Pioner xidmətinin gətirdiyi xeyir-dualar
1, 2. Pioner xidməti hansı xeyir-duaları gətirir və nəyə görə?
1 “Mənə, insanlara həqiqəti danışmaq imkanından daha çox məmnunluq gətirən heç bir şey yoxdur” — bu sözlər pioner bir qardaşımıza məxsusdur. Pioner bacımız isə bunları deyir: “Mən rahat yatıram, hər gün də ürəyim sevinclə doludur”. Bu pionerlərin sözlərində, pioner xidmətinin gətirdiyi xeyir-duaları dadan bir çox bacı-qardaşların rə’yləri əks olunur (Sül. məs. 10:22).
2 İnsanlara, onların həyatını xilas edən Müqəddəs Kitab biliklərini çatdırmaqla böyük məmnunluq hissi duyuruq (Həv. iş. 20:35; 1 Salon. 2:19, 20). Uzun müddət pioner xidmətində çalışan bir qardaşımız yazırdı: “Allahın Kəlamı necə də böyük qüvvəyə malikdir! O, insanları Yehovaya izzət gətirmək üçün həyatlarını dəyişməyə təşviq edir, bu isə bizim imanımızı möhkəmləndirir”. Pionerlər başqalarına sevinclə kömək edir, Müqəddəs Kitab öyrənmələri keçirirlər, buna görə də onları buna bənzər çox xeyir-dualar gözləyir.
3, 4. Pioner xidməti Yehovaya güvənməyi necə öyrədir və bu, ruhən böyüməyə necə kömək edir?
3 Yehovaya güvənmək. Xidmətlərini yerinə yetirmək üçün, pionerlər gündəlik olaraq Allahın müqəddəs ruhunun tə’sirinə güvənməli olurlar. Bu onlara ‘ruhun səmərəsini’ inkişaf etdirməyə kömək edir və onlar üçün müdafiə kimi xidmət edir (Qalat. 5:16, 22, 23). Allahın Kəlamını tez-tez istifadə etmələri sayəsində, onların əksəriyyəti həqiqəti müdafiə etməkdə və başqalarını möhkəmləndirməkdə çox məharətli olmağı öyrəniblər (2 Tim. 2:15). Onilliklər ərzində pioner xidmətində çalışan bir qardaş deyir: “Pioner xidməti mənə Müqəddəs Kitabı dərindən başa düşməkdə kömək etdi. Bu biliklərin köməyi sayəsində isə Yehova və Onun niyyətləri haqqında bilməkdə çox adamlara kömək etmişəm”. Həqiqətən də gözəl nailiyyətdir!
4 Pionerlər Yehovaya başqa sahədə də güvənməlidirlər. Yehovanın onların maddi ehtiyaclarını tə’min etdiyini görəndə onların imanı möhkəmlənir. Artıq 55 ildir ki, pioner xidmətində çalışan 72 yaşlı qardaşımız deyir: “Yehovanın mənim qayğıma qalmadığı vaxt olmayıb”. Bundan əlavə, sadə həyat tərzi sürməklə pionerlər özlərini çox həyat qayğılarından mühafizə edirlər. Məgər bizlərdən hər birimiz bunu şəxsi təcrübəmizdə hiss etmək istəmirikmi? (Mat. 6:22; İbr. 13:5, 6).
5. Pioner xidməti Yehovaya yaxınlaşmağa necə kömək edir?
5 Allaha yaxınlaşmaq. Malik olduğumuz ən dəyərli xəzinə — Yehova ilə qarşılıqlı münasibətlərimizdir (Məz. 63:3). Yehovaya olan məhəbbətimiz bizi Ona bütün ürəyimizlə xidmət etməyə təşviq edəndə, bu münasibətlər daha yaxın olur (Yaq. 4:8). Pioner xidmətində 18 illik təcrübəsi olan bir qardaşımız deyir: “Pioner xidməti Yaradanla olan münasibətlərimi günü-gündən möhkəmlədir və ‘Rəbbin nə yaxşı olduğunu dadıb görməyimə’ imkan verir” (Məz. 34:8).
6. Pionerlər hansı keyfiyyətlərə malik olmalıdırlar və onların xidməti özlərindən başqa daha kimə fayda gətirir?
6 Yalnız imkanları yol verən kəslər pioner kimi xidmət etmirlər. Pioner olmaq üçün güclü imana, Allaha və yaxınlarına səmimi məhəbbətə, həmçinin fədakarlığa malik olmaq lazımdır (Mat. 16:24; 17:20; 22:37-39). Bununla belə, pionerlərin sevinc saçan üzləri, pioner xidmətinin bol xeyir-dualar gətirdiyinə ən yaxşı sübutdur (Mal. 3:10). Lakin bu xeyir-dualardan təkcə pionerlər faydalanmırlar, əks etdirdikləri gözəl ruh onların ailə üzvlərinə və yığıncaqlara da böyük fayda gətirir (Filip. 4:23).