Qoy tərəqqin hamıya aşkar olsun
«Bu işlərə fikir ver və onlarla məşğul ol ki, sənin tərəqqin hamıya aşkar olsun» (1 TİM. 4:15).
1, 2. Timoteyin həyatının erkən illəri barədə nə bilirik və o, təxminən 20 yaşlarında olanda hansı dəyişiklik baş verdi?
TİMOTEYİN uşaqlığı hal-hazırda Türkiyənin ərazisində yerləşən və vaxtilə Roma vilayəti olan Qalatiyada keçmişdir. İsanın ölümündən bir neçə onillik sonra orada bir neçə məsihçi yığıncağının əsası qoyulmuşdu. Bu arada gənc Timotey, onun anası və nənəsi məsihçiliyi qəbul edib, yığıncaqların birində fəal xidmət etməyə başladılar (2 Tim. 1:5; 3:14, 15). Şübhəsiz, Timotey, gənc məsihçi kimi, alışdığı mühitdə gözəl həyat sürürdü. Lakin birdən hər şey dəyişildi.
2 Hər şey həvari Pavelin bu əraziyə ikinci dəfə gəlişi ilə başladı. Həmin vaxt Timotey təxminən 20 yaşlarında idi. Pavel Listraya gələndə yığıncaqlardakı ‘qardaşların Timotey haqda yaxşı fikirdə’ olduqlarına diqqət yetirdi (Həv. iş. 16:2). Görünür, Timotey gənc olmasına baxmayaraq, özünü yetkin bir insan kimi göstərmişdi. Buna görə də müqəddəs ruhun rəhbərliyi altında Pavel və yerli ağsaqqallar şurası əllərini onun üzərinə qoyub yığıncaqda xüsusi bir iş üçün təyin etdi (1 Tim. 4:14; 2 Tim. 1:6).
3. Timotey xidmətdə hansı xüsusi tapşırığı almışdı?
3 Timotey həvari Paveli səyahətləri zamanı müşayiət etmək kimi xüsusi bir dəvət aldı (Həv. iş. 16:3). Təsəvvür edin: bu, onun üçün necə gözlənilməz və sevindirici oldu! Timoteyi qarşıda Pavellə, bəzən isə başqaları ilə səyahətlərə çıxaraq həvarilərin və ağsaqqalların müxtəlif tapşırıqlarını yerinə yetirmək işi gözləyirdi. Səyyar işlə məşğul olan Pavellə Timotey qardaşları ruhani cəhətdən möhkəmlənmək üçün əllərindən gələni edirdilər. (Həvarilərin işləri 16:4, 5 ayələrini oxu.) Buna görə də Timoteyin ruhani nailiyyətləri bir çox məsihçilərə bəlli idi. Həvari Pavel Timoteylə təxminən on il əməkdaşlıq etdikdən sonra filipililərə yazdı: «Barənizdə Timotey qədər həqiqətən qayğı çəkən həmfikir başqa adamım yoxdur; [...] Timoteyin... öz dəyərini necə sübut etdiyini bilirsiniz; o, uşaq atasına xidmət etdiyi kimi, Müjdəni yaymaq işində mənə xidmət etdi» (Filip. 2:20-22).
4. a) Timoteyə hansı ciddi məsuliyyət həvalə olunmuşdu? b) Pavelin 1 Timoteyə 4:15 ayəsində yazılan sözləri ilə əlaqədar hansı suallar yaranır?
4 Filipililərə yazanda Pavel Timoteyə ciddi bir iş tapşırdı — o, yığıncaqlarda ağsaqqallar və xidməti köməkçilər təyin etməli idi (1 Tim. 3:1; 5:22). Göründüyü kimi, o vaxt Timotey artıq etibarlı və mötəbər məsihçi ağsaqqal idi. Ancaq həmin məktubda Pavel Timoteyi ‘tərəqqisini hamıya aşkar etməyə’ çağırırdı (1 Tim. 4:15). Məgər Timoteyin ruhani nailiyyətləri artıq hamıya kifayət qədər məlum deyildimi? Onda Pavel bu sözləri deməklə nəyi nəzərdə tuturdu və biz onun məsləhətindən necə faydalana bilərik?
Ruhani keyfiyyətlərin hamıya aşkar olsun
5, 6. Efes yığıncağının ruhani təmizliyini təhlükə altına alan nə idi və Timotey onun qarşısını necə ala bilərdi?
5 Gəlin 1 Timoteyə 4:15 ayəsinin kontekstinə nəzər salaq. (1 Timoteyə 4:11-16 ayələrini oxu.) Bu sözləri yazmazdan öncə, Pavel Makedoniyaya getmişdi, Timoteydən isə xahiş etmişdi ki, Efesdə qalsın. Nə üçün? Həmin şəhərdə bəziləri yalan təlimlər yaymaqla yığıncaqda nifaq salırdılar. Timotey yığıncağın ruhani təmizliyini qorumalı idi. Necə? Hər şeydən əlavə, başqalarına yaxşı nümunə verməklə.
6 «Sözdə, rəftarda, məhəbbətdə, ruhda, imanda və paklıqda imanlılara nümunə ol»,— deyə Pavel yazır. Sonra isə əlavə edir: «Bu işlərə fikir ver və onlarla məşğul ol ki, sənin tərəqqin hamıya aşkar olsun» (1 Tim. 4:12, 15). Pavelin bu sözləri Timoteyin malik olduğu hər hansı səlahiyyətə yox, ruhani keyfiyyətlər inkişaf etdirməsinə aid idi. Hər bir məsihçi arzu etməlidir ki, onun bu sahədəki tərəqqisi hamıya aşkar olsun.
7. Yığıncaqda hər kəsdən nə gözlənilir?
7 Timoteyin günlərində olduğu kimi, bu gün də məsihçi yığıncağında məsul vəzifələr icra edilir. Bəziləri ağsaqqal və xidməti köməkçi kimi, bəziləri pioner, digərləri isə rayon nəzarətçisi, bet-elli və ya missioner kimi xidmət edir. Ağsaqqallar konqreslər kimi müxtəlif təlim proqramlarında iştirak edirlər. Lakin bütün məsihçilərin — kişilərin, qadınların və uşaqların ruhani tərəqqilərini aşkar etmək imkanı var (Mat. 5:16). Əslində, Timoteylə olduğu kimi, hətta xüsusi məsuliyyətlər həvalə olunan məsihçilərdən belə ruhani keyfiyyətlərinin hamıya aşkar olması gözlənilir.
Danışıq tərzində nümunəvi ol
8. Danışıq tərzimiz ibadətimizə necə təsir edir?
8 Timoteyin nümunə verməli olduğu sahələrdən biri danışıq tərzi idi. Bu sahədə tərəqqimizin aşkar olunması üçün nə edə bilərik? Danışığımız bizim haqqımızda çox şeyi deyir. İsa düz demişdi: «Ağız ürəkdən gələni söyləyir» (Mat. 12:34). İsanın anabir qardaşı Yaqub da bilirdi ki, insanın danışıq tərzi onun ibadətinə təsir edir. O yazmışdı: «Əgər sizlərdən biri düşünürsə ki, dindardır, amma ürəyini aldadıb, öz dilini yüyənləməzsə, onun dindarlığı boşdur» (Yaq. 1:26).
9. Danışıq tərzində nümunəvi olmaq nə deməkdir?
9 Danışıq tərzimizdən yığıncaqdakılar ruhani inkişafımızın nə yerdə olduğunu görə bilərlər. Buna görə də, yetkin məsihçi nalayiq, pis, tənqidi danışıq tərzindən və acıdilli olmaqdan qaçınacaq. O, başqalarını möhkəmləndirməyə, ruhlandırmağa və təsəlli verməyə çalışacaq (Sül. məs. 12:18; Efes. 4:29; 1 Tim. 6:3-5, 20). Başqaları ilə Allahın yüksək əxlaq normaları haqqında danışmağımız və lazım gəldikdə onları müdafiə etməyə hazır olmağımız bizim Ona sadiqliyimizi aşkar edir (Rom. 1:15, 16). Səmimi insanlar bizim danışıq qabiliyyətimizdən necə istifadə etdiyimizə fikir verib nümunəmizi izləyə bilərlər (Filip. 4:8, 9).
Davranışda və paklıqda nümunə ol
10. Ruhani cəhətdən tərəqqi etməyimiz üçün nəyə görə riyasız imana malik olmaq vacibdir?
10 Məsihçinin nümunəvi sayılması üçün təkcə ruhlandırıcı danışıq tərzinin olması kifayət deyil. Düz danışmaq, ancaq düz iş görməmək ikiüzlülükdür. Pavel fəriseylərin ikiüzlülüyünə və onların tutduğu bu yolun gətirdiyi çürük bəhrələrə yaxşı bələd idi. Pavel Timoteyə dəfələrlə xəbərdarlıq etmişdi ki, özünü bu cür riyakarlıqdan və saxtakarlıqdan gözləsin (1 Tim. 1:5; 4:1, 2). Amma o, ikiüzlü deyildi. Timoteyə yazdığı ikinci məktubunda Pavel deyirdi: «Səndə olan riyasız imanı yada salıram» (2 Tim. 1:5). Bununla belə, Timotey çalışmalı idi ki, bir məsihçi kimi malik olduğu səmimilik hamıya aşkar olsun. O, davranış tərzində nümunəvi olmalı idi.
11. Pavel Timoteyə var-dövlət haqqında nə yazıb?
11 Pavel Timoteyə yazdığı iki məktubda həyatın bəzi sahələrinə dair nəsihətlər verir. Məsələn, Timotey var-dövlət hərisliyindən qaçmalı idi. «Hər cür pisliyin kökü pulpərəstlikdir. Buna qapılan bəziləri iman yolundan uzaqlaşıb, özlərinə bir çox əzablar çəkdirdilər»,— deyə Pavel yazırdı (1 Tim. 6:10). Pula məhəbbət ruhaniliyin olmamasına dəlalət edir. Bunun əksinə olaraq, ‘yeməyi və paltarı varsa, bununla kifayətlənən’ və sadə həyat tərzi sürən məsihçilərin ruhani tərəqqiləri göz qabağındadır (1 Tim. 6:6-8; Filip. 4:11-13).
12. Gündəlik həyatımızda tərəqqimizi necə aşkar edə bilərik?
12 Pavel Timoteyə məsihçi qadınların özlərini ‘utancaqlıq və mötədilliklə, ədəbli qiyafətlə bəzəmələrinin’ nə qədər vacib olduğunu xatırlatdı (1 Tim. 2:9). Geyim və xarici görünüş məsələlərində və həyatın digər sahələrində təvazökarlıq və sağlamdüşüncəlilik təzahür etdirən qadınlar gözəl nümunə qoymuş olurlar (1 Tim. 3:11). Bu prinsip məsihçi kişilərə də aiddir. Pavel nəzarətçilərə «təmkinli, ehtiyatlı, ədəbli» olmağı nəsihət edirdi (1 Tim. 3:2). Əgər gündəlik həyatımızda bu xüsusiyyətləri təzahür etdirsək, tərəqqimiz hamıya aşkar olacaq.
13. Timotey kimi, biz paklıqda necə nümunəvi ola bilərik?
13 Timotey həm də paklıqda nümunə olmalı idi. Bu sözü işlətməklə Pavel davranış tərzinin xüsusi sahəsinə — cinsi əxlaq normalarına toxundu. Timotey xüsusilə də qadınlarla elə rəftar etməli idi ki, başqaları onu məzəmmət etməsinlər. O, ‘ağbirçəklərlə ana kimi, gənc qadınlarla tam bir paklıqla, bir bacı kimi’ davranmalı idi (1 Tim. 4:12; 5:2). Hətta başqalarına aşkar olmayan əxlaqsız hərəkətlər Allah üçün gizli deyil və gec-tez bu haqda başqaları da öyrənəcək. Lakin məsihçilərin yaxşı əməlləri də başqalarının nəzərindən qaçmır (1 Tim. 5:24, 25). Yığıncaqda hamımızın davranış və paklıqda tərəqqimizi aşkar etmək imkanı var.
Məhəbbət və imanın vacibliyi
14. Müqəddəs Yazılar aramızda məhəbbətin olmasının vacibliyini necə vurğulayır?
14 Həqiqi məsihçiliyin əsas cəhətlərindən biri məhəbbətdir. İsa şagirdlərinə demişdi: «Bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək» (Yəh. 13:35). Biz bu cür məhəbbəti necə təzahür etdirməliyik? Allahın Kəlamı bizi ‘bir-birimizə məhəbbətlə təhəmmül etməyə, bir-birimizə qarşı lütfkar, şəfqətli olmağa, bağışlamağa’ və qonaqpərvərlik göstərməyə təşviq edir (Efes. 4:2, 32; İbr. 13:1, 2). «Qardaşlıq sevgisi ilə bir-birinizi şəfqətlə sevin»,— deyə həvari Pavel yazırdı (Rom. 12:10).
15. Nəyə görə məhəbbət hamı üçün, xüsusilə də ağsaqqallar üçün vacibdir?
15 Timotey həmimanlıları ilə kobud və pis rəftar etsəydi, müəllim və nəzarətçi kimi əldə etdiyi gözəl nailiyyətlərin hamısı puç olardı. (1 Korinflilərə 13:1-3 ayələrini oxu.) Digər tərəfdən isə, Timoteyin qardaşlara səmimi məhəbbət göstərməsi, qonaqpərvər olması və xeyirxahlıq etməsi onun ruhani cəhətdən tərəqqi etdiyinə dəlalət edirdi. Buna görə də münasibdir ki, həvari Pavel Timoteyə yazdığı məktubunda onun nümunə verməli olduğu xüsusiyyətlərdən biri kimi məhəbbəti xüsusi olaraq vurğulayır.
16. Nəyə görə Timotey möhkəm iman təzahür etdirməli idi?
16 Efesdə qaldığı müddətdə Timoteyin imanı sınağa məruz qaldı. Bəziləri həqiqətə uyğun olmayan təlimlər yayırdılar. Başqaları isə ‘əfsanələr’ yayır və yığıncağın ruhaniliyi üçün heç bir faydası olmayan məsələləri araşdırırdılar. (1 Timoteyə 1:3, 4 ayələrini oxu.) Pavel belələrini ‘lovğalığa qapılıb, heç bir şey bilməyən, lakin münaqişə və söz davası xəstəliyinə tutulanlar’ adlandırır (1 Tim. 6:3, 4). Bəs yığıncaqda yayılan bu zərərli fikirlərə baş qoşaraq Timoteyin özünü riskə atması düzgün olardımı? Yox. Çünki Pavel Timoteyi ‘iman uğrunda gedən mübarizədə yaxşı çarpışmağa’ və ‘Allaha məkruh olan boşboğazlıq və yalan yerə “elm” adlanan bir-birinə zidd fikirlərdən qaçmağa’ təşviq edir (1 Tim. 6:12, 20, 21). Şübhə yoxdur ki, Timotey Pavelin müdrik məsləhətlərinə əməl edirdi (1 Kor. 10:12).
17. Bu gün imanımız sınağa necə məruz qalır?
17 Pavelin Timoteyə dediyi növbəti sözlər diqqətə layiqdir: «Axır zamanlarda bəziləri imandan dönəcək, yoldan çıxaran ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar» (1 Tim. 4:1). Yığıncaqda səlahiyyəti olanlar da daxil olmaqla, hamı Timotey kimi möhkəm və sarsılmaz iman göstərməlidir. Dönüklüyə qarşı qəti mövqe tutsaq və qəti tədbirlər görsək, tərəqqimizi hamıya aşkar edə və imanda hamıya nümunə ola bilərik.
Çalış ki, tərəqqin hamıya aşkar olsun
18, 19. a) Öz tərəqqini hamıya necə aşkar edə bilərsən? b) Növbəti məqalədə nə müzakirə olunacaq?
18 Aydındır ki, həqiqi məsihçilərin ruhən tərəqqi etmələrinin onların xarici görünüşləri, qabiliyyətləri və ya tutduqları mövqe ilə heç bir əlaqəsi yoxdur. Həmçinin insanın illərlə yığıncaqda olması da şərt deyil. Əksinə, insanın sözün əsil mənasında ruhən tərəqqi etməsi onun düşüncə, danışıq və davranış tərzində Yehovaya tabe olmasında özünü büruzə verir (Rom. 16:19). Biz bir-birimizi sevmək və güclü iman inkişaf etdirmək məsləhətinə riayət etməliyik. Bəli, gəlin Pavelin Timoteyə yazdığı sözlərin üzərində ciddi düşünək ki, tərəqqimiz hamıya aşkar olsun.
19 Ruhani cəhətdən tərəqqi etdiyimizə və bir məsihçi kimi yetkin olduğumuza dəlalət edən digər xüsusiyyət Allahın müqəddəs ruhunun səmərəsinin bir hissəsi olan sevincdir (Qalat. 5:22, 23). Növbəti məqalədə bizim bu xüsusiyyəti necə inkişaf etdirə biləcəyimiz və çətin zamanlarda onu necə qoruyub saxlayacağımız müzakirə olunacaq.
Necə cavab verərdiniz?
• Başqaları danışıq tərzimizdən bizim haqqımızda nə öyrənir?
• Tərəqqimiz davranışımızda və paklıq təzahür etdirməyimizdə özünü necə büruzə verir?
• Nəyə görə məsihçilər məhəbbət və imanda nümunəvi olmalıdırlar?
[11-ci səhifədəki şəkil]
Timotey, gənc olmasına baxmayaraq, ruhən yetkin insan idi
[13-cü səhifədəki şəkil]
Sənin tərəqqin başqalarına aşkardırmı?