülh ilə get» (Mark 5:25-34). Bu cür gözəl sözlər eşitmək necə də xoş idi!
13. a) İsanın düşüncə tərzi fəriseylərinkindən nə ilə fərqlənirdi? b) İsa uşaqlarla necə rəftar edirdi?
13 Daşürəkli fəriseylərdən fərqli olaraq, Məsih səlahiyyətindən istifadə edərkən heç vaxt başqalarının çiyninə ağır yük qoymurdu (Mat. 23:4). Əksinə, o, xeyirxahlıqla və səbirlə insanlara Yehovanın yollarını öyrədirdi. İsa öz davamçılarına daim nəcib məhəbbət bəsləyir və xeyirxahlıq göstərirdi. O, əsil dost idi (Sül. məs. 17:17; Yəh. 15:11-15). Hətta uşaqlar da özlərini onun yanında rahat və sərbəst hiss edirdilər. Onların əhatəsində olmaq İsaya da xoş idi. İsa o qədər məşğul deyildi ki, uşaqlarla vaxt keçirməyə vaxtı olmasın. Bir dəfə valideynlər balaca uşaqlarını İsanın yanına gətirdilər ki, onlara toxunsun. O dövrdəki din rəhbərləri kimi hələ də özləri barədə yüksək fikirdə olan şagirdlər isə buna mane olmağa çalışdılar. Onların bu hərəkəti İsanın xoşuna gəlmədi. O, onlara dedi: «Qoyun uşaqlar Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Səltənəti belələrinindir». Sonra uşaqları nümunə gətirərək onlara vacib bir dərs verdi: «Sizə doğrusunu deyirəm: kim Allahın Səltənətini körpə bir uşaq kimi qəbul etməzsə, oraya əsla girə bilməz» (Mark 10:13-15).
14. Uşaqlara diqqət ayırmağımız onlara hansı faydanı gətirir?
14 Bu uşaqlardan bəzilərinin böyüyəndə İsa Məsihin ‘onları qucaqlayıb, xeyir-dua verməsini’ hansı hisslərlə xatırladığını bir anlığa təsəvvürünə gətir! (Mark 10:16). Bugünkü uşaqlar da onlara səmimi maraq göstərən ağsaqqalları və başqa insanları məhəbbətlə yada salacaqlar. Ən vacibi isə, kiçik yaşlarından yığıncaq tərəfindən qayğı ilə əhatə olunan bu körpələr Yehovanın ruhunun Öz xalqı üzərində olduğunu öyrənirlər.
Xeyirxahlığın olmadığı dünyada xeyirxah olun
15. Nəyə görə bu dünyada xeyirxahlığın olmaması bizi təəccübləndirməli deyil?
15 Yaşadığımız dövrdə bir çoxları başqalarına xeyirxahlıq etmək üçün vaxt tapmır. Buna görə də Yehovanın xalqı hər gün məktəbdə, iş yerində, səfərdə və xidmətdə bu dünyanın ruhu ilə qarşılaşmalı olur. Bu cür pis ab-hava bəzən bizi ruhdan salsa da, təəccübləndirməli deyil. Çünki Yehova Pavel vasitəsilə həqiqi məsihçiləri qabaqcadan xəbərdar etmişdir ki, «axır günlərdə» onlar «xudbin,.. şəfqətsiz» insanlarla rastlaşacaqlar (2 Tim. 3:1-3).
16. Məsihi təqlid edərək yığıncaqda necə xeyirxahlıq təzahür etdirə bilərik?
16 Lakin həqiqi məsihçi yığıncağındakı ab-hava, bu zalım dünyada hökm sürən ruhdan fərqli olaraq, bizi təravətləndirir. İsanı təqlid etməklə hər birimiz bu gözəl mühitə rəng qata bilərik. Necə? İlk növbədə onu qeyd edək ki, həmimanlılarımız səhhətləri ilə bağlı və ya başqa ciddi problemlərlə üzləşdikləri üçün bizim köməyimizə və dəstəyimizə ehtiyac duya bilərlər. Belə problemlər yaşadığımız «axır günlərdə» getdikcə çoxalsa da, onlar heç də yeni deyil. Erkən məsihçilər də eyni problemlərdən əziyyət çəkirdilər. O vaxt məsihçilərin bir-birlərinə kömək etmələri münasib olduğu kimi, bizim günlərdə də münasibdir. Misal üçün, Pavel məsihçiləri ‘cəsarətsizləri [‘qəmginləri’, YD] ruhlandırmağa, zəiflərə yardım etməyə, hamıya qarşı səbirli olmağa’ təşviq edirdi (1 Salon. 5:14). Bu, özünə Məsih kimi xeyirxahlıq etməyi daxil edir.
17, 18. İsanın xeyirxahlığını necə təqlid edə bilərik? Nümunələr çəkin.
17 Biz məsihçilər qardaşlarımızı ‘mehribanlıqla qəbul etməli’, İsanın öz davamçıları ilə davrandığı kimi davranmalı, illər boyu tanıdığımız və hətta ilk dəfə gördüyümüz insanlara qayğı göstərməliyik (3 Yəh. 5-8). İsa insanlara şəfqət göstərməkdə təşəbbüsü üzərinə götürdüyü kimi, biz də hər zaman başqaları üçün təravət mənbəyi olmalıyıq (Yeşaya 32:2; Mat. 11:28-30).
18 Hər birimiz başqalarının rifahı ilə fəal surətdə maraqlanmaqla xeyirxahlıq təzahür etdirə bilər. Bunun üçün imkanlar axtar. Təşəbbüsü öz üzərinə götür! «Qardaşlıq sevgisi ilə bir-birinizi şəfqətlə sevin» və «bir-birinizi hörmətdə qabaqlayın»,— deyə Pavel təşviq edirdi (Rom. 12:10). Bu, Məsihin nümunəsini təqlid etməyi, başqaları ilə səmimi və xeyirxahlıqla davranmağı və ‘riyasız məhəbbət’ təzahür etdirməyi öyrənmək deməkdir (2 Kor. 6:6). Pavel Məsihə xas olan bu cür məhəbbəti belə təsvir edir: «Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz. Məhəbbət lovğalanmaz, qürrələnməz» (1 Kor. 13:4). Həmişə bacı-qardaşlarımızdan giley-güzar etmək əvəzinə, yaxşı olardı ki, bu nəsihətə diqqət yetirək: «Bir-birinizə qarşı xeyirxah, şəfqətli olun, Allah Məsih vasitəsilə sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlayın» (Efes. 4:32).
19. İsa kimi xeyirxah olmaq hansı səmərələri gətirir?
19 Məsihə xas olan xeyirxahlıq xüsusiyyətini özümüzdə yetişdirmək və onu həmişə və hər vəziyyətdə əməldə təzahür etdirmək saysız-hesabsız xeyir-dualar gətirir. Yehovanın ruhu heç bir maneə ilə üzləşmədən yığıncaqda fəaliyyət göstərəcək və onun hər bir üzvünə ruhun gözəl səmərəsini yetişdirməkdə kömək edəcək. Bundan əlavə, həm özümüz İsanın izləri ilə gedəndə, həm də başqalarına bunu etməyə kömək edəndə bir xalq kimi icra etdiyimiz sevinc gətirən ibadətimiz Allahın qəlbini fərəhləndirəcək. Qoy başqalarına qarşı münasibətimizdə həmişə İsaya xas olan həlimlik və xeyirxahlıq görünsün!
İzah edə bilərsinizmi?
• İsa ‘həlim və qəlbdən təvazökar’ olduğunu necə göstərmişdi?
• İsanın lütfkar və ya xeyirxah olması nədən görünür?
• Qeyri-kamil dünyada Məsih kimi necə həlim və lütfkar ola bilərik?
[8-ci səhifədəki şəkil]
Əgər qardaşımız, Peter kimi, imanda zəiflik göstərirsə, ona yardım əlimizi uzadacağıqmı?
[10-cu səhifədəki şəkil]
Yığıncaqda mehriban ab-havanın olması üçün sən hansı töhfəni verə bilərsən?