Ailə başçıları, yaxşı ruhani qrafikə riayət edin
1 Daniel onilliklər ərzində bütpərəst və azğın Babil xalqı arasında yaşamış olsa da, onun haqqında “durmadan” Yehovaya qulluq edən şəxs kimi danışılırdı (Dan. 6:16, 20). Ruhaniliyini qoruyub saxlamaq ona necə müyəssər olurdu? Müqəddəs Kitabdan görünür ki, Allaha ibadətində Daniel yaxşı qrafikə riayət edirdi. Misal üçün, o, öz otağında gündə üç dəfə dua edirdi (Dan. 6:10). Şübhəsiz ki, Daniel ruhani fəaliyyətin başqa sahələrində də, məsələn, Qanunu oxumaqda da sabit idi. Buna görə də onun başı üzərində təhlükə yaranan zaman belə, Daniel sarsılmaz olaraq Yehovaya sadiq qaldı və nəticədə mö’cüzəli tərzdə azad olundu (Dan. 6:4-22).
2 Bu gün ‘ayıq olmaq’ üçün biz də sə’y göstərməliyik (Efes. 6:18). Yaşadığımız dünya “şəririn hakimiyyəti altındadır” (1 Yəh. 5:19). İmanımız gözlənilmədən baş qaldıran çətinliklər və ya qarşıdurmalarla sınağa çəkilə bilər. Böyük məşəqqətdə Allahın xidmətçiləri Maqoq diyarından olan Qoqun hərtərəfli hücumuna mə’ruz qalacaqları zaman, elə gələcək ki, xilas olmaq üçün heç bir imkan yoxdur. Onlardan bütünlüklə Yehovaya bel bağlamaq tələb olunacaqdır (Hez. 38:14-16).
3 “Nailiyyət əldə etməyin açarlarından biri — Müqəddəs Kitabın gündəlik oxunmasını, onun öyrənilməsini və müzakirəsini ailənizin vərdişi etməkdir”. Bu cür sözlər, 1998-ci ildə keçirilən “Ailələr, Müqəddəs Kitabın gündəlik oxunmasını həyatınızda vərdişə çevirin!” adlı vilayət konqresində göstərilən dramanı təqdim edərkən səslənmişdir. Sonra deyilirdi: “Ailələr müntəzəm olaraq məşğul olanda və Müqəddəs Kitabı “canlandırmağa” çalışanda, Müqəddəs Kitabın qrafik üzrə öyrənilməsi ailəyə böyük fayda gətirə bilər. Bu, biliyimizi artırır. İmanımızı möhkəmlədir. Həqiqəti müdafiə etmək üçün bizi ruhlandıra biləcək adamların — qədimdə yaşayan kişi və qadınların nümunələrini gözlərimiz önündə saxlamağa kömək edir”. Yaxşı ruhani işlərə dair qrafikin müxtəlif sahələrini nəzərdən keçirdikdən sonra, ailə başçıları öz ailələrinin ruhani proqramını yaxşılaşdıracaq bir-iki sahəni özləri üçün qeyd edə bilərlər.
4 Allahın Kəlamını gündəlik olaraq tədqiq edin. “Allahın Padşahlığının rəhbərliyinə heç bir kəsin müqavimət göstərməyəcəyi və Allahın iradəsinin göydə olduğu kimi yerdə də yerinə yetəcəyi zaman nə saleh olmayanlar, nə də ki, heyvanlar “zərər verməyəcəklər və həlak etməyəcəklər” (İş. 11:9; Mat. 6:9, 10, İ-93)”. Bu sözlər 2001-ci il üçün olan “Müqəddəs Yazıları gündəlik araşdırmaq” broşürasında (rus.), sentyabrın 11-ə verilən Müqəddəs Kitab ayəsi üçün şərhdə yazılmışdır. Bu zəmanət necə də təsəlliverici olmuşdur! Ailə başçıları, ailənizlə gündəlik olaraq Müqəddəs Kitab ayəsini və bu ayə üçün verilən şərhi tədqiq edirsinizmi? Bu, olduqca faydalıdır. Əgər ayəni ailə ilə birlikdə səhər-səhər müzakirə etmək rahat deyilsə, ehtimal ki, bunu günorta edə bilərsiniz. Bir ata demişdir: “Ailəmizlə Müqəddəs Kitab ayəsini müzakirə etmək üçün ən yaxşı imkan şam yeməyi vaxtı idi”.
5 Ailənizin gündəlik ayəni hər gün müzakirə etmək üçün yaxşı qrafiki varsa, bu tə’rifəlayiqdir. Bəlkə bundan əlavə Müqəddəs Kitabın bir hissəsini də oxuyasınız? Bə’ziləri nəzərdən keçirilən ayə hansı fəsildən götürülübsə, həmin fəsli də oxuyurlar. Başqaları Müqəddəs Kitabı ardıcıl olaraq, fəsil-fəsil oxuyurlar. Müqəddəs Kitabın gündəlik oxunması ailənizin üzvlərinə Yehovanı razı salmamaq kimi faydalı qorxu hissi yetişdirməyə kömək edəcək və Onun iradəsini yerinə yetirmək istəyini də gücləndirəcək (Təs. 17:18-20).
6 Oxuduğunuzun praktiki dəyərini müzakirə etmək üçün bir neçə dəqiqə vaxt ayırsanız, Müqəddəs Kitabın gündəlik oxunması proqramı və gündəlik ayəni tədqiq etmək ailənizə daha böyük fayda gətirər. “Xidmət Məktəbi” kitabının (rus.) 60-cı səhifəsində deyilir: “Müqəddəs Kitabın üzümüzə gələn həftədə oxumaq üçün ayrılmış hissəsindən bir neçə ayəni seçib, mə’nasını müzakirə etmək və sonra təxminən belə suallar vermək olar: “Bu ayələrdə özümüz üçün hansı rəhbərliyi görə bilərik? Bu ayələri xidmətdə necə tətbiq etmək olar? Yehova və Onun hərəkət tərzi haqqında nə öyrənirik və bu, Ona olan məhəbbətimizi necə artırır?”. Bu cür ruhani mövzuda aparılan müzakirələr ailənizin bütün üzvlərinə “Rəbbin iradəsini” qavramağa kömək edəcək (Efes. 5:17).
7 Ailəvi öyrənmə. Hər həftə ardıcıl olaraq ailəvi öyrənmə keçirmək — ruhani dəyərlərin hər şeydən vacib olduğunu uşaqlarına göstərmək üçün ailə başçılarının qarşısında açılan daha bir imkandır. Bir gənc xatırlayır: “Bə’zən atam işdən evə çox yorğun gəlib yatmaq istəsə də, ailəvi öyrənmə keçirirdi. Bu isə bizə, öyrənmənin nə qədər vacib olduğunu başa düşməkdə kömək etdi”. Öyrənmənin uğurlu keçməsinə uşaqlar da kömək edə bilər. Doqquz uşaqdan ibarət bir ailəyə başqa vaxt müvafiq olmadığı üçün, ailəvi öyrənmə keçirməkdən ötrü müntəzəm olaraq yuxudan səhər saat beşdə dururlar.
8 Ailəvi öyrənmə arzu olunduğu nəticələri versin deyə, ailə başçıları daima necə öyrətdiklərinə fikir verməlidirlər (1 Tim. 4:16). “Xidmət Məktəbi” kitabının (rus.) 32-ci səhifəsində deyilir: “Əminliklə demək olar ki, ailəvi öyrənmə, ailənin şəxsi ehtiyaclarını öyrənməkdən başlanır. Sənin ailənin üzvləri ruhən böyüyürlərmi? [...] Uşaqlarınla təbliğə çıxanda, Yehovanın Şahidləri olduqları üçün onlar həmyaşıdları qarşısında utanmırlar ki? Müqəddəs Kitabın ailə ilə birlikdə oxunub öyrənilməsi onların xoşuna gəlirmi? Yehovanın yolları onların həyatının bir hissəsi olubmu? Diqqətlə müşahidə etmək, bir ailə başçısı kimi ailənin bütün üzvlərində ruhani keyfiyyətləri möhkəmlətmək və inkişaf etdirmək üçün nə etmək lazım olduğunu görməkdə sənə kömək edəcək”.
9 Yığıncaq görüşləri. Yığıncaq görüşlərinə hazırlıq və bu görüşlərdə iştirak etmək həftəlik qrafikinizin ən vacib hissəsi olmalıdır (İbr. 10:24, 25). Ehtimal ki, bə’zən görüşlərə ailənizin bütün üzvləri ilə birlikdə hazırlaşa bilərsiniz. Son anda hazırlaşmaq əvəzinə, bunu qabaqcadan edə bilərsinizmi? Yaxşı qrafik tutmaq hazırlaşmanızın keyfiyyətini artıracaq və yığıncaq görüşlərindən daha çox fayda əldə edəcəksiniz (Sül. məs. 21:5).
10 Əgər görüşlərə müntəzəm olaraq və lazımi tərzdə hazırlaşırsınızsa, demək olar ki, sizin həqiqətən də yaxşı teokratik qrafikiniz var. Vəziyyət bütün yığıncaq görüşlərinə hazırlaşmağınıza çətinlik törədirsə, onda necə? “Xidmət Məktəbi” dərsliyinin (rus.) 31-ci səhifəsində deyilir: “Sadəcə olaraq quş qoymaq üçün bütün materialı tələsik oxumaq və yaxud hər şeyi öyrənmək mümkün olmadığından heç nəyi öyrənməmək böyük səhv olardı. Daha yaxşı olardı ki, nə qədər öyrənə biləcəyini özün üçün müəyyən edib, sonra onu lazımi səviyyədə öyrənəsən. Hər həftə belə davran. Bir qədər vaxtdan sonra yığıncağın başqa görüşlərinə də hazırlaşmağa çalış”.
11 Əgər ailə görüşlərə vaxtından əvvəl gəlirsə, bu, ailənin bütün üzvlərində Yehovanı izzətləndirmək əhval-ruhiyyəsi yaradır və Onun təqdim etdiyi ruhani tə’limdən fayda əldə etməyə kömək edir. Ailənizin bu cür vərdişi varmı? Bunun üçün yaxşı plan qurmaq və ailənin hər bir üzvündən sə’y göstərmək tələb olunur. Əgər ailənizin yığıncağa getmək üçün hazırlaşarkən həmişə tələsdiyini və əsəb keçirdiyini görürsünüzsə, qrafikinizdə nəyi isə dəyişə bilməzsinizmi? Hansısa işləri qabaqcadan görmək mümkündürmü? Əgər yığışan zaman ailə üzvlərindən kim isə daha çox iş görməli olursa, nəyə görə başqaları ona kömək etməsinlər? Nəyə görə hər bir kəs, adətən olduğundan bir qədər tez yığışmasın? Bu cür davranaraq artıq narahatçılıqdan qaçınarsınız. Yaxşı qrafik tutmaq həm ailədə, həm də yığıncaqda sülhə səbəb olur (1 Kor. 14:33, 40).
12 Təbliğ xidməti. Təbliğ xidməti üçün müəyyən vaxt ayırmaq, yaxşı ruhani qrafik qurmağın daha bir üsuludur. Ceyson adlı bir gənc xatırlayır: “Ailəmizdə şənbə gününün səhərlərini həmişə təbliğə həsr edirdik. Bu, mənim üçün çox faydalı oldu: xidmətdə nə qədər çox iştirak edir və bəhrələrini görürdümsə, təbliğ etmək mənə bir o qədər də xoş gəlirdi”. Yehovanın Şahidləri ailəsində böyüyənlərin əksəriyyəti də qeyd edirlər ki, hər həftənin müəyyən günlərində bütün ailə ilə birlikdə xidmət etmək onların ruhani inkişafına tə’sir göstərmişdir.
13 Həmçinin yaxşı qrafik, ailəmizlə xidmətdə olarkən sevincimizi artırmağa və o cümlədən xidmətimizi daha da səmərəli etməyə kömək edər. Buna necə nail olmaq olar? “Gözətçi Qülləsi”nin 1999-cu il 1 iyul sayının 21-ci səhifəsində (rus.) növbəti fikirlər qeyd edilirdi: “Ailəvi öyrənmə zamanı, həmin həftə təbliğ xidmətində iştirak etmək üçün ailə üzvlərinin hazırlaşmasına kömək etmək məqsədi ilə bə’zən vaxt ayırırsınızmi? Bu çox faydalı ola bilər (2 Tim. 2:15). Bu cür hazırlıq, xidməti mə’nalı və keyfiyyətli etməyə kömək edir. Bə’zən hazırlığa, ailəvi öyrənmənizə ayırdığınız vaxtı sərf etmək olar. Lakin əksər hallarda təbliğ xidmətinin aspektlərini ailəvi öyrənmənin sonunda keçirilən qısa müzakirələr zamanı və ya həftə ərzində başqa vaxt araşdırmaq olar”. Ailəniz bu məsləhəti tətbiq edibmi?
14 İnkişaf etməyə davam edin. Bu məqaləni oxuduqdan sonra, ailə üzvlərinizin hansı sahədə daha müvəffəq olduğunu görürsünüzmü? Onları tə’rifləyin və bundan sonra da inkişaf etməyə həvəsləndirin. Əgər üzərində işləməniz lazım olan bir neçə sahə görürsünüzsə, əvvəlcə bir-ikisindən başlayın. Bu sahədə yaxşılaşandan sonra növbəti bir-iki sahə üzərində çalışın. Optimist və tədbirli olun (Filip. 4:4, 5). Bütün ailə ilə birlikdə yaxşı qrafikə riayət etmək üçün çoxlu sə’y tələb olunacaq, lakin əldə edilən nəticə buna dəyər. Axı Yehova bizi əmin edir: “Yolunu doğruldana Allahın xilasını göstərərəm” (Məz. 50:23).