Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/9 s. 25—29
  • Yehova səni tanıyırmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova səni tanıyırmı?
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • İman gətirənlərin atası
  • Yehovanı gözləməklə Ona iman etdiyini göstər
  • Təvazökarlıq və təkəbbür
  • Yehovaya tabe olmaq üçün təvazökarlıq vacibdir
  • Yehova ona məxsus olanları tanıyır
  • Allahın tə’yin etdiyi hakimiyyətə sədaqətlə tabe olun
    Gözətçi qülləsi 2002
  • İsraillilər Yehovaya üsyan edir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Yehova onu «dostum» adlandırdı
    Gözətçi qülləsi 2016
  • Özünə güvənmək rüsvayçılığa səbəb olur
    Gözətçi qülləsi 2000
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/9 s. 25—29

Yehova səni tanıyırmı?

«Yehova Ona məxsus olanları tanıyır» (2 TİM. 2:19).

1, 2. a) İsa üçün vacib olan nə idi? b) Biz hansı sualların üzərində düşünməliyik?

GÜNLƏRİN BİR GÜNÜ fəriseylər İsaya yaxınlaşıb ondan soruşdular: «Müəllim, Qanunda ən böyük əmr hansıdır?» İsa onların sualına belə cavab verdi: «Allahın Yehovanı bütün ürəyinlə, bütün canınla və bütün ağlınla sev» (Mat. 22:35—37). İsa səmavi Atasına böyük məhəbbət bəsləyirdi və həqiqətən də, bu sözlərə uyğun yaşayırdı. İsa üçün Yehovanın onun barəsində nə fikirləşdiyi vacib idi. Bu, onun sürdüyü həyat tərzindən və sadiq qalmasından açıq-aydın görünürdü. Buna görə də ölümündən bir qədər öncə o dedi ki, Allah onu əmrlərinə sədaqətlə itaət edən bir insan kimi tanıyır. Bu səbəbdən İsa Allahın məhəbbətində qaldı (Yəh. 15:10).

2 Bu gün bir çox insanlar Allahı sevdiyini deyirlər. Şübhəsiz ki, biz də bu insanların siyahısındayıq. Bununla belə, özümüzə bəzi vacib sualları verməliyik: «Allah məni tanıyır? Onun gözündə mən necə insanam? Mən Ona məxsus olan bir insan kimi ad qazanmışammı?» (2 Tim. 2:19). Kainatın Yaradanı ilə bu cür sıx münasibətdə olmaq şərəfinə malik olduğumuzu bilmək necə də gözəldir!

3. Nəyə görə bəziləri üçün Yehovaya məxsus olduqlarına inanmaq çətindir? Onlara bu düşüncə tərzini dəyişməyə nə kömək edəcək?

3 Lakin Yehovanı sevən bəzi insanlar üçün Allahın onlar barədə müsbət fikirdə olduğuna inanmaq çətindir. Onlar özlərini dəyərsiz hesab etdiklərindən düşünürlər ki, Yehovaya məxsus ola bilməzlər. Amma nə yaxşı ki, Yehova bizim barəmizdə belə fikirləşmir! (1 Şam. 16:7). Həvari Pavel həmimanlılarına demişdi: «Kim Allahı sevirsə, Allah onu tanıyır» (1 Kor. 8:3). Əgər Allahın bizi tanımasını istəyiriksə, Onu sevmək olduqca vacibdir. Növbəti sualların üzərində düşün: «Nəyə görə sən bu jurnalı oxuyursan? Yehovaya bütün ürəyinlə, bütün canınla, bütün ağlınla və bütün qüvvətinlə xidmət etməyə nəyə görə can atırsan? Əgər özünü Yehovaya həsr edib vəftiz olunmusansa, bu addımları atmağa səni nə təşviq edib?» Müqəddəs Kitabda deyilir ki, ürəkləri araşdıran Yehova Ona məqbul olan kəsləri özünə cəlb edir. (Haqqay 2:7; Yəhya 6:44 ayələrini oxu.) Buna görə də əmin ol ki, Yehova səni cəlb etdiyi üçün Ona xidmət edirsən. Yehova heç vaxt Özünə cəlb etdiyi insanları tərk etmir, lakin bir şərtlə — gərək həmin insanlar Ona sadiq qalsınlar. Onlar Allah üçün çox dəyərlidirlər və Yehova onları ürəkdən sevir (Məz. 94:14).

4. Nəyə görə biz Yehova ilə münasibətlərimizin bu qədər dəyərli olduğunu heç vaxt unutmamalıyıq?

4 Əgər Yehova bizi Özünə cəlb edibsə, Onun məhəbbətində qalmaq üçün əlimizdən gələni əsirgəməməliyik. (Yəhuda 20, 21 ayələrini oxu.) Müqəddəs Kitabda Allahdan tədricən və hətta bilə-bilə, yəni öz istəyilə uzaqlaşmaq təhlükəsinin olduğu göstərilir. Biz bu barədə heç vaxt unutmamalıyıq (İbr. 2:1; 3:12, 13). Misal üçün, həvari Pavel 2 Timoteyə 2:19 ayəsindəki sözləri yazmazdan öncə Himeneyin və Filitin adını çəkdi. Bu iki nəfər vaxtilə Yehovaya məxsus idi, lakin sonradan həqiqətdən uzaqlaşdılar (2 Tim. 2:16—18). Qalatiya yığıncağında da vaxtilə Allah tərəfindən tanınan, lakin Onun ruhani nurunda özlərini saxlaya bilməyən insanlar var idi (Qalat. 4:9). Gəlin heç vaxt Allah qarşısında malik olduğumuz ada barmaqarası baxmayaq.

5. a) Allahın dəyər verdiyi bəzi xüsusiyyətlər hansılardır? b) Biz hansı nümunələri araşdıracağıq?

5 Elə xüsusiyyətlər var ki, Yehova onlara xüsusi dəyər verir (Məz. 15:1—5; 1 Pet. 3:4). Bu xüsusiyyətlərdən ikisi iman və təvazökarlıqdır. Bunlar Allah tərəfindən tanınan insanların fərqləndirici cəhətləri olmuşdur. Gəlin bu xüsusiyyətləri təzahür etdirmələri sayəsində Yehovanın gözündə ucalan iki insanın nümunəsinə nəzər salaq. Həmçinin biz Allah tərəfindən tanındığını düşünən, lakin sonradan təkəbbürlü olduğu üçün Yehovanın rədd etdiyi bir şəxsin də nümunəsinə baxacağıq. Biz bu nümunələrdən özümüz üçün ibrət dərsi götürə bilərik.

İman gətirənlərin atası

6. a) İbrahim Yehovanın vədlərinə iman etdiyini necə göstərdi? b) Yehova İbrahimi hansı mənada tanıyırdı?

6 İbrahim Yehovaya iman edirdi. Müqəddəs Kitabda o hətta «iman gətirənlərin atası» adlanır (Yar. 15:6; Rom. 4:11). İmanı sayəsində İbrahim ev-eşiyini, dost-tanışlarını və mal-mülkünü atıb uzaq bir diyara yollandı (Yar. 12:1—4; İbr. 11:8—10). İbrahimin imanı uzun illər sonra da möhkəm qalmışdı. Bu, nədən bəllidir? O, Yehovanın əmrlərinə tabe olaraq «oğlunu qurban gətirməyə hazır idi» (İbr. 11:17—19). İbrahim Yehovanın vədlərinə iman etdiyini göstərirdi. Buna görə də Yehova ona xüsusi gözlə baxırdı və onu, həqiqətən də, tanıyırdı. (Yaradılış 18:19 ayəsini oxu.) Bu, sadəcə olaraq Yehovanın İbrahimin mövcud olmasını bilməsi demək deyildi, İbrahim Yehovaya bir dost kimi əziz idi (Yaq. 2:22, 23).

7. İbrahim Allahın vədlərinin həyata keçəcəyinə nə dərəcədə əmin idi və o, bunu necə göstərdi?

7 İbrahim yaşadığı müddətdə Yehovanın ona vəd etdiyi torpağı almadı. Həmçinin nəslinin «dəniz kənarındakı qum qədər» artıb çoxaldığını da görmədi (Yar. 22:17, 18). Bu vədlərin yalnız İbrahimin ölümündən sonra yerinə yetməsinə baxmayaraq, onun Yehovaya olan imanı sarsılmadı. O əmin idi ki, əgər Allah söz veribsə, artıq onu həyata keçmiş hesab etmək olar. Bəli, İbrahim öz həyatını buna uyğun olaraq yaşadı. (İbranilərə 11:13 ayəsini oxu.) Yehova bizi də bu cür imana malik olan bir insan kimi tanıyırmı?

Yehovanı gözləməklə Ona iman etdiyini göstər

8. Bəziləri hansı arzularının yerinə yetməsinin həsrətindədirlər?

8 Ola bilsin, ürəyimizdə elə bir arzu var ki, onun həyata keçməsini həsrətlə gözləyirik. Bu, ailə qurmaq, dünyaya övlad gətirmək və ya sağlam olmaq istəyi ola bilər. Bu arzuların hamısı təbii və normaldır. Lakin çoxlarımızın arzusu hələ də ürəyimizdə qala bilər. Əgər bizim barəmizdə də belə demək olarsa, bu vəziyyətlərdə özümüzü necə aparmağımız imanımızın nə dərəcədə güclü olduğundan xəbər verir.

9, 10. a) Bəziləri öz istədiklərinə necə nail olurlar? b) Yehovanın vədlərinin yerinə yetməsi barədə nə fikirləşirsən?

9 Arzumuzu gerçəkləşdirmək üçün Yehovanın rəhbərliyinə zidd davranmaq necə də böyük ağılsızlıq olardı. Bu, Yehova ilə münasibətlərinizə zərər vura bilər. Misal üçün, bəziləri Yehovanın prinsiplərinə zidd olan müalicə üsullarını seçmişlər. Digərləri ailələrinə vaxt ayırmağa və ya yığıncaq görüşlərində iştirak etmələrinə mane olan işə düzəlmişlər. Başqaları isə Yehovaya xidmət etməyən insanla romantik münasibətlər qurmuşlar. Məsihçi belə hərəkətlərə yol verirsə, demək olarmı ki, o, həqiqətən də, Yehovanın onu tanımasını istəyir? Əgər İbrahim Allahın vədlərinin yerinə yetməsini səbirlə gözləmək əvəzinə, işi öz əlinə alaraq yenidən özünə şərait qurmağa, ad-san qazanmağa başlasaydı, bu, Yehovaya necə təsir göstərərdi? (Yaradılış 11:4 ayəsi ilə müqayisə et.) Yehova ona rəğbət bəsləməyə davam edərdimi?

10 Bəs sən hansı arzularının yerinə yetməsini həsrətlə gözləyirsən? Yaxşı arzularını gerçəkləşdirməyə söz verən Yehovanı gözləmək üçün imanın kifayət qədər möhkəmdirmi? (Məz. 145:16). İbrahimin hadisəsində olduğu kimi, ola bilsin, Yehovanın bəzi vədləri istədiyimiz vaxtda yerinə yetməsin. Lakin bizim İbrahim kimi möhkəm imana yiyələnməyimizi və ona əsasən davranmağımızı Yehova yüksək qiymətləndirir. Əmin ola bilərik ki, O, bizi mükafatlandıracaq (İbr. 11:6).

Təvazökarlıq və təkəbbür

11. Qorah hansı hadisələrin canlı şahidi olub və onun hansı məsuliyyətləri var idi? Bu, onun Yehova ilə münasibətləri barədə nəyi göstərirdi?

11 Musa ilə Qorah Yehovanın quruluşuna və qərarlarına hörmət etmək məsələsində bir-birindən olduqca fərqlənirdilər. Onların davranışı Yehova qarşısında malik olduqları ada böyük təsir göstərdi. Qorah Qohat nəslindən olan levili idi və o, bir çox tarixi hadisələrin şahidi və iştirakçısı olmuşdu, həmçinin onun məsuliyyətləri də az deyildi. Qorah öz gözləri ilə Allahın xalqının Qırmızı dənizdən keçməsini görüb, Sina dağında Yehovanın itaətsiz israillilərə qarşı gördüyü tədbiri dəstəkləyib. Üstəlik, o, Əhd sandığının daşınmasında kömək edirdi (Çıx. 32:26—29; Say. 3:30, 31). Qorah uzun müddət Yehovaya sadiq qalmışdı və bir çox israillilərin hörmətini qazanmışdı.

12. Təkəbbür Qorahın Allah qarşısında malik olduğu ada necə təsir göstərdi? 28-ci səhifədəki şəklə bax.

12 Lakin İsrail xalqı Vəd edilmiş diyara yollanarkən Qorah Allahın quruluşunda problem olduğunu düşündü. Ona qoşulan 250 nəfər icma başçısı ilə birgə Qorah dəyişikliklər etmək fikrinə gəldi. Onlar Allah qarşısında malik olduqları ada arxayın idilər. Bu adamlar Musaya dedilər: «Artıq bəsdir! Çünki bütün icmanın hamısı müqəddəsdir və Rəbb onların arasındadır» (Say. 16:1—3). Onlar özlərindən necə də razı idilər! Musa onlara dedi: «Rəbb kimin Ona məxsus... olduğunu göstərəcək». (Saylar 16:5 ayəsini oxu.) Növbəti günün sonunda Qorah və bu üsyanda onun tərəfini tutanların heç biri artıq həyatda yox idi (Say. 16:31—35).

13, 14. Musa təvazökar olduğunu necə göstərdi?

13 Onlardan fərqli olaraq, «Musa yer üzündə yaşayan bütün adamlardan daha itaətkar bir insan idi» (Say. 12:3). Musa həlim və təvazökar olduğunu Yehovanın rəhbərliyinə riayət etməyə qəti qərarlı olmaqla göstərdi (Çıx. 7:6; 40:16). Müqəddəs Kitabın heç bir yerində deyilmir ki, o, Yehovanın göstərişlərini tez-tez şübhə altına alır və ya Onun əmrlərinə qarşı narazıçılığını bildirirdi. Misal üçün, Yehova müqəddəs məskənin quruluşuna dair ən xırda detallarınadək — pərdələrin düzəldilməsində istifadə olunacaq sapın rəngi və ilgəklərin sayınadək konkret göstərişlər vermişdi (Çıx. 26:1—6). Əgər Allahın təşkilatında hansısa bir nəzarətçi bir işlə bağlı xırdalığınadək sənə göstərişlər verirsə, ola bilsin, bu, səni ruhdan salsın. Lakin Yehova xidmətçilərinə çoxlu tapşırıqlar verən və onlara güvənən kamil nəzarətçidir. O, bir işlə bağlı çoxsaylı göstərişlər verirsə, deməli, Onun buna əsaslı səbəbləri var. Musa Yehovadan müqəddəs məskənin tikintisi ilə əlaqədar çoxlu göstəriş alanda deyinmirdi. O düşünmürdü ki, bununla Yehova onu alçaldır, azadlığını məhdudlaşdırır və ya yaradıcılıq qabiliyyətini göstərməyə imkan vermir. Əksinə, Musa müqəddəs məskəni düzəldənlərə tapşırdı ki, hər şeyi Yehovanın göstərişinə uyğun etsinlər (Çıx. 39:32). O necə də təvazökar idi! Musa dərk edirdi ki, bu, Yehovanın işidir və o, Yehovanın əlində sadəcə bir alətdir.

14 Musanın təvazökarlığını həyatında baş vermiş xoşagəlməz bir hadisədən də görmək olar. Bir dəfə Musa xalqın deyingənliyindən təngə gələrək özündən çıxdı və Allahı izzətləndirmədi. Nəticədə, Yehova Musaya dedi ki, o, xalqı Vəd edilmiş diyara keçirtməyəcək (Say. 20:2—12). Musa və onun qardaşı Harun israillilərin deyingənliyinə uzun illər dözdülər. Lakin Musa bircə dəfə səhvə yol verməsi ucbatından illər boyu həsrətini çəkdiyi diyara daxil olmadı. Bəs Yehovanın qərarı ona necə təsir göstərdi? Təbii ki, o məyus oldu, lakin təvazökarlıqla buna boyun əydi. O, Yehovanın saleh və ədalətli Allah olduğuna bilirdi (Qanun. t. 3:25—27; 32:4). Məgər Musaya baxanda Yehovanın onu tanıdığına kimdəsə şübhə yarana bilər? (Çıxış 33:12, 13 ayələrini oxu.)

Yehovaya tabe olmaq üçün təvazökarlıq vacibdir

15. Qorahın təkəbbür və üsyankarlıq nümunəsindən nə öyrənirik?

15 Ümumdünya məsihçi yığıncağında edilən dəyişikliklərə və məsul qardaşların qərarlarına göstərdiyimiz münasibət Yehovanın bizim haqqımızda nə düşündüyünə təsir edir. Qorah və onun tərəfdarları özlərindən həddən artıq razı, təkəbbürlü və imanları zəif olan insanlar idi. Onların Allahdan uzaqlaşmalarına səbəb də məhz bu oldu. Qorah düşünürdü ki, bütün qərarları verən yaşa dolmuş Musadır, ancaq o unutmuşdu ki, əslində xalqa rəhbərlik edən Yehovadır. Qorah bunu nəzərdən qaçırdığı üçün Allahın seçilmişlərinə xor baxmağa başladı. Əgər o, müdrik davranıb Yehovanı gözləsəydi, Yehova ona nəyə görə müəyyən tərzdə hərəkət etdiyini başa düşməyə kömək edərdi və ehtiyac yaranardısa, Özü dəyişiklik edərdi. Qorahın təkəbbür və üsyankarlığı ucbatından illər boyu Yehovaya etdiyi xidmət boşa çıxdı.

16. Əgər biz Musa kimi təvazökar olsaq, Allah bizi necə insan kimi tanıyacaq?

16 İndi müzakirə etdiyimiz hadisə ağsaqqallar, eləcə də digər məsihçilər üçün çox ciddi bir xəbərdarlıqdır. Yehovanı gözləmək və təyin olunmuş məsul qardaşların göstərişlərinə əməl etmək üçün təvazökar olmaq gərəkdir. Biz, Musa kimi, həlim və təvazökar olduğumuzu göstəririkmi? Aramızdakı məsul qardaşların səlahiyyətlərini qəbul edir və onların göstərişlərinə tabe oluruqmu? Hansısa səbəbdən məyus olanda öz hisslərimizlə bacara bilirikmi? Əgər bütün bu suallara verdiyimiz cavab müsbətdirsə, deməli, Yehova bizdən razıdır. Təvazökar və itaətkar olmağımız bizi Yehovanın gözündə daha da ucaldacaq.

Yehova ona məxsus olanları tanıyır

17, 18. Bundan sonra da Yehova bizi Ona məxsus olan insan kimi tanısın deyə nə etməliyik?

17 Yehovanın Özünə cəlb etdiyi və Onun gözündə yaxşı ad qazanmış insanların nümunəsi üzərində düşünmək faydalıdır. İbrahim və Musa, elə bizim kimi, qeyri-kamil idilər və onların müəyyən qüsurları var idi. Bununla belə, Yehova onları Özünə məxsus olan insanlar kimi tanıyırdı. Qorahın nümunəsi isə göstərdi ki, Yehovadan uzaqlaşıb Onun rəğbətini itirməkdən heç kəs sığortalanmayıb. Buna görə də hər birimiz özümüzə növbəti sualları verməliyik: «Mən Yehovanın gözündə necə insanam? Bu Müqəddəs Kitab nümunələrindən şəxsən mən özüm üçün hansı ibrət dərsi götürdüm?»

18 Yehova Ona sadiq qalan xidmətçilərini Özünə məxsus olan insanlar kimi tanıyır. Bu fikir bizə böyük təskinlik verə bilər. İnsanı Yehovanın gözündə ucaldan iman, təvazökarlıq və bu kimi digər xüsusiyyətlər üzərində işləməyə davam et. Yehovanın bizi tanıması, doğrudan da, böyük şərəfdir. Onun rəğbətini qazanan insanlar indi xoşbəxt həyat sürürlər, gələcəkdə isə onları sonsuz xeyir-dualar gözləyir (Məz. 37:18).

Yadınızdadırmı?

• Yehovanın bizi tanıması nə deməkdir?

• Sən İbrahimin imanını necə təqlid edə bilərsən?

• Qorahla Musanın nümunəsindən nə öyrənirik?

[26-cı səhifədəki şəkil]

İbrahim kimi, biz Yehovanın bütün vədlərini yerinə yetirəcəyinə iman edirikmi?

[28-ci səhifədəki şəkil]

Qorah təvazökar deyildi və rəhbərliyə tabe olmurdu

[29-cu səhifədəki şəkil]

Yehova səni göstərişlərə təvazökarcasına tabe olan bir insan kimi tanıyırmı?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş