Korrupsiyanın sonu gələcək!
«Rəbbi gözlə, Onun yolunu tut... Pislərin kəsilib atılacağı zamanı görəcəksən» (MƏZMUR 37:34).
SİZ də, bir çox insanlar kimi, korrupsiyanın qaçılmaz və qarşısıalınmaz olduğunumu düşünürsünüz? Belə düşünməyinizə haqq vermək olar. Tarix boyu insanlar mümkün olan bütün hakimiyyət formalarını sınaqdan keçiriblər. Ancaq onlar korrupsiyanı tam aradan qaldırmağa müvəffəq olmayıblar. Bəs nə vaxtsa bütün insanların bir-birilə dürüst davranacaqlarına ümid etmək olarmı?
Müqəddəs Kitabın bununla bağlı xoş xəbəri var! Orada deyilir ki, Allah tezliklə yer kürəsini rüşvətxorluğun pəncəsindən azad edəcək. Necə? Yer üzündəki vəziyyəti tamamilə dəyişəcək səmavi hökumətinin — Padşahlığının vasitəsilə. İsa peyğəmbər öz şagirdlərinə məhz bu Padşahlıq barədə dua etməyi öyrətmişdi. O, duasında demişdi: «Qoy padşahlığın gəlsin... Sənin iradən... yerdə də yerinə yetsin» (Matta 6:10).
Allahın Padşahlığa Padşah təyin etdiyi Məsih İsa haqda Müqəddəs Kitabda qabaqcadan deyilmişdi: «Yoxsula, fəqirə rəhm edir, fəqirlərin canlarını azad edir. Onları hədə-qorxudan, zorakılıqdan qurtarır» (Məzmur 72:12—14). Ayələrdə də deyildiyi kimi, İsa Məsih haqsızlığın qurbanı olan insanların halına acıyır və onları zülmün əlindən mütləq azad edəcək! Bunu bilməyin özü elə təsəllidir!
Bir halda ki Allahın Padşahlığının başında şəfqətli və qüdrətli Padşah durur, bu hökumət Yer kürəsini korrupsiyadan azad edəcək. Necə? Korrupsiyanın kökündə duran üç səbəbi aradan qaldırmaqla.
Günahın təsiri
Bu gün hamımız bizi xudbincəsinə davranmağa sövq edən günahlı meyillərimizlə mübarizə aparmalı oluruq (Romalılara 7:21—23). Hələ də doğru olanı etmək istəyən yaxşı insanlar var. Onlar İsanın tökülən qanının günahdan azad edən fidyə olduğuna inanırlar və günahlarının əfvinə malikdirləra (1 Yəhya 1:7, 9). Belə insanlar Allahın məhəbbətinin ən böyük təzahüründən yararlanacaqlar. Bu haqda Yəhya 3:16 ayəsində yazılıb: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda qurban verdi; bunu ona görə etdi ki, ona iman edənlərin heç biri məhv olmasın, hamısı əbədi yaşasın».
Əməlisaleh insanlar üçün Allah, həqiqətən də, möhtəşəm işlər görəcək. O, yeni dünyada sadiq insanların tədricən kamilliyə və salehliyə yetişməsinə kömək etməklə günahın bütün nəticələrini aradan qaldıracaq (Yeşaya 26:9; 2 Peter 3:13). Daha heç vaxt günah insanları nanəcib hərəkətlərə təşviq etməyəcək. Allahın Padşahlığının rəhbərliyi altında sadiq insanlar «çürüklük əsarətindən [qurtulacaq]» (Romalılara 8:20—22).
Yaşadığımız pis dünyanın təsiri
Əfsuslar olsun ki, bu gün çoxları qəsdən başqalarına qarşı haqsızlıq edirlər. Onlar aşağı təbəqəli və kasıb insanları istismar edir və başqalarını da bu cür davranmağa təhrik edirlər. Müqəddəs Kitab belə insanlara səslənir: «Qoy pis adam öz yolunu, şər adam öz fikirlərini atsın». Müqəddəs Kitabda vəd olunur ki, belə insanlar tövbə edəndə əfvi bol olan Allah onları bağışlayır (Yeşaya 55:7).
Dikbaş, dəyişilmək istəməyən insanları isə Allah məhv etmək məcburiyyətində qalacaq. Onun Padşahlığı Müqəddəs Kitabdakı bu vədi həyata keçirəcək: «Rəbbi [Yehovanı] gözlə, Onun yolunu tut... Pislərin kəsilib atılacağı zamanı görəcəksən»b (Məzmur 37:34). İslaholunmaz pis insanlar yer üzündən silinib atılanda Allahın sadiq xidmətçiləri artıq heç vaxt korrupsiyanın qurbanı olmayacaqlar.
Şeytan İblisin təsiri
Ən qatı günahkar Şeytan İblisdir. Şükürlər olsun ki, Yehova Allah tezliklə Şeytanın insanlara göstərdiyi pis təsirin qarşısını alacaq, sonda isə onu tamamilə məhv edəcək. Daha heç vaxt bu bədheybət varlıq insanları nadürüst hərəkətlər etməyə təhrik edə bilməyəcək.
Bəlkə də, Allahın korrupsiyanın kökündə duran bütün bu səbəbləri aradan qaldıracağı fikri sizə xülya kimi gəlir. «Doğrudanmı, Allah bu dəyişiklikləri etməyə qadirdir? Əgər qadirdirsə, nə üçün indiyədək bunu etməyib?» — deyə düşünə bilərsiniz. Müqəddəs Kitab bu suallara qaneedici cavab verirc. Biz sizi Allahın Kəlamında yaxın gələcək — pisliklərdən azad olacaq gözəl həyat haqda deyilənləri araşdırmağa dəvət edirik.
[Haşiyələr]
a İsanın fidyə qurbanlığının dəyəri haqda əlavə məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 5-ci fəslinə baxın.
b Müqəddəs Kitaba əsasən, «Yehova» Allahın adıdır.
c Ətraflı məlumat üçün «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 3, 8 və 11-ci fəsillərinə baxın.