Natan. Həqiqi ibadətin sadiq müdafiəçisi
Hakimiyyət sahibi olan bir insanın hüzuruna gələrək onun hərəkətinin pis və buna görə düzəlməli olduğunu başa salmaq elə də asan iş deyil. Bəs əgər belə insan ad-sanını qorumaq naminə, üstəlik, qətl hadisəsi də törədibsə, onda necə, onun qarşısına çıxmağa cürət edərdinmi?
Qədim İsrailin padşahı Davud Bat-Şeva ilə əxlaqsızlıq etmişdi və o, hamilə qalmışdı. Günahlarını ört-basdır etmək üçün Davud Bat-Şevanın ərini öldürtdürüb onunla evlənmişdi. Bu hadisənin üstündən aylar keçməsinə baxmayaraq, Davud hələ də ikili həyat yaşayırdı və şübhəsiz, padşah vəzifəsini icra etməyə davam edirdi. Ancaq Yehovanın onun bu günahına göz yummaq fikri yox idi. Buna görə O, peyğəmbər Natanı Davudun yanına göndərdi.
Bu, çox çətin tapşırıq idi. Özünü Natanın yerinə qoy. Şübhə yoxdur ki, Natanı Davuda günahları barədə xatırlatmağa Yehovaya və Onun normalarına göstərdiyi hədsiz sədaqət təşviq etmişdi. Peyğəmbər bunu necə etdi və padşah Davudu tövbə etməsinə ehtiyacı olduğuna necə inandırdı?
NƏZAKƏTLİ MÜƏLLİM
Niyə də bir neçə dəqiqə ayırıb 2 Şamuel 12:1—25 ayələrini oxumayasan? Təsəvvür et ki, sən Natansan və Davuda bu əhvalatı danışırsan: «Bir şəhərdə iki adam var idi. Onlardan biri varlı, o biri isə kasıb idi. Varlı adamın çoxlu sürüləri və naxırı var idi. Lakin kasıb adamın satın alıb bəslədiyi bir körpə dişi quzudan başqa heç nəyi yox idi. O, quzusunu öz yanında uşaqları ilə bərabər böyütmüş, ona öz yeməyindən yedirtmiş, öz içdiyi qabdan su içirtmiş və qoynunda yatırtmışdı. Quzu ona doğma qızı kimi idi. Bir gün varlı adamgilə yadelli bir qonaq gəlir. Varlı adam onlara gələn qonağa yemək hazırlamaq üçün öz sürüsündən və naxırından heyvan götürüb kəsməyə qıymadı. O gedib kasıbın quzusunu götürüb kəsdi və yanına gələn qonağa yemək hazırladı» (2 Şam. 12:1—4).
Vaxtilə özü çoban olan Davud, görünür, bu əhvalatın həqiqi olduğuna inandı. Bir Müqəddəs Kitab şərhçisi demişdi: «Ola bilsin, Natan ədalətsizliklə üzləşən və son ümidləri padşah Davud olan insanların dərdini əvvəllər də ona çatdırırdı. Davud fikirləşdi ki, bu elə həmin vəziyyətlərdən biridir». Hətta bu şərhçinin dediyi kimi olsa da, Natana padşahla belə danışmaq üçün cəsarət və Allaha sədaqət lazım idi. Natanın danışdığı əhvalatdan sonra özündən çıxan Davud: «Var olan Rəbb haqqı, bunu edən adam ölümə layiqdir», — deyə nida etdi! Bundan sonra Natanın sarsıdıcı sözləri səsləndi: «O adam sənsən!» (2 Şam. 12:5—7).
Gəl görək Natan nəyə görə belə davrandı. Qəlbi kiməsə bağlanan insan vəziyyəti olduğu kimi görə bilmir. Hamımız səhv hərəkət edəndə özümüzə bəraət qazandırmağa meyilliyik. Natanın çəkdiyi məsəl Davudu qeyri-ixtiyari olaraq öz hərəkətini mühakimə etməyə vadar etdi. Padşah aydın şəkildə gördü ki, Natanın haqqında danışdığı varlı adamın hərəkəti çox pisdir. Ancaq Natan həmin məsəlin Davuda aid olduğunu onun bu hərəkəti şəxsən özü mühakimə etdikdən sonra açıqladı. Bundan sonra Davud günahının nə dərəcədə ağır olduğunu dərk etdi. Bu, ona məzəmməti qəbul etməsinə kömək etdi. Davud Bat-Şeva ilə günah işlətməklə Yehovaya xor baxdığını boynuna aldı və layiq olduğu cəzanı qəbul etdi (2 Şam. 12:9—14; Məz. 51, giriş sözlər).
Biz bundan hansı ibrət dərsi götürə bilərik? Müqəddəs Kitabı öyrədənin məqsədi dinləyicilərinə düzgün nəticəyə gəlməyə kömək etməkdir. Natan Davuda hörmət etdiyi üçün məsələni onun nəzərinə nəzakətli şəkildə çatdırdı. O bilirdi ki, Davud ürəyində ədaləti və salehliyi sevir. Bu məsəlin köməyilə Natan Davudda həmin xüsusiyyətləri oyatdı. Biz də səmimi-qəlbli insanlara Yehovanın nöqteyi-nəzərini başa düşməyə kömək edə bilərik. Necə? Nəyin düzgün olduğuna dair biliklərini işə salmaqla. Lakin bu zaman biz özümüzü elə aparmamalıyıq ki, sanki, onlardan üstünük və onlara göstəriş verməyə haqqımız var. Biz yox, Müqəddəs Kitab nəyin düz, nəyin isə səhv olduğunu müəyyən edir.
Natanı nüfuzlu padşahı məzəmmət etməyə təşviq edən ən başlıca səbəb Yehovaya olan sədaqəti idi (2 Şam. 12:1). Bu xüsusiyyət bizə də Yehovanın saleh prinsiplərini mətanətlə müdafiə etməyə cəsarət verəcək.
HƏQİQİ İBADƏTİN MÜDAFİƏÇİSİ
Görünür, Natanla Davud yaxşı dost idilər, çünki Davud oğullarından birinin adını Natan qoymuşdu (1 Saln. 3:1, 5). Müqəddəs Kitabda ilk dəfə Natanın adı Davudla söhbət edərkən çəkilir. Onların hər ikisi də Yehovanı sevirdi. Şübhəsiz, padşah Davud Natanın fikrini qiymətləndirirdi. Bunu Davudun Yehovaya məbəd tikmək arzusunu Natana açıqlamasından görmək olar: «“Bax mən sidr ağacından tikilən bir sarayda yaşayıram,.. Allahın sandığı isə bir çadırda qalır”. Natan padşaha dedi: “Get, ürəyindəki niyyətini həyata keçir, çünki Rəbb səninlədir”» (2 Şam. 7:2, 3).
Yehovanın sadiq xidmətçisi olan Natan Davudun yer üzündə həqiqi ibadətin daimi mərkəzini tikmək planını canla-başla dəstəklədi. Lakin bu zaman Natan Yehovanın iradəsini yox, öz şəxsi fikrini ifadə etdi. Həmin gecə Allah peyğəmbərinə tapşırdı ki, padşaha tamamilə başqa göstərişi çatdırsın: Yehovanın məbədini Davud tikməyəcək. Bunu Davudun oğullarından biri edəcək. Ancaq Natan Davuda bildirdi ki, Allah onunla əhd bağlayır və bu əhdə əsasən, onun taxtı «əbədi möhkəm qalacaq» (2 Şam. 7:4—16).
Məbədi tikmək məsələsində Natanın fikri Allahın iradəsi ilə üst-üstə düşmədi. Bununla belə, təvazökar peyğəmbər deyingənlik etmədən Allahın niyyətinə dinməz-söyləməz boyun əydi və onu dəstəklədi. Allah bizə düzəliş verəndə Natanın davranışı bizim üçün necə də gözəl nümunədir! Natanın peyğəmbər kimi sonrakı fəaliyyəti göstərir ki, o, Allahın rəğbətini itirməmişdi. Allah hətta Natanı və görücü Qadı ilhamlandıraraq onların vasitəsilə Davuda 4000 musiqiçinin məbəddəki xidmətini təşkil etməyi tapşırdı (1 Saln. 23:1—5; 2 Saln. 29:25).
PADŞAHLIĞIN MÜDAFİƏÇİSİ
Natan bilirdi ki, yaşa dolmuş padşah Davudu Süleyman əvəz edəcək. Buna görə də Adoniya Davudun taqətdən düşməsindən istifadə edərək qeyri-qanuni şəkildə hakimiyyəti ələ keçirmək cəhdi göstərəndə Natan qəti addımlar atdı. Bu vəziyyətdə də Natan nəzakət və sadiqlik göstərdi. İlk öncə Natan Bat-Şevanı təşviq etdi ki, taxta oğlu Süleymanın oturacağı barədə Davudun verdiyi andı ona xatırlatsın. Sonra Natanın özü padşahın otağına daxil olub xələfinin Adoniya olacağına əmr verib-vermədiyini soruşdu. Vəziyyətin nə dərəcədə ciddi olduğunu anlayan yaşlı padşah Natana və digər sadiq xidmətçilərinə göstəriş verdi ki, Süleymanı məsh edib padşah elan etsinlər. Adoniyanın dövlət çevrilişi baş tutmadı (1 Pad. 1:5—53).
TƏVAZÖKAR TARİXÇİ
Güman edilir ki, «Birinci Şamuel» kitabının 25-dən 31-dək fəsillərini, eləcə də «İkinci Şamuel» kitabını Natan və Qad yazıblar. Həmin kitablarda qələmə alınan tarixi hadisələr barədə deyilir: «Padşah Davudun əvvəldən axıra qədər bütün işləri görücü Şamuelin kitabında, peyğəmbər Natanın kitabında və görücü Qadın kitabında yazılmışdır» (1 Saln. 29:29). Müqəddəs Kitabda həmçinin deyilir ki, Natan «Süleymanın... işləri» barədə də yazmışdır (2 Saln. 9:29). Görünür, Natan Davudun ölümündən sonra da saray işlərində fəal iştirak edirdi.
Natan haqqında bildiklərimizin böyük qismi onun şəxsən yazdığı ehtimal edilən məlumatlardan qaynaqlanır. Natanın müəyyən məsəllərdə susması da bizə onun haqqında çox şey deyir. Aydındır ki, Natan təvazökar tarixçi idi və heç vaxt şöhrətpərəstliyə qapılaraq ad-san axtarmırdı. Bir Müqəddəs Kitab lüğətində deyilir ki, Allahın Kəlamında Natan «haqqında qabaqcadan heç bir məlumat verilməyən və nəsil şəcərəsi bəlli olmayan» bir şəxs kimi qarşımıza çıxır. Natanın əcdadları və şəxsi həyatı barədə heç nə məlum deyil.
YEHOVAYA SADİQLİKDƏN İRƏLİ GƏLƏN DAVRANIŞ
Müqəddəs Kitabda Natan haqqında məlumat az olsa da, tamamilə aydındır ki, o, təvazökar olmaqla yanaşı, Allahın quruluşunu canla-başla dəstəkləyirdi. Yehova Allah ona ciddi və məsuliyyətli tapşırıqlar vermişdi. Natanın Allaha sadiqliyi və Onun əmrlərinə dərin hörmət göstərməsi üzərində düşün. Çalış, bu kimi xüsusiyyətləri təqlid edəsən.
Çətin ki, nə vaxtsa sənə əxlaqsızlığa yol verən padşahı məzəmmət etmək və ya dövlət çevrilişinin qarşısını almaq tapşırılsın. Ancaq Allahın köməyilə Ona sadiq qala və saleh normalarına riayət edə bilərsən. Həmçinin sən həqiqəti öyrədən cəsarətli, lakin eyni zamanda nəzakətli müəllim, eləcə də təmiz ibadətin müdafiəçisi ola bilərsən.
[25-ci səhifədəki şəkil]
Padşahlığın müdafiəçisi olan Natan Bat-Şeva ilə nəzakətlə danışdı