Qumar oyunları Müqəddəs Kitabda mühakimə olunurmu?
MƏŞHUR filmlərdə və televiziya proqramlarında qumar oyunları gözəl, varlı və kübar insanların xoş vaxt keçirmək üçün kazinolarda oynadıqları əyləncəli bir oyun kimi göstərilir. Təbii ki, əksər tamaşaçılar bilirlər ki, bu, sadəcə rejissorun fantaziyasıdır.
Real həyatda isə lotereya biletləri, İnternet və kazinolarda qumar, eləcə də idman-mərc oyunları geniş yayılıb. Bir kitabda deyildiyi kimi, qumar «bir yanğın kimi bütün dünyanı sürətlə ağuşuna alan bəladır» («Internet Gambling»). Məsələn, poker bu gün televiziya və İnternetdə oynanılan idman növü hesab olunur. Bir qəzetdə xəbər verildiyi kimi, ekspertlərin rəyinə görə, Birləşmiş Ştatlarda son bir il yarım ərzində poker oynayanların sayı iki dəfə artıb.
Qumar — kimin udacağı məlum olmayan, pulla oynanılan oyundur. Çoxları düşünür ki, əgər insan öz pulu ilə oynayırsa və onda aludəçilik yaranmırsa, bunda pis bir şey yoxdur. «Yeni katolik ensiklopediyası»nda deyilir ki, qumar oynamaq «insana öz məsuliyyətlərini yerinə yetirməyə mane olmursa, günah deyil» («New Catholic Encyclopedia»). Ancaq bu fikri təsdiqləmək üçün orada heç bir Müqəddəs Kitab ayəsi gətirilmir. Allahın əsil xidmətçiləri qumar oyunlarına necə baxmalıdırlar? Bu oyunlar Müqəddəs Kitabda mühakimə olunurmu?
Qeyd edək ki, Müqəddəs Yazılarda birbaşa qumar haqda heç nə deyilmir. Ancaq bu o demək deyil ki, bu məsələ ilə bağlı Müqəddəs Kitabda heç bir rəhbərlik verilmir. Orada hər bir hərəkətə və vəziyyətə dair konkret göstəriş verilməsə də, biz «Yehovanın iradəsini daima» qavramağa təşviq olunuruq (Efeslilərə 5:17). Müqəddəs Kitab alimi Etelbert Bullingerin sözlərinə görə, «qavrayın» kimi tərcümə olunan yunan sözü «dərindən düşünərək əldə olunan bilikləri və düşünmə qabiliyyətini» işə salaraq hər hansı məlumatla bağlı bütün detalları bir yerə toplamaq deməkdir. Beləliklə, Allahın xidmətçisi bu mövzuya uyğun gələn Müqəddəs Kitab prinsiplərini bir araya gətirməklə və onların üzərində düşünməklə qumar oyunları ilə bağlı Allahın niyyətinin nədən ibarət olduğunu qavraya bilər. Bu məqalədə gətirilən Müqəddəs Kitab ayələrini oxuyanda özünüzdən soruşa bilərsiniz: «Bu ayə qumar oyunları ilə bağlı nəyi göstərir? Allahın Kəlamında Onun bu məsələyə dair nöqteyi-nəzəri necə açıqlanır?»
Bəxtəbəxt
Qumar oyunları təsadüflə bağlı olduğu üçün bəxtə inama — təsadüfi hadisələrə təsir göstərdiyi hesab olunan sirli qüvvəyə böyük əhəmiyyət oynayır, xüsusi ilə də əgər pulla oynanılırsa. Məsələn, kimi lotereya bileti alanda düşərli hesab etdiyi rəqəmi seçir, kimi isə mövhumata inandığından oyun zamanı bəzi sözləri dilinə gətirməkdən qorxur, bəziləri isə zər atarkən onu öpüb atır. Onlar nəyə görə belə edirlər? Çünki inanırlar ki, tale oyunun gedişatına təsir edəcək, yaxud ən azından edə bilər.
«Bəxtə inanaraq oynamaqda nə qəbahət var?» — deyə bəziləri düşünə bilər. Qədimdə bəzi israillilər də bu cür düşünürdülər, ümid edirdilər ki, tale onlara xoş güzaran bəxş edəcək. Bəs Yehova Allah buna necə baxırdı? Yeşaya peyğəmbər vasitəsi ilə onlara belə demişdi: «Rəbbi tərk edənlər, müqəddəs dağımı unudanlar, Tale allahına süfrə açanlar, Qismət allahına camlarda şərab təqdim edənlər» (Yeşaya 65:11). Allahın gözündə bəxtə inanmaq bütpərəstlikdir və həqiqi ibadətlə heç bir əlaqəsi yoxdur. Çünki bu, həqiqi Allaha yox, qeyri-real bir qüvvəyə bel bağlamaq deməkdir. Bu məsələyə dair Allahın nöqteyi-nəzərinin dəyişdiyini düşünməyə heç bir əsas yoxdur.
Udulan pullar — kimin hesabına?
İnternetdə və kazinoda qumar oynayan, yaxud da lotereya bileti alan və ya idman oyunlarında mərcə girən kəs, adətən, udacağı pulun haradan gəldiyi haqda heç fikirləşmir də. Qumar hansısa qanuni pul sövdələşməsindən və ya alış-verişdən fərqlənir, çünki qumar oynayan şəxs başqasının uduzduğu pulu udmaq istəyira. «Kanada asılılıq və əqli sağlamlıq mərkəzi» qeyd edir: «Bir insanın lotereyada udub milyoner olması milyonlarla insanın pulunu itirməsi deməkdir!» Allahın buna dair fikrini başa düşməyə Müqəddəs Kitabın hansı prinsipləri kömək edə bilər?
İsrail xalqına verilən On əmrdən sonuncusunda deyilirdi: «Heç kimin arvadına, quluna, qaravaşına, öküzünə, eşşəyinə — heç bir şeyinə tamah salma» (Çıxış 20:17). Bu qanuna əsasən, yaxınının varına, əmlakına və puluna tamah salmaq, başqasının arvadına tamah salmaq kimi ağır günah sayılırdı. Yüzilliklər keçəndən sonra da Allahın xidmətçisi olan Pavel bu qanuna istinad edərək demişdi: «Başqasının malına tamah salma» (Romalılara 7:7). Bəs onda başqasının uduzduğu pulu udmağa can atmaqla Allahın xidmətçisi tamahkarlıq etmiş olmurmu?
İcmalçı Filip Vogel belə deyir: «Onlar [qumar oynayanların çoxu] bununla razılaşıb-razılaşmasalar da, əslində, hər biri ürəyində ümid edir ki, cəmi bir neçə dollar da olsa, qumara qoyduğu pulun sayəsində başına dövlət quşu qonacaq». Belə insanlar heç zəhmət çəkmədən bir göz qırpımında varlanmaq istəyirlər. Ancaq belə niyyət Müqəddəs Kitaba tamamilə ziddir. Çünki orada deyilir ki, Allahın xidmətçisi «faydalı işlə məşğul olaraq əlinin zəhməti ilə dolansın, beləcə, korluq çəkənə də əl tuta bilsin» (Efeslilərə 4:28). Həvari Pavel Müqəddəs Kitabda xüsusilə vurğulamışdı: «İşləmək istəməyən yemək də yeməsin». Sonra o əlavə edərək demişdi ki, Allahın xidmətçiləri «alın təri ilə qazandıqlarını yesinlər» (2 Salonikililərə 3:10, 12). Bəs qumar oyunlarını halal qazanc hesab etmək olarmı?
İnsanın qumar oynayarkən emosional gərginlik keçirməsinə baxmayaraq, o, əldə etdiyi pulu udur, qazanmır və ya gördüyü işə görə əmək haqqı almır. Hətta udmaq ehtimalı az olsa belə, oyunçu ortaya pul qoyur və ümid edir ki, gec-tez onun bəxti gətirəcək. Nəticə etibarı ilə, o, havayı nəsə əldə etmək istəyir. Ancaq Allahı razı salmaq istəyən şəxs əlinin halal zəhməti ilə pul qazanmalıdır. Müdrik padşah Süleyman belə demişdi: «İnsan üçün yeyib-içməkdən və gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur. ...Bunu da verən Allahdır» (Vaiz 2:24). Allahın xidmətçiləri boş xülyalara bel bağlayaraq müftə qazanc mənbəyi axtarmaq əvəzinə, xoşbəxtlik və xeyir-dua almaq üçün Allaha güvənirlər.
Təhlükəli tələ
Ola bilər, kimsə təsadüfən qumarda udsun, bununla belə, qumar oyunlarının nəticələrini unutmaq olmaz. Süleymanın məsəlləri 20:21 ayəsində deyilir ki, «tələsik alınan mülk axırda xeyir gətirməz». Lotereyada və digər qumar oyunlarında udanlar öz acı təcrübələrindən yaxşı bilirlər ki, bu yolla qazandıqları pul heç bir xoşbəxtlik gətirmir. Müqəddəs Kitabın: «Ümidlərini gəldi-gedər var-dövlətə yox, həyatdan həzz almağımız üçün bizi hər şeylə bol-bol təmin edən Allaha bağlasınlar» məsləhətinə əməl etmək necə də yaxşı olardı (1 Timoteyə 6:17).
Məsələ yalnız qumarda uduzub-uduzmamaq deyil, bunun başqa bir təhlükəsi də var. Allahın Kəlamında deyilir: «Varlanmaq istəyənlər şirniklənib tələyə düşürlər, insanı fəlakətə və məhvə aparan bir çox mənasız və zərərli xəyallara qapılırlar» (1 Timoteyə 6:9). Hər cür tələnin məqsədi ovu tutmaqdır. Eynilə, saysız-hesabsız insanlar da başlanğıcda kiçik məbləğdə pulla, yaxud sadəcə bir neçə dəfə oynamaq istəmişlər, nəticədə isə, özlərini tələyə salaraq bu asılılıqdan yaxa qurtara bilməmişlər. Bununla onlar öz işlərini itirmiş, əzizlərinə ürək ağrısı vermiş və onların ailələri dağılmışdır.
Bu məqalədə müzakirə olunan Müqəddəs Kitab ayələri Allahın qumar oyunlarına dair nöqteyi-nəzərini anlamaqda sizə kömək etdimi? Həvari Pavel bizi təşviq edir: «Bu zəmanəyə uyğunlaşmayın. Əksinə, ağlınızı yeniləşdirərək büsbütün dəyişin ki, Allahın iradəsinin faydalı, xoş və kamil olduğuna əmin ola biləsiniz» (Romalılara 12:2). Allahın əsil xidmətçisi ictimai rəyin fikirlərini yox, Allah iradəsini əldə rəhbər tutmalıdır. Yaradanımız Yehova «xoşbəxt Allah» olduğundan bizim qumar oyunlarının acı nəticələrini dadmağımızı yox, əksinə, həyatdan məmnunluq duymağımızı istəyir (1 Timoteyə 1:11).
[Haşiyə]
a Birja oyunlarının qumar oyunlarından nə ilə fərqləndiyinə dair izahatı «Oyanın» jurnalının 2000-ci il 8 oktyabr sayının 25—27-ci səhifələrindən (rus.) oxuya bilərsiniz.
[29–cu səhifədəki yazı]
Allaha ibadət edənlər əllərinin halal zəhməti ilə pul qazanır
[28–ci səhifədəki çərçivə]
Udmaq həyəcanı
Qumar zərərli vərdişlər kimi asılılıq yaradırmı? Qumarda uduzmağın və udmağın insana təsiri barədə araşdırma aparan psixoloq-həkim Hans Breyter qeyd edir: «Təcrübə zamanı aşkar olmuşdur ki, udan zaman beyində gedən proses narkomanın bədəninə kokainin yeridilməsi zamanı baş verən prosesə çox oxşayır».
[28–ci səhifədəki şəkil]
Qumarbazın udduğu pullar kimindir?