Gözlər vasitəsilə təmas quraraq şəxsi maraq göstər
1 İctimai yerlərdə və evdən-evə təbliğ edərkən çox vaxt söhbətə başlamazdan əvvəl insanlarla gözlərimiz vasitəsilə təmas qururuq. Bu ani vaxt ərzində adamların üzlərinin ifadəsindən gəlişimizə necə yanaşdıqlarını, hətta əhval-ruhiyyələrini belə anlayırıq. O cümlədən, onlar da bizim haqqımızda çox şeyi başa düşə bilərlər. Bir qadın ona baş çəkən Şahid haqda demişdir: «Mənim yadımda məhz onun gülümsər üzünün sakitliyi qalmışdı. Bu məndə maraq oyatdı». Yaranan maraq sayəsində qadın Müjdəyə qulaq asdı.
2 Gözlər vasitəsilə təmas, küçədə və ya başqa ictimai yerlərdə təbliğ edərkən söhbətə başlamaq üçün effektli üsuldur. Bir qardaş yaxınlaşdığı insanların gözlərinə baxıb gülümsəyir və sonra jurnalın təqdiməsinə başlayır. Bu üsuldan istifadə edərək o, çoxlu ədəbiyyat paylayır və maraqlı söhbətlərə başlayır.
3 Başqalarının hisslərini duy. Həmsöhbətimizin gözlərinə baxanda onun keçirdiyi hissləri duya bilərik. Məsələn, əgər kimsə bizi başa düşməkdə çətinlik çəkir və ya söylədiklərimizlə razı deyilsə, əgər o, məşğuldursa və ya səbri tükənirsə bu, adətən onun üzündən hiss olunur. Bu zaman biz müvafiq olaraq təqdiməni ya dəyişdirə, ya da qısalda bilərik. Başqalarının hansı hissləri keçirdiyindən xəbərdar olduqda onlara çox asanlıqla səmimi maraq göstərə bilərik.
4 Səmimiyyət və əminlik. Bir çox xalqların mədəniyyətində insanın gözlərinə baxmaq səmimiyyət əlamətidir. Şagirdləri İsadan «bəs kim xilas ola bilər?» deyə soruşduqda İsanın onlara necə cavab verdiyinə diqqət yetirin: «İsa onlara baxıb dedi: “İnsanlar üçün bu imkansızdır, fəqət Allah üçün hər şey mümkündür”» (Mat. 19:25, 26). İsanın gözlərindəki əminlik onun sözlərini, şübhəsiz, daha da inandırıcı edirdi. Eyni tərzdə, gözlər vasitəsilə təmas Padşahlıq Müjdəsini daha səmimiyyətlə və əminliklə başqalarına çatdırmaqda bizə kömək edəcək (2 Kor. 2:17; 1 Salon. 1:5).