Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/4 s. 18—21
  • Artıq yetmiş ildir ki, yəhudinin ətəyindən yapışmışam

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Artıq yetmiş ildir ki, yəhudinin ətəyindən yapışmışam
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • «SƏNİN YERİN HARADIR?»
  • MÜHARİBƏ İLLƏRİNDƏ PİONER XİDMƏTİ
  • BET-ELDƏ XİDMƏT
  • GİLEAD — HƏYATIMIN UNUDULMAZ ANI
  • SƏYYAR XİDMƏT VƏ YENİDƏN BET-ELDƏ
  • FRANSADA XİDMƏT
  • EVLİLİK VƏ SONRAKI MƏSULİYYƏTLƏR
  • «MƏN... HƏMİŞƏ YANINIZDA OLMAYACAĞAM»
  • Tammüddətli xidmətdə sorağım haralardan gəldi!
    Gözətçi qülləsi 2014
  • Qapımız hamının üzünə açıqdır!
    Gözətçi qülləsi 2010
  • Ruhən yetkin insanlarla işləmək şərəfim
    Gözətçi qülləsi 2017
Gözətçi qülləsi 2012
w12 15/4 s. 18—21

Bioqrafiya

Artıq yetmiş ildir ki, yəhudinin ətəyindən yapışmışam

Nəql etdi Leonard Smit

Yeniyetməlik dövrüm başlayanda Müqəddəs Kitabdan oxuduğum iki parça məni sözün əsil mənasında heyrətləndirmişdi. Həmin andan 70 ildən çox vaxt ötsə də, Zəkəriyyə 8:23 ayəsindəki sözləri başa düşdüyüm gün indiyədək yadımdadır. Bu ayədə «bir Yəhudinin ətəyindən» yapışan «on adam»dan bəhs olunur. Onlar yəhudiyə: «Qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik», — deyirlər.

HƏMİN yəhudi məsh olunmuş məsihçiləri, «on adam» isə o vaxtlar yehonadavlar kimi tanınan başqa qoyunları təmsil edira (Yəh. 10:16). Bu həqiqəti anlayanda mən dərk etdim ki, yer üzündə əbədi yaşamaq ümidimin gerçəkləşməsi birbaşa olaraq məsh olunmuşlar sinfini sədaqətlə dəstəkləməyimdən asılıdır.

İsanın Matta 25:31—46 ayələrində «qoyunlar» və «keçilər» məsəli də məndə dərin təəssürat oyatmışdı. «Qoyunlar» sonda barələrində müsbət qərar çıxarılan insanları təmsil edir, çünki onlar yer üzündə yaşayan Məsihin qardaşlarına yaxşılıq edirlər. Gənc Yehonadav kimi özümə dedim: «Len, əgər sən də Məsihin “qoyun” hesab etdiyi insanlar arasında olmaq istəyirsənsə, onun məsh olunmuş qardaşlarının rəhbərliyini qəbul etməklə onları dəstəkləməlisən, çünki Allah onlarladır». 70 ildən çoxdur ki, bunu başa düşməyim gördüyüm hər bir işə təsir edir.

«SƏNİN YERİN HARADIR?»

Mənim anam 1925-ci ildə Bet-Elin yığıncaq zalında vəftiz olunub. Bu zal London çadırı adlandırılırdı və həmin ərazidə yaşayan qardaşlar tərəfindən istifadə olunurdu. Mən 1926-cı il oktyabrın 15-i dünyaya göz açmışam. 1940-cı ilin mart ayında İngiltərənin sahilində yerləşən Duvr şəhərində keçirilən konqresdə vəftiz olundum. Müqəddəs Kitab həqiqəti getdikcə mənə daha əziz olurdu. Anam məsh olunmuş məsihçilərdən olduğu üçün ətəyindən yapışdığım ilk «yəhudi» o idi. O vaxt atam və böyük bacım hələ Yehovaya xidmət etmirdilər. Biz İngiltərənin cənub-şərqində yerləşən və əsas etibarilə, məsh olunmuşlardan ibarət olan Cillinqem yığıncağının üzvü idik. Anamın xidmətə can yandırması mənim üçün gözəl nümunə idi.

1941-ci ilin sentyabr ayında Lester şəhərində keçirilən konqresdə kainatda hökmranlıq məsələsinə toxunan «Nöqsansızlıq» adlı məruzə səslənmişdi. Məhz bu məruzədən sonra mən Yehova və Şeytan arasındakı mübahisəli məsələyə cəlb olunduğumuzu başa düşdüm. Buna görə də biz Kainatın Ali Hökmdarı olan Yehovanın tərəfini tutmalı və Onun qarşısında nöqsansızlığımızı qorumalıyıq.

Həmin konqresdə dəfələrlə pioner xidmətinin vacibliyi vurğulanmışdı və gənclər qarşılarına pioner olmaq məqsədini qoymağa təşviq olunmuşdular. «Pionerlərin təşkilatda yeri» adlı məruzədən sonra özümdən soruşdum: «Bəs sənin yerin haradır?» O konqres məni əmin etdi ki, bir Yehonadav kimi, borcum məsh olunmuşlar sinfinə təbliğ işində əlimdən gəldiyi qədər kömək etməkdir. Pionerlərin sırasına qoşulmaq üçün məhz burada, Lester şəhərində ərizə blankı doldurdum.

MÜHARİBƏ İLLƏRİNDƏ PİONER XİDMƏTİ

1941-ci ilin dekabrın 1-də, 15 yaşımda xüsusi pioner təyin olundum. İlk əməkdaşım anam olmuşdu. Lakin birlikdə təxminən bir il xidmət etdikdən sonra anam səhhətində yaranan problemlər ucbatından pioner xidmətini dayandırmalı oldu. Londondakı filial mənə yeni əməkdaş təyin etdi. Bu, hal-hazırda Puerto–Rikoda filial komitəsinin üzvü olan Ron Parkin qardaş oldu.

Bizi Kent qraflığında yerləşən sahilyanı Brodstars və Ramsqit şəhərlərinə göndərdilər. Burada biz kirayə bir otaq tutduq. O vaxtlar xüsusi pionerlər 40 şillinq (o vaxt təxminən 8 ABŞ dolları) cib xərcliyi alırdılar. Kirayə haqqını ödədikdən sonra əlimizdə az pul qalırdı və çox vaxt biz növbəti yeməyimizin haradan gələcəyini bilmirdik. Lakin Yehova həmişə müxtəlif üsullarla ehtiyaclarımızı ödəyirdi.

Bir çox yerlərə velosipedlə gedib-gəlirdik və adətən, ağır yüklə dolu olan velosipedlərimizi Şimal dənizindən gələn güclü küləklərə qarşı sürməli olurduq. Biz hava hücumuna məruz qalmış və almanların FAU-1 və FAU-2 raketlərinin Londonu bombardman etmək üçün Kent qraflığının üstündən necə uçduğunu görmüşük. Hətta bir dəfə başımın üstündən uçan və yaxınlıqdakı tarlada partlayan bombadan xilas olmaq üçün velosipeddən tullanıb özümü xəndəyə atdım. Ancaq bütün bunlara baxmayaraq, Kentdəki pionerlik illərim çox sevindirici idi.

BET-ELDƏ XİDMƏT

Anam həmişə Bet-Eldən ağızdolusu danışardı. O, tez-tez deyərdi: «Ən böyük arzum odur ki, sən Bet-Eldə xidmət edəsən». 1946-cı ilin yanvar ayında Londondakı Bet-Elə üç həftəlik dəvət alanda həm sevindim, həm də təəccübləndim. Bu müddət başa çatanda filial xidmətçisi Prays Hyuz məndən Bet-Eldə qalmağı xahiş etdi. Burada aldığım təlim məni gələcək həyat üçün hazırladı.

O vaxt London Bet-Elində təxminən 30 nəfər xidmət edirdi: onların əksəriyyəti subay qardaşlar idi, ancaq aralarında bir neçə məsh olunmuş məsihçi — Prays Hyuz, Edqar Kley və sonradan Rəhbərlik Şurasının üzvü olan Con Barr da var idi. O vaxt mən gənc bet-elli idim və mənim üçün Məsihin qardaşları olan bu «sütunları»n rəhbərliyi altında işləyib onları dəstəkləmək necə də böyük şərəf idi! (Qalat. 2:9).

Bir gün qardaşlardan biri dedi ki, qapının ağzında gözləyən bir bacı məni görmək istəyir. Bu, mənim anam idi. Onun gəlişi mənim üçün sürpriz oldu. Qolunun altında bir bağlama var idi. Anam dedi ki, məni işimdən ayırmaq istəmədiyi üçün içəri girməyəcək. O, bağlamanı verib getdi. Onu açanda içindən qalın palto çıxdı. Anamın məhəbbətinin bu təzahürü mənə müqəddəs məskəndə xidmət edən balaca oğlu Şamuelə cübbə gətirən Xannanı xatırlatdı (1 Şam. 2:18, 19).

GİLEAD — HƏYATIMIN UNUDULMAZ ANI

1947-ci ildə Bet-Eldə xidmət edən bizlərdən beş nəfər Birləşmiş Ştatların Nyu-York şəhərində yerləşən Gilead Məktəbinin 11-ci sinfinə dəvət aldıq. Təlim növbəti il başlayacaqdı. Nyu-Yorka gələndə hava yaman soyuq idi. Nə yaxşı ki, əynimdə anamın mənə bağışladığı isti palto vardı!

Gileadda keçirdiyim altı ay həyatımda unudulmaz iz buraxdı! 16 ölkədən gələn qardaşlarla ünsiyyət etmək dünyagörüşümü genişləndirdi. Bu məktəb məni ruhani cəhətdən zənginləşdirdi. Yetkin məsihçilərlə ünsiyyət də mənə az fayda gətirmədi. Sinif yoldaşlarımdan biri olan Lloyd Berri, məktəbin instruktoru Albert Şröder, eləcə də Padşahlıq fermasının (Gilead Məktəbinin yerləşdiyi ərazi) nəzarətçisi Con But sonradan Rəhbərlik Şurasının üzvləri olmuşlar. Bu qardaşların məhəbbətlə verdikləri məsləhətləri, eləcə də Yehovaya və Onun təşkilatına göstərdikləri sadiqlik nümunəsini çox qiymətləndirirəm.

SƏYYAR XİDMƏT VƏ YENİDƏN BET-ELDƏ

Gilead Məktəbini bitirdikdən sonra məni ABŞ-ın Ohayo ştatına səyyar nəzarətçi təyin etdilər. Onda mənim cəmi-cümlətanı 21 yaşım vardı. Gənclik çılğınlığıma baxmayaraq, qardaşlar məni səmimi qarşılayırdılar. Həmin ərazidə xidmət edərkən mən təcrübəli yaşlı qardaşlardan çox şey öyrəndim.

Bir neçə aydan sonra əlavə təlim üçün məni yenidən Bruklin Bet-Elinə dəvət etdilər. Həmin vaxt mən Yehovanın təşkilatında «sütun» olan və Rəhbərlik Şurasında xidmət edən Milton Henşel, Karl Kleyn, Neytan Norr, Bad (Tomas) Sallivan və Layman Suinql kimi qardaşlarla tanış oldum. Onların işini və məsihçi həyatını müşahidə etmək mənə zəngin təcrübə qazandırdı. Yehovanın təşkilatına etibarım yüzqat artdı. Daha sonra məni xidmətimi davam etdirmək üçün Avropaya göndərdilər.

Anam 1950-ci ilin fevral ayında vəfat etdi. Dəfndən sonra atam və bacım Dora ilə açıq söhbət etdim. Onlardan Müqəddəs Kitabı öyrənmək istəyib-istəmədiklərini soruşaraq dedim: «Anam artıq yoxdur, mən isə sizinlə yaşamıram. İndi siz nə etmək qərarındasınız?» Onlar yaşlı məsh olunmuş qardaş olan Harri Brauninqi tanıyırdılar və ona hörmət edirdilər. Buna görə də həqiqəti onunla müzakirə etməyə razılaşdılar. Bir ilin içində atamla Dora vəftiz olundular. Bir qədər sonra atam Cillinqem yığıncağında xidmətçi təyin edildi. Atamın ölümündən sonra bacım Roy Morten adında bir ağsaqqalla ailə həyatı qurdu. Dora 2010-cu ildə vəfat edənə qədər Yehovaya sədaqətlə xidmət etdi.

FRANSADA XİDMƏT

Orta məktəbdə fransız, alman və latın dillərini öyrənirdim. Lakin bunlardan ən çətini mənim üçün fransız dili oldu. Məndən Parisdəki (Fransa) Bet-Eldə kömək etməyi xahiş edəndə qarışıq hisslər keçirirdim. Filial xidmətçisi olan Anri Jeja adlı məsh olunmuş qardaşla çiyin-çiyinə xidmət etmək mənim üçün böyük şərəf idi. Təyinatım heç də həmişə mənə asan gəlmirdi və çoxlu səhvlərə yol verirdim, lakin bunun sayəsində insanlarla yola getmək barədə çox şey öyrəndim.

Bundan əlavə, 1951-ci ildə müharibədən sonra Parisdə ilk beynəlxalq konqresin keçirilməsi planlaşdırılanda təşkilati işlərdə mən də iştirak edirdim. Leopol Jontes adlı gənc səyyar nəzarətçi mənə kömək etmək üçün Bet-Elə gəldi. Sonralar o, filialın nəzarətçisi təyin edildi. Konqres Eyfel qülləsinin yaxınlığında yerləşən «İdman sarayı»nda keçirilmişdi. Nümayəndələr 28 ölkə və ərazidən gəlmişdilər. Konqresin sonuncu günündə 6000 fransalı Yehovanın Şahidi iştirak edənlərin sayının 10 456 nəfər olduğunu biləndə sevincdən cuşa gəlmişdi!

İlk dəfə Fransaya gələndə fransız dilində danışmaqda çətinlik çəkirdim. Ən böyük səhvim onda idi ki, bir şeyə tam əmin olmamış ağzımı açıb fransızca bir kəlmə belə demirdim. Bu cür inkişaf etmək isə qeyri-mümkündür, axı insan səhv edə-edə öyrənir.

Qərara gəldim ki, fransız dilimi təkmilləşdirmək məqsədilə əcnəbilər üçün kurslara yazılım. Mən kurslara axşamlar — yığıncaq olmayan günlərdə gedirdim. Fransız dilini sevməyə başladım və illər ötdükcə bu məhəbbət daha da artdı. Dili yaxşılaşdırmağımın faydası çox oldu, çünki bunun sayəsində Fransa filialına tərcümə işi ilə əlaqədar köməklik göstərə bildim. Bir müddətdən sonra özüm də tərcüməçi oldum. Nökər sinfinin təqdim etdiyi zəngin ruhani qidanı bütün dünyada yaşayan fransız bacı-qardaşlar üçün tərcümə etmək işində yardımçı olmaq mənim üçün böyük şərəf idi (Mat. 24:45—47).

EVLİLİK VƏ SONRAKI MƏSULİYYƏTLƏR

1956-cı ildə Ester adlı isveçrəli pioner bacı ilə evləndim. Onunla bundan bir neçə ilə əvvəl tanış olmuşdum. Toyumuz Londondakı Bet-Elin yaxınlığında yerləşən Padşahlıq zalında — əvvəllər «London çadırı» adlanan və anamın vəftiz olunduğu yerdə keçdi. Nikah məruzəsini Prays Hyuz qardaş söyləmişdi. Toyumuzda Esterin anası da iştirak etmişdi. O da məsh olunmuş məsihçi idi. Evlilik mənə nəinki sevimli və sadiq dost bəxş etdi, həm də gözəl və ruhani baxışları olan qayınanamla çoxlu ünsiyyət etmək imkanı verdi. O, 2000-ci ildə yer üzündəki həyatını başa vurdu.

Toydan sonra Esterlə mən Bet-Eldən kənarda yaşayırdıq. Mən Bet-Eldə tərcümə işimi davam etdirdim, Ester isə xüsusi pioner idi və Parisin ətrafında yaşayan insanlara təbliğ edirdi. O, bir neçə nəfərə Yehovanın xidmətçisi olmağa kömək etmişdi. 1964-cü ildə bizi Bet-Eldə yaşamağa dəvət etdilər. 1976-cı ildə filial komitələri təzə-təzə formalaşmağa başlayanda mən də Fransa filial komitəsinin üzvü təyin edildim. Bu illər ərzində Ester həmişə mənə məhəbbətlə dəstək olurdu.

«MƏN... HƏMİŞƏ YANINIZDA OLMAYACAĞAM»

Mən vaxtaşırı olaraq Nyu-Yorkdakı mərkəzi idarəyə getməli olurdum. Bunu özüm üçün şərəf hesab edirdim. Həmin başçəkmələr zamanı Rəhbərlik Şurasının müxtəlif üzvlərindən gözəl məsləhətlər alırdım. Məsələn, bir dəfə işimi çatdırmadığıma görə öz narahatçılığımı Neytan Norr qardaşla bölüşəndə o, gülümsəyərək mənə dedi: «Narahat olma. Sadəcə işlə!» Ondan sonra neçə dəfə iş başımdan aşanda, təşvişə düşmək əvəzinə, onları bir-bir görməyə başlayırdım və əksər hallar hər şeyi vaxtında qurtarırdım.

Ölümündən bir qədər əvvəl İsa şagirdlərinə demişdi: «Mən... həmişə yanınızda olmayacağam» (Mat. 26:11). Başqa qoyunlar olan bizlər dərk edirik ki, Məsihin məsh olunmuş qardaşları həmişə bizim aramızda yer üzündə olmayacaqlar. Buna görə də 70 ildən çoxdur ki, bir çox məsh olunmuşlarla sıx əməkdaşlıq etməyi, yəni yəhudinin ətəyindən yapışmağı özüm üçün tayı-bərabəri olmayan şərəf hesab edirəm.

[Haşiyə]

a «Yehonadav» termini barədə ətraflı məlumat üçün «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» kitabının 83, 165 və 166-cı səhifələrinə (rus.) baxın.

[21–ci səhifədəki yazı]

Neytan Norr qardaş gülümsəyərək mənə dedi: «Narahat olma. Sadəcə işlə!»

[19–cu səhifədəki şəkillər]

(Solda) Anamla atam

(Sağda) Gilead Məktəbinin ərazisində, 1948-ci il. Əynimdəki anamın bağışladığı paltodur

[20–ci səhifədəki şəkil]

Fransa filialının həsr edilmə mərasimində Lloyd Berri qardaşın məruzəsini tərcümə edərkən, 1997-ci il

[21–ci səhifədəki şəkillər]

(Solda) Esterlə toy günümüz

(Sağda) Birgə təbliğdə

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş