Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/9 s. 16—20
  • Yarışda dözümlə qaç

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yarışda dözümlə qaç
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Qalib gəlmək üçün dözüm gərəkdir
  • «Şahidlər buludu»
  • Onların müvəffəqiyyət qazanmalarının sirri
  • Bizim üçün ibrət dərsi
  • «Elə qaçın ki, mükafatı alasınız»
    Gözətçi qülləsi 2011
  • Məsafəni axıradək qaçın
    Gözətçi qülləsi 2020
  • Yehovanı sevənlər «heç nə ilə büdrəməzlər»
    Gözətçi qülləsi 2013
  • Öz yükünü daşı, qalanını kənara at
    Gözətçi qülləsi 2023
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/9 s. 16—20

Yarışda dözümlə qaç

«Gəlin... dözümlə qaçaraq qarşımızdakı məsafəni qət edək» (İBR. 12:1).

1, 2. Həvari Pavel məsihçi həyatını nə ilə müqayisə etmişdi?

HƏR İL bir çox yerlərdə marafon qaçışları keçirilir. Bu yarışa qatılan peşəkar idmançıların yeganə məqsədi qalib gəlməkdir. Əksər iştirakçıların məqsədi isə elə də böyük olmur — onlar üçün finiş xəttinə çatmaq artıq böyük nailiyyətdir.

2 Müqəddəs Kitabda məsihçi həyatı qaçışla müqayisə olunur. Həvari Pavel qədim Korinf şəhərindəki həmimanlılarına yazdığı birinci məktubda onların diqqətini bu məqama yönəltdi. Biz oxuyuruq: «Məgər bilmirsiniz ki, yarışda iştirak edən qaçışçıların hamısı qaçır, ancaq yalnız biri mükafata layiq görülür? Siz də elə qaçın ki, mükafatı alasınız» (1 Kor. 9:24).

3. Nəyə görə Pavel qaçışda iştirak edənlərdən yalnız bir nəfərin qalib gəldiyini yazır?

3 Pavel belə deməklə həmin məsihçilərdən yalnız bir nəfərin həyat mükafatını alacağını, qalanlarının isə bu yarışda əbəs yerə iştirak etdiyinimi nəzərdə tuturdu? Əlbəttə ki, yox! Yarışda iştirak edən idmançılar qalib gəlmək üçün çox ciddi şəkildə məşq edirdilər və yarış zamanı var gücləri ilə qaçırdılar. Pavel də istəyirdi ki, həmimanlıları həyat uğrunda gedən qaçışda məhz bu cür iştirak etsinlər. Yalnız belə olduqda onlar mükafatı — əbədi həyatı almalarına ümid edə biləcəkdilər. Bəli, bu yarışda iştirak edib sonadək məsafəni qət edən məsihçilərin hamısı həmin mükafatı alır.

4. Məsihçilər iştirak etdikləri qaçışla əlaqədar nəyi bilməlidirlər?

4 Həyat uğrunda gedən qaçışa qatılanlar üçün Pavelin bu sözləri nə qədər ruhlandırıcı olsa da, onları ciddi düşünməyə vadar edir. Nəyə görə? Çünki mükafat — istər göylər həyatı, istərsə də yerüzü Cənnətdə əbədi həyat heç nə ilə müqayisə oluna bilməz. Etiraf etmək lazımdır ki, qarşımızdakı məsafə uzun və ağırdır; bu yolda biz çoxlu maneələr, diqqəti yayındıran şeylər və çətinliklərlə üzləşirik (Mat. 7:13, 14). Əfsuslar olsun ki, bəziləri sürətlərini azaltmışlar və hətta yarışı dayandırmışlar. Yarışda iştirak edən məsihçilərin bu yolda üzləşdikləri tələ və təhlükələr hansılardır? Bu problemlərdən necə qaçınmaq olar? Yarışı uğurla başa vurmaq və qalib gəlmək üçün bizdən nə tələb olunur?

Qalib gəlmək üçün dözüm gərəkdir

5. Pavel İbranilərə 12:1 ayəsində qaçışla əlaqədar nəyi açıqladı?

5 Pavel Yerusəlim və Yəhudeyada yaşayan ibrani məsihçilər üçün məktubunda bir daha qaçışla əlaqədar məqamlara toxunur. (İbranilərə 12:1 ayəsini oxu.) O nəinki qaçışda iştirak etməyin səbəblərindən danışır, həmçinin qalib gəlmək üçün bizdən nə tələb olunduğunu da açıqlayır. Gəlin görək Paveli bu məktubu yazmağa nə vadar etmişdi və o, oxucularını nəyə təşviq etmək istəyirdi. Sonra biz Pavelin ibrani məsihçilərə ünvanladığı məsləhəti və ondan hansı ibrət dərsi götürə biləcəyimizi araşdıracağıq.

6. Yəhudi din rəhbərləri məsihçiləri necə təqib edirdilər?

6 Allahın birinci əsrdə yaşayan xidmətçilərinin, xüsusilə də Yerusəlim və Yəhudeyadakı məsihçilərin sınaq və çətinlikləri az deyildi. Xalq arasında hələ də sözü keçən yəhudi din rəhbərləri həmin məsihçilərə gün verib işıq vermirdilər. Bir qədər əvvəl bu din rəhbərləri əllərindən gələni edərək İsa Məsihin qiyamçı kimi mühakimə olunmasına və cani kimi edam edilməsinə müvəffəq olmuşdular. Onların məsihçiləri təqib etməkdən əl çəkmək fikirləri yox idi. Məsələn, «Həvarilərin işləri» kitabında biz oxuyuruq ki, eramızın 33-cü ilində Əllinci gün bayramında baş vermiş möcüzəvi hadisədən sonra onlar dəfələrlə məsihçilərə hədə-qorxu gəlmiş və durmadan onları təqib etmişdilər. Sadiq məsihçilər sözün əsil mənasında zülm çəkirdilər (Həv. iş. 4:1—3; 5:17, 18; 6:8—12; 7:59; 8:1, 3).

7. Birinci əsrdəki məsihçilərin həyatını nə ağırlaşdırırdı?

7 Üstəlik, bu məsihçilər yəhudi sisteminin dağılması ərəfəsində yaşayırdılar. İsa yəhudi xalqının başına gələcək fəlakət barədə qabaqcadan xəbər vermişdi. O həmçinin öz davamçılarına son gəlməzdən öncə nələrin baş verəcəyini demişdi, eləcə də sağ qalmaq üçün konkret göstərişlər vermişdi. (Luka 21:20—22 ayələrini oxu.) Bunun üçün onlar nə etməli idilər? İsa xəbərdarlıq etmişdi: «Özünüzə fikir verin, ürəyinizi qarınqululuq, sərxoşluq və həyatın qayğıları ilə yükləməyin ki, o gün üstünüzə tor kimi qəflətən, bir an içində gəlməsin» (Luka 21:34, 35).

8. Nəyə görə bəzi məsihçilər sürətlərini azaltmış və ya yarışı dayandırmışlar?

8 Həvari Pavel ibranilərə məktub yazanda İsanın bu xəbərdarlığı söyləməsindən təxminən 30 il keçmişdi. Bu illər ərzində məsihçilərlə nə baş vermişdi? Gündəlik problemlər və qayğılar bəzi məsihçiləri o dərəcədə öz ağuşuna almışdı ki, onlar ruhani inkişaflarını dayandırmışdılar. Əslində isə, onlar irəli gedərək ruhən möhkəm qala bilərdilər (İbr. 5:11—14). Digər məsihçilər fikirləşirdilər ki, əgər əksər yəhudilər kimi yaşasalar, həyatları daha rahat olacaq. Bu yəhudilər Yehovaya ibadətdən tamamilə əl çəkməmişdilər, sadəcə olaraq Musanın bəzi qanunlarına riayət edirdilər. Erkən məsihçi yığıncaqlarında Musanın Qanununa və yəhudi adət-ənənələrinə riayət etməyin vacib olduğuna başqalarını inandırmağa çalışan məsihçilər də var idi və bəzi məsihçilər onlara inanırdılar, digərləri isə qorxduqları üçün onlara qulaq asırdılar. Pavel bu məsihçilərə ruhən ayıq qalmağa və qaçışı dözümlə davam etdirməyə kömək etmək üçün nə məsləhət gördü?

9, 10. a) «İbranilərə məktub»un 10-cu fəslinin sonuncu ayələrində Pavel hansı ruhlandırıcı sözlər yazıb? b) Nəyə görə Pavel qədimdə yaşamış sadiq şahidlərin əməlləri barədə yazdı?

9 Pavelin Yehovadan ilham alaraq ibranilərdən olan məsihçiləri necə ruhlandırdığı diqqətəlayiqdir. Bu məktubun onuncu fəslində Pavel vurğuladı ki, Musanın Qanunu «gələcək xeyir-duaların... kölgəsi» idi. Eləcə də o, Məsihin fidyə qurbanlığının dəyərinin üstünlüyünü aydın şəkildə göstərdi. Həmin fəslin sonuncu ayələrində o, oxucularını təşviq edir: «Allahın iradəsini yerinə yetirib, Onun vədinin icrasını görmək üçün siz gərək dözümlü olasınız. Çünki “lap az” qalıb və “gəlişini gözlədiyimiz şəxs gələcək, ləngiməyəcək”» (İbr. 10:1, 36, 37).

10 «İbranilərə məktub»un 11-ci fəslində Pavel keçmişdə yaşamış və böyük iman sahibi olan kişi və qadınların nümunəsi əsasında əsil imanın nə demək olduğunu məharətlə izah etdi. Onun gətirdiyi bu nümunələr yersiz idimi? Əsla! Pavel istəyirdi ki, həmimanlıları imanın cəsarət və dözüm tələb etdiyini dərk etsinlər. Qədimdə yaşamış Yehovanın bu sadiq xidmətçilərinin gözəl nümunəsi ibrani məsihçiləri möhkəmləndirərək sınaq və çətinliklərin öhdəsindən gəlməyə kömək edəcəkdi. O, qədimdə yaşamış Allahın sadiq xidmətçilərinin imandan irəli gələn əməllərini sadaladıqdan sonra dedi: «Bu cür böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün gəlin bizə ağırlıq edən hər şeyi və ayaqlarımıza dolaşan günahı əynimizdən çıxaraq və dözümlə qaçaraq qarşımızdakı məsafəni qət edək» (İbr. 12:1).

«Şahidlər buludu»

11. «Böyük şahidlər buludu»nun nümunəsi üzərində düşünmək bizə necə təsir edə bilər?

11 «Böyük şahidlər buludu», məcazi dillə desək, kənarda durub yarışa tamaşa edən və ya sevimli idmançılarına, yaxud komandalarına azarkeşlik edən kəslər deyildilər. Məsihçilikdən öncə yaşayan Yehovanın bu sadiq xidmətçiləri yarışın fəal iştirakçıları idi. Onlar qarşılarındakı məsafəni uğurla qaçaraq yarışda qalib gəlmişdilər. Həyatda olmasalar da, sınaqdan çıxmış bu «idmançılar» yarışa təzəcə qoşulanlar üçün gözəl nümunə ola bilərdilər. Təsəvvür edirsiniz, yeni iştirakçılar peşəkar idmançıların əhatəsində olduqlarını və ya onlar tərəfindən tamaşa edildiklərini bilsəydilər, hansı hisslər keçirərdilər? Məgər bu, onları əllərindən gələni, hətta bundan da artığını etməyə təşviq etməzdi? Qədimdə yaşamış bu şahidlər təsdiqləyə bilərdilər ki, nə qədər çətin olsa da, yarışda qalib gəlmək mümkündür. «Şahidlər buludu»nun nümunəsini yadda saxlayaraq birinci əsrdəki ibrani məsihçilər də cəsarət nümayiş etdirə və «dözümlə qaçaraq» məsafəni qət edə bilərdilər. Biz də bunu bacara bilərik.

12. Pavelin nümunə kimi çəkdiyi insanlarla bizim aramızda hansı oxşarlıqlar var?

12 Pavelin öz məktubunda adlarını çəkdiyi bir çox sadiq şahidlərin şərait və vəziyyəti eynilə bizimki kimi idi. Məsələn, Nuh qədim dünyanın məhvi ərəfəsində yaşayırdı. Biz də bu sistemin sonunda yaşayırıq. İbrahim və Sara doğma diyarlarını tərk edib özlərini həqiqi ibadətə həsr etməli və Yehovanın vədinin yerinə yetməsini gözləməli idilər. Biz də özümüzü inkar etməli, eləcə də Yehovanın rəğbətini və Onun bizim üçün hazırladığı xeyir-duaları qazanmağa çalışmalıyıq. Musa isə Vəd edilmiş diyara gəlib çatmaq üçün təhlükələrlə dolu olan səhrada dolaşmalı idi. Öz sonuna yaxınlaşan bu dünyada yaşayan bizlər də vəd edilmiş yeni dünyaya üz tuturuq. Müxtəlif çətinliklərlə üzləşən, eləcə də uğurları və səhvləri, zəif və möhkəm cəhətləri olan bu insanların nümunələrini, həqiqətən də, araşdırmağa dəyər (Rom. 15:4; 1 Kor. 10:11).

Onların müvəffəqiyyət qazanmalarının sirri

13. Nuh hansı çətinliklərlə üzləşdi və onların öhdəsindən gəlməkdə Nuha nə kömək etdi?

13 Yehovanın bu sadiq xidmətçilərinə yarışda dözümlə qaçmağa və onu müvəffəqiyyətlə başa vurmağa nə kömək etmişdi? Pavelin Nuh haqqında dediklərinə nəzər salaq. (İbranilərə 11:7 ayəsini oxu.) Nuh «hələ görünməyən şeylərlə» bağlı Allah tərəfindən xəbərdar edilmişdi. Bütün canlıları məhv edən daşqının nə olduğunu Nuh hələ bilmirdi (Yar. 6:17). Bəşər tarixində belə hadisə hələ olmamışdı. Bununla belə, Nuh bunun mümkünsüz olduğunu düşünmədi. Nəyə görə? Çünki o, Yehovanın Öz dediyinə əməl edəcəyinə iman edirdi. Nuh fikirləşmirdi ki, Allahın ona verdiyi tapşırıq həddən artıq çətindir. Əksinə, «Allah ona necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi» (Yar. 6:22). Təsəvvür edirsiniz, Nuh nə etməli idi? O, gəmi tikməli, heyvanları onun içərisinə yığmalı, həm özləri, həm də heyvanlar üçün azuqə toplamalı, təbliğ edərək insanları xəbərdar etməli və ailəsinin ruhaniliyinin qeydinə qalmalı idi. Nuh üçün Yehovanın tapşırıqlarını yerinə yetirmək heç də asan olmayıb. Buna baxmayaraq, Nuhun imanı və dözümlüyü sayəsində o, ailəsi ilə birgə böyük xeyir-dualar aldı və sağ qaldı.

14. İbrahimlə Sara hansı sınaqlara tab gətirdilər və onların nümunəsindən biz nə öyrənirik?

14 «Böyük şahidlər buludu» siyahısında adları çəkilən növbəti şəxslər İbrahimlə Saradır. Onlar Ur şəhərində öyrəşdikləri şəraiti arxada qoyub, yeni həyata başlamalı idilər. İbrahimlə Sara qarşıda onları nə gözləyəcəyindən bixəbər idilər. Onlar çətin şəraitlərdə sarsılmaz iman və itaətkarlıq nümayiş etdirərək böyük nümunə qoymuşlar. Həqiqi ibadət uğrunda İbrahimin verdiyi qurbanları nəzərə alsaq, Müqəddəs Kitabda onun «iman gətirənlərin atası» adlanması təəccüblü deyil (Rom. 4:11). Pavel İbrahimin həyatı ilə yaxşı tanış olan insanların bildikləri məqamların yalnız bəzilərinə toxundu. Buna baxmayaraq, Pavelin çıxardığı nəticə çox təsirli idi: «Bu adamların hamısı [İbrahim və onun ailəsi də daxil olmaqla] həyatı imanla başa vurdular. Onlar vəd edilən şeyləri almasalar da, onları uzaqdan gördülər və alqışladılar, həmçinin o torpaqda qərib və müvəqqəti sakin olduqlarını bəyan etdilər» (İbr. 11:13). Bəli, onların Yehovaya olan imanı və Onunla sıx münasibətləri qarşılarındakı məsafəni dözümlə qət etməyə kömək etdi.

15. Musanı Misirdəki həyatını geridə qoyub Allahın xalqı ilə əziyyətə qatlaşmağa nə təşviq etmişdi?

15 «Şahidlər buludu»nun arasında Yehovanın digər nümunəvi xidmətçisi olan Musanın da adı çəkilir. O, «Allahın xalqı ilə birlikdə əziyyətə qatlaşmağı üstün [tutaraq]» Misirdəki firavan həyatını və yüksək mövqeyini arxada qoydu. Onu buna nə təşviq etmişdi? Pavel cavab verir: «[Musa] gözünü alacağı mükafatdan çəkmirdi... Gözəgörünməz Allahı görürmüş kimi mətin idi». (İbranilərə 11:24—27 ayələrini oxu.) Musa «müvəqqəti həzz» verən günahın ardınca getmədi. Allah və Onun vədləri Musa üçün o qədər real idi ki, bu, onu misilsiz cəsarət və dözüm nümayiş etdirməyə təşviq etmişdi. O, israilliləri Misirdən çıxarıb yorulmaq bilmədən onlara Vəd edilmiş diyara aparan yolda rəhbərlik edirdi.

16. Nəyə görə Allah Musaya Vəd edilmiş diyara daxil olmağa icazə verməyəndə o məyusluğa qapılmadı?

16 İbrahim kimi, Musaya da Allahın vədlərinin yerinə yetməsini öz gözləri ilə görmək nəsib olmadı. İsraillilərin Vəd edilmiş diyara daxil olmalarından bir qədər öncə Allah Musaya bildirdi: «Ölkəni uzaqdan görəcəksən, lakin İsrail övladlarına verəcəyim torpağa girməyəcəksən». Nəyə görə Allah ona Vəd edilmiş diyara daxil olmağa icazə vermədi? Çünki bir qədər öncə xalqın üsyankarlığı ucbatından özlərindən çıxan Musa və Harun «Meriva-Qadeş sularında, İsrail övladlarının önündə» Allahı izzətləndirmədilər (Qanun. t. 32:51, 52). Buna görə Musa məyus oldumu, ürəyində kin saxladımı? Yox. Musa xalqa xeyir-dua verərək sözlərini belə yekunlaşdırdı: «Ey İsrail! Nə bəxtiyarsan, sənin kimisi varmı? Rəbbin qurtardığı xalqsan! Rəbb sipərdir, köməyinə çatandır, əzəmətli qılıncındır» (Qanun. t. 33:29).

Bizim üçün ibrət dərsi

17, 18. a) Həyat uğrunda gedən qaçışla əlaqədar «şahidlər buludu»na daxil olan insanlardan nə öyrənirik? b) Növbəti məqalədə söhbət nədən gedəcək?

17 «Böyük şahidlər buludu»na daxil olan insanların həyatını araşdırandan sonra tamamilə aydındır ki, qarşımızdakı məsafəni sonadək qaçmaq üçün biz Allaha və Onun vədlərinə səmimi-qəlbdən iman etməliyik (İbr. 11:6). İman bizim həyatımızda ikinci dərəcəli yox, əsas yeri tutmalıdır. İmansız insanlardan fərqli olaraq, Yehovanın xidmətçiləri bilirlər ki, gələcəkdə onları gözəl həyat gözləyir. Biz «Gözəgörünməz Allahı» gördüyümüz üçün qarşımızdakı məsafəni dözümlə qaçırıq (2 Kor. 5:7).

18 Məsihçilər çox ağır bir yarışda iştirak edirlər. Bununla belə, yarışı müvəffəqiyyətlə başa vurmaq mümkündür. Bəs bizə daha nə kömək edə bilər? Bu haqda növbəti məqalədə öyrənəcəyik.

İzah edə bilərsinizmi?

• Nəyə görə Pavel qədimdə yaşamış sadiq şahidlərdən bəhs etdi?

• «Şahidlər buludu»nu düşüncələrimizdə canlandırmaq qarşımızdakı məsafəni dözümlə qaçmağa bizi necə təşviq edir?

• Nuh, İbrahim, Sara və Musa kimi sadiq şahidlərin nümunəsindən sən nə öyrəndin?

[19-cu səhifədəki şəkil]

İbrahim və Sara Ur şəhərindəki rahat həyatlarını arxada qoymağa hazır idilər

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş