Vaxtında gəlməyi vərdiş et
1. Dəqiqlik məsələsində Yehova hansı nümunəni qoyub?
1 Yehova həmişə dəqiqdir. Məsələn, O, xidmətçilərinə vaxtında kömək edir (İbr. 4:16). Həmçinin ruhani qidanı da «vaxtlı-vaxtında» verir (Mat. 24:45). Buna görə əmin ola bilərik ki, Onun qəzəb günü «gecikməyəcək» (Habaq. 2:3). Nə yaxşı ki, Yehova dəqiq Allahdır! (Məz. 70:5). Lakin məşğul və qeyri-kamil olduğumuzdan vaxtında gəlmək çətin ola bilər. Vaxtında gəlməyi nə üçün vərdiş etməliyik?
2. Nəyə görə dəqiq olmağımız Yehovaya şərəf gətirir?
2 Əksər insanların xudbin və təmkinsiz olduğu bu son günlərdə dəqiq olmaq çox çətindir (2 Tim. 3:1—3). Buna görə də məsihçilər işə, məsuliyyətlərinə, yığıncağa qarşı dəqiq olanda bu, başqalarının diqqətindən yayınmır və Yehovaya şərəf gətirir (2 Pet. 2:12). Ola bilsin, biz işə vaxtında gedir, teokratik işlərə gecikirik. Mahnı və dua ilə başlayan məsihçi görüşlərinə vaxtında gəlməklə səmavi Atamızı təqlid etmək istədiyimizi göstəririk (1 Kor. 14:33, 40).
3. Nəyə görə dəqiqlik başqalarının xeyrini düşündüyümüzü göstərir?
3 Dəqiq olmağımız həmçinin başqalarının xeyrini düşündüyümüzü göstərir (Filip. 2:3, 4). Məsələn, yığıncaqlara, təbliğ görüşlərinə vaxtında gəlsək, başqalarının narahatçılığına səbəb olmarıq. Yox əgər bizdə gecikmək vərdişi varsa, başqaları öz vaxtımıza onlarınkından daha çox dəyər verdiyimizi düşünə bilərlər. Dəqiqlik ətrafımızdakı insanların dəyər verdiyi etibarlı, diqqətcil və dürüst olmağın təzahürüdür.
4. Çox vaxt gecikiriksə, nə edə bilərik?
4 Əgər çox vaxt gecikirsənsə, bunun səbəbini müəyyən et. Özünə elə real qrafik qur ki, işlərini vaxtında bitirə biləsən (Vaiz 3:1; Filip. 1:10). Yehovadan kömək istə (1 Yəh. 5:14). Dəqiq olmaq Qanundakı iki ən böyük əmrə — Allahı və yaxınını sevmək əmrinə riayət etməyin üsullarından biridir (Mat. 22:37—39).