Yehova ən üstün qüdrəti verir
1 İsanın bütün şagirdlərinə nadir üstünlük olan müqəddəs xidmət — məsihçi xidməti — həvalə edilib (Mat. 24:14; 28:19, 20). Ancaq qeyri-kamillik və dünyanın göstərdiyi təzyiq ucbatından hərdən özümüzü bu iş üçün yararsız hesab edə bilərik.
2 Belə hallar baş verəndə həvari Pavelin Korinfdəki məsh olunmuş məsihçilərə yazdığı məktub bizə təskinlik gətirə bilər. O yazırdı: «Bu sərvəti saxsı qablarda saxlayırıq» (2 Kor. 4:7). Pavel əminliklə deyirdi: «Bu cür xidmətə malik olduğumuz üçün ruhdan düşmürük» (2 Kor. 4:1). Düzdür, məsh olunmuş, yaxud ‘başqa qoyunlardan’ olmağımızdan asılı olmayaraq, hər birimiz üçün xoş xəbəri təbliğ etmək, eləcə də ‘ruhdan düşməmək’ çətindir. ‘Ən üstün qüdrəti’ verən Allahın gücünə ehtiyacımız var (Yəh. 10:16; 2 Kor. 4:7b).
3 Çox ruhlandırıcıdır ki, bir çox Şahidlər şiddətli müqavimətlərə, səhhətləri ilə bağlı ciddi problemlərə, yaxud maddi cəhətdən korluq çəkmələrinə baxmayaraq, səylə təbliğ edirlər. Hər birimiz başa düşməliyik ki, təbliğ etmək tapşırığına Yehova Özü dayaq durur. Ruh düşkünlüyünün və ya təlaşın təbliğ etmək qətiyyətimizi zəiflətməsinə yol vermək əvəzinə, gəlin ‘Rəbbdə və Onun üstün qüdrətində qüvvətlənək’ (Efes. 6:10; Sül. məs. 24:10).
4 Ən üstün qüdrəti necə almaq olar? Duada mətanətli olaraq, Allahdan kömək və güc istə (Rom. 12:12; Filip. 4:6, 7). Sonra Yehovanın ən üstün qüdrəti verəcəyinə bütün qəlbinlə etibar et (Sül. məs. 3:5). Jurnallarımızdan müasir həmimanlılarımızın tərcümeyi-halını oxu, çünki onlar Yehovanın bu gün də Öz xidmətçilərinə sınaqlara tab gətirməyə kömək etdiyinə sübutdur. Yığıncaqdakı bacı-qardaşlarla yaxın ol, yığıncaq görüşlərini buraxma (Rom. 1:11, 12; İbr. 10:24, 25).
5 Gəlin əlimizdən gələn hər şeyi edək ki, Yehova ən üstün qüdrət olan və ən vacib işdə — Padşahlığın təbliği işində ruhdan düşməməyə kömək edəcək gücü bizə versin.