Yehova «sirləri açan» Allahdır
«Həqiqətən, sizin Allahınız allahların Allahı və padşahların Ağasıdır, sirləri açan da Odur» (DAN. 2:47).
NECƏ CAVAB VERƏRDİNİZ?
Yehova gələcəklə bağlı bizə hansı təfsilatları açıqlayıb?
Vəhşi heyvanın ilk altı başı hansı imperiyaları təmsil edir?
Vəhşi heyvanla Navuxodonosorun gördüyü böyük heykəl arasında hansı əlaqə var?
1, 2. Yehova bizə nəyi açıqlayıb və bunu nə üçün edib?
ALLAHIN PADŞAHLIĞI insan hakimiyyətinə son qoyan zaman dünyanı hansı dövlətlər idarə edəcək? Bu sualın cavabı bizə məlumdur, çünki onu bizə «sirləri açan» Yehova Allah açıqlayıb. O, Danielin və həvari Yəhyanın qələmə aldığı peyğəmbərliklər vasitəsilə bizə bu dövlətləri müəyyən etməyə kömək edir.
2 Yehova onlara vəhşi heyvanların bir-birlərini əvəz etməsi ilə bağlı görüntülər vermişdi. O həmçinin Danielə padşahın yuxuda gördüyü nəhəng metal heykəlin mənasını açıqlamışdı. Yehova bizim faydamız üçün bu görüntülərin Müqəddəs Kitaba daxil olmasının və qorunub saxlanılmasının qayğısına qalıb (Rom. 15:4). O, bunu ona görə edib ki, tezliklə Onun Padşahlığının bütün insan hökumətlərini əzib-dağıdacağına olan ümidimiz daha da möhkəmlənsin (Dan. 2:44).
3. Müqəddəs Kitabdakı peyğəmbərlikləri dəqiq başa düşmək üçün biz, ilk növbədə, nəyi anlamalıyıq və nə üçün?
3 Danielin və Yəhyanın yazdıqları bu peyğəmbərliklər yalnız səkkiz padşahın, yəni insan hökumətinin hansı imperiyaları təmsil etdiyini yox, həmçinin onların hansı ardıcıllıqda meydana çıxdıqlarını da açıqlayır. Lakin biz Müqəddəs Kitabda yazılan ən birinci peyğəmbərliyin mənasını başa düşdüyümüz təqdirdə bu peyğəmbərlikləri dəqiq anlaya bilərik. Nəyə görə? Çünki Müqəddəs Kitab və orada olan bütün peyğəmbərliklər ilk peyğəmbərliklə sıx bağlıdır.
İLANIN BALASI VƏ VƏHŞİ HEYVAN
4. Qadının övladı kimlərdən təşkil olunub və bu övlad nə edəcək?
4 Eden bağında üsyan baş verəndən sonra Yehova «qadın»ın «övladı» olacağını vəd etdia. (Yaradılış 3:15 ayəsini oxu.) Ən sonda bu övlad ilanın, yəni Şeytanın başını əzəcək. Daha sonra Yehova açıqladı ki, bu övlad İbrahimin nəslindən törəyəcək, İsrail xalqının Yəhuda qəbiləsindən olacaq və Davud padşahın sülaləsindən gələcək (Yar. 22:15—18; 49:10; Məz. 89:3, 4; Luka 1:30—33). Bu övladın əsas hissəsi Məsih İsadır (Qalat. 3:16). İkinci dərəcəli hissəsi isə məsihçi yığıncağının məsh olunmuş üzvləridir (Qalat. 3:26—29). İsa və bu məsh olunmuş məsihçilər birlikdə Allahın Padşahlığını təşkil edirlər. Allah bu Padşahlığın vasitəsilə Şeytanı məhv edəcək (Luka 12:32; Rom. 16:20).
5, 6. a) Daniel və Yəhya hökumətlərin neçəsi haqda yazıblar? b) «Vəhy» kitabındakı vəhşi heyvanın başları nəyi təmsil edir?
5 Edendə söylənilən ilk peyğəmbərlikdə Şeytanın da «balası»nın olacağı deyilirdi. Şeytanın balası qadının övladına düşmən kəsiləcək. Şeytanın balası kimdir? Elə özü kimi Allaha nifrət edənlər və Onun xalqına zülm verənlər. Tarix boyunca Şeytan öz balasından müxtəlif siyasi təşkilatlar və ya padşahlıqlar formalaşdırmışdı (Luka 4:5, 6). Lakin Allahın xalqına, yəni istər İsrail xalqına, istərsə də məsh olunmuşlar yığıncağına birbaşa təsir göstərən padşahlıqların sayı çox az olub. Nəyə görə bu, mühüm faktdır? Çünki bu, Danielin və Yəhyanın aldıqları görüntülərdə nəyə görə yalnız səkkiz imperiyadan söhbət getdiyini izah edir.
6 Dirildilmiş İsa eramızın birinci əsrinin sonunda həvari Yəhyaya heyrətamiz görüntülər vermişdi (Vəhy 1:1). Onların birində Yəhya böyük bir dənizin sahilində duran və əjdaha ilə təmsil olunan İblisi gördü. (Vəhy 13:1, 2 ayələrini oxu.) Yəhya həmçinin dənizdən çıxan və İblisdən böyük səlahiyyət alan əcaib yeddibaşlı vəhşi heyvanı da gördü. Daha sonra Yəhya al-qırmızı vəhşi heyvanı gördü; onun da yeddi başı vardı. Bu vəhşi heyvan Vəhy 13:1 ayəsindəki vəhşi heyvanın surətidir. Mələk Yəhyaya izah etdi ki, al-qırmızı vəhşi heyvanın yeddi başı yeddi padşahı, yəni yeddi hökuməti təmsil edir (Vəhy 13:14, 15; 17:3, 9, 10). Yəhya bu sözləri yazanda onlardan beşi süquta uğramışdı, biri hakimiyyət başında idi, o birisi isə hələ gəlməmişdi. Bu, hansı dünya imperiyalarıdır? Gəlin «Vəhy» kitabında haqqında bəhs edilən vəhşi heyvanın yeddi başını bir-bir müzakirə edək. «Daniel» kitabından araşdıracağımız digər peyğəmbərliklərdən isə görəcəyik ki, bu padşahlıqlar dünya səhnəsinə çıxmazdan əsrlər öncə onların çoxu barədə əlavə təfsilatlar verilmişdi.
İLK İKİ BAŞ — MİSİR VƏ ASSURİYA
7. Vəhşi heyvanın birinci başı hansı padşahlığı təmsil edir və nəyə görə?
7 Vəhşi heyvanın ilk başı Misiri təmsil edir. Nəyə görə? Çünki Misir Allahın xalqı ilə düşmənçilik edən ilk böyük padşahlıq olub. İbrahimdən törəyən israillilərin sayı Misirdə xeyli artmışdı. Qadının vəd olunmuş övladı məhz onun nəslindən gəlməli idi. Lakin sonradan Misir İsrailə zülm etməyə başladı. Şeytan qadının övladının dünyaya gəlməməsi üçün Allahın xalqını məhv etməyə cəhd göstərdi. Necə? O, firondan istifadə edərək israillilərin yeni doğulan bütün oğlan uşaqlarını öldürmək fikrinə düşdü. Ancaq Yehova onun niyyətini alt-üst etdi və xalqını Misirdən, köləlik əsarətindən qurtardı (Çıx. 1:15—20; 14:13). Sonra Yehova israilliləri Vəd edilmiş diyara gətirdi.
8. Vəhşi heyvanın ikinci başı hansı imperiyanı təmsil edir və bu imperiya nə etməyə cəhd göstərmişdi?
8 Vəhşi heyvanın ikinci başı Assuriya imperiyasını təmsil edir. Bu hegemon dövlət də Allahın xalqını məhv etməyə cəhd göstərmişdi. Düzdür, Yehova bütpərəstliklərinə və üsyankarlıqlarına görə onqəbiləli İsrail padşahlığını cəzalandırmaq üçün Assuriyadan istifadə etmişdi. Lakin sonradan Assuriya Yerusəlimə hücum çəkdi. Ola bilsin, bu işdə Şeytan əli vardı və bununla o, İsaya gətirib çıxaracaq padşah sülaləsini məhv etmək istəyirdi. Bu hücum Yehovanın niyyətinə daxil deyildi və O, möcüzəvi şəkildə işğalçıları məhv edərək sadiq xalqını qurtardı (2 Pad. 19:32—35; Yeşaya 10:5, 6, 12—15).
ÜÇÜNCÜ BAŞ — BABİL
9, 10. a) Yehova babillilərə nə etməyi icazə vermişdi? b) «Daniel» və «Mikeya» kitablarındakı Məsihlə bağlı peyğəmbərliklərin yerinə yetməsi üçün nə baş verməli idi?
9 Yəhyanın aldığı görüntüdəki vəhşi heyvanın üçüncü başı paytaxtı Babil şəhəri olmuş padşahlığı təmsil edir. Yehovanın iznilə babillilər Yerusəlimi viran qoyub xalqını əsir aparmışdılar. Lakin bu alçaldıcı fəlakətə yol verməzdən öncə, Yehova üsyankar israilliləri xəbərdar etmişdi (2 Pad. 20:16—18). O, qabaqcadan demişdi ki, Yerusəlimdə «Rəbbin taxtında» oturan padşahların sülaləsindən olan insanların hakimiyyətə gəlməsinə icazə verməyəcək (1 Saln. 29:23). Lakin Yehova vəd etmişdi ki, həmin hakimiyyəti Davud padşahın sülaləsindən olan «haqq sahibi» gəlib bərpa edəcək (Yez. 21:25—27).
10 Digər peyğəmbərlikdə göstərilir ki, vəd olunmuş Məsih, yəni məsh olunmuş gələndə yəhudilər hələ də Yerusəlim məbədində ibadət edəcəklər (Dan. 9:24—27). İsraillilərin Babilə əsir aparılmasından öncə yazılan bir peyğəmbərlikdə bu şəxsin Betlehemdə doğulacağı deyilmişdi (Mik. 5:2). Lakin bu peyğəmbərliklərin yerinə yetməsi üçün yəhudilər əsarətdən azad edilməli, vətənlərinə qayıtmalı və məbədi yenidən tikməli idilər. Ancaq babillilər heç vaxt əsirləri azad etmirdilər. Bəs bu maneəni Yehova necə aradan qaldırdı? Bu sualın cavabını O, peyğəmbərlərinə açıqladı (Amos 3:7).
11. Babil imperiyası hansı müxtəlif rəmzlərlə təmsil olunub? (Haşiyəyə baxın.)
11 Babilə əsir aparılanların arasında Daniel peyğəmbər də var idi (Dan. 1:1—6). Yehova Danieldən Babil padşahlığından sonra bir-birini əvəz edəcək imperiyalar barədə peyğəmbərliklər yazmaq üçün istifadə etmişdi. Yehova müxtəlif simvollar vasitəsilə bu sirləri Danielə açıqladı. Misal üçün, Yehova Babil padşahı Navuxodonosora yuxuda müxtəlif metallardan ibarət böyük bir heykəl göstərdi. (Daniel 2:1, 19, 31—38 ayələrini oxu.) Yehova Daniel vasitəsilə açıqladı ki, qızıldan olan baş Babil imperiyasını təmsil edirb. Heykəlin gümüşdən olan sinəsi və qolları isə Babildən sonra gələn imperiyadır. Söhbət hansı imperiyadan gedir və bu imperiya Allahın xalqı ilə necə davranırdı?
DÖRDÜNCÜ BAŞ — MİDİYA-FARS
12, 13. a) Yehova Babilin istilası barədə hansı təfsilatları açıqlamışdı? b) Nəyə görə demək olar ki, vəhşi heyvanın dördüncü başı Midiya-Fars imperiyasıdır?
12 Danielin yaşadığı vaxtdan təxminən yüz il əvvəl Yehova Yeşaya peyğəmbər vasitəsilə Babili zəbt edəcək imperiya haqqında ətraflı məlumat vermişdi. Yehova yalnız Babil şəhərinin necə ələ keçiriləcəyini yox, həmçinin oranın kim tərəfindən zəbt olunacağını da açıqlamışdı. Bu, Fars padşahı Kir idi (Yeşaya 44:28—45:2). Daniel Midiya-Fars imperiyası ilə əlaqədar daha iki görüntü almışdı. Görüntülərin birində bu imperiya bir tərəfə əyilmiş ayıya bənzədilirdi. Ona belə deyildi: «Qalx çoxlu ət ye» (Dan. 7:5). Danielin aldığı digər görüntüdə isə bu ikili dünya imperiyası ikibuynuzlu qoçla təmsil olunub (Dan. 8:3, 20).
13 Yehova Babilin süqutu və israillilərin vətənlərinə qayıtmaları barədə peyğəmbərlikləri yerinə yetirmək üçün Midiya-Fars imperiyasından istifadə etmişdi (2 Saln. 36:22, 23). Lakin elə həmin imperiya az qala Allahın xalqının kökünü kəssin. «Ester» kitabında Fars imperiyasında padşahdan sonra ikinci adam olan Haman adlı bir şəxsin qurduğu sui-qəsd barədə yazılıb. O, ucsuz-bucaqsız imperiyaya səpələnən bütün yəhudiləri məhv etmək fikrinə düşdü və hətta bunun üçün konkret bir gün təyin etdi. Yalnız Yehovanın müdaxiləsi sayəsində Onun xalqı Şeytanın balasının məkrli planından xilas oldu (Est. 1:1—3; 3:8, 9; 8:3, 9—14). Buna görə də demək olar ki, «Vəhy» kitabında vəhşi heyvanın dördüncü başı Midiya-Fars imperiyasıdır.
BEŞİNCİ BAŞ — YUNANISTAN
14, 15. Yehova qədim Yunanıstan imperiyası haqqında nələri açıqlamışdı?
14 «Vəhy» kitabındakı vəhşi heyvanın beşinci başı Yunanıstandır. Daniel Navuxodonosorun yuxusunu ona izah edəndə demişdi ki, tuncdan olan qarın və budlar sözügedən bu imperiyanın rəmzidir. Yehova Danielə verdiyi əlavə iki görüntüdə imperiyanın səciyyəvi cəhəti və onun ən görkəmli hökmdarı barədə insanı heyrətləndirən təfsilatlar açıqlamışdı.
15 Görüntülərin birində Daniel dördqanadlı bəbir kimi təsvir olunan Yunanıstanı gördü. Bu, həmin imperiyanın işğalçılıq siyasətini sürətlə həyata keçirəcəyinə işarə edirdi (Dan. 7:6). Digər görüntüdə isə Daniel böyük bir buynuzu olan təkənin ikibuynuzlu qoçu — Midiya-Fars imperiyasını — bir göz qırpımında öldürdüyünü gördü. Yehova Danielə izah etdi ki, bu təkə Yunanıstanı, böyük buynuz isə bu imperiyanın padşahlarından birini təmsil edir. Daha sonra Danielə bu böyük buynuzun qırılacağı və yerinə dörd balaca buynuzun çıxacağı izah olundu. Bu peyğəmbərliyin Yunanıstanın dünya imperiyasına çevrilməsindən bir neçə əsr öncə yazılmasına baxmayaraq, o ən xırda təfsilatınadək yerinə yetdi. Qədim Yunanıstanın ən nüfuzlu hökmdarı olan Böyük İsgəndər Midiya-Fars imperiyasını məğlub etdi. Lakin tezliklə bu buynuz qırıldı, yəni böyük hökmdar hakimiyyətinin ən yüksək zirvəsində, 32 yaşında vəfat etdi. Daha sonra onun yaratdığı imperiya dörd sərkərdə arasında bölündü. (Daniel 8:20—22 ayələrini oxu.)
16. İsgəndərin parçalanmış imperiyasının varislərindən biri olan IV Antiox nə etdi?
16 Fars imperiyasını işğal etdikdən sonra Yunanıstan Allahın xalqını idarə etməyə başladı. Artıq o vaxt yəhudilər Vəd edilmiş diyarda məskunlaşmış, Yerusəlimdəki məbədi yenidən bərpa etmişdilər. Onlar hələ də Allahın seçilmiş xalqı idilər və bu məbəd həqiqi ibadətin mərkəzi idi. Lakin bizim eradan əvvəl ikinci əsrdə vəhşi heyvanın beşinci başı olan Yunanıstan Allahın xalqına hücum etdi. İsgəndərin parçalanmış imperiyasının varislərindən biri olan IV Antiox Yerusəlimdəki məbədin ərazisində yalançı allaha ibadət etmək məqsədilə bir qurbangah düzəltdi və yəhudi dininə etiqad edən hər bir insana ölüm hökmü kəsiləcəyini bildirdi. Bu, Şeytanın balasının Allahın xalqına necə də böyük nifrət bəslədiyini göstərir! Lakin tezliklə Yunanıstan digər dünya imperiyası ilə əvəz olundu. Bəs vəhşi heyvanın altıncı başı hansı imperiyadır?
ALTINCI BAŞ — «DƏHŞƏTLİ, HEYBƏTLİ» ROMA
17. Yaradılış 3:15 ayəsinin yerinə yetməsində vəhşi heyvanın altıncı başı hansı rolu oynamışdı?
17 Yəhya vəhşi heyvanla əlaqədar görüntü alanda dünyada hegemonluq edən imperiya Roma idi (Vəhy 17:10). Vəhşi heyvanın altıncı başı olan Roma Yaradılış 3:15 ayəsində yazılan peyğəmbərliyin yerinə yetməsində xüsusi rol oynamışdı. Şeytan Roma məmurlarından istifadə edərək övladın «dabanından [sancdı]», yəni ona müvəqqəti zərər vurdu. Onlar İsaya qarşı yalan ittihamlar irəli sürərək onu xalqı hakimiyyətə qarşı üsyana təhrik etməkdə günahlandırdılar və edam etdilər (Mat. 27:26). Lakin İsanın yarası tezliklə sağaldı — Yehova onu diriltdi.
18. a) Yehova hansı yeni xalqı seçdi və nə üçün? b) İlanın balası qadının övladı ilə düşmənçilik etməyə necə davam edirdi?
18 İsrailin dini rəhbərləri romalılarla əlbir olub İsaya qarşı sui-qəsd hazırladılar, xalqın böyük qismi də onu rədd etdi. Buna görə də Yehova xalqı olan israillilərdən üz döndərdi (Mat. 23:38; Həv. iş. 2:22, 23). O, Özünə Allahın İsraili adlanan yeni xalq seçdi (Qalat. 3:26—29; 6:16). Həmin xalq məsh olunmuş məsihçilərdən ibarət olan yığıncaq idi və bu yığıncaq həm yəhudilərdən, həm də qeyri-yəhudilərdən təşkil olunmuşdu (Efes. 2:11—18). İsa ölüb dirildikdən sonra da ilanın balası qadının övladı ilə düşmənçilik etməyə davam edirdi. Roma imperiyası övladın ikinci dərəcəli hissəsi olan məsh olunmuş məsihçilər yığıncağını dəfələrlə məhv etməyə cəhd göstərmişdic.
19. a) Daniel altıncı dünya imperiyasını necə təsvir etmişdi? b) Səhifə 14-dəki məqalədə biz nəyi müzakirə edəcəyik?
19 Navuxodonosorun yuxuda gördüyü heykəlin dəmir baldırları Romanı təmsil edir (Dan. 2:33). Danielin aldığı başqa görüntüdə təkcə Roma imperiyası deyil, həmçinin Romadan törəyəcək növbəti dünya imperiyası da aydın təsvir olunmuşdu. (Daniel 7:7, 8 ayələrini oxu.) Bir neçə əsr ərzində Roma düşmənlərinin gözündə «dəhşətli, heybətli və çox güclü» bir imperiya idi. Lakin peyğəmbərlikdə deyilirdi ki, bu imperiyadan on buynuz törəyəcək və buynuzlardan biri digərlərindən daha nüfuzlu olacaq. Bu on buynuz, eləcə də kiçik buynuz nələri təmsil edir? Navuxodonosorun yuxuda gördüyü böyük heykəlin hansı hissəsi bu kiçik buynuza müvafiqdir? Bu sualların cavabı 14-cü səhifədəki məqalədə müzakirə olunacaq.
[Haşiyələr]
a Bu qadın göylərdə yaşayan və Yehovaya sədaqətlə xidmət edən ruhani varlıqları təmsil edir. Müqəddəs Kitab simvolik mənada onları Allahın arvadı adlandırır (Yeşaya 54:1; Qalat. 4:26; Vəhy 12:1, 2).
b «Daniel» kitabında Babil heykəlin başı ilə, «Vəhy» kitabında isə vəhşi heyvanın üçüncü başı ilə təmsil olunub. 12 və 13-cü səhifələrdəki sxemə baxın.
c Roma eramızın 70-ci ilində Yerusəlimi yerlə yeksan etsə də, bu, ilanın balasının qadının övladına hücum etməsi demək deyildi. Buna görə də bu hadisənin Yaradılış 3:15 ayəsi ilə heç bir əlaqəsi yoxdur, çünki o vaxt artıq israillilər Allahın seçilmiş xalqı deyildilər.