Həmimanlılarını heç vaxt tərk etmə!
«BİZNES aləminin parıltılı işıqları gözlərimizi kor etmişdi. Biz cah-calal içində yaşayırdıq. Həqiqətdə böyüsək də, Yehovadan çox uzaqlaşmışdıq və geriyə dönmək üçün ruhani gücümüz yox idi». Bu sözlər on il yığıncağa gəlməyən Yaroslavla Beataya məxsusdura.
Başqa qardaş, Marek, xatırlayır: «Polşada ictimai və siyasi vəziyyətdə baş verən dəyişikliklər ucbatından təzə işə girməyimlə çıxmağım bir olurdu. Özümü tamamilə çarəsiz hiss edirdim. Biznesdən başım çıxmadığı üçün şəxsi biznes qurmağa da tərəddüd edirdim. Lakin riskə getdim. Düşünürdüm ki, ruhaniliyimə heç bir xətər yetirmədən ailəmi daha yaxşı dolandıra biləcəyəm. Yalnız sonradan nə qədər yanıldığımı anladım».
Qiymətlərin və işsizliyin günü-gündən artdığı bir dünyada bəziləri ümidsizliyə qapılırlar və bu, onların səhv qərarlar vermələrinə səbəb olur. Bir çox bacı-qardaşlar iş vaxtından artıq işləmək, əlavə işə girmək və təcrübələri olmaya-olmaya, şəxsi biznes qurmaq qərarına gəlmişlər. Onların fikrincə, əlavə gəlir ailələrinin maddi vəziyyətini yaxşılaşdıracaq və ruhaniliklərinə mənfi təsir göstərməyəcək. Amma gözlənilməz hallar və qeyri-sabit iqtisadiyyat hətta yaxşı niyyətdən qurulan planları belə bəzən alt-üst edir. Nəticədə, bəziləri tamahkarlıq tələsinə düşür və ruhani işlərini maddi firavanlığa qurban verirlər (Vaiz 9:11, 12).
Bəzi bacı-qardaşların başı dünyəvi işlərə o qədər qarışıb ki, artıq şəxsi öyrənməyə, yığıncaq görüşlərinə və xidmətə vaxtları yoxdur. Əlbəttə, bu cür etinasızlıq onların ruhaniliklərinə və Yehova ilə münasibətlərinə zərər vurur. Bəziləri ‘iman qardaşları’ ilə olan dəyərli münasibətlərinə də son qoyublar (Qalat. 6:10). Digərləri isə həmimanlılarından yavaş-yavaş uzaqlaşıblar. Gəlin bu məsələni ciddi araşdıraq.
Həmimanlılarımızın qarşısında borcumuz
Ruhani ailənin üzvü olduğumuz üçün bir-birimizə məhəbbət göstərməliyik (Rom. 13:8). Yəqin ki, sənin yığıncağında «imdad diləyən» kəslər var (Əyy. 29:12). Ola bilsin, hətta bəzilərinin yaşamaq üçün ən zəruri şeyləri belə yoxdur. Həvari Yəhya bunun qarşımızda hansı imkanı açdığını xatırladır: «Firavan yaşayan adam qardaşının korluq çəkdiyini görüb ondan şəfqətini əsirgəyirsə, belə adamda Allaha qarşı məhəbbət necə ola bilər?» (1 Yəh. 3:17).
Bəlkə, sən hansısa həmimanlının ehtiyac içində olduğunu görüb ona kömək əlini uzatmısan. Lakin bacı-qardaşlara məhəbbətimiz onlara yalnız maddi cəhətdən kömək etməklə məhdudlaşmır. Bəzilərinin imdad diləmələrinə səbəb tənhalıq, yaxud da ruh düşkünlüyü ola bilər. Bəlkə də, onlar özlərini Yehovaya xidmət etməyə layiq bilmir, ciddi xəstəlikdən və ya əzizlərinin ölümündən əziyyət çəkirlər. Belə insanlara necə kömək etmək olar? Onlar danışanda diqqətlə qulaq as, söhbət et. Onda sən onlara emosional və ruhani cəhətdən necə kömək etməli olduğunu biləcəksən (1 Salon. 5:14). Adətən, bu, aramızdakı məhəbbət tellərini daha da möhkəmləndirir.
Xüsusilə də ağsaqqallar imdad diləyənlərə şəfqətlə qulaq asmalı, onlara anlayışla yanaşmalı və məhəbbətlə Müqəddəs Kitabdan məsləhətlər verməlidirlər (Həv. iş. 20:28). Bununla onlar ruhani bacı-qardaşlarını ürəkdən sevən həvari Paveli təqlid etmiş olurlar (1 Salon. 2:7, 8).
Bəs əgər məsihçi yığıncaqdan uzaqlaşırsa, həmimanlıları qarşısında borcunu necə yerinə yetirəcək? Hətta ağsaqqallar belə maddi hərislik tələsinə düşməkdən sığortalanmayıblar. Əgər bu baş veribsə, nə etmək olar?
Başları həyatın qayğılarına qarışanlar
Yuxarıda qeyd olunduğu kimi, ailəmizin əsas ehtiyaclarını ödəmək üçün çəkdiyimiz ağır zəhmət çox vaxt narahatçılıqlara səbəb olur. Bu, ruhani dəyərlərin gözümüzdən düşməsinə gətirib çıxara bilər (Mat. 13:22). Haqqında danışdığımız Marek deyir: «Biznesim iflasa uğrayanda xaricdə yüksəkməvacibli iş axtarmaq qərarına gəldim. Beləliklə, üç aylığa xaricə getdim, sonra isə qısa müddət üçün evə qayıtdım. Beləcə hər dəfə üç aylıq oraya gedib-gəlirdim. Bu, imanıma şərik olmayan yoldaşıma mənəvi cəhətdən pis təsir göstərirdi».
Ancaq bundan əziyyət çəkən yalnız ailə deyil. Marek sözünə davam edir: «Dözülməz istidə işləməyim azmış kimi, başqalarını istismar etməyə çalışan insafsız adamların əlindən əziyyət çəkirdim. Onlar quldurlardan heç fərqlənmirdilər. Bərk dilxor olurdum, mənə ağalıq etdiklərini hiss edirdim. Fikirləşirdim ki, özümün ruhani tələbatlarını ödəmək üçün vaxt ayırmadığım halda, başqalarına necə kömək edə bilərəm?»
Marekin qərarının acı nəticələri bizi düşünməyə vadar etməlidir. Hətta xaricə köçmək maddi problemlərimizdən ən yaxşı çıxış yolu kimi görünsə də, məgər bu, özü ilə yeni çətinliklər gətirməyəcək? Götürək ailəmizin ruhani və emosional firavanlığını. Bunların aqibəti necə olacaq? Xaricə köçməyimiz yığıncaqla əlaqəmizi kəsməyəcək ki? Yaxud da həmimanlılarımıza xidmət etmək şərəfindən məhrum etməyəcək ki? (1 Tim. 3:2—5).
Yəqin, özün də bilirsən ki, insanın başının dünyəvi işə qarışması üçün onun xarici ölkəyə getməsi şərt deyil. Yaroslavla Beatanın nümunəsinə nəzər salaq. Qardaş xatırlayır: «Hər şey çox sadə başlamışdı. Toydan sonra biz yaxşı yerdə kiçik bir qəlyanaltı dükanı açdıq. Gəlirimiz artdıqca biznesimizi genişləndirirdik. Amma vaxtımız az olduğundan görüşləri buraxmağa başladıq. Çox keçmədi ki, pioner xidmətini dayandırdım və xidməti köməkçi olmaqdan imtina etdim. Pul ağlımızı başımızdan almışdı. Biz yeni və daha böyük dükan açdıq, eləcə də həqiqətdə olmayan insanla şərik olduq. Bir müddət sonra mən xaricə gedib milyonlarla dollarlıq müqavilələr bağlamağa başladım. Evdə az-az olurdum; yoldaşım və qızımla münasibətim pisləşdi. Nəhayətdə, işimizin yaxşı getməsi bizi ruhani yuxuya verdi. Yığıncaqla əlaqəmizi tamamilə kəsdiyimiz üçün bacı-qardaşlar artıq yadımıza düşmürdü».
Bundan özümüzə hansı ibrət dərsi götürə bilərik? Yağ-bal içində yaşamaq istəyi məsihçini tələyə sala bilər. Ola bilsin, o, özündən razı olmağa başlasın, hətta «paltarını», yəni məsihçi mənliyini itirsin (Vəhy 16:15). Bu, bizi əvvəllər kömək etdiyimiz bacı-qardaşlardan uzaqlaşdıra bilər.
Özünü vicdanla yoxla
Ola bilsin, biz: «Mənim başıma heç vaxt belə iş gəlməyəcək», — deyə fikirləşirik. Amma yaxşı olardı ki, hər birimiz yaşamaq üçün zəruri olan şeylərdən əslində insana nə qədər lazım olduğunu ciddi götür-qoy edək. Həvari Pavel yazmışdı: «Biz bu dünyaya heç nə gətirməmişik, özümüzlə də heç nə aparmayacağıq. Buna görə də yeməyimiz, paltarımız və qalmağa yerimiz varsa, bunlarla qane olacağıq» (1 Tim. 6:7, 8). Qeyd etmək lazımdır ki, müxtəlif ölkələrdə həyat səviyyəsi müxtəlifdir. İnkişaf etmiş ölkələrdə minimum hesab olunan şeylər bir çox başqa ölkələrdə süd gölündə üzmək kimi görünə bilər.
Yaşadığımız ölkədəki həyat səviyyəsinin necə olmasından asılı olmayaraq, Pavelin növbəti sözlərinə diqqət yetirməliyik: «Varlanmaq istəyənlər şirniklənib tələyə düşürlər, insanı fəlakətə və məhvə aparan bir çox mənasız və zərərli xəyallara qapılırlar» (1 Tim. 6:9). Tələni şikarın gözü qabağına qoymurlar. Ovçunun məqsədi qurbanı qəflətən yaxalamaqdır. Bəs biz ‘zərərli xəyallar’ tələsinə düşməmək üçün nə etməliyik?
Nəyin daha vacib olduğunu ayırd etmək bizə Yehovaya xidmətə, eləcə də şəxsi öyrənməyə daha çox vaxt ayırmağa təşviq edəcək. Bu cür öyrənmə sayəsində məsihçi başqalarına kömək etmək üçün «tam səriştəli, hər cür yaxşı işə tamamilə hazır ola bilər» (2 Tim. 2:15; 3:17).
Bir neçə il ərzində qayğıkeş ağsaqqallar Yaroslava kömək etməyə və onu ruhlandırmağa çalışırdılar. Bu, onu həyatında köklü dəyişikliklər etməyə təşviq etdi. O deyir: «Həlledici söhbət zamanı ağsaqqallar Müqəddəs Kitabdan əbədi yaşamaq arzusunda olan, lakin var-dövlətindən əl çəkmək istəməyən varlı gəncin nümunəsini çəkmişdilər. Sonra onlar nəzakətlə bu nümunənin şəxsən mənə aidiyyəti olub-olmadığını soruşdular. Elə bil, gözlərim bağlı idi, açıldı!» (Sül. məs. 11:28; Mark 10:17—22).
Yaroslav vəziyyətini vicdanla nəzərdən keçirdikdən sonra böyük biznesdən getmək qərarına gəldi. İki ilin içində o və ailəsi ruhani sağlamlıqlarını bərpa etdilər. İndi Yaroslav ağsaqqal kimi bacı-qardaşlarına xidmət edir. O deyir: «Hansısa qardaş ruhaniliyinə zərər dəyəcək dərəcədə biznesə girişəndə mən öz nümunəmi çəkərək imansızlarla eyni boyunduruğa girməyin nə qədər ağılsızlıq olduğunu göstərirəm. Şirnikdirici təkliflərə “yox” demək və dürüst olmayan işlərdən uzaq durmaq asan deyil» (2 Kor. 6:14).
Marek də başı daşa dəyəndən sonra özünə dərs götürdü. Xaricdə yüksəkməvacibli işdə işləyərkən ailəsini dolandıra bilsə də, Allahla və həmimanlıları ilə münasibəti əvvəlki kimi deyildi. Bir müddət sonra o, papağını qabağına qoyub fikirləşməyə başladı. O deyir: «Uzun illər ərzində mənim vəziyyətim ‘özü üçün çox şey istəyən’ Barukun vəziyyətinə bənzəyirdi. Nəhayət, mən ürəyimi Yehovaya boşaltdım və məni narahat edən hər şeyi Ona danışdım. Fikrimcə, indi ruhani tarazlığı bərpa etmişəm» (Yer. 45:1—5). Hal-hazırda Marek daha «yaxşı iş»ə — yığıncaqda nəzarətçi olmağa can atır (1 Tim. 3:1).
İndi Marek gəlirli iş tapmaq məqsədilə xaricə üz tutmaq fikrində olanları xəbərdar edir: «Xaricdə yaşayanda insan asanlıqla bu pis dünyanın tələlərinə düşə bilər. Həmin ölkənin dilini bilməmək başqaları ilə ünsiyyəti çətinləşdirir. Bəlkə də, evə cibi dolu qayıdacaqsan, amma ruhani yaraların da az olmayacaq və onlar sağalanacan xeyli müddət keçə bilər».
Dünyəvi işlə bacı-qardaşlarımızın qarşısında borcumuz arasında tarazlığı qorumaqla Yehovanın ürəyini sevindirəcəyik. Üstəlik, bizim nümunəmiz başqalarını müdrik qərarlar qəbul etməyə təşviq edə bilər. Yükləri ağır olanların dəstəyə, şəfqətə və bacı-qardaşlarının yaxşı nümunələrinə ehtiyacı var. Ağsaqqallar və digər yetkin məsihçilər həmimanlılarına tarazlığı qorumağa və həyatın qayğılarına qərq olmaqdan qaçmağa kömək edə bilərlər (İbr. 13:7).
Gəlin yol verməyək ki, dünyəvi işimiz həmimanlılarımızı tərk etməyimizə səbəb olsun (Filip. 1:10). Əksinə, Padşahlıq işini birinci yerə qoyaraq ‘Allahın gözündə varlanaq’ (Luka 12:21).
[Haşiyə]
a Bəzi adlar dəyişdirilib.
[21-ci səhifədəki şəkillər]
İşin yığıncaq görüşlərində iştirak etməyinə mane olmur ki?
[23-cü səhifədəki şəkillər]
Ruhani bacı-qardaşlarına kömək etmək imkanını qiymətləndirirsən?