Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/8 s. 25—28
  • Gecikmək nəyə görə yaxşı deyil?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gecikmək nəyə görə yaxşı deyil?
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Yehova Allah hər şeydə dəqiqdir
  • İbadətimizdə vacibliyi
  • Əngəlləri necə aşa bilərik?
  • İbadətdə dəqiqliyin faydası
  • Vaxtında gəlməyi vərdiş et
    Müqəddəs ibadətimiz 2014
  • Dəqiqlik
    Oyanın! 2016
  • Müqəddəs görüşlərimizə hörmətlə yanaşırıq
    Gözətçi qülləsi 2006
  • Görüşlərin ruhlandırıcı şəkildə keçməsində sənin payın varmı?
    Gözətçi qülləsi 2010
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/8 s. 25—28

Gecikmək nəyə görə yaxşı deyil?

YOLUN uzaq olması, tıxaclar və gərgin qrafik ucbatından təyin olunmuş yerə gecikməmək, həmişə vaxtında gəlmək asan olmaya bilər. Bununla belə, yenə də vaxtında gəlmək çox vacibdir. Çünki, adətən, işə vaxtında gələn insan etibarlı və çalışqan sayılır. Gecikən insan isə başqalarının işinə mane ola, həmçinin məhsulun və xidmətin keyfiyyətinə mənfi təsir göstərə bilər. Şagird dərsə gecikərsə, o, müəyyən dərsləri buraxdığı üçün geri qala bilər. Həkimin və ya stomatoloqun yanına dediyi vaxtda getməsək, bu, müalicəyə öz təsirini göstərə bilər.

Bəzi yerlərdə gecikməmək, yəni təyin olunmuş vaxtda gəlmək məsələsinə bir o qədər də ciddi yanaşılmır. Belə mühitdə bu, asanlıqla adət halına keçə bilər. Belə vərdişi tərgitmək üçün üzərimizdə ciddi surətdə çalışmalıyıq. Hər şeyi vaxtında etməyin vacibliyini dərk etməyimiz dəqiq olmağımıza kömək edəcək. Bəs biz hansı səbəblərə görə gecikməməliyik? Gecikməyimizə səbəb olan əngəlləri necə aradan qaldıra bilərik? Belə davranmağımız hansı bəhrələri gətirəcək?

Yehova Allah hər şeydə dəqiqdir

Dəqiq olmaq istəməyimizin əsas səbəbi ibadət etdiyimiz Allahı təqlid etmək istəyidir (Efes. 5:1). Çünki bu sahədə ən mükəmməl nümunə Yehovadır. O, heç vaxt gecikmir və niyyətini təyin etdiyi vaxtda həyata keçirir. Məsələn, Yehova allahsız dünyanı daşqınla məhv etmək qərarına gələndə Nuha dedi: «Özünə qofer ağacından bir gəmi düzəlt». O gün yaxınlaşanda Yehova Nuha gəmiyə girməsini tapşırdı və ona bildirdi: «Yeddi gün sonra yer üzünə qırx gün-qırx gecə yağış yağdıracağam və yaratdığım bütün canlıları yer üzündə məhv edəcəyəm». Deyilən vaxtda, «yeddi gün sonra yer üzündə daşqın oldu» (Yar. 6:14; 7:4, 10). Təsəvvür edin: əgər Nuh və onun ailəsi vaxtında gəmiyə daxil olmasaydılar, onlarla nə baş verərdi! İbadət etdikləri Allah kimi onlar da gecikməməli idilər.

Daşqından 450 il sonra Yehova İbrahimin oğlu olacağını və vəd olunmuş Övladın həmin oğulun nəslindən gələcəyini demişdi (Yar. 17:15—17). Allah İshaqın «gələn il bu vaxt» doğulacağını vəd etdi. Bəs bu vəd həyata keçdimi? Müqəddəs Kitabda deyilir: «Sara hamilə oldu və İbrahimin qocalıq çağında — Allahın ona söylədiyi vaxt bir oğul doğdu» (Yar. 17:21; 21:2).

Müqəddəs Kitabda Yehovanın öz vədlərini dəqiqliklə yerinə yetirdiyini göstərən çoxsaylı nümunələr var (Yer. 25:11—13; Dan. 4:20—25; 9:25). Orada Yehovanın hökm gününü gözləməli olduğumuz deyilir. İnsan nöqteyi-nəzərindən o gün «gecikir»miş kimi görünsə də, əmin ola bilərik ki, o «gecikməyəcək», hökmən gələcək (Hab. 2:3).

İbadətimizdə vacibliyi

Bütün israilli kişilər «Rəbbin təyin etdiyi bayramlar»da iştirak etmək üçün müəyyən olunmuş yerə vaxtında gəlməli idilər (Lev. 23:2, 4). Həmçinin Allah hər bir qurbanın gətirilməsi üçün müəyyən vaxt təyin etmişdi (Çıx. 29:38, 39; Lev. 23:37, 38). Bu aydın göstərir ki, Allah Öz xidmətçilərinin ibadətlərində dəqiq olmalarını istəyir.

Birinci əsrdə həvari Pavel Korinf məsihçilərinə görüşlərin keçirilməsinə dair göstərişlər verərək onları təşviq edirdi: «Qoy hər şey ədəblə və nizamla edilsin» (1 Kor. 14:40). Buna müvafiq olaraq, məsihçilərin ibadət görüşləri təyin olunmuş vaxtda başlamalıdır. Yehovanın bu məsələyə dair nöqteyi-nəzəri dəyişməyib (Mal. 3:6). Bəs görüşlərimizə gecikməmək üçün hansı tədbirləri görə bilərik?

Əngəlləri necə aşa bilərik?

Bəzilərinin fikrincə, hər şeyi əvvəlcədən planlaşdırmağın bu işdə köməyi dəyə bilər (Sül. məs. 21:5). Tutaq ki, harasa getməliyik. Ancaq evdən elə çıxırıq ki, həmin yerə özümüzü güclə çatdırırıq. Sizcə, belə etmək nə dərəcədə müdriklikdir? Yaxşı olmazdımı ki, təsadüfən baş verə biləcək hadisələri nəzərə alaraq bir neçə dəqiqə qabaq çıxaq? (Vaiz 9:11). «Yola nə qədər vaxt sərf ediləcəyini nəzərə almaq vaxtında gəlməyə kömək edə bilər», — deyə həmişə vaxta dəqiq riayət etməyə çalışan Xosea adlı gənc qeyd edir.

Bəzi bacı-qardaşlar müəyyən tədbirlər görüb işdən tez çıxmalı olurlar ki, yığıncaq görüşlərinə gecikməsinlər. Efiopiyalı bir Şahid iş cədvəlindəki dəyişikliklərə görə yığıncağa 45 dəqiqə gecikəcəyini biləndə iş yoldaşından xahiş etdi ki, yığıncaq günləri öz növbəsinə vaxtından qabaq gəlsin. Əvəzində isə qardaş iş yoldaşının yerinə 7 saat əlavə işləyəcəkdi.

Kiçik yaşlı uşaqları olan valideynlərə görüşlərə vaxtında gəlmək xüsusilə çətindir. Uşaqları hazırlamaq məsuliyyəti əsasən ananın üzərinə düşsə də, ailənin digər üzvləri də ona kömək etməlidirlər. Meksikadan olan Esperansa səkkiz uşağını tək böyüdüb boya-başa çatdırıb. Böyüyünün 23, kiçiyinin isə 5 yaşı var. Esperansa ailəsinin hər şeyi vaxtında necə çatdırdığını belə izah edir: «Böyük qızlarım balacaların hazırlaşmasına kömək edirlər. Bunun sayəsində, mən də ev işlərini görüb qurtarıram və biz yığıncağa çatmaq üçün vaxtında evdən çıxırıq». Bu ailə evdən çıxmaq üçün dəqiq vaxt təyin edib, ailənin hər bir üzvü də əlindən gələni edir ki, evdən vaxtında çıxsın.

İbadətdə dəqiqliyin faydası

Aldığımız xeyir-dualar üzərində düşünsək, yığıncaqlara vaxtında gəlmək istəyimiz artacaq və biz var gücümüzlə çalışacağıq ki, heç vaxt gecikməyək. Yığıncaq görüşlərinə vaxtından bir qədər əvvəl gəlməyi adət edən Sandra adlı gənc bacı deyir: «Yığıncağa tez gəlməyi ona görə xoşlayıram ki, bacı-qardaşları salamlamaq, onlarla söhbət etmək və onları daha yaxşı tanımaq imkanım olur». Padşahlıq Zalına tez gəlməklə başqalarının dözümü və sədaqəti barədə eşidirik, bu da bizi ruhlandırır. Yığıncaq görüşlərində iştirak etməklə və ruhlandırıcı ünsiyyətimizlə bacı-qardaşlara yaxşı təsir bağışlayır və onları «məhəbbətə və xeyirli işlərə» təşviq edirik (İbr. 10:24, 25).

Məsihçi görüşlərimiz başlayanda oxunan həmd nəğməsi və edilən dua ibadətimizin əsas hissəsidir (Məz. 149:1). Yehovanı tərənnüm etmək üçün oxuduğumuz nəğmələr hansı keyfiyyətləri inkişaf etdirməli olduğumuzu xatırladır və bizi xidmətdə sevinclə iştirak etməyə təşviq edir. Bəs görüşün əvvəlində edilən dua haqqında nə demək olar? Qədimdə Yehova məbədi «dua evim» deyə adlandırmışdı (Yeşaya 56:7). Bu gün biz də yığıncaqlara Allaha dua etmək üçün toplaşırıq. İlk dua Yehovadan təkcə rəhbərlik və müqəddəs ruh diləməyə yox, həm də beynimizi və ürəyimizi eşidəcəyimiz fikirlərə hazırlamağa kömək edir. Biz qəti qərarlı olmalıyıq ki, ilk mahnı və duada iştirak edək.

23 yaşlı Helen yığıncaq görüşlərinə tez gəlməsinin səbəbini belə izah edir: «Mənim fikrimcə, bununla mən Yehovaya məhəbbətimi göstərirəm, çünki burada verilən təlimin hamısı, o cümlədən mahnı və dua da Yehovadandır». Əlbəttə, bizdə də belə əhval-ruhiyyə olmalıdır. Buna görə, gəlin bütün işlərimizdə, xüsusilə də həqiqi Allaha ibadətimizdə həmişə vaxta dəqiq riayət etmək vərdişi inkişaf etdirməyə çalışaq.

[Haşiyə]

a Adlar dəyişdirilib.

[26-cı səhifədəki şəkil]

Vaxtında hazırlaşın

[26-cı səhifədəki şəkil]

Təsadüfi halları nəzərə alın

[26-cı səhifədəki şəkillər]

Görüşlərə tez gəlməklə ünsiyyətdən fayda əldə edin

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş