Nəyə görə korrupsiya hələ də meydan sulayır?
«Bir adamın başqa adama ağalıq etməsi başına bəla olur» (VAİZ 8:9).
BU AYƏ insan rəhbərliyinin keçdiyi tarix yolunun dəqiq təsviridir. İnsan rəhbərliyi misli görünməmiş əzab-əziyyətlərə və bədbəxtliklərə görə məsuliyyət daşıyır. Əsirlər boyunca daha ədalətli cəmiyyət qurmaq istəyində olan xoşniyyətli insanların planlarını həmişə acgözlük və rüşvətxorluq alt-üst edib. Bunun səbəbi nədir? Nəyə görə korrupsiya hələ də mövcuddur? Əsas etibarilə, səbəb aşağıda gətirilən üç zərərli təsirdir.
1. Günahın təsiri
Müqəddəs Kitabda açıq-aydın deyilir ki, biz «günahın əsarəti altında[yıq]» (Romalılara 3:9). Sağalmaz irsi xəstəlik kimi, günah daxilimizdə yaşayır. Min illərdir ki, o, bəşəriyyət üzərində ağalıq edir. Günah qanunu daima bizə öz təsirini göstərir. Günahlı meyillər çoxlarını öz maraqlarını ön plana çəkməyə, yaxud da başqalarının hesabına var-dövlət və ya hakimiyyət əldə etməyə sövq edir (Romalılara 5:21; 7:17, 20, 23, 25).
2. Yaşadığımız pis dünyanın təsiri
Tamahkarlıq və eqoizm bu dünyanın səciyyəvi cəhətlərindəndir. Belə bir mühitdə bəzilərinə başqalarından seçilmək çox çətin gəlir. Onlar öz eqoist arzularının yedəyində gedərək hakimiyyətpərəst olurlar. Həmçinin onların ürəyində daha çox — lazımından da artıq — pul və mal-mülk əldə etmək kimi güclü istək baş qaldırır. Əfsuslar olsun ki, bu cür insanlar məqsədlərinə nail olmaq üçün əyri yollara belə əl atmaqdan çəkinmirlər. Onlar pis təsirə müqavimət göstərmək əvəzinə, «şər iş görən izdihama» qoşulurlar (Çıxış 23:2).
3. Şeytan İblisin təsiri
Üsyankar ruhani varlıq olan Şeytan «bütün dünyanı alda[dır]» (Vəhy 12:9). O, insanları istədiyi kimi idarə etməkdən həzz alır. Şeytan elə fəndlər işlədir ki, insanlar rahat həyat və maddi firavanlıq kimi təbii istəklərini təmin etmək üçün nadürüstlüyə əl atsınlar.
Bu o deməkdirmi ki, biz Şeytanın əlində sadəcə bir kuklayıq, yəni o, ipi tərpədəndə ona məcburən itaət etməliyik? Bu sualın cavabını növbəti məqalədə öyrənəcəyik.