Sevinməyiniz üçün səbəb
XIRDA canlı hüceyrələrdən tutmuş nəhəng qalaktikalar toplusunadək Yehovanın yaratdığı hər şeydə nizam-intizam var. Bu, təəccüblü deyil, çünki Yaradanımız «nizamsızlığı sevmir» (1 Kor. 14:33). Yehovanın ibadət üçün təsis etdiyi quruluş da valehedicidir. Gəlin Onun etdiklərinə nəzər salaq. Yehova şüura və iradə azadlığına malik olan milyonlarla fiziki və ruhani varlıqları bir təşkilatda, təmiz ibadətdə birləşdirib. Bu, həqiqətən də, heyrətamizdir!
Qədim İsraildə Yehovanın təşkilatının yerdəki hissəsinin rəmzi Yerusəlim şəhəri idi. Orada Yehovanın məbədi yerləşirdi və Onun məsh etdiyi padşah yaşayırdı. Babilə sürgün edilən israillilərdən biri müqəddəs şəhərə dair hisslərini bu sözlərlə ifadə etmişdi: «Səni anmasam, ən böyük sevincim olmasan, qoy dilim damağıma yapışsın» (Məz. 137:6).
Siz də Allahın təşkilatına belə münasibət bəsləyirsinizmi? Sizə ən çox sevinc gətirən nədir: Yehovanın ümumdünya təşkilatı ilə birgə Ona ibadət etmək, yoxsa başqa bir şey? Uşaqlarınızın Allahın təşkilatının yerdəki hissəsinin tarixi və fəaliyyəti barədə anlayışı varmı? Onlar Yehovanın Şahidlərinin ümumdünya qardaşlığının üzvü olduqlarını dərk edir və qiymətləndirirlərmi? (1 Pet. 2:17). Yehovanın təşkilatı haqqında daha çox öyrənmək və onu qiymətləndirmək üçün nəyə görə ailəvi ibadət zamanı aşağıdakı təklifləri tətbiq etməyəsiniz?
‘Qədim zamanlar’ haqqında danışın
Hər il israillilər ailələri ilə birlikdə Pasxa bayramını qeyd edirdilər. Bu bayram təsis olunanda Musa xalqa belə bir göstəriş vermişdi: «Gələcəkdə övladlarınız sizdən “Bu nədir?” soruşanda deyin: “Rəbb bizi Misirdən, köləlik diyarından qüvvətli əli ilə çıxartdı”» (Çıx. 13:14). Yehovanın İsrail xalqı ilə münasibəti sadəcə tarixin səhifələrində qalmamalı idi. Şübhə yoxdur ki, bir çox israilli atalar Musanın əmrinə əməl etmişdilər. Əsirlər sonra bir israilli duasında demişdi: «Ey Allah, öz qulağımızla eşitmişik ki, ata-babalarımızdan bizə çatıb ki, onların dövründə, qədim zamanda Sən hansı işləri görmüsən» (Məz. 44:1).
Yüz ildən çox vaxtı əhatə edən Yehovanın Şahidlərinin müasir tarixi uşaqlar üçün «qədim zamanda» baş verən hadisə kimi görünə bilər. Bu hadisələr onlar üçün real olsun deyə nə edə bilərsiniz? Bəzi valideynlər «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» (rus.) kitabından, «İllik məcmuə»dən (rus.), jurnallarımızda dərc olunan həyat hekayələrindən, Allahın xalqının müasir tarixindən bəhs edən yeni DVD-dən (rus.) və digər vəsaitlərdən istifadə edirlər. Sovet İttifaqında və faşist Almaniyasında Yehovanın Şahidlərinin üzləşdiyi təqiblərə həsr olunan videofilmlər ailələrə sınaqlar zamanı Yehovaya bel bağlamağı öyrədir. Belə materialları da ailəvi ibadətə daxil etmək olar. Bunun sayəsində uşaqlarınızın imanı möhkəmlənəcək və onlar sınaqlar zamanı nöqsansızlıqlarını qoruyacaqlar.
Bunu sadəcə mühazirə kimi danışmaq uşaqları bezdirə bilər. Buna görə də çalışın ki, onlar fəal iştirakçı olsunlar. Məsələn, oğlunuzdan xahiş edə bilərsiniz ki, onun üçün maraqlı olan ölkəni seçib onun teokratik tarixini araşdırsın, sonra da öyrəndiklərini ailə ilə bölüşsün. Ola bilsin, yığıncağınızda uzun illər Yehovaya sədaqətlə xidmət edən məsihçilər var. Nəyə görə onları bir gün ailəvi ibadətinizə dəvət etməyəsiniz? Qızınız onlara suallar verərək keçdikləri həyat yolları barədə danışmalarını xahiş edə bilər. Yaxud uşağınız mühüm teokratik hadisələrin, məsələn, filialın tikintisinin, beynəlxalq konqresin və ya evdən-evə təbliğdə fonoqrafın necə istifadə olunduğunun şəklini çəkə bilər.
‘Hər bir üzvün’ nə etdiyini öyrənin
Həvari Pavel məsihçi yığıncağını bədənlə müqayisə edərək yazır: «Bütün bədən zəruri oynaqlar vasitəsilə həmahəng surətdə birləşir, bədənin hər bir üzvü qarşılıqlı əməkdaşlıq şəraitində öz işini görərək bütün bədənin inkişafına və məhəbbətdə möhkəmlənməsinə xidmət edir» (Efes. 4:16). İnsan bədəninin funksiyaları barədə öyrəndikcə Yaradanımıza olan minnətdarlığımız və hörmətimiz artır. Eynilə, ümumdünya yığıncağın necə fəaliyyət göstərdiyini araşdıranda «Allahın zəngin hikməti»nə heyran oluruq (Efes. 3:10).
Yehova Öz təşkilatının həm göydəki, həm də yerdəki hissəsinin necə fəaliyyət göstərdiyini izah edir. Nümunə üçün: Yehova deyir ki, O, birinci İsa Məsihə vəhy verdi, İsa da «öz mələyini göndərib onun vasitəsilə bu vəhyi rəmzlərlə qulu Yəhyaya verdi. Yəhya da... şahidlik etdi» (Vəhy 1:1, 2). Əgər Yehova Öz təşkilatının görünməz hissəsinin necə fəaliyyət göstərdiyini açıqlayırsa, məgər yer üzündə «hər bir üzvü»n necə fəaliyyət göstərdiyini bilməyimizi istəmir?
Tutalım, tezliklə sizin yığıncağa rayon nəzarətçisinin başçəkməsi olacaq. Nəyə görə səyyar nəzarətçilərinin vəzifəsini və onların aldığı xeyir-duaları ailənizlə birlikdə müzakirə etməyəsiniz? Onlar hər birimizə necə kömək edirlər? Yaxud da bu sualları araşdırmaq olar: təbliğ xidməti haqqında hesabatı vermək nəyə görə vacibdir? Allahın təşkilatı necə maliyyələşdirilir? Rəhbərlik Şurası necə təşkil olunub və bizi ruhani qida ilə necə təmin edir?
Yehovanın xalqının necə təşkil olunduğunu bilməyimizin ən azı üç faydası var: bizim üçün səylə çalışan insanların zəhmətini daha çox qiymətləndirəcəyik (1 Salon. 5:12, 13); teokratik quruluşu dəstəkləməyə təşviq olunacağıq (Həv. iş. 16:4, 5); yığıncaqdakı nəzarətçilərin qərarlarının və etdiyi hər şeyin Müqəddəs Kitaba əsaslandığını görəndə onlara olan etibarımız artacaq (İbr. 13:7).
«Qalalarına diqqətlə baxın»
«Sionun ətrafında gəzib-dolaşın, onun qüllələrini sayın. Divarlarına fikir verin, qalalarına diqqətlə baxın. Gələcək nəslə... deyin» (Məz. 48:12, 13). Burada məzmurçu israilliləri Yerusəlimin divarlarına yaxından nəzər salmağa səsləyir. Bayramlar zamanı müqəddəs şəhəri ziyarət edən və oradakı möhtəşəm məbədi görən israilli ailələrin hansı xatirələrlə öz evlərinə qayıtdıqlarını təsəvvür edə bilərsinizmi? Şübhə yoxdur ki, onlar bu haqda «gələcək nəslə» danışırdılar.
Səba mələkəsini yadımıza salaq. O, Süleymanın əzəmətli hakimiyyəti və böyük hikməti haqda eşidəndə buna şübhə ilə yanaşmışdı. Bəs eşitdiklərinin həqiqət olduğuna onu nə inandırdı? O deyir: «Gəlib öz gözlərimlə görənə qədər mən bu sözlərə inanmamışdım» (2 Saln. 9:6). Bəli, ‘öz gözlərimizlə’ gördüklərimiz bizə dərin təsir bağışlaya bilər.
Uşaqlarınıza Yehovanın təşkilatının möcüzələrini ‘öz gözlərilə’ görməyə necə kömək edə bilərsiniz? Yaxınlıqda Yehovanın Şahidlərinin filialı varsa, çalışın ora baş çəkəsiniz. Bir ailənin nümunəsinə nəzər salaq. Mendi və Betani bacıları uşaqlıqda Bet-Eldən 1500 kilometr aralıda yaşayırdılar. Valideynləri tez-tez onları filiala ekskursiyaya aparırdı. Mendi və Betani xatırlayırlar: «Əvvəl-əvvəl elə fikirləşirdik ki, Bet-El həddən artıq ciddi yerdir və ancaq qocalar üçündür. Amma ora baş çəkəndə gördük ki, sən demə, orada cavanlar da var imiş. Onlar canla-başla Yehovaya xidmət edir və bundan sevinc duyurdular. Biz əmin olduq ki, Yehovanın təşkilatı yaşadığımız balaca ərazi ilə məhdudlaşmır. Hər dəfə Bet-Eldən qayıdanda sevincdən qanadlanırdıq və bundan sonra Yehovaya daha səylə xidmət edirdik». Yehovanın təşkilatını yaxından görmək bu bacıları pioner xidmətinə başlamağa təşviq etdi və onlar hətta Bet-Eldə müvəqqəti könüllü kimi xidmət etməyə dəvət aldılar.
Yehovanın təşkilatını başqa üsulla da ‘görə’ bilərik. Bizdə olan imkan qədim İsrail xalqında yox idi. Son illər ərzində biz Yehovanın təşkilatı barədə daha ətraflı məlumat verən videofilmlər almışıq. Həmin filmlər bunlardır: «Yehovanın Şahidləri — xoş xəbəri bölüşmək üçün təşkil olunublar» (rus.), «Ümumdünya qardaşlığımız» (rus.), «Yerin ucqarlarınadək» (ing.), «Allahın təlimi altında birləşənlər» (ing.). Siz və ailəniz bet-ellilərin, fəlakət zamanı yardım göstərən könüllülərin, missionerlərin və konqresləri təşkil edən qardaşların ağır zəhmətini görəndə ümumdünya qardaşlığımızı daha çox qiymətləndirəcəksiniz.
Xoş xəbərin təbliğində və bacı-qardaşlara dəstək olmaqda hər yığıncağın vacib rolu var. Bununla belə, «bütün qardaşlığı» həmişə xatırlamaq üçün ailənizlə birgə vaxt ayırın. Bunun sayəsində sizin də, uşaqlarınızın da imanı möhkəm qalacaq və sevinmək üçün səbəbiniz olacaq (1 Pet. 5:9).
[18-ci səhifədəki çərçivə/şəkil]
Allahın təşkilatı Bunları araşdırmağa dəyər
Yehovanın təşkilatının tarixi və fəaliyyəti barədə öyrənmək üçün əlimizin altında çoxlu vəsait var. İlk əvvəl növbəti mövzuları araşdırmaq olar.
☞ Səyyar xidmətin təməli nə zaman qoyulub? («Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri», səh. 222—227).
☞ 1941-ci ildə keçirilən konqresin uşaqlar günündə diqqətəlayiq olan nə idi? («Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri», səh. 86, 88).
☞ Rəhbərlik Şurası qərarları necə verir? («Allahın Padşahlığı haqqında ‘ətraflı şəhadət verin’», səh. 108—114).