Falçılıq və ölülərlə əlaqə. Bu, Allahdandırmı?
Barbaraa uşaqlıqdan görüntülər görür və səslər eşidirdi; əmin idi ki, bunlar onun ölən qohumları idi. O və onun həyat yoldaşı Yoaxim falçılıq haqqında kitablar oxuyurdular və peşəkarcasına kartla fala baxmağa öyrəndilər. Bunun sayəsində onlar çoxlu pul qazanırdılar. Günlərin bir günü kartla fala baxarkən evlərinə təhlükəli insanların gələcəyini gördülər və özlərini qorumaları haqqında göstəriş aldılar.
SEHİRBAZLIQ və ya falçılıq dəbdən düşmüş sayılsa da, fövqəltəbii şeylərə maraq geniş yayılıb. Bir çox insanlar göz muncuğu, dualar və bu kimi əşyalar taxırlar, gələcəklərini bilmək və özlərini şərdən qorumaq üçün mediumlara və falçılara müraciət edirlər. Almaniyanın «Fokus» jurnalında dərc olunan bir məqalədə deyilirdi ki, «İnternetin sayəsində insanların magiyaya marağı getdikcə artır» («Laptop and Lucifer», «Focus»).
Müqəddəs Kitabda cadugərliklə və ya falçılıqla bağlı nə deyildiyini bilirsinizmi? Bu sualın cavabı sizdə təəccüb doğura bilər.
Allahın Kəlamında falçılığa və ya cadugərliyə dair nə deyilir?
Allahın qədim İsrail xalqına verdiyi qanununda deyilir: «Aranızda... falçı, gələcəyideyən, baxıcı, cadugər, ovsunçu, cindarlara və ruhçağıranlara müraciət edən yaxud ölüləriçağıran olmasın. Rəbb belə iş görənlərə nifrət edir» (Qanunun təkrarı 18:10—12). Nəyə görə Yehova belə sərt qanunlar vermişdi?
Məqalənin əvvəlində gətirilən nümunədən görürük ki, bir çox insanlar ölülərlə əlaqə yaratmağın və onlardan müəyyən məlumat almağın mümkün olduğuna inanırlar. Bu inancların kökündə bir çox dinlərin öyrətdiyi təlim — ölümdən sonra insanın ruhani aləmdə yaşamağa davam etməsi təlimi durur. Müqəddəs Kitabda isə bu haqda deyilir: «Dirilər öləcəklərini bilir, ancaq ölülər heç nə bilmir» (Vaiz 9:5). Allahın Kəlamında ölülərin vəziyyəti dərin yuxu ilə müqayisə olunur. Onlar ətraflarında baş verənlərdən tamamilə xəbərsizdirlər (Matta 9:18, 24; Yəhya 11:11—14)b. Bəs yaxşı, onda insanlarla baş verən fövqəltəbii hadisələri necə izah etmək olar? Bunların arxasında kim və ya nə durur?
Ruhani aləmlə əlaqə
Müqəddəs Yazılarda deyilir ki, İsa peyğəmbər yer üzündə olanda ruhani varlıqlarla danışırdı. Mark 1:23, 24 ayələrinə əsasən, bir murdar ruh İsaya belə demişdi: «Sənin kim olduğunu yaxşı bilirəm». Ruhani varlıqlar sənin də kim olduğunu yaxşı bilirlər. Bəs sən onların kim olduğunu bilirsənmi?
Allah insanları yaratmazdan öncə çoxsaylı ruhani varlıqları, yəni mələkləri yaratdı (Əyyub 38:4—7). Mələklərin həyatı bizimkindən qat-qat fərqlənir (İbranilərə 2:6, 7). Onlar güclü və hədsiz ağıllıdırlar və Allahın iradəsini yerinə yetirmək üçün yaradılıblar. «Zəbur» kitabında qeyd olunur: «Rəbbə alqış edin, ey Onun mələkləri, ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər!» (Məzmur 103:20).
Müqəddəs Kitab açıqlayır ki, müəyyən müddətdən sonra bəzi mələklər Allahın icazəsi olmadan insanlarla əlaqə yaratmışlar. Nə məqsədlə? İlk insan olan Adəmlə Həvvanı onları yaradan Allahdan uzaqlaşdırmaq üçün. Buna nail olmaq üçün bu mələklərdən biri yalana əl atdı. Belə davranmaqla həmin mələk Şeytan İblis oldu, yəni Allaha böhtan atdı və Onun düşməninə çevrildi (Yaradılış 3:1—6).
Sonradan digər mələklər göylərdə «onlara münasib məkanı» tərk edərək insan cildinə girdilər və yer üzündə gözəl qadınlarla yaşamağa başladılar (Yəhuda 6; Yaradılış 6:2). Bu üsyankar mələklər və onlardan törəmiş nəhəng övladlar insanlara o dərəcədə zülm edirdilər ki, «dünya zorakılıqla dolmuşdu». Yəqin, Allahın Kəlamında bəhs olunan Nuhun günlərində baş verən Daşqın barədə eşitmisiniz. Həmin Daşqında Allah zorakılığı və pis insanları məhv etmişdi (Yaradılış 6:3, 4, 11—13).
Daşqın həmin mələkləri insan cildini tərk edib yenidən ruhani aləmə qayıtmağa məcbur etdi. Lakin Yaradan onları əvvəlki «məkanlarına» qayıtmağa icazə vermədi. Bunun əvəzində onlar «zülmət qaranlığın dibi» ilə müqayisə olunan alçaldılmış vəziyyətə salındılar (2 Peter 2:4, 5). Müqəddəs Kitabda üsyankar mələklər «cinlər» adlanır (Yaqub 2:19). Falçılıqla ovsunçuluğun arxasında duran da məhz elə bunlardır.
Cinlərin məqsədi nədir?
İnsanlarla əlaqə yaradan cinlərin ilk məqsədi — onları həqiqi Allah Yehovaya ibadətdən uzaqlaşdırmaqdır. Bir çoxlarının vergi kimi qəbul etdikləri qeyri-adi bacarıqlar insanların Allah haqqında dəqiq bilik almalarına və Ona yaxınlaşmalarına mane olmaqdan başqa bir şey deyil.
Cinlərin ikinci məqsədi onların başçıları Şeytanın İsanı imtahana çəkməsindən aydın görünür. Şeytan İsaya «dünyanın bütün padşahlıqlarını və onların calalını» təklif etdi. Bəs bunun əvəzində o, İsadan nə istədi? Diz çöküb ona səcdə qılmasını. Bəli, Şeytan və onun cinləri onlara ibadət edilməsini arzulayırlar. Amma İsanın Allahdan və həqiqi ibadətdən dönmək fikri heç ağlından belə keçmirdi (Matta 4:8—10).
Bu gün cinlər nadir hallarda insanlara birbaşa yaxınlaşırlar. Ehtiyatsız insanları aldatmaq məqsədi ilə onlar daha çox kristal kürədən, qəhvə çöküntüsündən, kart və əl falından, ulduz falından, təsbeh və ya hansısa dini kitabla fala baxmaq kimi zərərsiz görünən şeylərdən istifadə edirlər. Bunlara aldanmayın! Bu şeylər sadəcə olaraq naməlum dünya ilə əlaqə qurmaq vasitələri deyil. Cinlər insanları Yehova Allaha ibadətdən uzaqlaşdırmaq məqsədi ilə onları magiyaya olan maraqlarından istifadə edərək aldadırlar. Məqsədlərinə nail olmadıqda isə çox vaxt tələlərinə saldıqları insanları incidir və əzab verirlər. Əgər sən də cinlərin təsiri altına düşmüsənsə, onlardan canını necə qurtara bilərsən?
Cinlərdən yaxa qurtarmağın yolu
Aldanmayın! İnsanlarla danışan ruhani varlıqlar Allahın düşmənləridirlər və məhvə məhkum ediliblər (Yəhuda 6). Onlar ölmüş insanların cildinə girən fırıldaqçı və yalançı varlıqlardır. Əgər yaxşı sandığın dostunun fırıldaqçı olduğunu və sənin pisliyini istədiyini bilsəydin, özünü necə hiss edərdin? Əgər İnternetdə ünsiyyət qurduğun insanın seksual manyak olduğunu bilsəydin, nə edərdin? Cinlərlə əlaqə isə bundan da betər nəticələrə səbəb ola bilər! Onlarla əlaqəni kəsmək üçün əlindən gələni etməlisən. Bunun üçün nə etmək olar?
Müqəddəs Kitabın falçılıq və cadugərlik haqqında nə öyrətdiyini biləndən sonra qədim Efes şəhərinin bəzi sakinləri, nə qədər bahalı olsa da, bu əməllərlə bağlı olan kitabları «yığıb hamının gözü qarşısında yandırdı»lar (Həvarilərin işləri 19:19, 20). Müasir zəmanədə falçılığa yalnız kitablar, göz muncuqları və bu kimi şeylər yox, həmçinin elektron mənbələrdə olan materiallar da daxildir. Falçılıq və cadugərliyə aidiyyəti olan hər bir şeydən uzaq durmağa çalış.
Yuxarıda adlarını çəkdiyimiz Barbara ilə Yoaximi yadımıza salaq. Kartla fala baxarkən evlərinə təhlükəli adamların gələcəyini gördülər və xəbərdarlıq aldılar ki, nə onlarla danışsınlar, nə də bir şey alsınlar. Lakin Yehovanın Şahidləri olan Koni və Qudrun qapını döyüb Allah haqqında xoş xəbər gətirdiklərini deyəndə Yoaximlə Barbara onları dinləmək qərarına gəldilər. Söhbət falçılıqdan düşəndə Koni ilə Qudrun onlara Müqəddəs Kitabdan bu məsələyə dair dəqiq məlumat verdilər. Və bu ər-arvad müntəzəm olaraq Allahın Kəlamını öyrənməyə başladı.
Qısa müddətdən sonra Yoaximlə Barbara cinlərlə bütün əlaqəni kəsmək qərarına gəldilər. Yehovanın Şahidləri izah etdilər ki, cinlər onları rahat buraxmayacaq. Həqiqətən də bu cütlük çətin anlar yaşadı və cinlərin əlindən çox əziyyət çəkdi. Hətta hər gecə evlərində qalmaq qorxulu idi və bu səbəbdən başqa evə köçdülər. Bütün bu sınaqlara baxmayaraq, bu cütlük Filipililərə 4:13 ayəsindəki: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» sözlərinə əmin idi. Yehova onların qətiyyətlərini xeyir-dualandırdı və cinlər onlardan əl çəkdilər. Bu gün Yoaxim və Barbara həqiqi Allah Yehovaya sevinclə ibadət edirlər.
Müqəddəs Kitab Yehovanın xeyir-dua verdiyi bütün insanları çağırır: «Allaha tabe olun, İblisə müqavimət göstərin və o, sizdən qaçacaq. Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:7, 8). İstəsən, cinlərin təsirindən yaxa qurtarmağa Yehova Allah sənə də kömək edə bilər. Falçılıqdan canlarını necə qurtardıqlarını xatırlayan Yoaxim və Barbara Məzmur 121:2 ayəsindəki: «Rəbdən mənə kömək gələcək» sözləri ilə tamamilə razıdırlar.
[Haşiyələr]
a Adlar dəyişdirilib.
b Ölülərin vəziyyəti daha ətraflı Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının «Ölənlər haradadırlar?» adlı 6-cı fəslində müzakirə olunur.
[29–cu səhifədəki şəkil]
Falçılıqla bağlı məşğuliyyət Allaha yaxınlaşmağa mane olur
[30–cu səhifədəki şəkil]
«Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (YAQUB 4:8)