«Bunu məni anmaq üçün edin»
İsanın ölümünü aprelin 2-də qeyd edəcəyik
1. Nəyə görə 2007-ci il, aprelin 2-si vacib tarixdir?
1 Bütün dünyada milyonlarla insan 2007-ci il aprelin 2-də, İsanın həyatını qurban verərək öldüyünü qeyd etməyə toplaşacaq. İsa səmavi Atasının hökmranlığının müdafiəçisi kimi ölməklə, Şeytan İblisin insanların Allaha yalnız öz mənfəətlərini güdərək xidmət etdikləri iddiasının yalan olduğunu sübut etdi (Əyy. 2:1-5). Rəbbin axşam yeməyi, həmçinin bizə xatırladır ki, İsa öz kamil, günahsız həyatını qurban etməklə, «bir çoxları üçün canını fidiyə olaraq» vermişdir (Mat. 20:28). Buna görə də, İsa şagirdlərinə əmr etmişdi: «Bunu məni anmaq üçün edin» (Luka 22:19). Allahın bu dəyərli hədiyyəsinə görə minnətdarlıq hissi səni ən üstün məhəbbətin təzahürünü əks etdirən mərasimdə iştirak etməyə hazırlaşmağa təşviq edibmi? (Yəh. 3:16).
2. Ürəyimizi Xatirə Gecəsinə necə hazırlaya bilərik?
2 Ürəyini hazırla. Biz, İsanın yer üzündəki həyatının son günlərinin hər birində baş verən hadisələri nəzərdən keçirməklə, ürəyimizi Xatirə Gecəsi mərasiminə hazırlaya bilərik (Ezra 7:10, KM). Bu sahədə bizə, 2007-ci il üçün olan «Müqəddəs Yazıların gündəlik araşdırılması» broşürasında və 2007-ci ilin təqvimində (rus.) Müqəddəs Kitabın xüsusi parçalarının oxunmasına dair verilən cədvəl kömək edə bilər. Bu oxu cədvəli, bu gün bizim istifadə etdiyimiz təqvim əsasında İsanın ölümünü təsvir edən hadisələri göstərən günlərə çox uyğun gəlir. Müqəddəs Kitabda xatırlanan günlər və tarixlər ibrani təqviminə əsaslanır. Bu təqvimdə günlər günbatandan günbatana hesablanırdı. Bu günləri hesablama üsulu nəzərə alınıb və Xatirə Gecəsi ilə əlaqədar Müqəddəs Kitabın oxunması cədvəlində əks olunub. Bu cədvəldə verilən mə’lumatı nəzərdən keçirmək və Allahın dərin məhəbbəti üzərində dua edərək düşünmək Xatirə Gecəsindən tam faydalanmaqda bizə kömək edəcək.
3. Maraqlananların və qeyri-fəal olanların Xatirə Gecəsindən faydalanmalarına necə kömək edə bilərik?
3 Başqalarını də’vət et. «Bizim Padşahlıq Xidmətimiz»in fevral sayında bu vacib mərasimə daha çox insan də’vət etmək üçün sə’y göstərməyə təşviq olunurduq. Də’vət etdiyin insanları və başqa maraqlananları salamlamaq üçün Xatirə Gecəsinə vaxtından əvvəl gəlməyi planlaşdır. Yaxşı olardı ki, də’vət etdiyin insanların yanında otursan və onların Müqəddəs Kitablarının və mahnı kitablarının olmasının qayğısına qalasan. Onları yığıncaqda başqaları ilə tanış et. Proqramdan sonra onların suallarına cavab vermək üçün vaxt ayır. Aprelin 15-də söylənəcək xüsusi mə’ruzəyə də’vət et. Ağsaqqallar xüsusilə qayğı göstərməlidirlər ki, yığıncağa gələnlər, lakin hazırda qeyri-fəal olanlar Xatirə Gecəsinə və xüsusi mə’ruzəyə də’vət olunsunlar.
4. İnsanların Xatirə Gecəsi mərasimindən sonra da ruhən inkişaf etmələrinə necə kömək edə bilərik?
4 Yeni maraqlananların və qeyri-fəalların inkişaf etmələrinə kömək et. Xatirə Gecəsində çıxış edən natiq evdə təmənnasız Müqəddəs Kitab öyrənməsi keçirməyi təklif etdiyimizi qısa izah edəcək və yeni maraqlananları Yehova haqqında öyrənməyi davam etməyə təşviq edəcək. Sən də’vət etdiyin insanlara Yehova haqqında daha çox öyrənməyi təklif etmək üçün, natiqin şərhini əsas kimi istifadə edə bilərsən. Əgər onlar hazırda Müqəddəs Kitabı öyrənmirlərsə, Xatirə Gecəsindən tez sonra mütləq onlara baş çək və təmənnasız Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini göstər. Onların ruhən inkişaf etmələri üçün, həmçinin yığıncaq görüşlərinə gəlmələri də lazımdır (İbr. 10:24, 25). Buna nail olmaq üçün, onları müntəzəm olaraq görüşlərə gəlməyə təşviq et. Ağsaqqallar tədbir görməlidirlər ki, Xatirə Gecəsinə gələn qeyri-fəal məsihçilərə baş çəkərək, onlara mə’ruzədəki fikirlərin üzərində dərindən düşünməyə kömək etsinlər. Bu onları yığıncaqda fəaliyyətlərini bərpa etməyə ruhlandıra bilər.
5. Xatirə Gecəsi bizə hansı faydanı gətirə bilər?
5 Xatirə Gecəsi mərasimi gözəl imkan yaradır ki, Yehovanın və İsanın bizim üçün etdiklərinin üzərində ciddi düşünək. Bu cür düşünməyin sayəsində onlara olan məhəbbətimiz güclənir və bu, davranış tərzimizə tə’sir göstərir (2 Kor. 5:14, 15; 1 Yəh. 4:11). Artıq indi həm özümüzü, həm də maraqlananları ‘Rəbbin ölümünü elan edən’ bu vacib mərasimə hazırlamaq üçün münasib vaxtdır (1 Kor. 11:26).