Dul qadınlar və kişilər. Onların nəyə ehtiyacı var? Siz onlara necə kömək edə bilərsiniz?
Janna kədərli halda yaşadığı xudmani evin alaqaranlıq mətbəxində, həmişə olduğu kimi, nahar etmək üçün süfrə açır. Birdən gözləri masanın üzərinə düzdüyü iki boşqaba sataşır və göz yaşlarını saxlaya bilməyib hönkür-hönkür ağlayır. Çünki süfrəni, adəti üzrə, iki nəfərlik açmışdı. Sevimli ərinin ölümündən düz iki il keçirdi.
HƏYAT yoldaşını itirməyin nə qədər ağır olduğunu bu itki ilə qarşılaşmayan insanlar başa düşə bilməzlər. İnsanlar yalnız vaxt keçdikcə bu həqiqətlə barışırlar. 72 yaşlı Berl ərinin qəfil ölümü ilə heç cür razılaşa bilmirdi. O deyir: «Gözlərimə inana bilmirdim. Onun bir daha qapıdan içəri girməyəcəyini təsəvvür etmək mənim üçün çox çətin idi».
Əli və ya ayağı kəsilən insan hərdən onları hələ də «hiss edir». Eynilə, həyat yoldaşının ölümünə görə kədər içində olan insanın da gözünə bəzən sevimli yoldaşı görünür. Yaxud da onunla danışmağa başlayır və birdən ayılır ki, sən demə, öz-özünə danışırmış.
Ömür-gün yoldaşını itirən insanın dostları və ailə üzvləri onların qəm-qüssə içində olduğunu görəndə çox vaxt nə edəcəklərini bilmirlər. Həyat yoldaşını itirən kimisə tanıyırsınızmı? Ona necə dayaq ola bilərsiniz? Bu dərdə tab gətirməkdə dul qadın və kişilərə kömək etmək üçün nələri bilməliyik? Vaxt keçdikcə yenidən həyatdan məmnunluq duymaları üçün onlara necə kömək edə bilərsiniz?
Qaçınmalı olduğumuz şeylər
Adətən, dost-tanışlar və ailə üzvləri sevdikləri insanın nə qədər əzab çəkdiyini görəndə ürəkləri ağrıyır. Elə buna görə də onlar, yaxşı niyyətdən irəli gələrək uzun müddət kədər içində olmasın deyə ona kömək etməyə çalışa bilərlər. Ancaq 700 dul qadın və kişi arasında sorğu keçirən bir tədqiqatçı belə deyir: «Kədərdən nə vaxt azad olmağın konkret vaxtı yoxdur». Buna görə də yaslı insanın ağlayaraq ürəyini boşaltmasına mane olmayın, əksinə, imkan verin, kədərini büruzə versin (Yaradılış 37:34, 35; Əyyub 10:1).
Dəfn mərasimi ilə bağlı işlərdə kömək etməyiniz münasib olsa da, yadda saxlayın ki, bununla əlaqədar bütün işləri öz üzərinizə götürmək məcburiyyətində deyilsiniz. Görün 49 yaşlı dul kişi Pol nə deyir: «Nə yaxşı ki, mərasimi təşkil etməyə kömək edən insanlar vacib olan qərarları qəbul etməyi mənim öhdəmə buraxdılar. Çünki yas mərasiminin yaxşı keçməsi mənim üçün olduqca vacib idi. Hesab edirdim ki, yoldaşım üçün edə biləcəyim axırıncı şey budur».
Sözsüz ki, çoxlarının göstərdiyi yardım tərifəlayiqdir. Aylin adlı 68 yaşlı dul qadın deyir: «Mərasimi təşkil etmək və sənədlərlə bağlı işləri yoluna qoymaq çətin idi, çünki özümdə deyildim. Xoşbəxtlikdən, oğlum və gəlinim mənə çox kömək etdilər».
Həmçinin mərhum haqqında danışmaqdan çəkinməyin. Yuxarıda sözü gedən Berl söyləyir: «Dostlarım mənə sözlə ifadəolunmaz dərəcədə dəstək oldular. Lakin fikir verdim ki, çoxları ərim Con haqqında danışmağa ürək etmir. Sanki, belə bir insan heç olmayıb və bunu görmək mənə ağır gəlirdi». Vaxt keçdikcə dul qadın və kişilər başqaları ilə həyat yoldaşları haqqında danışmaq istəyə bilərlər. Mərhumun hansısa yaxşı hərəkətini və ya onunla bağlı maraqlı bir hadisəni xatırlayırsınızmı? Xatırlayırsınızsa, onda bunlar haqda onlarla danışın; qorxunun sizi üstələməsinə yol verməyin. Əgər deyəcəyiniz sözlərin ona yaxşı təsir edəcəyini düşünürsünüzsə, onda vəfat edən kəsin hansı xüsusiyyətini bəyəndiyinizi və ya nəyə görə onun xiffətini çəkdiyinizi deyin. Belə etsək, yaslı insan başqalarının onun dərdinə şərik olduğunu görəcək (Romalılara 12:15).
Yaslı adama dəstək olarkən ardı-arası kəsilməyən məsləhətlər verməkdən qaçının. Həmçinin onu tez-tələsik qərar verməyə məcbur etməyina. Əksinə, düşüncəli şəkildə davranaraq özünüzdən soruşun: «Dostuma və ya qohumuma həyatının belə çətin anında düzgün şəkildə necə kömək edə bilərəm?»
Necə kömək edə bilərsiniz?
Həyat yoldaşını təzəcə itirən insan başqalarının köməyini məmnuniyyətlə qəbul edəcək. Məsələn, siz yemək hazırlaya, qohum-əqrabanı qəbul edə və ya yas içində olan adamın yanında ola bilərsinizmi?
Həmçinin nəzərə alın ki, kişilər və qadınlar kədərə və tənhalığa müxtəlif cür tab gətirirlər. Məsələn, dünyanın bəzi yerlərində dul kişilərin yarısından çoxu həyat yoldaşını itirəndən sonra il yarım ərzində yenidən ailə qurur. Qadınlar arasında isə bu, nadir hallarda baş verir. Bəs belə fərqin olmasına səbəb nədir?
Bir çoxlarının fikrincə, yenidən ailə qurmaqda kişilərin məqsədi sadəcə olaraq öz fiziki və cinsi tələbatlarını təmin etməkdir. Amma bu, həmişə belə olmur. Çünki kişilər təbiətən yalnız arvadlarına tam etibar edirlər. Elə buna görə də onlar yoldaşlarını itirəndə özlərini həddən artıq tənha hiss edirlər. Onlardan fərqli olaraq, dul qadınlar, hətta ərinin yaxınları bəzən onları unutsa belə, mənəvi dəstəyi almağa daha müvəffəq olurlar. Dul kişilərdə müşahidə olunan bu hal onların tənhalıqdan azad olmaq üçün nəyə görə evlənməyi (hətta yeni münasibətləri tez-tələsik qurmaq təhlükəsi olsa da) yeganə çıxış yolu hesab etdiklərini, müəyyən mənada, izah edir. Beləliklə, dul qadınlar tənhalığın vurduğu zərbəyə qarşı daha dözümlü ola bilirlər.
Kişi və ya qadın olmasından asılı olmayaraq, dostunuza, yaxud qohumunuza tənhalığa tab gətirməyə necə kömək edə bilərsiniz? Helen adlı 49 yaşlı dul qadın deyir: «Kömək etmək çoxlarının ürəyindən keçsə də, onlar bunu etmək üçün təşəbbüs göstərmirlər. Çox vaxt onlar deyirlər: “Nə isə lazım olsa, çəkinmə, de”. Bundan fərqli olaraq, kimsə sadəcə: “Mən mağazaya gedirəm. Bir yerdə gedək?” — deyəndə bu mənə xoş gəlirdi». Arvadı xərçəng xəstəliyindən həyatını itirən Paul başqalarının onu harasa dəvət etməsini nəyə görə qiymətləndirdiyini izah edir: «Hərdən insan başqaları ilə ünsiyyət etmək və ya vəziyyəti haqqında onlarla danışmaq istəmir. Amma axşamüstü dostlarla vaxt keçirdikdən sonra özünü daha yaxşı hiss edirsən; özünü elə də tənha hiss etmirsən. Sən başqalarının, həqiqətən də, qayğına qaldığını bilirsən və bu, sənə qəlb rahatlığı gətirir»b.
Xüsusilə nə vaxt şəfqət göstərməyimiz vacibdir?
Qohumlarının əksəriyyəti öz iş-güclərinə qayıdanda Helen mənəvi dəstəyə daha çox ehtiyacı olduğunu hiss etdi. O deyir: «Dostlar və qohumlar ilk vaxtlar sənin yanında olurlar, amma sonra hərə öz işinə qayıdır». Əsil dostlar isə bunu nəzərə alaraq sizin yanınızda olacaq və daim sizə dəstək olacaqlar.
Dul qadın və kişilər ünsiyyətə, xüsusilə toy, yaxud yoldaşının ölüm gününün ildönümündə ehtiyac duya bilərlər. Yuxarıda haqqında danışdığımız Aylin deyir ki, böyük oğlu ona toy ildönümündə tənhalıq hissinə və kədərə tab gətirməyə kömək edir. Bu haqda o söyləyir: «Oğlum Kevin hər il mənə baş çəkir və bütün gününü mənə sərf edir. Biz birlikdə nahar edirik və ana-oğul arasındakı xoş ünsiyyətdən zövq alırıq». Nəyə görə ailə üzvlərinizin və ya dul qalan dostlarınızın ən ağır günlərini özünüzdə qeyd etməyəsiniz? Sonra isə həmin gün gələndə həm özünüzün, həm də başqalarının yaslı insanın yanında olması üçün müəyyən tədbirlər görə bilərsiniz (Süleymanın məsəlləri 17:17).
Bəziləri fikir vermişlər ki, dulların özləri də başqaları üçün təsəlli mənbəyi ola bilərlər. 8 il dul qalan Anna başqa dul qadınla ünsiyyətdə olduqdan sonra öz təəssüratlarını bölüşür: «Onun qətiyyəti məndə dərin təəssürat oyatdı və yaşamaq üçün mənə güc verdi».
Bəli, dul qadın və kişilərin keçirdikləri ilk kədər hissləri arxada qalandan sonra başqaları onlara baxıb ruhlana və ümid əldə edə bilərlər. Müqəddəs Kitabda adı çəkilən iki dul qadın, gənc Rut və onun qayınanası Naomi, bir-birilərinə dəstək olurdular və bundan fayda əldə edirdilər. Ürəyi riqqətə gətirən bu əhvalatda həmin qadınların bir-birilərinə göstərdikləri qayğının onlara kədərin və qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlməyə necə kömək etdiyindən bəhs olunur (Rut 1:15—17; 3:1; 4:14, 15).
Şəfa vaxtı
Ölən əzizlərinin xatirələri ilə yaşayan dullar yenidən əvvəlki həyat tərzinə qayıtmaq üçün özlərini də fikirləşməlidirlər. Müdrik peyğəmbər Süleyman «ağlamağın vaxtı» olduğunu deyirdi. Bununla yanaşı, o, ‘şəfa vaxtından’ da bəhs edirdi (Vaiz 3:3, 4).
Yuxarıda sözü gedən Paul keçmişi unutmağın nə qədər çətin olduğunu təsvir edir. O deyir: «Mən və həyat yoldaşım bir-birinə sarılaraq böyüyən iki cavan ağaca bənzəyirdik. Ancaq sonra ağaclardan biri qurudu və onu kəsdilər. O biri ağac isə tək qaldığından eybəcər görünürdü. Bəli, onsuz yaşamaq mənə çox çətin idi». Bəziləri vəfat edən həyat yoldaşlarına sədaqətin rəmzi olaraq keçmişdən ayrılmaq istəmirlər. Digərləri isə şənlənməklə həyat yoldaşlarına qarşı xəyanət edəcəklərini düşünərək nə evdən çölə çıxır, nə də ki başqaları ilə kəlmə kəsirlər. Buna görə də mülayimliklə dul qadın və kişilərə şəfa tapmağa, başqa sözlə, həyatlarını yeni səhifədən başlamağa necə kömək edə bilərik?
İlk növbədə, insana öz hisslərini ifadə etməyə imkan verməliyik. Altı ildir ki dul qalan Herbet deyir: «Nə yaxşı ki, yanıma gələn bəzi insanlar keçmişi xatırlayarkən və ya həmin vaxt məni narahat edən şeylər haqqında danışarkən sakitcə oturub mənə qulaq asırdılar. Bilirəm ki, onlar üçün heç də həmişə ən yaxşı həmsöhbət deyildim. Bununla belə, dərdimə şərik olduqları üçün onlara minnətdaram». Pauldan daim hal-əhval tutan yetkin dostunun hərəkətləri ona xüsusilə dərin təsir bağışladı. O deyir: «Mənə canıyananlıqla və səbirlə yanaşdığı üçün ona minnətdar idim və tez-tez öz hisslərimi onunla bölüşürdüm» (Süleymanın məsəlləri 18:24).
Yaslı insan gah peşmançılıq hissi keçirir, gah qəzəblənir, gah da özünü günahlandırır və bir gün əzizinin ölümü ilə barışır. Yehovanın sadiq xidmətçilərindən biri olan padşah Davud ən yaxşı Dostunun, Yehova Allahın qarşısında ürəyini boşaltmağın sayəsində ‘yerindən qalxmaq’ üçün güc əldə etdi və körpə oğlunun ölümünün acı həqiqəti ilə barışdı (2 Şamuel 12:19—23).
Əvvəl-əvvəl çətin olsa da, vaxt keçdikcə dul qalan insan normal həyata qayıtmalı olur. Bəzi işləri onlarla görə bilərsinizmi? Məsələn, onlarla bazarlıq etmək və ya axşamüstü gəzintiyə çıxmaq olar. Nəyə görə yas içində olan dostunuzdan bəzi işlərdə sizə kömək etməsini xahiş etməyəsiniz? Bu, tənhalıq hissindən azad olmaqda əzizini itirən insanlara kömək etməyin digər üsuludur. Məsələn, o, uşaqlara baxa, yaxud da sizinlə dadlı yemək bişirməyin sirlərini bölüşə bilərmi? Həmçinin nəyə görə evdə görülən bəzi təmir işlərində sizə kömək etməsini xahiş etməyəsiniz? Bu kimi işlər insanı ruhlandırmaqla yanaşı, onu həyatın mənası olduğuna əmin edəcək.
Başqaları ilə bir daha hisslərini bölüşməyin sayəsində yaslı insan tədricən yenidən həyat eşqi ilə alışıb-yana və hətta qarşısına məqsədlər qoya bilər. Yonet adlı 44 yaşlı dul ana ilə də hər şey məhz belə olmuşdu. O, ötən günlərə boylanaraq deyir: «Əvvəlki həyat tərzimə qayıtmaq o qədər çətin idi ki... Gündəlik işləri görmək, alış-veriş etmək və üç uşağa baxmaq, həqiqətən də, çətin idi». Buna baxmayaraq, vaxt keçdikcə Yonet özünü ələ almağı bacardı və uşaqları ilə ünsiyyətini yaxşılaşdırdı. O həmçinin yaxın dostlarının köməyini qəbul etməyi öyrəndi.
«Həyat qiymətli hədiyyə olaraq qalır»
Yaslı adama göstərdikləri kömək ona fayda gətirsin deyə dostlar və ailə üzvləri realist olmalıdırlar. Aylar, hətta illər ərzində dul insan gah nisbətən sakitləşə, gah da depressiyaya düşə bilər. Həqiqətən də, ‘ürəyin dərdi’ ağır ola bilər (1 Padşahlar 8:38, 39).
Belə sakitlik dövründə kədər içində olan insan reallıqdan qaçmaq və tənhalıq hissinin öhdəsindən gəlmək üçün başqalarının köməyinə ehtiyac duya bilər. Başqalarının dəstəyi sayəsində bir çoxları həyatlarını yeni səhifədən başlamağa müvəffəq olmuşlar. 60 yaşlı dul kişi və hal-hazırda Afrikada xidmət edən Klod belə deyir: «Yoldaşının ölümü insana ürək ağrısı gətirsə belə, həyat qiymətli hədiyyə olaraq qalır».
Düzdür, yoldaşını itirən insanların həyatı dəyişir. Bununla belə, onlar həyat yolunda birgə addımladıqları sevimli yoldaşlarını itirəndən sonra da başqaları üçün çox şey edə bilərlər (Vaiz 11:7, 8).
[Haşiyələr]
a «Dəyərli xatirə kimi saxlayım, yoxsa atım?» adlı 12-ci səhifədə yerləşən çərçivəyə baxın.
b Yaslı adama kömək etməklə bağlı digər məsləhətləri Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Sizə əziz adam öləndə» broşürasının 20—25-ci səhifələrində tapa bilərsiniz.
[11-ci səhifədəki yazı]
Əsil dostlar sizin yanınızda olacaq və daim sizə dəstək olacaqlar
[12-ci səhifədəki şəkil/çərçivə]
Dəyərli xatirə kimi saxlayım, yoxsa atım?
Bir neçə il bundan əvvəl ərini itirən Helen deyir: «Ərimin bir çox əşyalarını hələ də saxlayıram. Çünki tədricən bu əşyaların xoş xatirələrə çevrildiyinin şahidi oldum. Onları dərhal atmaq istəmirdim, axı vaxt keçdikcə insanın onlara münasibəti tamamilə dəyişə bilər».
Helendən fərqli olaraq, beş ildən çoxdur ki arvadını itirən Klod deyir: «Bu əşyaların mənə onu xatırlatmasını istəmirdim. Düşünürəm ki, yoldaşımın əşyalarını atmağın sayəsində onun ölümü ilə razılaşdım və mənə kədər hissindən azad olmaq daha asan oldu».
Yuxarıda gətirilən nümunələr göstərir ki, bəziləri ölən əzizinin əşyalarını ya atır, ya da dəyərli xatirə kimi saxlayır. Buna görə də başa düşən dostlar və qohumlar bu məsələdə öz fikirlərini onlara yeritməyə çalışmayacaqlar (Qalatiyalılara 6:2, 5).
[9-cu səhifədəki şəkillər]
Yaslı insanın dəstəyə xüsusilə ehtiyac duyduğu günləri özünüzdə qeyd etmisinizmi?
[9-cu səhifədəki şəkil]
Onlarla birgə harasa getməyi yadınızdan çıxarmayın!
[10-cu səhifədəki şəkillər]
Gündəlik işlərinizi görərkən, yaxud istirahətə çıxarkən onları da dəvət edin