DƏRS 13
Gözlərlə təmas
İNSANIN hisslərini və hansı əhval-ruhiyyədə olduğunu gözlərindən oxumaq olar. Gözlərdə təəccüb və ya qorxu, mərhəmət və ya məhəbbət ifadə oluna bilər. Hərdən onlarda şübhə və ya kədər görünür. Bir qoca kişi həyatında çoxlu əzablar yaşamış həmvətənləri haqqında demişdi: «Biz gözlərimizlə danışırıq».
İnsanlar gözlərimizin hara baxması əsasında bizim haqqımızda və dediyimiz şeylər barədə mühakimə yürüdürlər. Bir çox ölkələrdə insanlar onların gözlərinə dostcasına baxanlara etibar edirlər. Ancaq həmsöhbətinə baxmayıb, yerə, yaxud başqa harasa baxan insanın həqiqəti danışdığına və ya dediyinə əmin olduğuna şübhə edə bilərlər. Başqa mədəniyyətlərdə isə uzun-uzadı kiminsə, xüsusən də, əks cinsdən olan adamın, müdirin və ya başqa nüfuzlu şəxsin gözünə baxmaq kobudluq, hörmətsizlik və ya eşqbazlıq kimi qiymətləndirilir. Həmçinin, bəzi yerlərdə özündən böyüklə danışarkən onun düz gözünün içinə baxmaq ədəbsizlik hesab edilir.
Ancaq pis qəbul olunmayan yerlərdə danışarkən insanın gözünün içinə baxmaq danışılan şeyin vacibliyini vurğulayır. Bu, həmçinin danışanın öz sözlərinə əmin olduğunu göstərə bilər. Şagirdləri təəccüblənərək: «Bəs kim xilas ola bilər?» — deyə soruşanda İsanın necə cavab verdiyinə diqqət yetir. Müqəddəs Kitabda deyilir: «İsa onlara baxıb, dedi: “İnsanlar üçün bu qeyri-mümkündür, Allah üçün isə hər şey mümkündür”» (Mat. 19:25, 26). Həmçinin Müqəddəs Yazılarda göstərilir ki, həvari Pavel də dinləyicilərinin münasibətini diqqətlə izləyirdi. Bir dəfə Pavel danışarkən ona qulaq asanların arasında anadangəlmə şil olan bir nəfər də var idi. Həvarilərin işləri 14:9, 10 ayələrində deyilir: «Bu adam Pavelin söylədiklərini dinləyirdi; Pavel də, ona göz dikib, şəfa tapacağına imanı olduğunu görərək, yüksək səslə dedi: “Ayaqların üstündə düz dayan!”»
Təbliğ xidmətində. Xidmət zamanı insanlara yaxınlaşanda mehriban və mülayim ol. Hər ikinizi maraqlandıran mövzu haqqında söhbətə başlamaq üçün yeri gələndə düşündürücü suallar ver. Bu zaman hörmətcil tərzdə və mehribanlıqla onun gözlərinə, yaxud heç olmasa, üzünə baxmağa çalış. İnsanın daxilindən gələn sevinci təzahür etdirən mehriban təbəssüm ətrafdakılara xoş təəssürat bağışlayır. Bu, sənin necə insan olduğun haqda həmsöhbətinə çox şey deyə və söhbət zamanı onun özünü sərbəst hiss etməsinə kömək edə bilər.
Əgər yaşadığın ərazidə müsbət qəbul olunursa, insanın gözündəki ifadəni müşahidə et. Bu, ayrı-ayrı vəziyyətlərdə necə davranmaq lazım gəldiyini müəyyən etməyə kömək edir. Əgər insan hirslidirsə, söhbət onu maraqlandırmırsa, dediklərini başa düşmürsə, yaxud səbri tükənirsə, onda bunu hiss edəcəksən. Həmçinin dediklərin ona maraqlıdırsa, bu da aydın görünəcək. Onun gözlərindəki ifadədən başa düşəcəksən ki, sənə tempi dəyişmək, onu söhbətə cəlb etmək üçün daha çox səy göstərmək, söhbəti yekunlaşdırmaq, yaxud Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini göstərmək lazımdır.
Təbliğ etməyindən, yaxud Müqəddəs Kitab öyrənməsi keçirməyindən asılı olmayaraq, həmsöhbətinlə hörmətcil şəkildə gözlərlə təmas qurmağa çalış. Ancaq gözlərini zilləyib baxma, bu, onu utandıra bilər (2 Pad. 8:11). Sadəcə təbii, dostyana şəkildə, tez-tez onun üzünə bax. Bir çox yerlərdə bu, səmimi marağı bildirir. Sözsüz ki, Müqəddəs Kitabdan, yaxud başqa nəşrlərdən oxuyarkən gözün səhifədə olacaq. Ancaq hansısa məqamı vurğulamaq üçün, çox çəkməmək şərtilə, düz həmsöhbətinə baxa bilərsən. Əgər arabir ona baxsan, oxuduğuna necə münasibət göstərdiyini görə biləcəksən.
Əgər utancaq olduğun üçün insanların gözünə baxmaq səndə alınmırsa, ruhdan düşmə. Təcrübə topladıqca, gözlərlə təmas qurmaq asanlaşacaq və bu, sənə daha yaxşı ünsiyyət qurmağa kömək edəcək.
Məruzə ilə çıxış edərkən. Müqəddəs Kitabda deyilir ki, İsa Dağüstü təbliğinə başlamazdan əvvəl ‘Öz şagirdlərinə nəzər saldı’ (Luka 6:20). Ondan nümunə götür. Əgər nitqlə çıxış edəcəksənsə, çıxışa başlamazdan əvvəl auditoriyaya bax, sonra bir-iki saniyə fasilə et. Bu zaman dinləyicilərdən bəziləri ilə gözlərlə təmas qurmaq da lazımdır. Bu qısa fasilə sənə keçirdiyin həyəcanı dəf etməyə, dinləyicilərə isə sənin əhval-ruhiyyəni, üzündə ifadə olunan hissləri tutub, özlərini mövzuya hazırlamağa və rahatlanıb diqqətlərini sənə cəmləməyə kömək edəcək.
Nitq zamanı dinləyicilərə bax. Auditoriyaya kütlə kimi baxma, ayrı-ayrı adamları görməyə çalış. Demək olar ki, hər yerdə natiqdən dinləyicilərlə müəyyən qədər gözlərlə təmas saxlaması gözlənilir.
Gözü sadəcə ora-bura gəzdirmək dinləyicilərə baxmaq demək deyil. Hörmətcil tərzdə dinləyicilərdən birinə bax və əgər münasibdirsə, ona baxa-baxa cümləni tamamla. Sonra başqasına bax və bir-iki cümləni də ona de. Bir nəfərə özünü narahat hiss edəcək dərəcədə çox baxma, həmçinin diqqətini dinləyicilərdən yalnız bir neçəsinə cəmləmə. Beləliklə, bütün auditoriya ilə gözlərlə təmas qur, lakin bir nəfərə baxıb danışanda diqqətin onda olsun və başqasına keçməzdən əvvəl onun reaksiyasına fikir ver.
Qeydlərini xitabət kürsüsünün üstündə, əlində, yaxud Müqəddəs Kitabın arasında saxla ki, hərdənbir onlara gözucu baxa biləsən. Əgər qeydlərinə baxmaq üçün başını əyməli olsan, dinləyicilərlə təmasın pozulacaq. Qeydlərinə nə vaxt və nə qədər tez-tez baxdığına diqqət yetir. Məruzənin kulminasiya nöqtəsinə çatanda qeydlərinə baxsan, dinləyicilərin reaksiyasını görməyəcəksən, üstəlik məruzənin təsir qüvvəsi də zəifləyəcək. Tez-tez qeydlərinə baxanda da dinləyicilərlə qurduğun təmas pozulacaq.
Kiməsə top atanda onun topu tutub-tutmadığına baxırıq. Məruzədəki hər fikir də dinləyicilərə atılan topa bənzəyir. Fikri tutduqları onların reaksiyasından — başlarını tərpətmələrindən, gülümsəmələrindən, diqqətlə baxmalarından görünə bilər. Dinləyicilərlə gözlər vasitəsilə yaxşı təmas qursan, söylədiyin fikirləri tutduqlarına əmin ola biləcəksən.
Əgər sənə yığıncaqda oxumaq tapşırılıbsa, oxuyarkən dinləyicilərə baxmaq lazımdırmı? Dinləyicilər öz Müqəddəs Kitablarına baxırlarsa, əksəriyyətinin sənin onlara baxıb-baxmadığından xəbəri olmayacaq. Ancaq auditoriyaya baxanda onların hansı hissləri keçirdiklərini gördüyün üçün daha canlı oxuyacaqsan. Həmçinin bu, Müqəddəs Kitabına baxmayan və fikri yayınan dinləyicilərə diqqətlərini oxunan materiala yönəltməyə kömək edə bilər. Təbii ki, çaşmamaq üçün dinləyicilərə yalnız ötəri baxmalı olacaqsan. Bunun üçün ən yaxşı üsul Müqəddəs Kitabı əlində saxlamaq, çənəni sinəyə tərəf əymədən başı dik tutmaqdır.
Hərdən ağsaqqallara konqreslərdə hazır mətnlə çıxış etmək tapşırılır. Yaxşı çıxış etmək üçün təcrübə, yaxşı hazırlıq və çoxlu məşq etmək tələb olunur. Sözsüz ki, hazır mətnlə çıxış edəndə dinləyicilərlə gözlər vasitəsilə təmas qurmaq imkanı məhdudlaşır. Lakin natiq yaxşı hazırlaşsa, oxuduğu yeri itirmədən hərdənbir dinləyicilərə baxa biləcək. Belə etməklə, o, dinləyicilərin diqqətini özündə saxlayacaq və təqdim olunan vacib ruhani təlimdən tam faydalanmağa onlara kömək edə biləcək.