Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/5 s. 8—12
  • Onlar bədənlərindəki neştərlərə tab gətirdilər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Onlar bədənlərindəki neştərlərə tab gətirdilər
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Sınaqlar nəyə görə neştərə bənzəyir?
  • Mefiboşetə iztirab verən neştərlər
  • Nehemya sınaqlara tab gətirdi
  • Bir çoxları bədənlərindəki neştərə tab gətirmişlər
  • Heç özünü başqaları tərəfindən rədd edilmiş hiss etmisənmi?
    Gözətçi qülləsi 2011
  • Bulusun cisminə batırılan tikan
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
  • Bədəndəki neştərin öhdəsindən gəlin
    Gözətçi qülləsi 2002
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2022
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/5 s. 8—12

Onlar bədənlərindəki neştərlərə tab gətirdilər

“Bədənimə bir neştər, şeytanın mələki verilmişdir ki... məni yumruqlasın” (2 KORİNFLİLƏRƏ 12:7, İ-93).

1. Bu gün insanlar hansı problemlərlə qarşılaşırlar?

HAL-HAZIRDA mübarizə apardığınız hər hansı çətinlik varmı? Əgər belədirsə, yalnız deyilsiniz. Yaşadığımız “çətin anlarda” sadiq məsihçilər güclü müqavimətlərdən, ailədə baş verən çəkişmələrdən, xəstəliklərdən, maliyyə çətinliklərindən, emosional həyəcanlardan, əzizlərini itirməkdən və bu kimi digər problemlərdən əziyyət çəkirlər (2 Timoteyə 3:1-5). Bə’zi ölkələrdə mövcud olan aclıq və müharibələr bir çox insanların həyatını təhlükə altına alır.

2, 3. Qarşılaşdığımız neştərə bənzər əziyyətlər hansı mənfi əhval-ruhiyyə yarada bilər və bu cür əhval-ruhiyyə nə üçün təhlükəlidir?

2 Bu cür problemlər, xüsusilə də əgər bir neçə bədbəxtlik eyni zamanda baş verirsə, insanları tamam ümidsiz hala sala bilər. Süleymanın məsəlləri 24:10 ayəsində deyilir: “Sıxıntı günündə əgər zəifləsən, qüvvətin azdır”. Problemlər üzündən yaranan mə’yusluq bizi lazımi qüvvədən məhrum etməyə və sona qədər dözmək qərarımızı zəiflətməyə qabildir. Bu necə baş verir?

3 Mə’yusluq ucbatından obyektiv düşünmə qabiliyyətini itirmək olar. Məsələn, problemi asanlıqla şişirdib, özümüzü aciz sanmağa başlaya bilərik. Hətta bə’ziləri: “Allah, sən buna necə yol verirsən?” - deyə, öz təəccüblərini bildirirlər. Əgər belə mənfi əhval-ruhiyyə ürəkdə kök salarsa, bu insanı sevincdən məhrum edib, onun qəlbində təşviş yarada bilər. Allahın xidmətçisi elə bir ümidsizliyə qapıla bilər ki, “iman uğrunda gedən mübarizəyə” son qoya bilər (1 Timoteyə 6:12).

4, 5. Bə’zi hallarda Şeytan bizim problemlərimizə necə səbəb olur, buna baxmayaraq biz nəyə əmin ola bilərik?

4 Əlbəttə ki, çəkdiyimiz iztirabların səbəbkarı Yehova Allah deyil (Yaqub 1:13). Allaha sadiq qalmaq istəyimizə görə bə’zi problemlərlə qarşılaşırıq. Əslində Yehovaya xidmət edən kəslər, Allahın baş düşməni olan Şeytan İblis üçün hədəfə çevrilirlər. “Bu əsrin [pis] tanrısı” vaxtının az qaldığı müddətdə çalışır ki, Yehovanı sevənlərin hamısını, Onun iradəsini yerinə yetirməyə son qoymağa təhrik etsin (2 Korinflilərə 4:4). Şeytan ümumdünya qardaşlığımıza daha çox əzab çəkdirməyə can atır (1 Peter 5:9). Əlbəttə, demək olmaz ki, bütün problemlərimizdə bilavasitə Şeytan günahkardır, lakin o, bizi zəiflətmək məqsədilə, yaranan çətinlikləri öz məqsədlərində istifadə edir.

5 Şeytan və onun tələləri nə qədər dəhşətli olsa da, biz ona qalib gələ bilərik! Biz buna nə üçün əminik? Ona görə ki, Yehova Allah bizim uğrumuzda mübarizə aparır. Allah qayğı göstərib ki, Onun xidmətçiləri İblisin fitnələrindən xəbərdar olsunlar (2 Korinflilərə 2:11). Allahın Kəlamı, məsihçilərin başına gələn sınaqlardan çox bəhs edir. Müqəddəs Kitabda həvari Pavelin başına gələn hadisə ilə əlaqədar “bədənimə bir neştər” ifadəsi istifadə olunur. Nə üçün? Gəlin, nəzərdən keçirək görək, bu sözü Allahın Kəlamı necə izah edir. O zaman görəcəyik ki, sınaqlara tab gətirmək üçün Yehovanın köməyinə yalnız biz ehtiyac duymuruq.

Sınaqlar nəyə görə neştərə bənzəyir?

6. Pavel “bədənimə bir neştər” dedikdə nəyi nəzərdə tuturdu və bu neştər nə ola bilərdi?

6 Çoxsaylı sınaqlara tab gətirən Pavel, Allahdan ilham alaraq yazmışdır: “Bədənimə bir neştər, şeytanın mələki verilmişdir ki... öyünməyim və məni yumruqlasın” (2 Korinflilərə 12:7, İ-93). Pavelin bədənindəki neştər nə idi? Bədənin dərinliyinə işləyən neştər çox güclü əziyyət verir. Bu metafora, Pavelin fiziki və ya emosional, yaxud da, ola bilsin, hər iki cəhətdən əziyyət çəkdiyini anlamağa kömək edir. Bəlkə də Pavel göz xəstəliyindən və ya hər hansı başqa fiziki zəiflikdən əziyyət çəkirdi. Yaxud da, ola bilsin, bu neştər, Pavelin bir həvari, təbliğçi və müəllim kimi nüfuzunu şübhə altına alan insanlar idi (2 Korinflilərə 10:10-12; 11:5, 6, 13). Bu neştər hər nə olsa da, onu aradan qaldırmaq mümkün deyildi və Pavel buna tab gətirməliydi.

7, 8. a) “Yumruqlamaq” ifadəsi hansı mə’nanı verir? b) Bu gün bizi narahat edən neştərlərlə mübarizə aparmaq nəyə görə olduqca vacibdir?

7 Neştərin Paveli həmişə “yumruqladığına” diqqət yetirin. Maraqlıdır ki, Pavelin istifadə etdiyi yunan fe’li “barmaq sümükləri” sözündən əmələ gəlir. Bu söz Matta 26:67 ayəsində hərfi mə’nada, 1 Korinflilərə 4:11 ayəsində isə məcazi mə’nada istifadə olunur. Bu ayələrdə “yumruqlamaq” mə’nası verilir. Şeytan bütün varlığı ilə Yehova və Onun xidmətçilərinə nifrət etdiyi üçün, Allahın bu düşməni neştərin Paveli yumruqladığına çox şad olurdu. Bu gün də biz, bədəndəki neştər üzündən əziyyət çəkəndə Şeytan şadlanır.

8 Bu səbəbdən, Pavel kimi biz də neştərin öhdəsindən necə gələcəyimizi bilməliyik. Həyatımız bundan asılıdır! Unutmayın: Yehova istəyir ki, biz Onun, insanlara heç bir şeyin əzab verməyəcəyi yeni dünyasında əbədiyyən yaşayaq. Bu gözəl mükafatı əldə etməyimizə kömək olsun deyə, Allah öz Kəlamı olan Müqəddəs Kitabın vasitəsilə çoxlu nümunələr verməklə göstərir ki, Onun sadiq xidmətçiləri bədənlərindəki neştərlərin verdiyi iztirablara müvəffəqiyyətlə tab gətirə bilərlər. Bu insanlar da bizim kimi sadə, qeyri-kamil olmuşlar. Böyük “şahidlər buludu” arasında mövcud olan bu cür nümunələr, “qarşımıza qoyulan yarışda mətanətlə qaçmağa” kömək edəcək (İbranilərə 12:1). Onların tab gətirdiyi sınaqlar üzərində düşünmək, Şeytan tərəfindən bizə qarşı istifadə olunan bədəndəki hər hansı neştərə bizim də dözəcəyimizə əminliyimizi möhkəmlədir.

Mefiboşetə iztirab verən neştərlər

9, 10. a) Mefiboşet bədəninə neştər olan bəlaya necə düçar oldu? b) Davud padşah Mefiboşetə necə mərhəmət göstərdi və biz Davudu necə təqlid edə bilərik?

9 Davudun dostu Yonatanın oğlu Mefiboşeti xatırlayaq. Mefiboşet beş yaşında ikən atası Yonatanın və babası Saulun ölüm xəbəri gəldi. Mefiboşetin dayəsi təlaş içində “onu alıb qaçdı; və qaçmaq üçün tələsdiyindən uşaq düşüb topal oldu” (2 Samuel 4:4). Şikəst olduqdan sonra Mefiboşet, yəqin ki, uşaqlıqdan bədənindəki neştər ucbatından çoxlu iztirab çəkmişdir.

10 Bir nəçə ildən sonra Davud padşah, Yonatana bəslədiyi dərin məhəbbət sayəsində Mefiboşetə lütf göstərdi. Davud, Saula məxsus olan bütün torpaq və mülkü Mefiboşetə qaytardı və Saulun qulu Tsibanı torpağa baxmağa tə’yin etdi. Davud, həmçinin Mefiboşetə dedi: “Sən daima mənim süfrəmdə çörək yeyəcəksən” (2 Samuel 9:6-10). Şübhəsiz ki, Davudun göstərdiyi mərhəmət və xeyirxahlıq Mefiboşetə təsəlli verir, onun fiziki çatışmazlığı ucbatından çəkdiyi iztirabı bir qədər yüngülləşdirirdi. Bizim üçün necə də gözəl dərsdir! Bədəndəki neştərdən iztirab çəkənlərə biz də mərhəmət göstərməliyik.

11. Tsiba Mefiboşet haqqında nə söylədi və bunun yalan olduğunu haradan bilirik? (Haşiyəyə baxın.)

11 Daha sonra, Mefiboşet bədənindəki başqa bir neştərlə mübarizə aparmalı oldu. Onun qulu Tsiba, oğlu Abşalomun üsyanı üzündən Yerusəlimdən qaçdığı zaman Davudun qarşısında Mefiboşetə böhtan atdı. Tsiba, Mefiboşetin padşahlığı ələ keçirmək məqsədi ilə Davuda xainlik etdiyini və Yerusəlimdə qaldığını söylədia. Davud Tsibanın böhtanına inanaraq, Mefiboşetin bütün malını həmin yalançıya verdi! (2 Samuel 16:1-4).

12. Baş verən hadisəyə Mefiboşet necə münasibət göstərdi və bizə nədə gözəl nümunə verdi?

12 Nəhayət, Mefiboşet Davudla rastlaşan zaman həqiqəti ona danışdı. Mefiboşet Davuda qoşulmağa hazırlaşarkən, Tsiba onu aldatmış və əvəzinə özü getmişdi. Davud ədaləti bərpa etdimi? Qismən. O, torpağı və mülkü iki adam arasında böldü. Bu, Mefiboşet üçün daha bir neştər ola bilərdi. O, çoxmu mə’yus oldu? Belə qərarın ədalətsiz olduğunu irəli sürərək, Davuda qarşı e’tiraz etdimi? Xeyr, o, padşahın istəyindən təvazökarlıqla razı qaldı. O, İsrailin qanuni padşahının xilasına sevinərək, hadisənin müsbət cəhətlərinə diqqət yetirdi. Mefiboşet, xəstəliyə, böhtana və mə’yusluğa tab gətirməkdə bizə gözəl nümunə vermişdir (2 Samuel 19:24-30).

Nehemya sınaqlara tab gətirdi

13, 14. Nehemya, Yerusəlimin divarlarını bərpa etməyə qayıdanda hansı neştərlərə tab gətirməli oldu?

13 Eramızdan əvvəl V əsrdə Yerusəlimə qayıdıb, onun dağılmış divarlarını görən Nehemyanın məcazi neştərini təsəvvür edin. O, şəhərin tam müdafiəsiz halda, oraya qayıdan yəhudilər isə təlaş içində, üstəlik də qeyri-mütəşəkkil və Yehovanın gözündə natəmiz olduğunu gördü. Artakserks padşahın Yerusəlim divarlarının bərpası üçün fərman verməsinə baxmayaraq, Nehemya, bir az keçmədən qonşu ərazilərin hökmdarlarının bu fərmana hər cür qarşı çıxdıqlarını gördü. “İsrail oğullarının yaxşılığını aramaq üçün bir adamın gəlmiş olması onlara böyük dərd oldu” (Nehemya 2:10).

14 Bu əcnəbi düşmənlər Nehemyanın başladığı işi dayandırmaq üçün əllərindən gələni edirdilər. Onların təhdidləri, yalanları, böhtanları, hədə-qorxu gəlmələri, həmçinin onun cəsarətini sındırmaq üçün göndərilən casusların fitnələri, Nehemyanın bədəninə neştər kimi tə’sir göstərirdi. O, düşmənlərin hiyləsinin tə’siri altına düşdümü? Xeyr! O, bütünlüklə Yehovaya bel bağladı və zəifləmədi. Nəhayət Yerusəlimin divarları bərpa olundu və bu, Yehovanın Nehemyaya məhəbbətlə dayaq durduğuna güclü şəhadət oldu (Nehemya 4:1-12; 6:1-19).

15. Yəhudilər arasında mövcud olan hansı problemlər Nehemyanı çox narahat edirdi?

15 Yəhudilərin rəisi kimi Nehemya Allahın xalqı arasında bir çox problemlərlə qarşılaşmalı oldu. Bu çətinliklər, İsrail xalqının Allahla olan münasibətini pozduğu üçün, Nehemyaya dərin yara vuran neştərlərə bənzəyirdi. Varlılar xalqdan yüksək faizlər alır, onların yoxsul qardaşları isə borclarını qaytarmaq və farslara vergilər ödəmək üçün torpaqlarından məhrum olur, hətta öz uşaqlarını qul kimi satmaq məcburiyyətində qalırdılar (Nehemya 5:1-10). Yəhudilərin bir çoxu şənbəyə riayət etmir, levililərə və mə’bədin işlərinə maddi cəhətdən kömək göstərmirdilər. Bundan başqa, onlardan bə’ziləri “Aşdodlu və Ammoni və Moablı arvadlar almışlar”. Bu cür davranışlar, Nehemyanı necə də kədərləndirirdi! Lakin bu neştərlərin heç biri onu ruhdan sala bilmədi. O, hər dəfə Allahın ədalətli qanunlarını müdafiə edirdi. Gəlin, Nehemya kimi biz də, başqalarının saxta davranışının bizi Yehovaya sədaqətlə xidmət etməkdən uzaqlaşdırmasına heç zaman yol verməyək! (Nehemya 13:10-13, 23-27).

Bir çoxları bədənlərindəki neştərə tab gətirmişlər

16-18. İshaq ilə Rivqa, Hanna, Davud və Hoşea ailə həyatlarında hansı faciələrə tab gətirməli olmuşlar?

16 Bədəndəki neştər kimi iztirab verən vəziyyətlərə insanların necə tab gətirməsinə dair Müqəddəs Kitabda çoxlu nümunələr var. Bu cür sınaqlara ən çox ailədəki problemlər səbəb olur. Esavın iki arvadı onun valideynləri “İshaqa və Rivqaya ürək acısı oldular”. Rivqa, hətta belə demişdir: “Hetli qızların əlindən həyatımdan bezdim” (Yaradılış 26:34, 35; 27:46, MKŞ). Hannanı və sonsuz olduğuna görə “onu qəzəbləndirən” rəqibi Peninnanı da xatırlayın. Yəqin ki, Hanna bu cür hücumlara onlar evdə tək olanda daha tez-tez mə’ruz qalırdı. Peninna başqalarının yanında da Hannanı kədərləndirirdi. Ola bilsin ki, Peninna ailə Şiloya bayrama gedən zaman qohum və dostların yanında da bu cür davranırdı. O zaman neştər Hannanın bədəninə daha dərin sancılırdı (1 Samuel 1:4-7).

17 Həsədə mübtəla olan Saul padşah Davudu tə’qib etdiyi zaman onun nələrə tab gətirdiyini xatırlayaq. Həyatını xilas etmək üçün, Davud En-gedi səhrasındakı mağaralarda yaşamaq, sıldırım qayalara dırmaşmaq və ensiz cığırları keçmək məcburiyyətində qalmışdı. Ədalətsizlik onu, yəqin ki, sıxışdırırdı, axı o, Saula heç bir pislik etməmişdi. Buna baxmayaraq, Davud, Saulun həsədi ucbatından illərlə gizlənməli olmuşdu (1 Samuel 24:14, 15; Süleymanın məsəlləri 27:4).

18 Peyğəmbər Hoşeanın ailə həyatında tab gətirdiyi faciəni təsəvvür edin. Onun arvadı zina etmişdi. Arvadının əxlaqsızlığı hər halda Hoşeanın ürəyinə sancılan neştər kimi idi. Əxlaqsızlığı nəticəsində arvadı qeyri-qanuni iki uşaq doğanda, Hoşeanın iztirabı, yəqin ki, daha da artdı! (Hoşea 1:2-9).

19. Peyğəmbər Mikaya hansı tə’qiblərə tab gətirdi?

19 Tə’qiblər də bədənə neştər ola bilər. Mikaya peyğəmbərin başına gələn əhvalatı nəzərdən keçirək. Padşah Ahabın ətrafına yalançı peyğəmbərləri toplaması və onların mənfur yalanlarına inanması ədaləti sevən Mikayaya əzab verirdi. Mikaya Ahaba həmin peyğəmbərlərin dilində “yalançı bir ruh” olduğunu dedikdə, yalançı peyğəmbərlərin başçısı nə etdi? O, “Mikayanın yanağına vurdu”! Yehovanın Ramot-gileadı qaytarmaq mümkün olmadığını əvvəlcədən söyləməsinə Ahabın göstərdiyi münasibət daha dəhşətli idi. Ahab əmr etdi ki, Mikayanı zindana atsınlar və çox az yemək versinlər (1 Krallar 22:6, 9, 15-17, 23-28). Həmçinin, Yeremyanı və onun tab gətirdiyi qəddarlıqları da xatırlayın (Yeremya 20:1-9).

20. Naomi hansı neştərə tab gətirdi və necə mükafatlandırıldı?

20 Yaxın adamların ölümü də bədənə neştər kimi sancıla bilən başqa bir acınacaqlı vəziyyətdir. Naomi ərinin və iki oğlunun itkisinə dözməli olmuşdur. Bu kədərin acısını çəkən Naomi Beytlehemə qayıtdı. Dostlarından artıq onu Naomi deyil, başına gələnlərin nə qədər acı olduğunu göstərən Mara adı ilə çağırmağı xahiş etdi. Sarsılmaz qaldığına görə, nəticədə Yehova Naomini Məsihin ulu valideyni olacaq övladla mükafatlandırdı (Rut 1:3-5, 19-21; 4:13-17; Matta 1:1, 5).

21, 22. Eyub hansı bədbəxtliklərlə qarşılaşdı və bunlara necə münasibət göstərdi?

21 On əziz uşağının gözlənilməz ölümünün Eyuba necə zərbə vurduğu haqda düşünün. Üstəlik o, sürülərindən və qullarından da məhrum oldu. Sanki bir an içində Eyub hər şeyi itirdi. Hələ Eyub bu zərbələrdən özünə gəlməmişdi ki, Şeytan ona xəstəlik verdi. Yəqin Eyub, bu xəstəlikdən öləcəyini düşünürdü. Ağrılar o qədər dözülməz idi ki, iztirablardan qurtuluş kimi ölümü gözləyirdi (Eyub 1:13-20; 2:7, 8).

22 Bütün bunlar az imiş kimi, onun arvadı qüssə və kədər içində ona yaxınlaşıb dedi: “Allaha lə’nət et və öl!” Eyub üçün bu sözlər acı neştər kimi idi! Üstəlik üç dostu təsəlli vermək əvəzinə, onu riyakarlıqla ittiham etdilər. Onların fikrincə Eyub gizlində işlətdiyi günahlara görə əzab çəkirdi. Onların bu cür səhv düşüncə tərzi Eyubun bədəninə neştəri daha dərin sancırdı. Həmçinin, unutmayaq ki, Eyub bu bədbəxtliklərin nəyə görə baş verdiyini və axırda sağ qalacağını bilmirdi. Lakin “bu işin hamısında Eyub suç işləmədi və Allaha uyğunsuzluq yükləmədi” (Eyub 1:22; 2:9, 10; 3:3; 14:13; 30:17). Eyub gözlənilmədən çoxsaylı neştərlərin acısına mə’ruz qalsa da, Allaha olan sədaqətini qorudu. Bu bizi necə də ruhlandırır!

23. Bu məqalədə haqqında bəhs olunan Allaha sadiq insanlar bədənlərinə neştər kimi sancılan bütün sınaqlara nə üçün tab gətirə bilmişlər?

23 Burada verilən nümunələrlə Allahın xidmətçilərinin tab gətirdikləri sınaqların hamısı göstərilmir. Müqəddəs Kitabda daha çox nümunələr tapmaq olar. Allaha sadiq insanların hamısı bədənlərində neştərə tab gətirməli olmuşlar. Onlar müxtəlif çətinliklərlə qarşılaşmışlar. Buna baxmayaraq, onları bir şey birləşdirir: onların heç biri Yehovaya etdikləri xidmətə son qoymadılar. Həyatın çətinliklərinə baxmayaraq, Yehovanın verdiyi qüvvə sayəsində Şeytana qalib gəldilər. Onlar buna necə tab gətirdilər? Növbəti məqalə bu suala cavab verəcək və bədənimizə neştər kimi sancılan bütün sınaqlara necə tab gətirə biləcəyimizi göstərəcək.

[Haşiyə]

a Bu cür şöhrətpərəstlik planı, yaxşılığın qədrini bilən və təvazökar olan Mefiboşetə xas deyildi. Şübhəsiz ki, o, atası Yonatanın təmiz ad qazandığını və Saulun oğlu olsa da, Yehovanın Davudu İsrailə padşah seçdiyini qəbul etdiyini bilirdi (1 Samuel 20:12-17). Allahdan qorxan və Davud padşahın sadiq dostu olan Mefiboşetin atası Yonatan gənc oğluna padşahlığı ələ keçirməyi öyrətməzdi.

Siz necə cavab verərdiniz?

• Qarşılaşdığımız çətinlikləri nə üçün bədənə sancılan neştərlə müqayisə etmək olar?

• Mefiboşet və Nehemyanın tab gətirməli olduqları neştərlərdən bə’ziləri hansılardır?

• Bədənlərindəki müxtəlif neştərlərə tab gətirməli olan kişi və qadınlarla əlaqədar Müqəddəs Yazılarda bəhs olunan yuxarıdakı nümunələrdən hansı sizə xüsusilə tə’sir bağışladı və nəyə görə?

[9-cu səhifədəki şəkillər]

Mefiboşet xəstəliyə, böhtana və mə’yusluğa baxmayaraq tab gətirdi.

[10-cu səhifədəki şəkil]

Nehemya düşmənlərin hücumuna sarsılmazlıqla tab gətirdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş