Uşaqlarınızı öyrədin
Heç özünü başqaları tərəfindən rədd edilmiş hiss etmisənmi?
RƏDD EDİLMİŞ dedikdə başqalarının kimisə öz aralarına qəbul etmədikləri kəs nəzərdə tutulur. Ola bilsin, insan dərisinin rənginə, milliyətinə, danışığına və hərəkətlərinə görə başqalarından fərqlənir. Heç özünü başqaları tərəfindən rədd edilmiş hiss etmisənmi? ~a
Gəl bu kimi hissləri keçirmiş bir adam haqqında danışaq. Onun adı Mefiboşet idi. Gəl öyrənək, görək, o, kim olub və nə üçün insanlar ondan uzaq gəzib. Əgər haçansa sən də özünü rədd olunmuş hiss etmisənsə, onda Mefiboşetdən çox şey öyrənə bilərsən.
Mefiboşet Davudun yaxın dostu Yonatanın oğlu idi. Yonatan döyüşdə həlak olmamışdan qabaq, Davuddan uşaqlarına qarşı xeyirxah olmağı xahiş etmişdi. Davud padşah oldu, illər keçəndən sonra Yonatanın sözləri onun yadına düşdü. Yonatanın uşaqlarından yalnız Mefiboşet qalmışdı. O, balaca olanda bədbəxt bir hadisə ilə üzləşmiş və bütün həyatı boyunca ayaqdan şikəst qalmışdı. İndi sən başa düşürsən, nəyə görə o, özünü rədd edilmiş hiss edirdi? ~
Davud Yonatanın oğluna qarşı xeyirxahlıq etmək istədi. Buna görə də, o, Mefiboşeti Yerusəlimə öz evinin yaxınlığına gətizdirdi, ona öz süfrəsində yer ayırdı. Həmçinin Davud Siva adlı adamı oğulları və qulları ilə birlikdə Mefiboşetə xidmətçi verdi. Davud, həqiqətən də, Yonatanın oğluna qarşı böyük bir ehtiram göstərdi. Bəs bilirsən sonra nə baş verdi? ~
Davudun ailəsində bədbəxtlik baş verdi. Onun oğullarından biri, Avşalom atasına qarşı çıxaraq padşah olmaq istəyirdi. Davud canını qurtarmaq üçün qaçmalı oldu. Onu qanuni padşah kimi qəbul edənlər onunla getdilər. Mefiboşet də onlarla getmək istəyirdi, ancaq gedə bilmədi, çünki güclə yeriyirdi.
Onda Siva Davuda dedi ki, guya Mefiboşet əslində padşah olmaq istədiyi üçün qalıb. Davud bu yalana inandı və Mefiboşetin bütün mülkünü Sivaya verdi. Tezliklə, Davud Avşalomla döyüşdə qalib gəldi və Yerusəlimə qayıtdı. İndi o, hadisəni Mefiboşetin öz dilindən eşidir və əmr edir ki, mülk Siva ilə Mefiboşet arasında bölünsün. Səncə, Mefiboşet nə etdi? ~
O, narazılığını bildirərək Davudun qərarının ədalətsiz olduğunu demədi. Mefiboşet başa düşürdü ki, sülh hökm sürməsə, padşah ölkəni yaxşı idarə edə bilməz. Buna görə də o dedi ki, bütün mülkü Siva özünə götürə bilər. Mefiboşet üçün ən əsası Yehova Allahın padşah təyin etdiyi Davudun Yerusəlimə qayıtması idi.
Mefiboşetin həyatı heç də asan olmayıb. O, tez-tez özünü rədd edilmiş hiss edirdi. Ancaq Yehova Mefiboşeti çox sevir və onun qayğısına qalırdı. Bu hadisədən biz nə öyrənə bilərik? ~ Düzgün hərəkət etmiş olsaq belə, kimsə bizim haqqımızda yalanlar danışa bilər. İsa demişdi: «Əgər dünya sizə nifrət edirsə, bilin ki, sizdən qabaq mənə nifrət edib». İsanı hətta öldürdülər! Ancaq biz əmin ola bilərik ki, doğru olanı ediriksə, həqiqi Allah Yehova və Onun oğlu İsa Məsih bizi sevəcək.
Müqəddəs kitabınızdan oxuyun
2 Şamuel 4:4; 9:1—10; 19:24—30
[Haşiyə]
a Əgər bu məqaləni uşaqla oxuyursunuzsa, qoyulan tilda (~) işarəsi göstərir ki, pauza etmək və uşağı öz fikrini söyləməyə təşviq etmək lazımdır.