Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik.
III hissə. Müqəddəs Yazıları məharətlə istifadə edirik.
1. Nəyə görə Müqəddəs Kitab öyrənməsi keçirərkən, həmişə diqqəti Müqəddəs Yazılara yönəltməliyik?
1 Müqəddəs Kitab öyrənməsi keçirməkdə məqsədimiz şagirdlər hazırlamaqdır. Biz buna, insanların Allahın Kəlamındakı tə’limləri başa düşmələrinə, qəbul etmələrinə və onları həyatlarında tətbiq etmələrinə kömək etməklə nail ola bilərik (Mat. 28:19, 20; 1 Salon. 2:13). Bu səbəbdən, öyrənmə zamanı diqqət əsas e’tibarilə Müqəddəs Yazılara yönəldilməlidir. İlk növbədə, Müqəddəs Kitabı öyrənənlərə lazımi ayələri öz Müqəddəs Kitablarında tapmağı öyrətmək faydalı olardı. Bəs onların ruhən böyüməsinə kömək etmək üçün Müqəddəs Yazılardan necə istifadə edə bilərik?
2. Hansı Müqəddəs Kitab ayələrini oxuyacağımızı və müzakirə edəcəyimizi necə müəyyən edirik?
2 Oxumaq üçün ayələr seç. Öyrənməyə hazırlaşarkən gətirilən hər bir ayənin müzakirə olunan mövzu ilə necə bağlı olduğu haqda fikirləş və öyrənmə zamanı hansı ayələri açıb oxuyacağınızı və müzakirə edəcəyinizi müəyyən et. Adətən, e’tiqadlarımızın Müqəddəs Kitaba əsaslandığını göstərən ayələr oxunur. Əlavə mə’lumat verən ayələri oxumamaq da olar. Hər öyrənənin ehtiyaclarını və şəraitini nəzərə al.
3. Suallardan istifadə etməyin faydası nədədir və bunu necə edə bilərik?
3 Suallardan istifadə et. Öyrənən adama Müqəddəs Kitab ayələrini özün izah etmək əvəzinə, qoy o özü onları sənə başa salsın. Onu belə etməyə suallardan məharətlə istifadə etməklə təşviq edə bilərsən. Əgər ayənin mə’nası aydındırsa, sən sadəcə bu ayənin abzasda yazılanları necə təsdiq etdiyini soruşa bilərsən. Digər hallarda isə öyrənən adamın düzgün nəticəyə gəlib çıxması üçün daha konkret sual və ya bir sıra suallar vermək lazım gələ bilər. Əgər əlavə izahatlar lazım gələrsə, bunu, öyrənən adamın cavab verməsindən sonra etmək olar.
4. Oxuduğumuz ayələrə nə qədər izahat vermək lazımdır?
4 Sadə danış. Hədəfə düşmək üçün məharətli oxatana adətən yalnız bir ox lazımdır. Buna bənzər tərzdə məharətli müəllimin də bir fikri qeyd etməsi üçün çox sözə ehtiyacı yoxdur. O, mə’lumatı sadə, aydın və dəqiq şəkildə çatdıra bilir. Ayəni başa düşmək və düzgün izah etmək üçün vaxtaşırı məsihçi nəşrlərində axtarışlar aparmaq lazım gələ bilər (2 Tim. 2:15). Lakin öyrənmə zamanı ayələrin hamısını hərtərəfli izah etməyə çalışma. Yalnız müzakirə olunan mövzuya aidiyyatı olan ayələri daxil et.
5, 6. Öyrənənlərə Allahın Kəlamını həyatlarında tətbiq etməyə necə kömək edə bilərik, lakin bu zaman nədən qaçınmalıyıq?
5 Praktiki faydanı izah et. Lazım gələrsə, öyrənən adama Müqəddəs Kitab ayələrinin şəxsən ona necə aid olduğunu görməsinə kömək et. Məsələn, hələ yığıncağa gəlməyən adamla İbranilərə 10:24, 25 ayələrini müzakirə edərkən, görüşlərdən biri haqda danışa və onu həmən görüşə də’vət edə bilərsən. Lakin heç vaxt ona təzyiq göstərmə. Qoy Yehovaya məqbul addımlar atmağa onu Allahın Kəlamı təşviq etsin (İbr. 4:12).
6 Gəlin, şagirdlər hazırlamaq tapşırığını yerinə yetirərkən, Müqəddəs Yazılardan məharətlə istifadə etməklə iman vasitəsilə itaətkarlığın yayılmasına kömək edək (Rom. 14:25).