Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/9 s. 7—11
  • Yehova mənim payımdır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova mənim payımdır
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Yehova levililərin qeydinə qalır
  • Onların payı Yehova idi
  • Yehovanı özlərinə pay hesab edən digər insanlar
  • Yehovanın sənin payın olmasına yol verirsən?
    Gözətçi qülləsi 2011
  • «Sizin... irsiniz Mənəm»
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
  • Levililərin duasından nə öyrənirik?
    Gözətçi qülləsi 2013
  • Lavililərin xidməti
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
Gözətçi qülləsi 2011
w11 15/9 s. 7—11

Yehova mənim payımdır

«İsrail övladları arasında sənin payın və irsin Mənəm» (SAY. 18:20).

1, 2. a) Levililər irsi torpaqlarla bağlı hansı vəziyyətlə üzləşmişdilər? b) Yehova levililəri nəyə əmin etdi?

İSRAİLLİLƏR Vəd edilmiş diyarın böyük hissəsini zəbt etdikdən sonra Yeşua həmin əraziləri qəbilələr arasında bölməyə başladı. Bu işdə ona baş kahin Eleazar və qəbilə başçıları köməklik göstərdi (Say. 34:13—29). Digər qəbilələrdən fərqli olaraq, Levi qəbiləsinə Vəd edilmiş diyarda torpaq payı verilmədi (Yeşua 14:1—5). Nəyə görə? Bəlkə onlar unudulmuşdular?

2 Bu sualın cavabını Yehovanın levililərə dediyi sözlərdən tapa bilərik. Yehovanın onları unutmadığını növbəti ayədən aydın görmək olar: «İsrail övladları arasında sənin payın və irsin Mənəm» (Say. 18:20). «Payın... Mənəm» deməklə Yehova levililərə necə də möhtəşəm vəd verdi! Yehova bu sözləri sənə desəydi, hansı hissləri keçirərdin? Yəqin, sənin ilk reaksiyan belə olardı: «Mən Külli-İxtiyardan bu vədi almağa layiqəmmi?» Sən həmçinin soruşa bilərsən: «Bəs bu gün Yehova qeyri-kamil xidmətçisi üçün pay ola bilərmi?» Bu sualların həm sənə, həm də sənin sevdiyin insanlara aidiyyəti var. Gəlin görək Yehovanın kiminsə payı olması hansı mənanı kəsb edir. Bu, bizə Yehovanın hansı mənada Öz xidmətçiləri üçün pay olduğunu başa düşməyə kömək edəcək. İstər göydə, istərsə də yerüzü Cənnətdə yaşamaq ümidinə malik olmağından asılı olmayaraq, O, sənin də payın ola bilər.

Yehova levililərin qeydinə qalır

3. Yehova Ona xidmət etmək üçün levililəri necə seçdi?

3 Yehova israillilərə Qanun verməmişdən qabaq, ailə başçıları öz ailələrində kahin kimi xidmət edirdilər. Allah xalqına Qanun verəndən sonra isə müntəzəm şəkildə xidmət etmələri üçün Levi qəbiləsindən bəzilərini kahin və köməkçi təyin etdi. Bu, necə baş verdi? Allah misirlilərin ilk oğlan uşaqlarını öldürəndən sonra israillilərin ilk oğlan uşaqlarını müqəddəs hesab etdi və onları Özü üçün ayırdı. Ancaq sonra Allah mühüm bir dəyişiklik etdiyini dedi: «İsrail qadınının doğduğu ilk oğlan uşağının əvəzinə İsraillilər arasından Levililəri seçmişəm». Lakin siyahıya alınma zamanı məlum oldu ki, israillilərin ilk oğlan uşaqları levililərdən sayca çoxdur. Bu fərqi kompensasiya etmək məqsədilə müəyyən məbləğ ödənildi (Say. 3:11—13, 41, 46, 47). Bundan sonra levililər İsrailin Allahına xidmət etməyə başlaya bilərdilər.

4, 5. a) Allahın levililərin payı olması hansı mənanı kəsb edirdi? b) Allah levililərin qeydinə necə qalırdı?

4 Bu tapşırıq levililər üçün hansı mənanı kəsb edirdi? Yehova levililərə dedi ki, onların payı Özü olacaq. Yəni onlar torpaq payı almaqdan daha vacib bir şeyi, Yehovaya xidmət etməyi irs olaraq alacaqdılar. Levililərin irsi Rəbbin kahinliyi idi (Yeşua 18:7). Saylar 18:20 ayəsində göstərildiyi kimi, onlar maddi çətinlik çəkməyəcəkdilər. (Saylar 18:19, 21, 24 ayələrini oxu.) Müqəddəs Kitabda deyilir: «Levililərə... İsraildə olan bütün varidatın onda birini irs olaraq verdim. Bu, xidmətlərinin... əvəzidir». İsrail xalqının məhsullarının və ev heyvanlarının artımının onda bir hissəsi, yəni on faizi levililərə verilirdi. Levililər isə aldıqlarının onda bir hissəsini — onun «ən yaxşı hissəsindən» kahinlərin ehtiyaclarının ödənilməsi üçün verməli idiləra (Say. 18:25—29). Həmçinin İsrail oğullarının Allaha ibadət etdikləri yerə gətirdikləri «müqəddəs təqdimlərin» hamısı kahinlərə çatırdı. Buna görə də kahinlər tam əmin ola bilərdilər ki, Yehova onların ehtiyaclarını ödəyəcək.

5 Görünür, Musanın Qanununda ikinci onda bir hissə də təyin olunmuşdu. Bu onda bir hissə hər il keçirilən müqəddəs bayramlar zamanı ailənin ehtiyaclarının ödənilməsi və istirahəti üçün istifadə edilirdi (Qanun. t. 14:22—27). Lakin yeddiillik şənbə dövrünün hər üçüncü və altıncı ilinin sonu israillilər bu onda biri kasıblar və levililər üçün ayırmalı idilər. Nəyə görə bura levililər də daxil idi? Çünki onların İsraildə «payı və irsi torpağı» yox idi (Qanun. t. 14:28, 29).

6. İsrail qəbilələri ilə bərabər torpaq payı almayan levililər harada yaşayırdılar?

6 Yəqin, səndə sual yaranır ki, levililərin torpaq payı yox idisə, onlar harada yaşayırdılar? Allah onlar üçün tədbir görmüşdü. O, levililərə otlaqları ilə birlikdə 48 şəhər vermişdi. Bu şəhərlərdən altısı sığınacaq şəhər idi (Say. 35:6—8). Beləliklə, Allahın evində xidmət etmədikləri müddətdə levililərin qalmağa yeri var idi. Yehova Ona xidmət edənlərə artıqlaması ilə əvəzini qaytarırdı. Bəs levililər Yehovanın onların payı olduğunu necə göstərə bilərdilər? Yehovanın onların ehtiyaclarını ödəməyə qadir olduğuna və onların qayğısına qalmaq istədiyinə inanmaqla.

7. Yehovanın onların irsi olması üçün levililərdən nə tələb olunurdu?

7 Musanın Qanununda onda biri verməyənlər üçün heç bir cəza nəzərdə tutulmamışdı. Ancaq xalq Allahın bu qanununa etinasız yanaşanda kahinlər və levililər əziyyət çəkirdilər. Belə bir vəziyyət Nehemyanın günlərində yaranmışdı. Buna görə də levililər xidmətlərini buraxıb öz tarlalarında işləməli olurdular. (Nehemya 13:10 ayəsini oxu.) Aydındır ki, Levi qəbiləsinin maddi vəziyyəti xalqın ruhani vəziyyətindən asılı idi. Üstəlik, kahinlərin və levililərin Yehovaya, eləcə də onların qeydinə qalmaq üçün istifadə etdiyi üsula imanları olmalı idi.

Onların payı Yehova idi

8. Levili Asəfin üzləşdiyi çətin vəziyyəti təsvir et.

8 Bir qəbilə kimi levililərin payı Yehova idi. Lakin qeyd etmək lazımdır ki, ayrı-ayrı levililər də Yehovaya sadiq olduqlarını və Ona güvəndiklərini göstərmək üçün Yehovanı öz nəsibi, yəni payı adlandırırdılar (Mərs. 3:24). Belə insanlardan biri Yehovanın evində ilahi oxuyan və nəğmə bəstələyən bir levili idi. Biz onu Asəf adlandıracağıq, lakin bu, padşah Davudun günlərində ilahiçilərə rəhbərlik edən Asəfin nəslindən olan başqa bir levili də ola bilərdi (1 Saln. 6:31—43). 73-cü məzmurdan oxuyuruq ki, Asəf (və ya onun nəslindən olan biri) pis insanların yaxşı yaşadığını görəndə çaşbaş qalırdı və onlara paxıllıq edirdi. O hətta demişdi: «Məgər mən boş yerə qəlbimi təmizləmişdim, günahsızlıq içində əllərimi yumuşdum?» Bu levili ona həvalə olunan xidmətin vacibliyini unutmuşdu və Yehovanın onun payı olmasını qiymətləndirmirdi. O, «Allahın müqəddəs məkanına girərkən» pislərin aqibətini dərk etdi və yalnız bundan sonra rahatlıq tapdı (Məz. 73:2, 3, 12, 13, 17).

9, 10. Nəyə görə Asəf Allahı nəsibi, yəni payı adlandırırdı?

9 Allahın evində olarkən Asəf hər şeyə Onun nöqteyi-nəzəri ilə baxmağa başladı. Yəqin ki, sən də buna oxşar vəziyyətlə üzləşmisən. Ola bilsin, sən Yehovaya etdiyimiz xidmətin nə qədər böyük əhəmiyyət kəsb etdiyini unudub arzusunda olduğun maddi şeylər barədə düşünmüsən. Ancaq Allahın Kəlamını oxumaqla və məsihçi görüşlərində iştirak etməklə yenidən Yehova kimi düşünməyə başlamısan. Asəf pislərin başına sonda nələr gələcəyini başa düşdü. O, Allahın xidmətçisi kimi malik olduğu yaxşı şeylər barədə çox düşündü və dərk etdi ki, Yehova onun sağ əlindən tutub ona rəhbərlik edəcək. Buna görə də Asəf Yehovaya əminliklə dedi: «Yer üzündə... Səndən başqa heç nə istəmirəm» (Məz. 73:23, 25). Sonra o, Yehovanı öz nəsibi, yəni payı adlandırdı. (Məzmur 73:26 ayəsini oxu.) Məzmurçunun cismi və ürəyi taqətdən düşsə də, Allah əbədiyyət boyu onun payı olacaqdı. Məzmurçu əmin idi ki, Yehova onu bir dost kimi yadda saxlayacaq. Onun sədaqətlə etdiyi xidmət unudulmayacaq (Vaiz 7:1). Asəf necə də rahatlıq tapmışdı! O oxuyurdu: «Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır, Xudavənd Rəbbə pənah gətirmişəm!» (Məz. 73:28).

10 Yehovanın Asəfin payı olması levili kimi əldə etdiyi maddi şeylərdən daha böyük məna kəsb edirdi. O, əsas etibarilə, Yehovaya xidmətdə malik olduğu imtiyazları və Haqq-Taala ilə münasibətlərini — Yehova ilə arasındakı dostluğunu nəzərdə tuturdu (Yaq. 2:21—23). Allahla yaxşı münasibətdə qalmaq üçün məzmurçu Ona güvənərək imanını qorumalı idi. Asəf əmin ola bilərdi ki, əgər Yehovanın normalarına uyğun yaşasa, onun mükafatı xoşbəxt gələcək olacaq. Əmin ola bilərsən ki, Külli-İxtiyar bunu sənin üçün də edəcək!

11. Yeremyanı hansı sual narahat edirdi və o, bu sualın cavabını necə aldı?

11 Yehovanı özünə pay hesab edən digər levili isə peyğəmbər Yeremya idi. Görək o, bunu hansı mənada deyirdi. Yeremya Yerusəlimin yaxınlığındakı levililərin məskunlaşdığı Anatot şəhərində yaşayırdı (Yer. 1:1). Bir dəfə Yeremya Yehovadan nəyə görə saleh insanların əzab çəkdiyini, pislərin isə firavan ömür sürdüyünü soruşdu. Bu sual ona rahatlıq vermirdi (Yer. 12:1). O, Yerusəlimdə və Yəhudada baş verənləri görəndə özünü saxlaya bilməyib Yehovaya şikayət etməyə başladı. Yeremya Yehovanın ədalətli Allah olduğunu bilirdi. Yehova ona Yerusəlimin dağılacağı haqda peyğəmbərliyi təbliğ etməyi tapşırmaqla və sonra həmin peyğəmbərliyi yerinə yetirməklə onun sualına cavab verdi. Yehovanın göstərişinə əməl edənlər xilas oldular, kef-damaq içində yaşayan və Onun xəbərdarlığına məhəl qoymayan pis adamlar isə məhv oldular (Yer. 21:9).

12, 13. a) Yeremyanı: «Rəbb mənim nəsibimdir», — deməyə nə təşviq etmişdi və bu, nəyi göstərirdi? b) Nəyə görə İsrailin bütün qəbilələri Yehovanı səbirlə gözləməli idilər?

12 Yeremya doğma diyarının viran qaldığını görəndə özünü zülmətə qərq olunmuş kimi hiss etdi. O dedi: «Çoxdan ölüb-gedənlər kimi [Yehova] məni zülmətdə yaşatdı» (Mərs. 1:1, 16; 3:6). Yeremya bu inadcıl xalqdan öz səmavi Atalarına dönməyi xahiş edirdi, ancaq onlar pis əməllərindən əl çəkmədiklərinə görə Allah Yerusəlimi və Yəhudanı məhv etməli oldu. Yeremyanın heç bir günahı olmasa da, o, çox kədərlənirdi. Belə bir acınacaqlı vəziyyətdə o, Allahın mərhəmətini xatırladı. O dedi: «[Biz] məhv olmadıq». Həqiqətən də, Allahın mərhəməti «hər səhər... təzələnir»! Məhz bundan sonra Yeremya: «[Yehova] mənim nəsibimdir», — deyə bəyan etdi. O, Yehovanın peyğəmbəri kimi xidmətini davam etdirmək şərəfinə layiq görüldü. (Mərsiyələr 3:22—24 ayələrini oxu.)

13 İsraillilər 70 il ərzində vətənlərindən didərgin düşəcəkdilər və ölkələri xaraba qalacaqdı (Yer. 25:11). Ancaq Yeremyanın: «Rəbb mənim nəsibimdir», — deməsi göstərirdi ki, o, Yehovanın mərhəmətinə güvənirdi və Onu səbirlə gözləyirdi. İsrailin bütün qəbilələri miraslarını itirmişdilər, buna görə də onlar Yeremya kimi davranmağı öyrənməli idilər. Onların yeganə ümid yeri Yehova idi. 70 ildən sonra Allahın xalqı öz vətəninə qayıtdı və əvvəlki kimi burada Ona xidmət etmək şərəfinə layiq görüldü (2 Saln. 36:20—23).

Yehovanı özlərinə pay hesab edən digər insanlar

14, 15. Levililərdən başqa daha kim Yehovanı özünə nəsib və ya pay bilirdi və nəyə görə?

14 Asəflə Yeremya Levi qəbiləsindən idilər. Bəs demək olarmı ki, yalnız bu qəbilədən olan insanlar Yehovaya xidmət edə bilərdilər? Xeyr. İsrailin padşahı olacaq gənc Davud Allahı: «Dirilər arasında... nəsibimsən», — deyə çağırırdı. (Məzmur 142:1, 5 ayələrini oxu.) Davud bu məzmuru bəstələyəndə nə sarayda, nə də ki öz evində idi. O, mağarada düşmənlərindən gizlənmişdi. Davud ən azı iki dəfə — biri Adullamın yaxınlığında, digəri isə En-Gedi səhrasındakı mağarada sığınacaq tapmışdı. Ehtimal ki, o, 142-ci məzmuru bu mağaraların birində bəstələmişdi.

15 Davud canını Şaulun əlindən qurtarmaq üçün bu mağaralarda gizlənmişdi (1 Şam. 22:1, 4). Ola bilsin, bu ucqar yerdə Davudun yanında ona dəstək olacaq heç bir dostu yox idi (Məz. 142:4). Elə həmin vaxt Davud Allahı çağırdı.

16, 17. a) Hansı səbəblərə görə Davud özünü çarəsiz hiss edirdi? b) Davud kömək üçün kimə müraciət edə bilərdi?

16 Davud 142-ci məzmuru bəstələməmişdən əvvəl, yəqin ki, baş kahin Aximelekin başına gələnləri eşitmişdi. Davud Şauldan qaçanda Aximelek ona kömək etmişdi. Qəzəbli Şaul Aximelekin və onun ailəsinin öldürülməsinə səbəb oldu (1 Şam. 22:11, 18, 19). Davud ona kömək edən kahini və ailəsini, sanki, öz əli ilə öldürdüyünü düşünərək onların ölümündə özünü günahkar hesab edirdi. Sən Davudun yerində olsaydın, özünü belə hiss edərdin? Şaulun Davudu usanmadan təqib etməsi yorğun halda olan Davudu daha da əldən salırdı.

17 Bu azmış kimi, Davudu padşah kimi məsh edən Şamuel peyğəmbərin ölüm xəbəri gəldi (1 Şam. 25:1). Ola bilsin, bu, Davudu elə sarsıtdı ki, o, özünü daha da çarəsiz hiss etdi. Buna baxmayaraq, Davud kömək üçün kimə üz tutmalı olduğunu bilirdi. Əlbəttə ki, bu, Yehova idi. Davud levililər kimi xüsusi xidməti icra etməsə də, o, məsh olunmuş padşah kimi Allahın xalqını idarə edəcəkdi (1 Şam. 16:1, 13). O, ürəyini Yehovaya açdı və səbirlə Onun göstərişlərini gözlədi. Sən də xidmətdə əlindən gələni edərək Yehovaya güvənməklə Onu özün üçün pay və sığınacaq edə bilərsən.

18. Bu məqalədə haqqında danışdığımız insanlar Yehovanın onların payı olduğunu necə göstərdilər?

18 Bu məqalədə haqqında danışdığımız insanların Yehovanı özlərinə pay hesab etməsi hansı mənanı kəsb edirdi? Bu o demək idi ki, onların hamısı Allaha xidmətdə müəyyən tapşırıqlar almışdılar. Onlar zərrə qədər də şübhə etmirdilər ki, Rəbb onların qayğısına qalacaq. Həm levililər, həm də İsrailin başqa qəbilələrindən olan Davud kimi insanlar Yehovanı özləri üçün pay etmişdilər. Bəs Yehova bizim payımız necə ola bilər? Bunu biz növbəti məqalədə araşdıracağıq.

[Haşiyə]

a Yehovanın kahinlərin qeydinə qalması ilə bağlı daha ətraflı məlumat üçün «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasının II cildinin 684-cü səhifəsinə (ing.) bax.

Necə cavab verərdiniz?

• Hansı mənada Yehova levililərin payı idi?

• Asəf, Yeremya və Davud Yehovanın onların payı olduğunu necə göstərdilər?

• Allahın sənin payın olduğunu necə göstərə bilərsən?

[8-ci səhifədəki yazı]

Levililərə Vəd edilmiş diyarda torpaq payı verilməmişdi. Onların payı Yehova idi, çünki onlar Ona xidmət etmək şərəfinə layiq görülmüşdülər

[7-ci səhifədəki şəkil]

Yehova kahinlər və levililər üçün hansı mənada pay oldu?

[9-cu səhifədəki şəkil]

Asəfə Yehovanı yenidən özünə pay hesab etməsinə nə kömək etdi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş