Sadə ingilis dilində «Gözətçi Qülləsi»
SİZƏ xəbər verməyə şadıq ki, «Gözətçi Qülləsi»nin təlim nəşrinin bu sayından etibarən bir il sınaq müddəti ərzində hər ay adi ingilis dilindəki nəşrlə bərabər «Gözətçi Qülləsi» sadə ingilis dilində də çıxacaq. Bu nəşrdə öyrənmə məqalələri, eləcə də nə qədər yerin qalmasından asılı olaraq, əlavə məqalələr olacaq. Ümidvarıq ki, bu yenilik sayəsində bir çox bacı-qardaşlarımız vacib ruhani tələbatlarını ödəyə biləcəklər. Necə?
Fici, Qana, Keniya, Liberiya, Nigeriya, Papua-Yeni Qvineya və Solomon Adaları kimi ölkələrdə yerli dillərin olmasına baxmayaraq, qardaşlarımız yığıncaq görüşlərində, eləcə də təbliğdə, əsas etibarilə, ingilis dilində danışırlar. Lakin nəşrlərimizdəki ingilis dilindən fərqli olaraq, onların danışdığı ingilis dili daha sadədir. Bəzi həmimanlılarımız isə ingilisdilli ölkələrə köçmüşlər və bu dili yaxşı bilməsələr də, ondan istifadə etmək məcburiyyətindədirlər. Üstəlik, bəzilərinin ana dillərində yığıncaq görüşlərində iştirak etmək imkanı yoxdur.
«Gözətçi Qülləsi»nin öyrənilməsində hər həftə müzakirə olunan məqalələr vaxtlı-vaxtında təqdim olunan ruhani qidanın ən vacib hissəsidir. Hamının bu materialdan tam faydalanması üçün «Gözətçi Qülləsi»nin təlim nəşrinin sadə dildə olan buraxılışına ehtiyac yarandı. Bu nəşrdə sadə qrammatikadan və sadə sözlərdən istifadə olunacaq. Onun üz qabığı da fərqlənəcək. Öyrənmə məqalələrindəki yarımbaşlıqlar, abzaslar, təkrar üçün suallar adi nəşirdəkinə oxşar olacaq. Bunun sayəsində hər bir kəs, hansı nəşrdən istifadə etməsindən asılı olmayaraq, müzakirəni izləyə və onda iştirak edə biləcək. İki nəşr arasındakı fərqi görmək üçün aşağıdakı çərçivəyə baxın. Bu parça bu buraxılışın birinci öyrənmə məqaləsinin ikinci abzasından götürülmüşdür. Soldakı adi ingilis dilində, sağdakı isə sadə ingilis dilində olan mətndir.
Biz ümid edirik ki, bu yenilik: «Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim», — deyə dua edən bacı-qardaşların duasına Yehovanın cavabı olacaq (Məz. 119:73). Biz əminik ki, ingilis dilini yaxşı bilməyən, həmçinin ingiliscə danışan uşaqlar «Gözətçi Qülləsi»nin öyrənilməsinə daha yaxşı hazırlaşa biləcəklər. Ümumdünya məsihçi qardaşlığına məhəbbətindən irəli gələrək «sadiq və ağıllı nökər» vasitəsilə bizi bol-bol ruhani qida ilə təmin edən Yehova Allaha ürəkdən minnətdarıq (1 Pet. 2:17; Mat. 24:45).
Yehovanın Şahidlərinin Rəhbərlik Şurası