Hesabatın dəqiq olmasında sənin köməyin varmı?
1 Müqəddəs Kitabda qeyd olunan bir çox hadisələr özünə, baş verən hadisələri daha yaxşı təsvir etməyə kömək edən səciyyəvi rəqəmlər daxil edir. Məsələn, Gideon midiyalılara cəmi 300 adamla qalib gəldi (Hakim. 7:7). Yehovanın mələyi 185 000 Assuriya döyüşçüsünü məhv etdi (2 Kral. 19:35). Eramızın 33-cü ilinin Pentikost günündə 3 000-ə yaxın adam vəftiz olundu və imanlıların sayı tezliklə 5 000 nəfər oldu (Həv. iş. 2:41; 4:4). Bu mə’lumatlardan görünür ki, Allahın qədim dövrdə yaşayan xidmətçiləri bacardıqca tam və dəqiq qeydlər etməyə çalışırdılar.
2 Bu gün Yehovanın təşkilatı bizi, təbliğ fəaliyyəti barədə hər ay hesabat verməyə təşviq edir. Bu məsələdə göstərdiyimiz itaətkarlıq, təbliğ xidmətinə effektli şəkildə rəhbərlik etməyə kömək edir. Məsələn, hesabatlar xidmətin hansı sahələrinə xüsusi diqqət yetirməyə və hansı ölkələrdə təbliğçilərə daha çox ehtiyac olduğunu görməyə kömək edir. Yığıncaqların ağsaqqalları hesabatlar əsasında hansı təbliğçinin gələcəkdə öz xidmətini genişləndirə biləcəyini, hansı təbliğçinin isə köməyə ehtiyac duyduğunu müəyyən edə bilərlər. Padşahlıq haqqında xəbərin daha geniş yayılması barədə hesabatlar bütün məsihçi qardaşlığımızı sevindirir. Hesabatın dəqiq olmasında sənin köməyin varmı?
3 Şəxsən sənin qarşında duran tələb. Elə olurmu ki, ayın axırı gəldikdə nə qədər vaxt təbliğ etdiyini və nə qədər ədəbiyyat payladığını yada salmaq çətin olsun? Əgər belədirsə, nəyə görə bütün bunları xidmətdən dərhal sonra qeyd etməyəsən? Bə’ziləri bunun üçün təqvimdən və ya gündəlikdən istifadə edirlər. Digərləri isə özlərilə hesabat üçün blank gəzdirirlər. Ayın axırında tə’xirə salmadan hesabatı kitaböyrənmənin nəzarətçisinə ver. Ya da ki, istəsən, onu Padşahlıq Zalındakı hesabatlar üçün qutuya sal. Hesabatı verməyi unutmusansa, kitaböyrənmənin nəzarətçisinin sənə müraciət etməsini gözləmədən, dərhal onunla əlaqə saxla. Vicdanla hesabat verərək sən, Yehovanın xalqı arasında mövcud olan qayda-qanuna hörmət, hesabatları toplamaq və hesablamaq üçün tə’yin olunmuş qardaşlara diqqət göstərmiş olursan (Luka 16:10).
4 Kitaböyrənmə nəzarətçisinin rolu. Kitaböyrənmənin nəzarətçisi, ayıq və qayğıkeş çoban kimi, ay ərzində kitaböyrənmə qrupunun fəaliyyətindən xəbərdar olmağa çalışır (Sül. məs. 27:23). O, qrupda olan bütün təbliğçilərin müntəzəm və keyfiyyətli tərzdə, həmçinin sevinclə təbliğ edib-etmədiklərindən xəbərdardır. Çox vaxt ondan, təbliğçiləri ruhlandırmaq, praktiki məsləhətlər vermək və ya özü ilə xidmətə də’vət etmək gözlənilir.
5 Ayın axırında kitaböyrənmənin nəzarətçisi qrupun bütün üzvlərinin hesabat verib-vermədiyini aydınlaşdırır ki, görsün katib növbəti ayın altısı üçün yığıncağın dəqiq hesabatlarını göndərə biləcək, ya yox. Ayın axırına yaxın nəzarətçi öz qrupuna hesabatları vermək haqqında yaddaşlıq edə bilər. Həmçinin yaxşı olardı ki, kitaböyrənmənin keçirildiyi yerdə ehtiyatda hesabat üçün blanklar olsun. Əgər kim isə xidmət fəaliyyəti haqqında hesabat verməyi tez-tez unudursa, nəzarətçi ona mülayimliklə qabaqcadan yaddaşlıq edə bilər.
6 Hesabatları vaxtlı-vaxtında verməyin sayəsində, görülən iş barədə dəqiq mə’lumatımız olur. Hesabatın dəqiq olmasında sənin köməyin olacaqmı?