Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/9 s. 11—15
  • Yehovanın sənin payın olmasına yol verirsən?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın sənin payın olmasına yol verirsən?
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Allahın Padşahlığını həyatında həmişə birinci yerə qoy
  • Allahın salehliyini həyatında həmişə birinci yerə qoy
  • Yehovanın ruhani ənamlarını qiymətləndir
  • Yalnız «Ağamızın xidmətçisi olsun»
  • Yehova mənim payımdır
    Gözətçi qülləsi 2011
  • Əvvəlcə Padşahlığı axtarın
    Vahid həqiqi Allaha ibadət edin
  • Bəyan etməli olduğumuz xəbər
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Gözətçi qülləsi 2011
w11 15/9 s. 11—15

Yehovanın sənin payın olmasına yol verirsən?

«Padşahlığı və Allahın salehliyini həyatınızda həmişə birinci yerə qoyun, onda bütün bunlar da sizə veriləcək» (MAT. 6:33).

1, 2. a) Qalatiyalılar 6:16 ayəsindəki Allahın İsraili ifadəsi kimlərə aiddir? b) Matta 19:28 ayəsindəki «İsrailin on iki qəbiləsi» kimi təmsil edir?

MÜQƏDDƏS KİTABDA İsrail adına rast gələndə ilk olaraq yadına nə düşür? Yəqin, sən İshaqın oğlu Yaquba verilən İsrail adını, yaxud onun nəsli olan qədim İsrail xalqını xatırlayırsan. Müqəddəs Kitabda həmçinin ruhani İsrail, yəni «Allahın İsraili» barədə də danışılır. İsrail sözü məcazi mənada istifadə edildikdə göydə padşah və kahinlər kimi xidmət edəcək müqəddəs ruhla məsh olunmuş 144 000 nəfərə aiddir (Qalat. 6:16; Vəhy 7:4; 21:12). Amma Matta 19:28 ayəsində İsrailin 12 qəbiləsi ifadəsi başqa məna daşıyır. Gəlin görək söhbət nədən gedir.

2 İsa demişdi: «Yeni dövr gələndə və insan Oğlu öz şanlı taxtına oturanda, mənim ardımca gələn sizlər də on iki taxtda oturub İsrailin on iki qəbiləsi üzərində hakimlik edəcəksiniz». Bu ayədə istifadə olunan «İsrailin on iki qəbiləsi» ifadəsi altında İsanın məsh olunmuş şagirdlərinin idarə edəcəyi və yer üzündə bərpa olunmuş Cənnətdə əbədi həyata qovuşacaq insanlar nəzərdə tutulur. Onlar kahin kimi fəaliyyət göstərəcək 144 000 məsh olunmuşun xidmətindən yararlanacaqlar.

3, 4. Məsh olunmuşlar başqa məsihçilər üçün hansı nümunəni qoyurlar?

3 Qədimdə yaşamış kahinlər və levililər kimi, bu məsh olunmuş məsihçilər icra etdikləri xidməti özlərinə şərəf bilirlər (Say. 18:20). Məsh olunmuş məsihçilər yer üzündə mülk və ya torpaq sahəsi alacaqlarını gözləmirlər. Əksinə, onlar böyük səbirsizliklə göydə İsa Məsihlə birlikdə padşah və kahin kimi xidmət edəcəkləri vaxtı gözləyirlər. Vəhy 4:10, 11 ayələrində göstərildiyi kimi, onlar bu təyinatla Yehovaya göydə xidməti davam etdirəcəklər (Yez. 44:28).

4 Yer üzündə yaşayarkən məsh olunmuş məsihçilər onların payının Yehova olduğunu öz həyat tərzləri ilə göstərirlər. Allah qarşısında icra etdikləri şərəfli xidmət onlar üçün hər şeydən vacibdir. Məsh olunmuş məsihçilər Məsihin fidyə qurbanlığına iman gətirir və daima onun ardınca gedirlər, belə etməklə onlar aldıqları dəvətə və Allah tərəfindən seçildiklərinə layiq şəkildə yaşayırlar (2 Pet. 1:10). Onların qabiliyyət və şəraitləri bir-birindən fərqlidir. Bununla belə, onlar imkanlarının məhdud olduğunu bəhanə etməklə Allaha az xidmət etməyə çalışmırlar. Əksinə, onlar əllərindən gələni etməklə Allaha xidməti həyatlarında birinci yerə qoyurlar. Bununla da məsh olunmuşlar yer üzündə əbədi yaşamaq ümidinə malik olanlar üçün gözəl nümunə verirlər.

5. Yehova onların payı olsun deyə bütün məsihçilər nə etməlidirlər və nəyə görə bu, bəzən çətin ola bilər?

5 Göy və ya yerüzü ümidinə malik olmağımızdan asılı olmayaraq, biz özümüzü inkar etməli, işgəncə dirəyimizi götürüb daima Məsihin ardınca getməliyik (Mat. 16:24). Cənnət həyatını həsrətlə gözləyən milyonlarla insanlar məhz bu cür Allaha xidmət edərək Məsihin ardınca gedirlər. İmkanları Allaha daha çox xidmət etməyə yol verdiyi təqdirdə, onlar az xidmət etməklə kifayətlənmirlər. Çoxları könüllü olaraq həyatlarını sadələşdirib pioner olmuşlar. Digərlərinin şəraiti yalnız ildə bir neçə ay pioner olmağa imkan verir. Başqaları isə pioner kimi xidmət edə bilməsələr də, xidmətdə əllərindən gələni əsirgəmirlər. Bu insanları İsanın başına ətirli yağ tökən sadiq Məryəmlə müqayisə etmək olar. O, bunu etdikdən sonra İsa dedi: «O, mənə yaxşılıq etdi... Bu qadın gücü çatanı etdi» (Mark 14:6—8). Biz Şeytanın hegemonluq etdiyi dünyada yaşadığımız üçün bəzən şəraitimizin yol verdiyi qədər Allaha xidmət etmək asan olmaya bilər. Buna baxmayaraq, biz səylə çalışır və ümidimizi Yehovaya bağlayırıq. Gəlin dörd konkret vəziyyəti nəzərdən keçirək və görək bunu necə etmək olar.

Allahın Padşahlığını həyatında həmişə birinci yerə qoy

6. a) Çoxları bu həyatın onların nəsibi olduğunu necə göstərirlər? b) Nəyə görə Davudun nümunəsini izləmək daha yaxşıdır?

6 İsa öz şagirdlərini Allahın Padşahlığını və onun salehliyini həyatlarında həmişə birinci yerə qoymağı öyrədirdi. Bu dünyanın insanları ilk öncə öz maraqları barədə fikirləşirlər, çünki onlar «bu dünyadan pay [alırlar]». (Məzmur 17:1, 13—15 ayələrini oxua.) Çoxları onları yaradan Allaha qarşı saymazyana münasibət göstərərək özlərini rahat həyat qurmağa, evlənib övlad böyütməyə və özlərindən sonra uşaqlarına miras qoymaq üçün var-dövlət toplamağa həsr edirlər. Onların nəsibi yalnız bu həyatdır. Belə insanlardan fərqli olaraq, Davud Allah qarşısında «yaxşı ad» qazanmağa can atırdı. Onun oğlu Süleyman da bütün insanlara belə yaşamağı məsləhət görürdü (Vaiz 7:1). Asəf kimi, Davud üçün də Yehova ilə dostluq münasibətləri öz mənfəətini güdməkdən daha yaxşı idi. O, Allahla birgə yeriməkdən sevinc duyurdu. Bizim günlərdə bir çox məsihçilər ruhani məşğuliyyətləri birinci yerə qoyaraq onları dünyəvi işlərindən üstün tutular.

7. Bir qardaş Allahın Padşahlığını birinci yerə qoyduğu üçün Yehova onu necə xeyir-dualandırdı?

7 Mərkəzi Afrika Respublikasında yaşayan və yığıncaqda ağsaqqal kimi xidmət edən Jan-Klod adında bir qardaşın nümunəsinə nəzər salaq. Bu qardaş evlidir və onun üç uşağı var. Onların yaşadığı ölkədə iş tapmaq müşkül məsələdir və əksər insanlar iş yerlərini itirməmək üçün hər şeylərindən keçməyə hazırdırlar. Bir gün istehsal şöbəsinin müdiri Jan-Kloda bildirdi ki, bundan sonra o, saat 18:30-dan başlayaraq həftənin yeddi günü gecə növbəsində işləməli olacaq. Jan-Klod müdirə izah etdi ki, o, yalnız ailəsinin maddi yox, ruhani tələbatlarının da qayğısına qalmalıdır. Qardaş yığıncaqda məsuliyyətlərinin olduğunu da söylədi. Müdir cavab verdi: «Bəxtin gətirib ki, iş tapmısan. Məsləhətim budur ki, qalan hər şeyi — arvad-uşaqlarını, problemlərini unudasan. Sən öz həyatını yalnız və yalnız işə həsr etməlisən. Seçim sənindir: ya işin, ya da dinin». Bu qardaşın yerində olsaydın, nə edərdin? Jan-Klod dərk edirdi ki, işini itirsə də, Allah onu tərk etməyəcək. O, Yehovaya xidmət edə biləcək, Yehova isə bunun müqabilində ailəsinin maddi tələbatlarının qayğısına qalmaqda ona kömək edəcək. Belə bir əminliklə o, həftəarası keçirilən yığıncaq görüşünə getdi. Sonra işdən qovulub-qovulmadığını dəqiq bilməyərək işə getməyə hazırlaşırdı ki, ona zəng gəldi. Həmin müdir işdən çıxarılmış, qardaşımız isə öz işində qalmışdı.

8, 9. Kahin və levililərdən nümunə götürərək Yehovanın bizim payımız olduğunu necə göstərə bilərik?

8 İşlərini itirmək təhlükəsi ilə üzləşənləri belə bir sual narahat edə bilər: «İşimi itirsəm, ailəmi necə dolandıracağam?» (1 Tim. 5:8). Bəlkə, sən heç vaxt belə vəziyyətlə üzləşməmisən. Lakin buna baxmayaraq, yəqin, şəxsi təcrübəndən görmüsən ki, Allahı özlərinə pay seçənlərin və Ona xidmət etmək şərəfini yüksək qiymətləndirənlərin ümidləri heç vaxt boşa çıxmır. İsa şagirdlərinə Allahın Padşahlığını «həmişə birinci yerə» qoymağı deyəndə onları əmin etdi ki, qalan şeylər, yəni yemək, içmək və paltar onlara «veriləcək» (Mat. 6:33).

9 Torpaq payı almayan levililəri bir daha yadımıza salaq. Onların əsas vəzifəsi həqiqi ibadətin qayğısına qalmaq idi. Buna görə də onlar: «Sənin payın... Mənəm», — deyən Yehova Allaha güvənməli idilər və şübhə etməməli idilər ki, O, onların maddi tələbatlarını ödəyəcək (Say. 18:20). Biz levililər və kahinlər kimi məbəddə xidmət etməsək də, Yehovanın bizim də qayğımıza qalacağına eyni əminlik təzahür etdirməklə onların əhval-ruhiyyəsini təqlid edə bilərik. Sürətlə öz sonuna yaxınlaşan bir dünyada Allahın bizim qeydimizə qalmaq qüvvəsinə malik olduğuna etibar etmək getdikcə daha zəruri olur (Vəhy 13:17).

Allahın salehliyini həyatında həmişə birinci yerə qoy

10, 11. Bəziləri işlə bağlı məsələdə Yehovaya güvəndiklərini necə göstəriblər? Nümunə çək.

10 İsa həmçinin şagirdlərini Allahın salehliyini həyatlarında həmişə birinci yerə qoymağa çağırırdı (Mat. 6:33). Bu, xeyirlə şərə dair insanların yox, Yehovanın nöqteyi-nəzərinə şərik olmaq deməkdir. (Yeşaya 55:8, 9 ayələrini oxu.) Bir çox insanlar məsihçi olmazdan öncə siqaret çəkir və ya tütün məhsulları satırdılar, digərləri isə başqalarına hərbi təlim keçirdilər, eləcə də silah istehsalı və satışı ilə məşğul olurdular. Həqiqət haqqında biliyə yiyələndikdən sonra çoxları iş yerlərini dəyişmiş və vəftiz olmuşlar (Yeşaya 2:4; 2 Kor. 7:1; Qalat. 5:14).

11 Belə insanlardan biri də Endryu qardaşdır. O və həyat yoldaşı Yehova haqqında öyrəndikdən sonra qəti şəkildə qərara gəldilər ki, Ona xidmət etsinlər. O, öz işini çox sevməsinə baxmayaraq, işdən çıxdı. Nəyə görə? Səbəb onun hərbiçi olması idi. Ancaq qardaş Allahın salehliyini birinci yerə qoymaq qərarında qəti idi. Endryu işdən çıxanda onun iki uşağı var idi, üstəlik, onun heç bir gəlir mənbəyi yox idi və özlərini dolandırmaq üçün cəmi bir neçə aylıq pulları qalmışdı. İnsan nöqteyi-nəzərindən onun heç bir irsi olmadığı görünə bilər. O, Yehovaya güvənərək iş axtarmağa başladı. Ötən illəri xatırlayaraq Endryu və ailəsi təsdiqləyə bilərlər ki, Yehovanın əli qısa deyil (Yeşaya 59:1). Sadə həyat sürmələri sayəsində Endryu və onun həyat yoldaşına hətta tammüddətli xidmətçi olmaq şərəfi də nəsib olmuşdu. Qardaş deyir: «Bəzən maddi çətinliklər, ev, səhhət və yaşımızın artması ilə əlaqədar narahatçılıqlarımız olub. Lakin buna baxmayaraq, Yehova həmişə bizim yanımızda idi... Biz tam əminliklə deyə bilərik ki, Yehovaya xidmət insan üçün ən şərəfli və ən mükafatlandırıcı işdir»b (Vaiz 12:13).

12. Allahın normalarını üstün tutmaq üçün bizə hansı xüsusiyyət gərəkdir? Yerli bacı-qardaşlardan nümunələr çək.

12 İsa şagirdlərinə demişdi: «Əmin olun ki, imanınız xardal toxumu boyda olsa, bu dağa: “Buradan o tərəfə çəkil”, — deyəcəksiniz, o da çəkiləcək. Sizin üçün qeyri-mümkün şey olmayacaq» (Mat. 17:20). Çətin olsa belə, Allahın normalarını üstün tuta biləcəksənmi? Əgər əmin deyilsənsə, yığıncağın digər üzvləri ilə də söhbət et. Şübhə yoxdur ki, başqalarının nümunəsini eşitmək səni ruhani cəhətdən təravətləndirəcək.

Yehovanın ruhani ənamlarını qiymətləndir

13. Əgər biz Yehovaya canla-başla xidmət ediriksə, ruhani tələbatlarımızla əlaqədar nəyə əmin ola bilərik?

13 Əgər Yehovaya xidmət etmək şərəfini qiymətləndirirsənsə, əmin ol ki, O, levililərin qayğısına qaldığı kimi, sənin də maddi və ruhani tələbatlarını təmin edəcək. Davud barədə fikirləş. O, mağarada gizlənməli olsa da, şübhə etmirdi ki, Yehova onun ehtiyaclarını ödəyəcək. Bizim də vəziyyətimiz çıxılmaz görünəndə Yehovaya tam güvənə bilərik. Məzmurçu Asəf də yalnız «Allahın müqəddəs məkanına [girəndən]» sonra onu narahat edən suala cavab tapmışdı (Məz. 73:17). Biz də ruhani qida mənbəyimiz olan Yehovaya üz tutmalıyıq. Onda vəziyyətimizdən asılı olmayaraq, Allaha xidmət etmək şərəfini qiymətləndirdiyimizi, eləcə də Yehovanın bizim payımız olduğunu göstərəcəyik.

14, 15. Müqəddəs Kitab ayələrinin başa düşülməsində dəyişiklik ediləndə bizim buna münasibətimiz necə olmalıdır və nəyə görə?

14 Bizi ruhən maarifləndirən Yehova Müqəddəs Kitabdakı «Allahın hikmətinin dərinliklərini» açıqlayanda buna necə yanaşırıq? (1 Kor. 2:10—13). Bir dəfə İsa dinləyicilərinə: «Əgər insan Oğlunun bədənini yeməsəniz və qanını içməsəniz, həyata qovuşmayacaqsınız», — deyəndə Peterin buna necə münasibət göstərməsi bizim üçün böyük nümunədir. İsanın bu sözlərini hərfi mənada başa düşən şagirdlərdən bir çoxu dedi: «Bu nə danışır?! Bu sözlərə qulaq asmaq mümkün deyil!» Bundan sonra onlar «öz köhnə məşğuliyyətlərinə qayıtdı»lar. Lakin Peter dedi: «Ağa, kimin yanına gedək? Əbədi həyatın sözləri səndədir» (Yəh. 6:53, 60, 66, 68).

15 Peter İsanın sözlərinin mənasını tam başa düşməsə də, o, inanırdı ki, Yehova insanlara həqiqətləri çatdırmaq üçün İsadan istifadə edir. Hansısa həqiqətin başa düşülməsində dəyişiklik ediləndə sən bunun səbəblərini anlamağa çalışırsanmı? (Sül. məs. 4:18). Birinci əsrdə yaşayan veriyalılar «Allahın sözünü böyük həvəslə qəbul etdilər. Onlar eşitdiklərinin doğru olub-olmadığını yoxlamaq üçün Müqəddəs Yazıları hər gün diqqətlə araşdırırdılar» (Həv. iş. 17:11). Əgər onların nümunəsini izləsən, Allaha xidmət etmək şərəfini daha çox qiymətləndirəcəksən və Yehovanın sənin payın olduğuna görə Ona ürəkdən minnətdar olacaqsan.

Yalnız «Ağamızın xidmətçisi olsun»

16. Subay məsihçilər, 1 Korinflilərə 7:39 ayəsinə əsasən, Allahın onların payı olduğunu necə göstərə bilərlər?

16 Məsihçilər başqa bir sahədə də Allahın niyyətini möhkəm yadda saxlamalıdırlar. Söhbət ailə qurarkən Müqəddəs Kitabın «o adam Ağamızın xidmətçisi olsun» göstərişinə əməl etməkdən gedir (1 Kor. 7:39). Çoxları Allahın bu göstərişinə hörmətsizlik göstərməkdənsə, subay qalmağa üstünlük veriblər. Allah xeyirxahcasına belə insanların qeydinə qalır. Davud özünü tənha və çarəsiz hiss edəndə nə edirdi? O deyir: «Hüzuruna şikayətimi tökürəm, qarşısında əziyyətimi söyləyirəm. Ruhdan düşəndə hansı yolda olduğumu bildin» (Məz. 142:1—3). Subay qalaraq onilliklər ərzində Allaha sədaqətlə xidmət edən Yeremya peyğəmbərdə də eyni hisslər baş qaldırmışdı. Onun nümunəsi barədə «Allahın Yeremya vasitəsilə bizə çatdırdığı xəbər» (rus.) kitabının 8-ci fəslində oxuya bilərsən.

17. Bir subay bacı vaxtaşırı qəlbində baş qaldıran tənhalıq hissinin öhdəsindən necə gəlir?

17 ABŞ-da yaşayan bir bacı deyir: «Mənim heç vaxt subay qalmaq fikrim olmayıb. Ürəyimə yatan insan olsa, ailə quraram. İmanıma şərik olmayan anam isə kimə gəldi ərə getməyim üçün dəridən-qabıqdan çıxırdı. Mən ondan soruşanda ki, işdir, nikahım uğursuz olarsa, o, bunun məsuliyyətini daşımağa hazırdır? Bir qədər sonra sabit işimin olduğunu, özümə baxdığımı və özümü xoşbəxt hiss etdiyimi görəndə daha mənə təzyiq göstərməyə çalışmırdı». Bəzən bu bacı özünü tənha hiss edir. O, sözünə davam edir: «Mən Yehovaya güvənməyə çalışıram. O, heç vaxt məni tərk etmir». Bu bacıya Yehovaya güvənməyə nə kömək edir? Bacı deyir: «Dua mənə Allahın real şəxsiyyət olduğunu və heç vaxt tək olmadığımı hiss etməyə kömək edir. Ucsuz-bucaqsız Kainatın Sahibi məni eşitdiyi halda, məgər özümü kədərli və lazımsız hiss edə bilərəm?» Verməyin almaqdan daha çox xoşbəxtlik gətirdiyinə şübhə etməyən bu bacı deyir: «Mən təmənnasız olaraq başqalarına kömək etməyə çalışıram. Hansısa bir insan üçün nə edə biləcəyim barədə fikirləşəndə ürəyim fərəhlə dolur» (Həv. iş. 20:35). Bəli, bu bacı Yehovanı özünə pay seçib və Allaha xidmət etmək şərəfi ona böyük sevinc gətirir.

18. Hansı mənada sən Yehovanın payı ola bilərsən?

18 Vəziyyətindən asılı olmayaraq, sən yol verə bilərsən ki, Allah sənin də payın olsun. Belə olan halda sən də Onun xoşbəxt xalqının üzvü olacaqsan (2 Kor. 6:16, 17). Onda sən, qədimdə yaşayan bir çox insanlar kimi, Yehovanın payı olacaqsan. (Qanunun təkrarı 32:9, 10 ayələrini oxu.) Bir çox xalqlar arasında israillilər Allahın payı olduğu kimi, O da səni Özünə pay hesab edəcək və məhəbbətlə sənin qayğına qalacaq (Məz. 17:8).

[Haşiyələr]

a Məzmur 17:1, 13—15 (YD): «Ey Yehova, haqq işimi dinlə, yalvarışımı eşit, duama qulaq as, dilimdə hiylə yoxdur... Qalx, ey Yehova, onlarla üz-üzə dur, onların qəddini əy, qılıncınla canımı pislərdən qurtar. Ey Yehova, Öz əlinlə qurtar məni, bu dünyadan pay alan, qarınlarını naz-nemətlə doldurduğun adamlardan, çoxlu oğul-uşaq sahibi olan, yığdıqlarını övladlarına qoyan adamlardan. Mən isə salehliyimlə üzünə baxacağam, oyananda calalını görüb şad olacağam».

b «Oyanın!» jurnalının 2009-cu il noyabr sayının 12—14 səhifələrinə (rus.) bax.

Necə cavab verərdiniz?

Yehovanın sənin payın olduğunu necə göstərə bilərsən...

• Allahın Padşahlığını və onun salehliyini həyatında birinci yerə qoymaqla?

• Ruhani qidaya görə minnətdarlığını göstərməklə?

• Yalnız Allaha xidmət edən insanla ailə qurmaq göstərişinə əməl etməklə?

[13-cü səhifədəki yazı]

Yehovaya xidməti həyatımızda birinci yerə qoyanda O, bizim payımız olur

[15-ci səhifədəki şəkil]

Yeremyanın nümunəsi çox ruhlandırıcıdır

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş