Könüllü ianə etmək şərəfi sənə sevinc gətirirmi?
FİLİPİDƏ yaşayan erkən məsihçilər həqiqi ibadət uğrunda göstərdikləri səxavətlilikləri ilə tanınırdılar. Həvari Pavel Allahdan ilham alaraq onlara ünvanladığı məktubda yazmışdı: «Hər dəfə sizi xatırlayanda Allahıma şükür edirəm və hamınız üçün yalvarıb sevinclə dua edirəm. Axı siz ilk gündən başlayaraq xoş xəbəri dəstəkləyirsiniz» (Filip. 1:3—5). Pavel Lidiyanın qonaqpərvərliyini çox gözəl xatırlayırdı. Bu qadın evindəkiləri ilə birgə vəftiz olunanda israrla ondan və əməkdaşlarından evində qonaq qalmağı xahiş etmişdi (Həv. iş. 16:14, 15).
Bu hadisədən çox keçməmiş Filipidə yeni yaranmış yığıncaq təxminən 160 kilometr aralıda yerləşən Saloniki şəhərində bir neçə həftəlik həmimanlılarına baş çəkən Pavelə iki dəfə yardım göndərmişdi (Filip. 4:15, 16). Bir neçə ildən sonra Filipidə və Makedoniyada yaşayan qardaşlar çətinlik çəkmələrinə və «yoxsul olmalarına» baxmayaraq, Yerusəlimdəki həmimanlılarının təqib olunduqlarını eşidən kimi onlara kömək əllərini uzatdılar. Pavel qeyd etdi ki, onlar «artıqlaması ilə səxavət göstərdilər». Həmçinin o yazmışdı: «Onlar bizdən bəxşişlərini qəbul etməyi... dönə-dönə xahiş edirdilər» (2 Kor. 8:1—4; Rom. 15:26).
Filipililərin məsihçiliyi qəbul etmələrindən təxminən on il keçsə də, onlar əvvəlki kimi əliaçıq idilər. Pavelin Romada həbsdə olduğundan xəbər tutan kimi yanına Epafroditi göndərdilər. Epafrodit quru və dənizdən keçərək 1287 kilometr qət edib bu məsihçilərin ona göndərdiyi yardımı çatdırdı. Sözsüz ki, filipililər Pavelin ehtiyaclarının qeydinə qalırdılar ki, o, həbsdə olmasına baxmayaraq, qardaşları möhkəmləndirməkdən və təbliğ etməkdən qalmasın (Filip. 1:12—14; 2:25—30; 4:18).
Bu gün həqiqi məsihçilər təbliğ və şagird hazırlamaq işini dəstəkləməyi imtiyaz hesab edirlər (Mat. 28:19, 20). Onlar Padşahlıq işinin irəliləməsi üçün vaxt, güc və vəsaitlərini əsirgəmirlər. Aşağıdakı çərçivədə bizim günlərdə təbliğ işini dəstəkləməyin bəzi üsulları göstərilir.
[22–ci səhifədəki çərçivə]
BƏZİLƏRİ NECƏ İANƏ EDİRLƏR?
ÜMUMDÜNYA İŞİ ÜÇÜN PUL İANƏLƏRİ
Çoxları öz büdcələrindən müəyyən miqdarda pul ayırır və üzərində «Ümumdünya işi üçün ianələr (Matta 24:14)» yazılan qutuya atırlar.
Yığıncaqlar bu könüllü ianələri hər ay yerli filiala göndərir. Könüllü edilən pul ianələrini ölkənizə baxan filiala göndərmək olar. Zəhmət olmasa, ianə ilə birlikdə onun hədiyyə olduğunu bildirən qısa məktub da göndərin.
İANƏNİN DİGƏR NÖVLƏRİ
Bəzi ölkələrdə ümumdünya təbliğ işini dəstəkləmək üçün pul ianə etməkdən savayı, başqa üsullar da var. Onlardan bəziləri bunlardır:
Daşınmaz əmlak. Satışa yararlı olan daşınmaz əmlakı hədiyyə kimi ya birbaşa filiala ianə etmək olar, ya da hədiyyə edənin ölənədək orada yaşayıb əmlakına sahiblik hüququna malik olmaq şərtilə ianə etmək olar. Öz əmlakınızı hədiyyə olaraq filiala vermək üçün sənədləri hazırlamazdan öncə, zəhmət olmasa, filialla əlaqə saxlayın.
Vəsiyyətnamə. Əmlakı və ya pulu qanunla müəyyən olunmuş formada tərtib edilən vəsiyyətnamə əsasında filiala vermək olar. Belə olan halda, zəhmət olmasa, vəsiyyətnamənin surətini filiala göndərin.