Zehinləri zəhərləyən xüsusiyyət.Paxıllıq
Bu, Napoleon Bonapartda, Yuli Sezarda və Makedoniyalı İsgəndərdə də var idi. Böyük hakimiyyətə sahib olmalarına və dünyaya səs salmalarına baxmayaraq, bu şəxsiyyətlərin ürəyində hər bir insanın zehnini məhv etməyə qadir olan «zəhər» var idi. Onların üçü də başqalarının paxıllığını çəkirdi.
İngilis filosofu Bertran Rassel yazmışdır: «Napoleon Sezara, Sezar [Makedoniyalı] İsgəndərə, zənnimcə, İsgəndər isə heç vaxt mövcud olmayan Herkulesə paxıllıq edirdi». İnsanın ürəyində paxıllığın baş qaldırması onun nə var-dövlətindən, nə yaxşı xüsusiyyətlərindən, nə də ki həyatda müvəffəqiyyət qazanmasından asılıdır.
Paxıllıq başqasının üstünlüyünə, firavanlığına, xoşbəxtliyinə, qabağa getməsinə və sairəyə dözməmək, gözügötürməzlik deməkdir. Bir Müqəddəs Kitab ensiklopediyasında paxıllıqla qibtə arasındakı fərq izah olunur: «“Qibtə” başqasının sahib olduğu şeyin özündə də olmasını istəmək, “paxıllıq” isə başqasına məxsus olan şeylərdən onun məhrum olmasını arzulamaq deməkdir». Paxıl insan sadəcə başqalarına həsəd aparmır, o, onların malik olduqları şeyləri mənimsəmək istəyir.
Paxıllığın necə baş qaldırdığını araşdırmaq və onun nə ilə nəticələndiyini bilmək yaxşı olardı. Xüsusilə də biz bu xüsusiyyət həyatımıza hakim kəsilməsin deyə nə etməli olduğumuzu bilməliyik.
PAXILLIĞI ALOVLANDIRAN AMİL
Hər bir qeyri-kamil insanın daxilində paxıllığa meyil olsa da, müxtəlif amillər bu meyili gücləndirə bilər (Yaq. 4:5). Həmin amillərin biri haqda həvari Pavel yazmışdı: «Şöhrətpərəst olmayaq, bir-birimizi rəqabətə təhrik etməyək, bir-birimizin paxıllığını çəkməyək» (Qalat. 5:26). Rəqabət ruhu qeyri-kamilliyin nəticəsi olan bu meyili daha da gücləndirə bilər. Kristina və Xosea adlı iki məsihçi bunun həqiqət olduğuna öz təcrübəsindən əmin olmuşlar.
Daimi pioner kimi xidmət edən Kristina deyir: «Tez-tez başqalarına baxanda paxıllığım tutur. Mən özümü başqaları ilə müqayisə edirəm və məndə olmayan şeyləri başqalarında görəndə paxıllıqdan alışıb-yanıram». Bir dəfə Kristina səyyar xidmətdə olan bir ər-arvadla nahar edirdi. Kristina bilirdi ki, bu cütlük onunla və həyat yoldaşı Eriklə təxminən eyni yaşdadır, həmçinin əvvəlki təyinatları da eyni olub. Buna görə də o dedi: «Mənim də ərim ağsaqqaldır! Necə oldu ki, siz səyyar xidmətdəsiniz, biz isə heç nəyik?» Rəqabət ruhu ilə daha da alovlandırılan paxıllıq Kristinanın gözünü o dərəcədə tutmuşdu ki, özünün və ərinin etdiyi yaxşı işləri görmürdü və həyatından narazı idi.
Xose yığıncaqda xidməti köməkçi olmaq istəyirdi. Görəndə ki, başqaları bu xidmətə təyin edilir, o isə yox, Xose onlara paxıllıq etməyə başladı və ağsaqqallar şurasının koordinatoruna qarşı ürəyində pis hisslər baş qaldırdı. O etiraf edir: «Paxıllıq ucbatından məndə bu qardaşa qarşı nifrət yarandı və mən ondan gələn hər şeyi pis tərəfə yozurdum. Paxıllıq sənə hakim kəsiləndə eqoist olursan və artıq sağlam şəkildə düşünə bilmirsən».
MÜQƏDDƏS KİTABDAN İBRƏTAMİZ NÜMUNƏLƏR
Müqəddəs Kitab ibrətamiz nümunələrlə zəngindir (1 Kor. 10:11). Bu nümunələrdən bəziləri nəinki paxıllığın necə kök atdığını, həmçinin bu xüsusiyyətə ürəklərində yer verən insanların həyatını necə zəhərlədiyini də göstərir.
Nümunə üçün Adəmlə Həvvanın ilk övladı Qabili götürək. Yehova Habilin qurbanını qəbul edib, onunkunu isə rədd edəndə o, bərk qəzəblənmişdi. Qabil bu vəziyyətdə düzgün davrana bilərdi, ancaq paxıllıq onun gözünü o dərəcədə kor etmişdi ki, o, qardaşını öldürdü (Yar. 4:4—8). Təəccüblü deyil ki, Müqəddəs Kitabda Qabil «Şərirdən olan» adlanır (1 Yəh. 3:12).
Ataları Yusifə xüsusi münasibət bəslədiyi üçün onun on qardaşı ona paxıllıq edirdi. Yusif peyğəmbərlik yuxularını qardaşlarına danışanda onların nifrəti daha da artdı. Qardaşları hətta onu öldürmək fikrinə düşdülər. Nəhayətdə, onu qul kimi satdılar və insafsızcasına Yaqubu inandırdılar ki, Yusif ölüb (Yar. 37:4—11, 23—28, 31—33). Bu hadisədən uzun illər keçəndən sonra onlar günahlarını boyunlarına alaraq bir-birilərinə dedilər: «Doğrudan da, biz qardaşımızın qarşısında təqsirkarıq. O bizə yalvardığı vaxt çəkdiyi əziyyəti gördük, ancaq ona qulaq asmadıq» (Yar. 42:21; 50:15—19).
Qorah, Datan və Aviram isə öz məsuliyyətlərini Musa və Harunun məsuliyyətləri ilə müqayisə edəndə onların paxıllığını çəkməyə başladılar. Bu adamlar Musanı özünü xalqdan üstün tutmaqda və hamının üzərində başçılıq etmək məqsədini güdməkdə ittiham etdilər (Say. 16:13). Bu heç də həqiqət deyildi (Say. 11:14, 15). Musanı Yehova şəxsən Özü təyin etmişdi. Lakin bu üsyankarlar Musanın mövqeyinə həsəd aparırdılar. Paxıllıq etmələri Yehovanın onları məhv etməsinə gətirib çıxartdı (Məz. 106:16, 17).
Padşah Süleyman paxıllığın hansı həddə çata biləcəyinin şahidi olmuşdu. Yenicə doğulmuş körpəsi ölən qadın eyni evdə qaldığı qadını inandırmağa çalışırdı ki, ölən onun uşağı deyil. Yalan danışan qadın hətta sağ olan uşağın öldürülməsinə belə razı idi. Lakin Süleyman körpənin öz anasına qaytarılmasının qayğısına qaldı (1 Pad. 3:16—27).
Paxıllığın nəticələri dəhşətli ola bilər. Nəzərdən keçirdiyimiz Müqəddəs Kitab nümunələrindən gördüyümüz kimi, paxıllıq nifrətə, haqsızlığa və insanın qətl törətməsinə gətirib çıxara bilər. Üstəlik, paxıllığın qurbanı olan həmin insanların heç biri onlara qarşı edilən pisliklərə layiq deyildilər. Paxıllığın bizə hakim kəsilməməsi üçün nəsə edə bilərikmi? Paxıllığın əlacı nədir?
PAXILLIĞA QARŞI GÜCLÜ VASİTƏLƏR
Qardaşlıq məhəbbəti inkişaf etdirin. Həvari Peter məsihçilərə nəsihət verirdi: «Siz həqiqətə itaət edib təmizləndikdən sonra riyasız qardaşlıq məhəbbətinə sahib olmusunuz. Buna görə də bir-birinizi səmimi qəlbdən, hərarətlə sevin» (1 Pet. 1:22). Bəs məhəbbət nədir? Həvari Pavel yazmışdı: «Məhəbbət səbirli və xeyirxahdır. Məhəbbət paxıl deyil, lovğalanmır, yekəxanalıq etmir, nalayiq davranmır, öz xeyrini güdmür» (1 Kor. 13:4, 5). Məgər başqalarına qarşı ürəyimizdə bu cür məhəbbət yetişdirmək paxıllığın öhdəsindən gəlməyimizə kömək etməyəcək? (1 Pet. 2:1). Yonatan Davuda paxıllıq etmək əvəzinə, onu «öz canı kimi sevdi» (1 Şam. 18:1).
Yehovaya xidmət edənlərlə ünsiyyət edin. 73-cü məzmurun müəllifi problemsiz və dəbdəbəli həyat tərzi sürən pis insanların paxıllığını çəkirdi. Ancaq o, «Allahın müqəddəs məkanına» baş çəkəndən sonra paxıllıq hissi üzərində qələbə qazandı (Məz. 73:3—5, 17). Həmimanlıları ilə ünsiyyətdə olmaq məzmurçuya Allaha yaxınlaşmağın nə qədər böyük xeyir-dua olduğunu dərk etməyə kömək etdi (Məz. 73:28). Müntəzəm şəkildə yığıncaq görüşlərində həmimanlılarımızla ünsiyyət etmək bizə də bu kimi hissləri ürəyimizdən silib atmağa kömək edə bilər.
Yaxşılıq etmək üçün fürsət axtarın. Allah Qabilin ürəyində paxıllıq və nifrətin kök saldığını görəndə onu «yaxşı iş» görməyə təşviq etdi (Yar. 4:7). Məsihçilər üçün «yaxşı iş» görmək nə deməkdir? İsa demişdi ki, biz Allahımız Yehovanı bütün ürəyimizlə, canımızla və ağlımızla sevməliyik, eləcə də yaxınımızı özümüzü sevdiyimiz kimi sevməliyik (Mat. 22:37—39). Yehovaya xidmət və insanlara kömək etmək əsasında qurulan həyatın gətirdiyi məmnunluq hissi paxıllığa qarşı güclü vasitələrdən biridir. Padşahlığın təbliği və şagird hazırlamaq işində canla-başla iştirak etmək Allaha və yaxınlarımıza xidmət etmək üçün gözəl imkandır, üstəlik, bu, bizə «Rəbbin xeyir-duası»nı gətirir (Sül. məs. 10:22).
«Sevinənlərlə sevinin» (Rom. 12:15). İsa şagirdlərinin müvəffəqiyyətinə sevinirdi və hətta demişdi ki, onların təbliğ işindəki nailiyyətləri onunkundan daha çox olacaq (Luka 10:17, 21; Yəh. 14:12). Yehovanın xidmətçiləri arasında birlik hökm sürdüyünə görə bir nəfərin qazandığı uğur hamı üçün xeyir-duadır (1 Kor. 12:25, 26). Belə isə, həmimanlımıza yeni məsuliyyət həvalə olunanda paxıllıq etmək əvəzinə, məgər onunla birgə sevinməli deyilik?
HEÇ DƏ ASAN OLMAYAN MÜBARİZƏ
Paxıllığa qarşı mübarizə uzun çəkə bilər. Kristina etiraf edir: «Bu gün də məndə paxıllığa qarşı güclü meyil var. Hətta paxıllığa nifrət etməyimə baxmayaraq, onu tamamilə ürəyimdən silib ata bilmirəm və hər dəfə bu hiss məndə baş qaldıranda onu boğmalı oluram». Xose də eyni mübarizəni aparır. O deyir: «Yehova mənə yığıncağımızın ağsaqqallar şurasının koordinatorunun gözəl xüsusiyyətlərini qiymətləndirməyə kömək etdi. Bu işdə Allahla yaxın münasibət həlledici rol oynadı».
Paxıllıq «günahlı bədənin əməlləri»ndən biridir və hər bir məsihçi ona qarşı mübarizə aparmalıdır (Qalat. 5:19—21). Əgər paxıllığın bizə hakim kəsilməsinə yol verməsək, həyatda daha xoşbəxt olacağıq və səmavi Atamız Yehova bizdən razı qalacaq.
[Haşiyə]
a Adlar dəyişdirilib.
[17-ci səhifədəki yazı]
«Sevinənlərlə sevinin»