İsanın nümunəsini izləyin
1 Şagird hazırlamaq işində iştirak edəndə yadda saxlamalıyıq ki, nümunəmiz bizi kənardan müşahidə edənlərə güclü tə’sir göstərə bilər. İsa həm sözləri, həm də əməlləri ilə öyrədirdi. İsanı müşahidə edənlər onun sə’yini, insanlara məhəbbətini, yalnız Atasının adını izzətləndirmək istəyini və Onun iradəsini yerinə yetirməyə qəti qərarlı olduğunu görürdülər (1 Pet. 2:21).
2 Evdən-evə təbliğ edəndə. İsanın nümunəsi kimi, bizim nümunəmiz də xidmətdə əməkdaşlıq etdiyimiz məsihçilərə tə’sir edir. Xidmətdə sə’ylə iştirak etdiyimizi görən yeni və təcrübəsi az olan təbliğçilər öz xidmətlərinin keyfiyyəti haqda düşünəcəklər. Onlar sevincimizi və insanlara göstərdiyimiz səmimi marağımızı görəndə, təbliğdə bu cür xüsusiyyətləri təzahür etdirməyin vacib olduğunu yadda saxlayacaqlar. Müqəddəs Yazılardan sə’ylə istifadə etdiyimizi, təkrar başçəkmələr etdiyimizi və Müqəddəs Kitab öyrənməsi keçirdiyimizi görəndə, onlar da belə davranmağa təşviq olunacaqlar.
3 Müqəddəs Kitab öyrənməsi keçirəndə. Müqəddəs Kitabı öyrətdiyimiz insanlar bizim hərəkətimizə xüsusilə diqqət yetirəcək. Məsələn, biz onlara öyrənməyə hazırlaşmağın, ayələrə baxmağın və əsas fikirlərin altından xətt çəkməyin vacibliyini izah etsək də, onlar bizim necə hazırlaşdığımıza fikir verəcəklər (Rom. 2:21). Əgər biz öyrənməyə tam vaxtında gəliriksə, onlar hansısa işlərin Müqəddəs Kitab öyrənməsinə mane olmasına yol verməyəcəklər. Onlar, şübhəsiz ki, xidmət naminə etdiyimiz fədakarlığı və möhkəm imanımızı da görəcəklər. Təəccüblü deyil ki, İsanın nümunəsini qətiyyətlə izləyən məsihçilərin öyrətdiyi insanlar da adətən çalışqan, səmərəli təbliğçi olurlar.
4 Yığıncaq görüşlərində. Yığıncaq görüşlərində hər bir məsihçinin öz nümunəsilə öyrətmək imkanı var. Görüşlərə yeni gələnlər yığıncaqda gördükləri gözəl nümunədən faydalanırlar. Onlar səmimi qardaşlıq münasibətinə, məsihçi birliyinə, ləyaqətli geyim və xarici görünüşümüzə diqqət yetirəcəklər (Məzmur 133:1). Yığıncaq görüşlərinə sədaqətlə gəlməkdə və imanımızı insanlar qarşısında bəyan etməkdə verdiyimiz nümunə də diqqətlərindən yayınmayacaq. Görüşlərimizə gələn bir nəfər, kiçik yaşlı qızın sitat gətirilən ayələri Müqəddəs Kitabdan necə cəld tapdığını və onun oxunmasına necə diqqətlə qulaq asdığını müşahidə etmişdir. Bu qızın nümunəsi sayəsində həmin adam Müqəddəs Kitabı öyrənməyə başladı.
5 Müqəddəs Yazılar bizi bir-birimizin yaxşı nümunəsini təqlid etməyə təşviq edir (Filip. 3:17; İbr. 13:7). Buna görə də yadda saxlamalıyıq ki, əgər İsanın nümunəsini diqqətlə izləyiriksə, bu başqalarının nəzərindən yayınmayacaq və onlara müsbət tə’sir edəcək. Bunu dərk edərək gəlin, 1 Timoteyə 4:16 ayəsindəki sözlərə ciddi yanaşaq: «Özünə və verdiyin tə’limata diqqət yetir».
[Öyrənilmə üçün olan suallar]
1. İsa hansı nümunəni qoymuşdu?
2. Bizim nümunəmiz xidmətdəki əməkdaşımıza hansı sahələrdə tə’sir edə bilər?
3. Müqəddəs Kitabı öyrənənlər bizdən nə öyrənə bilərlər və onlar bunu necə edə bilərlər?
4. Yığıncaq görüşlərində öz nümunəmizlə nə öyrədirik?
5. Nəyə görə nümunəmizin əhəmiyyətsiz olduğunu düşünməməliyik?