Çap edilmiş təqdimələrdən istifadə üsulları
1. Təqdimələr nə üçün çap edilir?
1 Müntəzəm olaraq «Bizim Padşahlıq Xidmətimiz»də jurnalların və digər nəşrlərin təqdimələri çap edilir. Bu təqdimələri təbliğ xidmətində sözbəsöz təkrar etmək lazım deyil. Onlar bizim nə deyəcəyimiz haqda ümumi təsəvvür vermək üçün nəzərdə tutulub. Adətən təqdimələri öz sözlərimizlə deyəndə daha effektli olur. Əgər təbliğdə fikirlərimizi təbii ifadə etsək, insanlar bizim səmimi olduğumuzu görəcək və özlərini sərbəst hiss edəcəklər (2 Kor. 2:17; 1 Salon. 1:5).
2. Təqdimə hazırlayarkən nəyə görə yerli adət-ən’ənələri nəzərə almalıyıq?
2 Təqdiməni şəraitə uyğunlaşdır. Xoş xəbəri necə təqdim etməyimiz daha çox yerli adət-ən’ənələrdən asılıdır. Sənin yaşadığın ərazidə söhbətə başlamazdan əvvəl salamlaşmaq adəti varmı, yoxsa sənin dərhal mətləbə keçəcəyin gözlənilir? Müxtəlif yerlərdə ədəb qaydaları fərqlidir. İnsanlar da müxtəlifdirlər. Həmçinin suallar verərkən uzaqgörən olmaq lazımdır. Bə’zi yerlərdə münasib sayılan suallar, başqa yerdə yaşayan insanları pis vəziyyətdə qoya bilər. Bu səbəbdən biz dərrakəli olmalı və təqdimələrimizi yerli adət-ən’ənələrə uyğunlaşdırmalıyıq.
3. Söhbət etdiyimiz adamların təhsil səviyyəsini və düşüncə tərzini nə üçün nəzərə almalıyıq?
3 Təbliğ xidmətinə hazırlaşarkən bizim ərazidə yaşayan insanların təhsil səviyyəsini və düşüncə tərzini də nəzərə almaq lazımdır. Məsələn, Matta 6:9, 10 ayələrinin dindar katoliklə müzakirəsi «Rəbbin duası»nı bilməyən insanla edilən müzakirədən fərqlənəcəkdir. Təqdimələrin üzərində bir qədər düşünməklə, onları elə dəyişə bilərik ki, xidmətdə rastlaşdığımız insanlara uyğun gəlsin (1 Kor. 9:20-23).
4. Yaxşı hazırlıq nəyə görə vacibdir?
4 Çap edilmiş təqdiməni olduğu kimi istifadə etmək qərarına gəlsək belə, həmin təqdiməyə yaxşı-yaxşı hazırlaşmaq lazımdır. Göstərmək istədiyimiz məqaləni və ya fəsli diqqətlə oxumalı və maraq oyada biləcək fikirləri qeyd etməliyik. Sonra isə həmin fikirləri təqdiməyə daxil edə bilərik. Nəşrlərimizin gözəl məzmunu ilə yaxşı tanış olsaq, onları yalnız o zaman şövqlə təqdim edə bilərik.
5. Nə üçün başqa təqdimə hazırlamaq olar və bunu necə edə bilərik?
5 Digər üsullar. Biz xidmətdə yalnız çap edilmiş təqdimələrdənmi istifadə etməliyik? Xeyr. Əgər sənin üçün başqa təqdimələri və ya ayələri istifadə etmək daha asandırsa, sən belə də et. Jurnalları təklif edərkən təqdiməmizi mütləq giriş məqalələrə əsaslandırmaq tələb deyil. Təqdimələri sizin ərazidəki insanlara daha maraqlı olan başqa məqalələrin əsasında da hazırlamaq olar. Xidməti görüşdə təqdimələrin nümayişində, sizin ərazidə effektli olan müxtəlif üsullardan istifadə oluna bilər. Hamı xoş xəbəri təbliğ etməkdə daha müvəffəqiyyətli olmaq üçün kömək əldə edəcək.