Asanlıqla əldə edilən kömək
1. İnsanın ruhani cəhətdən zəifləməsinə nə səbəb ola bilər?
1 Həyat yoldaşı imanına şərik olmayan və vaxtının çox hissəsi işə sərf olunan Anna bacıya müntəzəm olaraq məsihçi görüşlərində, xidmətdə iştirak etmək və Müqəddəs Kitabı oxumaq çox çətin idi. Yehovanı sevdiyinə baxmayaraq, o, xidmətində qeyri-fəal oldu. Xoşbəxtlikdən, qayğıkeş ağsaqqallar ona vaxtında ruhani köməklik göstərdilər.
2. Hər bir məsihçi ruhani cəhətdən zəifləyənlərə yardım əlini necə uzada bilər?
2 Məsihçi yığıncağının vasitəsilə verilən ruhani köməyi qəbul etmək, Yehovaya olan e’tibarın əlamətidir. İsa Məsihin məhəbbət dolu qayğısını təqlid edərək, ağsaqqallar ruhani cəhətdən zəifləyən insanları ruhlandırmaq və onlara praktiki yardım göstərmək üçün əllərindən gələni edirlər (1 Salon. 5:14). Çox zaman məhz Müqəddəs Kitab ayələrinə əsaslanan təskinləşdirici sözlərə ehtiyac duyulur. Müvəqqəti olaraq zəifləyənlərə təkcə ağsaqqallar deyil, bütün məsihçilər kömək etməlidirlər. Şübhə yoxdur ki, hər birimiz, «yerində deyilən sözlər»in gücünü təcrübəmizdə hiss etmişik (Sül. məs. 25:11; Yeşaya 35:3, 4).
3, 4. Başqalarına kömək etmək üçün nə tələb edilir və biz bunu necə edə bilərik?
3 Təşəbbüs göstər. Ehtiyacı olanlara yardım göstərərkən öz tərəfimizdən təşəbbüs və sə’y göstərməli, onların dərdinə şərik olmalıyıq. Davudun dar günündə Yonatan «qalxıb Xoreşə, Davudun yanına gəldi və onu Allah naminə ruhlandırdı» (1 Sam. 23:15, 16). Lakin kömək edərkən mülayim ol. Səmimi sözlərlə daha yaxşı nəticələrə nail olmaq olar. Bundan başqa, İsa aydın şəkildə göstərdi ki, ruhani bacı və qardaşları sə’yli və məqsədyönlü cəhdlər sayəsində qazanmaq olar (Luka 15:4). Səmimi qəlbdən başqasına yardım etmək arzusu, dərhal yaxşı nəticələr əldə olunmadıqda belə, bizi təslim olmamağa təşviq edəcəkdir.
4 Başqalarını, məsələn, kitab öyrənməmizdə olan qeyri-fəal təbliğçiləri xidmətə də’vət etməyimiz onları necə də ruhlandırır! Qeyri-fəal təbliğçi ilə xidmət edərkən, onları Yehovaya xidmətdə daha fəal olmağa təşviq edə bilərik. Xidmətdə birgə keçirilən vaxt ruhani sağlamlığını bərpa edənlər üçün xüsusilə ruhlandırıcıdır.
5. Ağsaqqallar bə’zi hallarda hansı yardımı təqdim edə bilərlər?
5 Məhəbbət dolu kömək. Uzun müddət təbliğdə iştirak etməyən və ya yığıncağa bir müddət gəlməyənlər imanlarını möhkəmləndirmək üçün daha bir köməyə ehtiyac duya bilərlər. Müqəddəs Kitabı onlarla «Yeganə həqiqi Allaha ibadət edin» (rus.), «Yehovaya yaxınlaş» (rus.) kitablarının vasitəsilə başa düşdükləri dildə öyrənmək olar. Əgər «Müqəddəs Kitab əslində nəyi öyrədir?» kitabı ana dilində yoxdursa, o zaman öyrənməni «Bilik» kitabının köməyi ilə keçirmək olar. Çox vaxt məhz belə bir köməyə ehtiyac olur. Vəftiz olunmuş bacı və ya qardaşla adətən uzunmüddətli öyrənməyə ehtiyac duyulmur. Yığıncağın xidməti komitəsi belə köməyə kimin ehtiyacı olduğunu bilməlidir (Baxın «Bizim Padşahlıq Xidmətimiz» 1998 və 2000-ci illərin noyabr sayı, rus.).
6. Bir bacı yenidən necə ruhani güc əldə etdi?
6 Ağsaqqallar yuxarıda xatırlanan Annaya, yetkin bir bacının onunla Müqəddəs Kitab öyrənməsi keçirməsini təklif etdilər və o, bu köməkliyi minnətdarlıqla qəbul etdi. Cəmi dörd məşğələyə o, yenidən Yehova ilə olan münasibətini bərpa edə bildi. Anna yenidən yığıncaq görüşlərində iştirak etməyə başladı və onun qəlbində Yehova Allaha açıqca həmd etmək arzusu oyandı. Həmin bacı ona kömək etməyə davam edirdi. O, Annanı öz Müqəddəs Kitab öyrənmələrinə aparırdı. Kifayət qədər möhkəmlənəndən sonra Anna evdən-evə təbliğ xidmətində iştirak etməyə başladı. Ruhani fəaliyyətini bərpa etmək üçün onun məhz belə bir köməyə ehtiyacı var idi.
7. Başqalarını ruhani cəhətdən möhkəmləndirməklə hansı faydalar əldə edilir?
7 Ehtiyacı olanlara yardım etmək hamıya xeyir-dualar gətirir. Yardım alan adam yenidən Yehovaya yaxınlaşdığı və Onun təşkilatının fəaliyyətinə cəlb olunduğu üçün sevinc duymağa başlayır. Ağsaqqallar isə belə ruhani inkişafı görəndə çox sevinirlər (Luka 15:5,6). Hamı bir-birinə məhəbbət göstərdiyi üçün yığıncaqda həmrə’ylik hökm sürür (Kolos. 3:12-14). Bəli, köməyə hazır olan Yehovanı təqlid etmək üçün bizim əsaslı səbəbimiz vardır! (Efes. 5:1).