Yehovanın bizə verdiyi şərəfi qiymətləndiririk!
1 Bəşər tarixi ərzində Yehova Öz xidmətçilərini müxtəlif şərəfə layiq görmüşdür. O bunu, xidmətçilərinin cinsini, yaşını və ictimai vəziyyətini nəzərə alaraq etmişdir (Luka 1:41, 42; Həv. iş. 7:46; Filip. 1:29). Bəs bu gün Yehova bizi hansı şərəfə layiq görür?
2 Malik olduğumuz bə’zi imtiyazlar. Biz Yehovadan tə’lim almaq şərəfinə malikik (Mat. 13:11, 15). Yığıncaq görüşlərində verdiyimiz şərhlərlə Yehovanı izzətləndirmək yüksək qiymətləndirdiyimiz başqa şərəfdir (Məz. 35:18). Şərh vermək fürsətimiz olanda bunu böyük həvəslə edirik. Həmçinin yığıncaqda aldığımız hər bir tapşırığa şərəf kimi yanaşırıqsa, həmin tapşırığı canla-başla yerinə yetirəcəyik. Biz Padşahlıq Zalında aparılan təmizlik və tə’mir kimi şərəfli işlərdə müntəzəm iştirak edirikmi?
3 Milyonlarla insanlar dualarının Allah tərəfindən eşidilməsinə şübhə ilə yanaşsalar da, biz, kainatda ən görkəmli Şəxsiyyətin dualarımızı eşitdiyinə dair nadir üstünlüyə malikik (Sül. məs. 15:29). Yehova xidmətçilərinin duasını şəxsən Özü dinləyir (1 Pet. 3:12). Yehova, Ona nə qədər tez-tez müraciət etməyimizə məhdudiyyət qoymayıb. «Hər vaxt» dua edə bilməyimiz necə də qiymətli ən’amdır! (Efes. 6:18).
4 «Allahın yanında əməkdaşlarıq». Malik olduğumuz gözəl şərəfdən biri, ‘Allahın əməkdaşları’ kimi səmavi Padşahlıq haqqındakı xoş xəbəri bəyan etməkdir (1 Kor. 3:9). Bu, məmnunluq və təravət gətirən işdir (Yəh. 4:34). Yehovanın bu işi yerinə yetirmək üçün insanların köməyinə ehtiyacı yoxdur, amma bizi sevdiyindən bu tapşırığı bizə həvalə edir (Luka 19:39, 40). Yehova bu şərəfli tapşırığı hər yetənə həvalə etmir. Təbliğ xidmətində iştirak edənlər müəyyən ruhani şərtlərə əməl etməli və onlara bağlı qalmalıdırlar (Yeşaya 52:11). Həftəlik qrafikimizdə təbliğ xidmətinə vacib yeri verməklə, bu şərəfi qiymətləndirdiyimizi göstəririkmi?
5 Yehovanın verdiyi şərəf həyatımızı zənginləşdirir (Sül. məs. 10:22). Gəlin yuxarıda sadalanan hər bir şərəfi heç vaxt əhəmiyyətsiz sanmayaq! Xidmət etmək şərəfini həqiqətən də qiymətləndirməklə, «hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə» Verəni — səmavi Atamızı məmnun edirik (Yaq. 1:17).