Həsr olunmamıza müvafiq yaşamaq
1 Bu yaxınlarda və ya onilliklər qabaq vəftiz olunsaq da, həyatımızda vacib olan bu addımı, yəqin ki, xatırlayırıq. Vəftiz — son deyil, Allaha əbədiyyət boyu davam edəcək sədaqətli xidmətin başlanğıcıdır (1 Yəh. 2:17). Həsr olunmamıza müvafiq yaşamaq nə deməkdir?
2 Məsihin nümunəsini təqlid edirik. İsa vəftiz olunan kimi, “Allahın Padşahlığının müjdəsini digər şəhərlərə də” təbliğ edərək “öz xidmətinə başladı” (Luka 3:23; 4:43, İ–93). Yehovaya həsr olunmamızı vəftizlə simvollaşdıraraq, biz də xoş xəbərin tə’yin olunmuş təbliğçiləri oluruq. Ehtimal ki, vaxtımızın və qüvvəmizin çoxunu tələbatlarımızı tə’min etməyə sərf etsək də, əsas fəaliyyətimiz məsihçi xidmətidir (Mat. 6:33). Var-dövlət yığmaq və ad-san qazanmaq uğrunda çalışmaq əvəzinə, özlərini Allaha həsr etmiş məsihçilər, həvari Pavel kimi, xidmətlərini izzətləndirirlər (Rom. 11:13). Sən məsihçi xidmətini qiymətləndirir və onu izzətləndirirsənmi?
3 İsa kimi, biz də ‘İblisə qarşı durmalıyıq’ (Yaq. 4:7). İsa vəftiz olunduqdan dərhal sonra İblis onu imtahan etməyə başladı. İblis Yehovanın sadiq xidmətçilərini özünün hücum obyektinə çevirərək, bu gün də belə davranır (Luka 4:1-13). Şeytan dünyasında yaşadığımızı nəzərə alaraq, biz özünə hakim olmaq keyfiyyətini təzahür etdirməli, ağlımızı çirkləndirən və ya ürəyimizi korlayan hər bir şeydən qaçınmalıyıq (Sül. məs. 4:23; Mat. 5:29, 30). Müqəddəs Kitab xatırladır ki, məsihçilər “həm Rəbbin, həm də cinlərin süfrəsinə ortaq ola” bilməzlər (1 Kor. 10:21). Bu isə o deməkdir ki, biz zərərli əyləncələrdən, pis dostluqlardan, həmçinin İnternetdə mövcud olan təhlükələrdən qorunmalıyıq. Bunlara dönüklərin təqdim etdikləri materiallar da daxildir. Şeytanın bu və digər taktikalarına qarşı sayıqlıq göstərməklə, həsr olunmamıza müvafiq yaşadığımızı göstəririk.
4 Allahın təqdim etdiklərindən istifadə edirik. Yehova öz Kəlamının və məsihçi yığıncağının vasitəsilə, həsr olunmamıza müvafiq yaşamaqda bizə kömək edir. Qoy Müqəddəs Kitabın oxunması və Yehovaya etdiyin dualar bundan sonra da gündəlik qrafikinin bir hissəsi olsun (Yeşu 1:8; 1 Salon. 5:17). Yığıncaq görüşlərinə getməkdən ləzzət al (Məz. 122:1). Yehovadan qorxan və Onun göstərişlərinə qulaq asan kəslərlə ünsiyyətdə ol (Məz. 119:63).
5 Yehovanın köməyi ilə, həsr olunmamıza müvafiq yaşaya və Ona əbədiyyən sevinclə xidmət edə bilərik (Məz. 22:26, 27; Filip. 4:13).