Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w20 fevral s. 14—19
  • Paxıllıqla mübarizə aparıb sülhə can ataq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Paxıllıqla mübarizə aparıb sülhə can ataq
  • Gözətçi qülləsi 2020
  • Başlıqlar
  • Oxşar material
  • PAXILLIQ NƏDƏN YARANIR?
  • TƏVAZÖKAR VƏ ŞÜKÜR EDƏN OLUN
  • «SÜLHƏ APARAN... ŞEYLƏRƏ CAN ATAQ»
  • Zehinləri zəhərləyən xüsusiyyət.Paxıllıq
    Gözətçi qülləsi 2012
  • Rəqabət yaratmayın, sülhə can atın
    Gözətçi qülləsi 2021
  • Yehova təvazökar bəndələrini dəyərləndirir
    Gözətçi qülləsi 2019
  • Özünə güvənmək rüsvayçılığa səbəb olur
    Gözətçi qülləsi 2000
Əlavə
Gözətçi qülləsi 2020
w20 fevral s. 14—19

TƏLİM MƏQALƏSİ 8

Paxıllıqla mübarizə aparıb sülhə can ataq

«Gəlin sülhə aparan və bir-birimizi ruhlandıran şeylərə can ataq» (ROM. 14:19).

NƏĞMƏ 113 Allahın sülh ənamı

İCMALa

1. Paxıllıq Yusifin ailəsinə necə təsir göstərmişdi?

YAQUB oğullarının hamısını sevirdi, amma on yeddi yaşlı Yusif ona daha əziz idi. Bəs oğulları buna necə yanaşırdı? Onlar Yusifin paxıllığını çəkirdi və bu paxıllıq nifrətə çevrilmişdi. Yusif qardaşlarında nifrət doğuracaq heç bir şey etməmişdi. Buna baxmayaraq, qardaşları onu qul kimi satıb, atalarına yalan danışmışdılar. Yaqub elə bilmişdi ki, əziz oğlunu vəhşi heyvan parçalayıb. Paxıllıq onların ailəsindəki sülhü pozmuş, atalarının qəlbinə dağ çəkmişdi (Yar. 37:3, 4, 27—34).

2. Qalatiyalılara 5:19—21 ayələrinə əsasən, nə üçün paxıllıq bu qədər təhlükəlidir?

2 Müqəddəs Kitabda paxıllıqb «günahlı bədənin əməlləri» sırasında sadalanır. Bu xüsusiyyətə görə insan Allahın Padşahlığına girməyə bilər. (Qalatiyalılara 5:19—21 ayələrini oxuyun.) Ədavət, münaqişə, qəzəb kimi xüsusiyyətlər çox vaxt elə paxıllıqdan qaynaqlanır.

3. Bu məqalədə nəyi araşdıracağıq?

3 Yusifin qardaşlarının hərəkətindən görünür ki, paxıllıq ailə münasibətlərini korlayır, ailədəki sülhü, birliyi pozur. Düzdür, biz heç vaxt Yusifin qardaşları kimi davranmarıq, lakin hamımız günahlıyıq, xain ürəyə sahibik (Ərm. 17:9). Elə bu səbəbə görə bəzən başqalarının paxıllığını çəkirik. Gəlin Müqəddəs Kitabdan bir neçə ibrətamiz nümunəyə nəzər salaq və görək nələr ürəyimizdə paxıllıq hissinin kök atmasına səbəb ola bilər. Həmçinin bu xüsusiyyətlə mübarizə aparmaq və sülh yaratmaq üçün nə edə biləcəyimizi öyrənək.

PAXILLIQ NƏDƏN YARANIR?

4. Filiştlilər nə üçün İshaqın paxıllığını çəkirdi?

4 Var-dövlət. İshaq varlı-hallı adam idi, buna görə də filiştlilər ona paxıllıq edirdi (Yar. 26:12—14). Hətta paxıllıqdan onlar İshaqın sürülərini suvarmaq üçün istifadə etdiyi quyuları torpaqla doldurmuşdu (Yar. 26:15, 16, 27). Filiştlilər kimi, bu gün də bəzi insanlar maddi imkanları onlarınkından çox olanların paxıllığını çəkir. Onlar nəinki başqalarında olan şeyi arzulayır, hətta «məndə yoxdur, onda da olmasın» düşüncəsi ilə yaşayır.

5. Din xadimləri nə üçün İsaya paxıllıq edirdi?

5 Sevilmək. İsa Məsih camaatın sevgisini qazanmışdı, buna görə də yəhudi din xadimləri ona paxıllıq edirdi (Mət. 7:28, 29). İsa Allahın elçisi idi və həqiqəti öyrədirdi. Bununla belə, bu din xadimləri onun barəsində yalanlar və böhtanlar yayaraq adına qara yaxmağa çalışırdı (Mark 15:10; Yəh. 11:47, 48; 12:12, 13, 19). Bundan hansı nəticəyə gəlirik? Öz gözəl xüsusiyyətləri ilə yığıncaqda bacı-qardaşların sevgisini qazanmış kəslərə paxıllıq etməmək üçün özümüzlə mübarizə aparmalıyıq. Çalışmalıyıq ki, onların gözəl xüsusiyyətlərini örnək alaq (1 Kor. 11:1; 3 Yəh. 11).

6. Diotrefin paxıl insan olduğu nədən görünür?

6 Yığıncaqdakı məsuliyyətlər. Birinci əsrdə Diotref adlı bir məsihi yığıncaqda rəhbərlik edən qardaşlara paxıllıq edirdi. O, yığıncaq üzvlərinə «başçılıq etməyi» arzulayırdı, buna görə də həvari Yəhyanı və digər məsul qardaşları gözdən salmağa çalışırdı (3 Yəh. 9, 10). Düzdür, biz heç vaxt Diotref kimi davranmarıq, amma ola bilsin, bizim arzuladığımız təyinat başqa məsihiyə verilsin. Bu zaman ürəyimizdə ona qarşı paxıllıq yarana bilər, xüsusilə də «mən də bu məsuliyyətin öhdəsindən gələ bilərəm, özü də ondan da yaxşı» deyə düşünürüksə.

Şəkillər: 1) Münbit torpaqda kök atmış gözəl gül. 2) Alaq otları həmin gülün inkişafına mane olur. 3) Üç bacı ibadət evində xoş söhbət edir, başqa bir bacı isə kefsiz halda kənarda tək dayanıb.

Ürəyimizi torpağa, yaxşı xüsusiyyətlərimizi isə gözəl güllərə bənzətmək olar. Paxıllıq isə zəhərli bitki kimidir. Paxıllıq hissi məhəbbət, şəfqət və xeyirxahlıq kimi gözəl xüsusiyyətlərin inkişafına mane olur (7-ci abzasa baxın)

7. Paxıllığın bizə hansı zərəri var?

7 Paxıllığı zəhərli bitkiyə bənzətmək olar. Bu bitkinin toxumu ürəyimizdə kök salsa, onu çıxarıb atmaq çətin olacaq. Qısqanclıq, qürur və xudbinlik kimi digər mənfi xüsusiyyətlər paxıllığın boy atmasına səbəb olur. Paxıllıq hissi məhəbbət, şəfqət və xeyirxahlıq kimi gözəl xüsusiyyətlərin inkişafına mane olur. Ürəyimizdə paxıllığın cücərməyə başladığını hiss edər-etməz, onu kökündən qoparmalıyıq. Paxıllıqla necə mübarizə apara bilərik?

TƏVAZÖKAR VƏ ŞÜKÜR EDƏN OLUN

Şəkillər: 1) Münbit torpaqda kök atmış gözəl gül. 2) Bir nəfər gülü ətrafındakı alaq otlarından təmizləyir. 3) Dörd bacı ibadət evində xoş söhbət edir.

Zəhərli bitkiyə bənzər paxıllıqla necə mübarizə apara bilərik? Allahın müqəddəs ruhunun köməyi ilə ürəyimizdəki paxıllığı kökündən çıxara, əvəzində təvazökar və şükür edən ola bilərik (8 və 9-cu abzaslara baxın))

8. Hansı xüsusiyyətlər paxıllıqla mübarizə aparmağa kömək edə bilər?

8 Təvazökar və şükür edən olmağı öyrənmək paxıllıqla mübarizədə kömək edə bilər. Qəlbimiz bu gözəl xüsusiyyətlərlə aşıb-daşsa, orada paxıllığa yer qalmayacaq. Təvazökarlıq özümüz barədə həddindən artıq düşünməməyə kömək edir. Təvazökar insan başqalarından daha çox şeyə layiq olduğunu düşünmür (Qal. 6:3, 4). Şükür edən, gözütox insan isə nəyi varsa ona qane olur və özünü başqaları ilə müqayisə etmir (1 Tim. 6:7, 8). Təvazökar və şükür edən insanlar başqalarının əldə etdiyi yaxşı şeylərə görə sevinir.

9. Qalatiyalılara 5:16 və Filippililərə 2:3, 4 ayələrinə əsasən, müqəddəs ruh bizə necə kömək edir?

9 Paxıllıq etməmək, əksinə təvazökar və şükür edən olmağı öyrənmək üçün Allahın müqəddəs ruhunun köməyinə ehtiyacımız var. (Qalatiyalılara 5:16; Filippililərə 2:3, 4 ayələrini oxuyun.) Yehovanın müqəddəs ruhu ən dərin düşüncə və niyyətlərimizi yoxlamağa kömək edir. Allahın köməyi sayəsində zərərli fikir və hisslərimizdən azad ola bilərik (Zəb. 26:2; 51:10). Gəlin paxıllıq meylinin öhdəsindən müvəffəqiyyətlə gələn Musa peyğəmbərin və həvari Bulusun nümunəsinə nəzər salaq.

Musa, Yuşə və bir neçə israilli ağsaqqal Hüzur çadırının yaxınlığında dayanıblar. Yuşə Musa peyğəmbərdən özünü peyğəmbər kimi aparan iki nəfərə təpinməsini istəyir.

Gənc israilli Musa peyğəmbərlə Yuşənin yanına qaçıb xəbər verir ki, düşərgədə iki nəfər özünü peyğəmbər kimi aparır. Yuşə Musa peyğəmbərdən onlara təpinməsini istəyir, lakin peyğəmbər razılaşmır. Əksinə, Yehovadan müqəddəs ruh alan bu iki nəfərə görə sevindiyini bildirir (10-cu abzasa baxın)

10. Hansı vəziyyət Musa peyğəmbər üçün sınaq ola bilərdi? (Üz qabığındakı şəklə baxın.)

10 Musa peyğəmbər Allahın xalqı üzərində böyük səlahiyyətə sahib idi, bununla belə, o, qısqanclıqla bu səlahiyyəti qorumağa çalışmırdı. Misal üçün, bir dəfə Yehova ona verdiyi müqəddəs ruhdan götürüb hüzur çadırının yanında dayanan bir qrup israilli ağsaqqalın üzərinə qoyur. Bundan qısa müddət sonra peyğəmbərə xəbər çatır ki, çadırın yanında olmayan iki ağsaqqal da müqəddəs ruh alıb və peyğəmbər kimi hərəkət etməyə başlayıb. Yuşə onun bu iki ağsaqqala təpinməsini istəyir. Bəs bu zaman peyğəmbər necə davranır? O, peyğəmbərlik ənamı alan bu iki nəfərə paxıllıq etmir. Əksinə, təvazökar davranıb, onların sevincinə şərik olur (Say. 11:24—29). Musa peyğəmbərin nümunəsindən nə öyrənirik?

Şəkillər: 1) Ağsaqqallar şurasının görüşündə yığıncaqda «Gözətçi qülləsi» müzakirəsini aparan yaşlı bir qardaşdan bu işi cavan ağsaqqala öyrətməsini xahiş edirlər. 2) Ağsaqqal kimi xidmət edən cavan qardaş «Gözətçi qülləsi» müzakirəsini aparan zaman həmin yaşlı ağsaqqal oturub diqqətlə onu dinləyir. 3) Yaşlı qardaş ağsaqqal kimi xidmət edən cavan qardaşın əlini sıxaraq tərifləyir.

Məsihi ağsaqqallar Musa peyğəmbərin təvazökarlığını necə örnək ala bilər? (11 və 12-ci abzaslara baxın)c

11. Ağsaqqallar Musa peyğəmbərdən nə öyrənə bilər?

11 Əziz ağsaqqallar, heç olubmu ki, sizdən yığıncaqda sevərək gördüyünüz bir işi başqasına öyrətməyi xahiş etsinlər? Məsələn, bəlkə də, sizin hər həftə «Gözətçi qülləsi» müzakirəsini aparmaq xoşunuza gəlir. Amma ola bilsin, sizdən xahiş ediblər ki, bu görüşü aparmağı başqa bir qardaşa öyrədəsiniz. Əgər Musa peyğəmbər kimi təvazökarsınızsa, bunu öz nüfuzunuza təhlükə sanmayacaqsınız. Əksinə, qardaşınıza böyük məmnuniyyətlə kömək edəcəksiniz.

12. Bu gün bir çox məsihinin şükür edən və təvazökar olduğu nədən görünür?

12 Bir çox yaşlı qardaşın üzləşdiyi başqa bir vəziyyətə nəzər salaq. Uzun illər ağsaqqallar şurasının koordinatoru kimi xidmət edən qardaşlar 80 yaşına çatanda bu təyinatı könül xoşluğu ilə dayandırıblar. Eynilə, rayon nəzarətçiləri də 70 yaşına çatanda təyinatlarının dayanmasını və başqa xidmət növünə təyin olunmalarını təvazökarlıqla qəbul edirlər. Son illər ərzində bütün dünyada Beytel ailəsinin bir çox üzvü sahə xidmətinə təyin olunub. Ola bilsin, onların bir vaxtlar gördüyü işi indi başqaları görür. Amma bu sadiq bacı-qardaşlar həmin kəslərə kin bəsləmirlər.

13. Nəyə görə Bulusun ürəyində 12 həvariyə paxıllıq yarana bilərdi?

13 Həvari Bulus da şükür edən və təvazökar insan olmaqda gözəl örnəkdir. Bulus ürəyində paxıllığın boy atmasına yol vermirdi. Baxmayaraq ki, o, xidmətə can qoyurdu, təvazökarcasına «mən həvarilərin ən kiçiyiyəm və həvari adlanmağa layiq deyiləm» demişdi (1 Kor. 15:9, 10). 12 həvari İsa Məsihi yerüzü xidməti boyu müşayiət edəndə Bulus hələ məsihi deyildi. O yalnız Məsih ölüb-diriləndən sonra həqiqəti qəbul etmişdi. O, sonralar «digər xalqlara göndərilmiş bir həvari» təyin edilsə də, 12 həvaridən biri olmaq şərəfinə sahib olmadı (Rom. 11:13; Həv. 1:21—26). Amma Bulus nə bu 12 nəfərə, nə də onların bir vaxtlar İsa ilə sıx ünsiyyətdə olmasına paxıllıq etmirdi, o, sahib olduğu şeylərə qane idi.

14. Təvazökar və şükür edən məsihi necə davranır?

14 Əgər siz təvazökar və şükür edən insansınızsa, həvari Bulus kimi davranacaq və Yehovanın səlahiyyət verdiyi şəxslərə hörmətlə yanaşacaqsınız (Həv. 21:20—26). Yehova tədbir görüb ki, məsihi yığıncağında təyin olunmuş ağsaqqallar rəhbərlik etsin. Qeyri-kamil olmalarına baxmayaraq, Yehova onlara «insan timsalında hədiyyələr» kimi yanaşır (Efes. 4:8, 11). Biz bu məsul qardaşlara hörmət qoysaq və verdikləri göstərişlərə təvazökarlıqla itaət etsək, Yehova ilə münasibətlərimizi qoruyacağıq və dindaşlarımızla aramızda mehribanlıq olacaq.

«SÜLHƏ APARAN... ŞEYLƏRƏ CAN ATAQ»

15. Biz nə etməliyik?

15 Paxıllıq hökm sürən yerdə sülh, birlik ola bilməz. Buna görə də həm öz ürəyimizdən paxıllığı qoparıb atmalıyıq, həm də ehtiyatlı olmalıyıq ki, başqalarının ürəyində paxıllıq oyatmayaq. «Sülhə aparan və bir-birimizi ruhlandıran şeylərə can ataq» göstərişinə itaət etmək üçün bu vacib addımları atmalıyıq (Rom. 14:19). Başqalarına paxıllıqla mübarizə aparmaqda necə kömək edə bilərik? Və sülhü necə yarada bilərik?

16. Başqalarının paxıllıqla mübarizə aparmasına necə kömək edə bilərik?

16 Düşüncə və davranış tərzimiz başqalarına güclü təsir edə bilər. Bu dünya insanları sahib olduqları şeyləri nümayişə qoymağa təşviq edir (1 Yəh. 2:16). Lakin bu düşüncə paxıllıq doğurur. Başqalarında paxıllıq oyatmaqdan necə qaça bilərik? Oturub-durub sahib olduğumuz və ya almağı planlaşdırdığımız şeylər barədə danışmamaqla. Yığıncaqda daşıdığımız məsuliyyətlərə rəğmən, sadə qalmaqla. Əgər gördüyümüz işlər barədə tez-tez danışsaq, başqalarında paxıllığın boy atmasına səbəb olan mühit yaratmış olarıq. Yox əgər başqaları ilə ürəkdən maraqlansaq, gördükləri yaxşı işləri vurğulasaq, onlara həyatdan məmnunluq duymağa kömək etmiş olarıq, bununla da yığıncaqda sülhə və birliyə töhfə vermiş olacağıq.

17. Yusifin qardaşları nəyə nail ola bildi və nəyin sayəsində?

17 Paxıllığa qarşı savaşdan qalib çıxmaq mümkündür! Yusifin qardaşlarının hadisəsinə yenidən nəzər salaq. Yusiflə amansız davranan qardaşları illər sonra onunla Misirdə qarşılaşırlar. Yusif kim olduğunu açıqlamazdan öncə dəyişib-dəyişmədiklərini yoxlamaq üçün onları sınayır. O, yemək süfrəsi açdırır və ən kiçik qardaşı Binyaminə digər qardaşlarından daha çox diqqət göstərir (Yar. 43:33, 34). Lakin qardaşları Binyaminə paxıllıq etmirlər. Əksinə, ona və ataları Yaquba görə narahat olduqlarını bildirirlər (Yar. 44:30—34). Yusifin qardaşları paxıllığı ürəklərindən çıxarıb atdıqları üçün ailələrindəki sülhü bərpa edə bilmişdilər (Yar. 45:4, 15). Eynilə, biz də ürəyimizdəki paxıllığı kökündən çıxarsaq, ailəmizdə və yığıncaqda sülhün olmasına kömək edəcəyik.

18. Yaqub 3:17, 18 ayələrinə əsasən, əmin-amanlıq mühiti yaratmağa kömək etsək, nə baş verəcək?

18 Yehova istəyir ki, paxıllıqla mübarizə aparaq və sülhə can ataq. Bu iki şeyə nail olmaq üçün çox çalışmalıyıq. Bu məqalədən öyrəndiyimiz kimi, hər birimizdə paxıllığa meyil var (Yaq. 4:5). Üstəlik, yaşadığımız dünya da insanlarda paxıllıq hissini alovlandırır. Lakin təvazökar, şükür edən və minnətdar olmağa çalışsaq, ürəyimizdə paxıllığa yer qalmayacaq. Əksinə, gözəl xüsusiyyətlərin inkişafı üçün sülh, əmin-amanlıq şəraitinin yaranmasına töhfəmizi verəcəyik. (Yaqub 3:17, 18 ayələrini oxuyun.)

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Müqəddəs ruh paxıllıqla mübarizə aparmaqda bizə necə kömək edə bilər?

  • Şükür etmək və təvazökar olmaq paxıllıqla mübarizə aparmaqda necə kömək edə bilər?

  • Sizin düzgün düşüncə tərzinə sahib olmağınız başqalarına necə kömək edə bilər?

NƏĞMƏ 130 Bir-birimizi bağışlayaq

a Yehovanın xalqı arasında sülh hökm sürür. Lakin ürəyimizdə paxıllığın boy atmasına yol versək, bu sülhü, birliyi poza bilərik. Bəs paxıllıq nədən yaranır? Bu zərərli xüsusiyyətlə mübarizə aparmaq və sülh yaratmaq üçün nə edə bilərik? Məqalədə bu sualların cavabını tapacağıq.

b BƏZİ İFADƏLƏRİN İZAHI: Müqəddəs Kitaba əsasən, paxıl insan nəinki başqalarında olan şeyi arzulayır, hətta «məndə yoxdur, onda da olmasın» düşüncəsi ilə yaşayır.

c ŞƏKİLLƏRİN İZAHI: Ağsaqqallar şurasının görüşündə yığıncaqda «Gözətçi qülləsi» müzakirəsini aparan yaşlı bir qardaşdan bu işi cavan ağsaqqala öyrətməsini xahiş edirlər. Qardaş əvvəl-əvvəl məyus olsa da, ağsaqqalların qərarını cani-dildən dəstəkləyərək gənc qardaşa faydalı məsləhətlər verir və onu ürəkdən tərifləyir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş