Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w18 fevral s. 13—17
  • Yehova üçün hər şey mümkündür

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova üçün hər şey mümkündür
  • Gözətçi qülləsi 2018
  • Başlıqlar
  • Oxşar material
  • SƏHƏRDƏN AXŞAMA QƏDƏR İŞLƏYİRDİK
  • SÜRGÜNDƏN QAYIDANLAR HƏQİQƏTİ QIRĞIZISTANDA YAYIR
  • HƏQİQƏT BİZİM ŞƏHƏRƏ ÇATIR
  • HƏYAT YOLDAŞIM HƏQİQƏTİ DƏRHAL QƏBUL ETDİ
  • QADAĞALAR DÖVRÜNDƏ YIĞINCAQLAR VƏ VƏFTİZ
  • XİDMƏTİ GENİŞLƏNDİRMƏK FÜRSƏTİNİ ƏLDƏN VERMƏDİK
  • AİLƏ MƏSULİYYƏTLƏRİ VƏ XİDMƏT
  • ƏLAMƏTDAR HADİSƏLƏR
  • Filialların həsrolunma mərasimləri
    Yehovanın Şahidlərinin illik fəaliyyəti 2017
  • Gəncliyində verdiyi qərara görə peşman deyildi
    Gözətçi qülləsi 2015
  • Hüquqi hesabat
    Yehovanın Şahidlərinin illik fəaliyyəti 2017
  • Mündəricat
    Oyanın! 2016
Gözətçi qülləsi 2018
w18 fevral s. 13—17
Beyşenbay Berdibayev

BİOQRAFİYA

Yehova üçün hər şey mümkündür

Nəql etdi Beyşenbay Berdibayev

«ARTIQ ölüm olmayacaq, hətta ölülər diriləcək». Həyat yoldaşım Mayrambubu bu sözləri avtobusda gedəndə eşitmişdi. Eşitdikləri ona çox maraqlı gəlmişdi. Avtobus dayanıb sərnişinlər düşəndə yoldaşım bu sözləri deyən qadının dalınca gedib onu saxlayır ki, eşitdikləri barədə ətraflı məlumat alsın. Apun Mambetsadıqova adlı bu qadın Yehovanın Şahidi idi. O dövrdə Yehovanın Şahidləri ilə söhbət etmək riskli idi. Amma buna dəyərdi, çünki Apun bacıdan öyrəndiklərimiz həyatımızı kökündən dəyişdi.

SƏHƏRDƏN AXŞAMA QƏDƏR İŞLƏYİRDİK

Mən 1937-ci ildə, kolxoz quruluşu vaxtı, Qırğızıstanın Tokmok şəhəri yaxınlığında qırğız ailəsində anadan olmuşam. Evdə qırğız dilində danışırdıq. Valideynlərim kolxozçu idi. Onlar səhərdən axşama qədər kolxozda işləyirdi. Kolxozçular müntəzəm ərzaqla təmin olunurdu, amma maaşı ildə bir dəfə alırdılar. Anam məni və balaca bacımı dolandırmaq üçün çox zəhmət çəkirdi. Cəmi beş il məktəb oxuyandan sonra məktəbdən çıxıb mən də bütün günü kolxozda işləməyə başladım.

Qırğızıstanın xəritəsi
Terskey Alatau dağ silsiləsi

Terskey Alatau dağ silsiləsi

Yaşadığım ərazidə kasıbçılıq baş alıb gedirdi, üstəlik camaat bir tikə çörək pulu qazanmaq üçün əldən düşənə qədər işləyirdi. Gənc olduğum üçün həyatın mənası və gələcəklə bağlı, demək olar, heç düşünmürdüm. Amma o vaxt heç ağlıma da gəlməzdi ki, bir gün Yehova Allah və Onun niyyəti barədə öyrənəcəyəm və bu bilik həyatımı kökündən dəyişəcək. İstəyərdim, sizə xoş xəbərin Qırğızıstana necə çatdığı və necə yayıldığı barədə bir qədər danışım. Müjdə ilk dəfə mən yaşayan ərazidə, Şimali Qırğızıstanda təbliğ olunmağa başlayıb.

SÜRGÜNDƏN QAYIDANLAR HƏQİQƏTİ QIRĞIZISTANDA YAYIR

Yehova Allah barədə həqiqət Qırğızıstanda 1950-ci illərdə kök atmağa başlayıb. Qırğızıstan həmin vaxt Sovet Sosialist Respublikaları İttifaqında (SSRİ) olduğuna görə həqiqəti insanlara çatdırmaq üçün sərt kommunist ideologiyasını dəf etmək lazım idi. Bütün SSRİ-də yaşayan Yehovanın Şahidləri siyasi məsələlərdə bitərəf qalırdılar (Yəh. 18:36). Buna görə onları kommunist dövlətinə düşmən bilib təqib edirdilər. Amma heç bir ideologiya Allahın sözünün qarşısını kəsə bilmədi. Allahın Kəlamı həlim qəlbli insanların ürəyinə yol tapdı. Həyatım boyu bir şeyə əmin oldum ki, Yehova üçün «mümkün olmayan şey yoxdur» (Mark 10:27).

Emil Yantsen

Emil Yantsen

Qırğızıstanda Yehovanın Şahidlərinin təqib olunması onların artımına səbəb oldu. Bu necə baş verdi? Kommunizm düşmənlərinin sürgün edildiyi Sibir də SSRİ-nin ərazisi idi. Oraya sürgün olunan bir çox adam azad olunandan sonra Qırğızıstana gəlmişdi. Bəziləri Qırğızıstana özləri ilə bərabər Müqəddəs Kitab həqiqətini də gətirmişdi. Onlardan biri 1919-cu ildə Qırğızıstanda doğulmuş Emil Yantsen idi. O, əmək düşərgəsinə sürgün olunmuşdu. Orada Yehovanın Şahidləri ilə tanış olmuş və həqiqəti qəbul etmişdi. Emil qardaş 1956-cı ildə azadlığa buraxılandan sonra evinə qayıtmışdı. O, mənim yaşadığım ərazidə, Sokuluk yaxınlığında yaşayırdı. 1958-ci ildə ilk yığıncaq məhz Sokulukda təşkil olunmuşdu.

Viktor Vinter

Viktor Vinter

Təxminən bir il sonra Sokuluk şəhərinə Viktor Vinter adlı qardaş köçdü. Bu qardaşın başı çox bəlalar çəkmişdi. Bitərəf mövqeyinə görə iki dəfə üç illik həbs cəzası almış, sonra yenə on il həbsdə yatmış və beş il sürgün həyatı yaşamışdı. Amma bu təqiblər Qırğızıstanda pak ibadətin yayılmasına mane ola bilmədi.

HƏQİQƏT BİZİM ŞƏHƏRƏ ÇATIR

Eduard Varter

Eduard Varter

1963-cü ildə Qırğızıstanda təxminən 160 Yehovanın şahidi var idi. Onların çoxu Almaniya, Ukrayna və Rusiyadan idi. Onların arasında 1924-cü ildə Almaniyada vəftiz olmuş, sonralar sürgünə göndərilmiş Eduard Varter adlı qardaş var idi. 1940-cı illərdə nasistlər onu həbs düşərgəsinə göndərmiş, bir neçə ildən sonra isə o, SSRİ kommunistləri tərəfindən sürgün olunmuşdu. Eduard qardaş 1961-ci ildə yaşadığım şəhərin yaxınlığına, Kant şəhərinə köçmüşdü.

Elizabet Fot; Aksamay Sultanəliyeva

Elizabet Fot; Aksamay Sultanəliyeva

Yehovaya sədaqətlə xidmət edən Elizabet Fot adlı bacı da Kant şəhərində yaşayırdı. O, dərzilik etməklə dolanırdı. Peşəkar dərzi olduğu üçün onun müştəriləri arasında həkimlər və müəllimlər də var idi. Prokurorluğun işçilərindən birinin həyat yoldaşı Aksamay Sultanəliyeva da onun müştərilərindən idi. O, Elizabet bacının yanına paltar tikdirməyə gələndə həyatın mənası və ölümlə bağlı çoxlu suallar verirdi. Bacı da onun suallarını birbaşa Müqəddəs Kitabdan cavablandırırdı. Beləcə, Aksamay Sultanəliyeva da xoş xəbərin şövqlü təbliğçilərindən biri oldu.

Nikolay Çimpoyeş

Nikolay Çimpoyeş

Elə həmin vaxtlar Moldovadan olan Nikolay Çimpoyeş adlı qardaş rayon nəzarətçisi təyin olundu və haradasa 30 il bu xidmət növündə çalışdı. Nikolay qardaş təkcə yığıncaqları ziyarət etmirdi, o, həmçinin ədəbiyyatların sürətinin çıxarılması və paylanması işini də təşkil etmişdi. Sözsüz ki, Nikolay qardaşın gördüyü işlər dövlətin diqqətindən yayınmadı. Bu səbəbdən Eduard Varter qardaş ona gözəl bir məsləhət verdi: «İşdir, dövlət nümayəndələri səni sorğu-suala tutsa, açıq de ki, biz ədəbiyyatları Bruklindəki baş idarədən alırıq. KQB əməkdaşının düz gözünün içinə bax. Sən qorxulası heç bir iş tutmursan» (Mət. 10:19).

Bu söhbətdən qısa müddət sonra Nikolay qardaşı KQB-nin Kant şəhərindəki baş idarəsinə çağırdılar. Qardaş orada baş verənləri belə nəql etmişdi: «KQB əməkdaşı məndən ədəbiyyatları haradan aldığımızı soruşdu. Mən dedim: “Bruklindən”. O, çaşıb qaldı, bilmədi nə desin. Bu sözdən sonra məni sərbəst buraxdılar və bir daha ora çağırmadılar». Bax belə cəsarətli təbliğçilərin sayəsində xoş xəbər mənim yaşadığım əraziyə, Şimali Qırğızıstana yayıldı. Bu xəbər mənim ailəmə 1980-ci illərdə gəlib çatdı və ilk eşidən yoldaşım Mayrambubu oldu.

HƏYAT YOLDAŞIM HƏQİQƏTİ DƏRHAL QƏBUL ETDİ

Yoldaşım Mayrambubu Qırğızıstanın Narın vilayətindəndir. Mən onunla 1974-cü ilin avqust ayında bacımgildə tanış olmuşam. O, bacımgilə qonaq gəlmişdi. Mayrambubunu görən kimi ona vuruldum. Biz elə tanış olduğumuz gün evləndik.

Apun Mambetsadıqova

Apun Mambetsadıqova

1981-ci ilin yanvar ayında Mayrambubu avtobusla bazara gedəndə məqalənin əvvəlində gətirilən söhbəti eşidir. O, eşitdikləri barədə ətraflı öyrənmək üçün həmin qadından adını və ünvanını istəyir. Qadın adının Apun olduğunu deyir, amma ünvanını verməyə ehtiyat edir, çünki o dövrdə Yehovanın Şahidlərinin fəaliyyəti qadağa altında idi. Apun bacı yoldaşımdan bizim ünvanımızı almışdı. Yoldaşım evə gələndə çox sevinirdi.

O dedi: «Bu gün çox gözəl xəbər eşitmişəm. Bir qadın mənə dedi ki, tezliklə ölüm olmayacaq, hətta vəhşi heyvanlar da zərərsiz olacaq». Bu sözlər mənə nağıl kimi gəldi. Mən dedim: «Hələ bir gözlə, görək, o qadın gəlib bizə nə danışacaq».

Apun bacı üç aydan sonra bizə gəldi. Sonra Yehovanın Şahidləri bizə davamlı olaraq gəlməyə başladılar. Bunun sayəsində biz qırğız məsihilərlə tanış olduq. Bu bacılar Yehova Allah və Onun bəşəriyyət üçün hazırladığı cənnət həyatı ilə bağlı gözəl bilikləri bizimlə paylaşırdılar. Onlar bizə «İtirilmiş cənnətdən qaytarılmış cənnətə qədər» kitabı vasitəsilə dərs keçirdiləra. Bizim Tokmok şəhərində bu kitabdan cəmi bir nüsxə var idi. Buna görə də özümüz üçün kitabın mətnini əllə köçürmüşdük.

Öyrəndiyimiz ilk həqiqətlərdən biri Yaradılış 3:15 ayəsində yazılmış peyğəmbərlik idi. Bu peyğəmbərliyi Padşah İsa Məsih yerinə yetirəcək. Bu vacib xəbəri hamı eşitməli idi və bu, bizim təbliğ işinə qoşulmağımızı daha da zəruri edirdi (Mət. 24:14). Çox keçmədi ki, öyrəndiyimiz həqiqətlər həyatımızı dəyişdi.

QADAĞALAR DÖVRÜNDƏ YIĞINCAQLAR VƏ VƏFTİZ

Bir dəfə Tokmokda yaşayan bir qardaş bizi toya dəvət etdi. Biz orada Yehovanın Şahidlərinin başqalarından necə fərqləndiyini aydın gördük. Bu toy başqa toylardan yerlə-göy qədər fərqlənirdi: orada spirtli içki yox idi və hər şey çox gözəl təşkil olunmuşdu. Əvvəl getdiyimiz toylarda isə qonaqlar içib sərxoş olur, özlərini apara bilmir, nalayiq sözlər danışırdılar.

Biz həmçinin Tokmokda keçirilən yığıncaqlara da gedirdik. Hava əlverişli olanda görüşlər meşədə keçirilirdi. Bacı-qardaşlar polislərin onları izlədiyini bilirdi, buna görə də görüş vaxtı qardaşlar bir nəfəri ətrafa nəzarət etmək üçün təyin edirdilər. Qış aylarında isə evdə yığışırdıq. İki dəfə polislər görüş keçirilən evə gəlib burada nə iş gördüyümüzlə bağlı sorğu-sual etmişdilər. 1982-ci ilin iyul ayında yoldaşımla mən Çu çayında vəftiz olduq. Çalışırdıq çox ehtiyatlı olaq (Mət. 10:16). Biz meşədə kiçik bir qrup şəklində toplaşdıq. Əvvəlcə həmd nəğməsi oxuduq, sonra vəftiz məruzəsinə qulaq asdıq.

XİDMƏTİ GENİŞLƏNDİRMƏK FÜRSƏTİNİ ƏLDƏN VERMƏDİK

1987-ci ildə bir qardaş məndən xahiş etdi ki, Balıkçı şəhərində yaşayan bir nəfəri ziyarət edim. Bizim şəhərdən Balıkçıya qatarla dörd saatlıq yoldur. Oraya bir neçə dəfə gedib gələndən sonra gördük ki, buranın camaatı həqiqətə böyük maraq göstərir. Bu, bizə xidmətimizi genişləndirmək üçün bir işarə oldu.

Yoldaşımla mən Balıkçıya tez-tez gedib gəlirdik. Çox vaxt həftəsonları orada qalır, təbliğə çıxır, görüşlər təşkil edirdik. Burada nəşrlərimizə tələbat olduqca böyük idi. Biz ədəbiyyatları Tokmokdan Balıkçıya kartof kisələrində gətirirdik. Hər ay iki dolu kisə ədəbiyyat aparırdıq, amma tələbatı güclə qarşılaya bilirdik. Qatarla Balıkçıya gedib-gələndə sərnişinlərə təbliğ edirdik.

1995-ci ildə, bizim Balıkçıya ilk ziyarətimizdən səkkiz il sonra burada yığıncaq təşkil olundu. Təbii ki, bu illər ərzində Tokmokdan Balıkçıya gedib-gəlmək üçün çoxlu pul lazım idi. Əlimiz aşağı olduğundan bacı-qardaşlar xərclərimizi ödəyirdilər. Yehova bizim xidmətimizi genişləndirmək istəyimizi görürdü, buna görə də «göylərin qapılarını» açıb başımızdan bol bərəkət tökürdü (Məl. 3:10). Bu, bir daha sübut edir ki, Yehova üçün hər şey mümkündür.

AİLƏ MƏSULİYYƏTLƏRİ VƏ XİDMƏT

1992-ci ildə məni ağsaqqal təyin etdilər. Mən ölkədə ilk qırğız ağsaqqal idim. Tokmokdakı yığıncağımızda yeni xidmət növü təşkil olunmuşdu. Biz təhsil müəssisələrində gənc qırğız tələbələrlə Müqəddəs Kitab dərsi keçirdik. Bu gənclərdən biri hal-hazırda filial komitəsində xidmət edir, ikisi isə xüsusi öncüldür. Biz həmçinin yığıncaqdakı bacı-qardaşlara da kömək etməyə çalışırdıq. 1990-cı illərin əvvəllərində nəşrlərimizi rus dilində oxuyur, görüşləri rus dilində keçirirdik. Amma yığıncaqlarda qırğızdilli insanların sayı get-gedə artırdı. Odur ki, onların həqiqəti rahat qavraması üçün görüşləri qırğız dilinə tərcümə edirdim.

Beyşenbay Berdibayev həyat yoldaşı və səkkiz övladı ilə birgə

Yoldaşım, mən və səkkiz övladımız (1989)

Mayrambubu və mən get-gedə böyüyən ailəmizin də qeydinə qalmalı idik. Biz uşaqlarımızı təbliğə və yığıncaq görüşlərinə aparırdıq. Qızımız Gülsayra artıq 12 yaşında küçədə insanlara rahat təbliğ edirdi. Uşaqlarımız ayələri əzbərləməyi çox sevirdi. Məhz bunun nəticəsidir ki, uşaqlarımız və nəvələrimiz yığıncağın işlərində həmişə fəal olublar. Bizim 9 uşağımız və 11 nəvəmiz var. Valideynləri ilə birgə yığıncağa gedənlər də daxil olmaqla, onlardan 16-sı Yehovanın yolundadır.

ƏLAMƏTDAR HADİSƏLƏR

1950-ci illərdə bizim ərazidə xidmət edən bacı-qardaşlar hazırda burada vəziyyətin necə dəyişdiyini bilsəydilər, məəttəl qalardılar. Misal üçün, 1990-cı illərdən bəri biz azad şəkildə təbliğ edir və böyük toplantılar keçiririk.

Beyşenbay Berdibayevlə həyat yoldaşı satıcıya təbliğ edir

Yoldaşımla birgə təbliğ edəndə

1991-ci ildə mən və həyat yoldaşım Qazaxıstanın Alma-Ata şəhərində (indiki Almatı) keçirilən üçgünlük toplantıda iştirak etdik. Bu bizim qatıldığımız ilk böyük toplantı idi. 1993-cü ildə Qırğızıstan özü belə bir toplantıya ilk dəfə ev sahibliyi etdi. Toplantı Bişkek şəhərinin Spartak stadionunda keçirilirdi. Bacı-qardaşlar toplantıdan əvvəl bir həftə stadionda təmizlik işləri apardılar. Bu, stadion müdirinə elə güclü təsir bağışladı ki, bizə stadiondan pulsuz istifadə etməyə icazə verdi.

1994-cü ildə Qırğızıstandakı Yehovanın Şahidlərinin tarixində daha bir əlamətdar hadisə baş verdi: nəşrlərimiz qırğız dilində çap olunmağa başladı. Hazırda ədəbiyyatlarımız qırğız dilinə Bişkek şəhərindəki filialda fəaliyyət göstərən tərcümə qrupu tərəfindən tərcümə olunur. 1988-ci ildə Qırğızıstandakı Yehovanın Şahidləri rəsmi qeydiyyatdan keçdi. Get-gedə sayımız çoxaldı. Hazırda ölkədə 5000-dən çox təbliğçi, 83 yığıncaq və 25 qrup fəaliyyət göstərir. Bu qrupların görüşləri çin, ingilis, qırğız, rus, rus jest, türk, uyğur və özbək dilində keçirilir. Müxtəlif millətlərdən olan bu bacı-qardaşlar Yehovaya çiyin-çiyinə xidmət edir. Bütün bu möhtəşəm nailiyyətlər yalnız Yehovanın sayəsində mümkün olub.

Yehova mənim həyatımda da möhtəşəm dəyişikliklər edib. Mənim kimi çox kasıb ailədə böyümüş, cəmi beş il məktəb oxumuş insana ağsaqqal kimi xidmət etmək, məndən qat-qat savadlı insanlara Müqəddəs Kitab həqiqətlərini öyrətmək şərəfini nəsib edib. Doğrudan da, Yehova ağlımıza gəlməyən şeyləri etməyə qadirdir. Həyatımda yaşadığım şeylər məni bundan sonra da Yehova Allah barədə şəhadət verməyə təşviq edir, o Allah barədə ki, Onun üçün hər şey mümkündür (Mət. 19:26).

a Yehovanın Şahidləri tərəfindən dərc olunurdu, ancaq indi dərc olunmur.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş