Suallar qutusu
◼ Yehovanın Şahidinin hər hansı dini təşkilat tərəfindən idarə olunan xəstəxanada müalicə olunması və ya qocalar evində yaşaması düzgündürmü?
Müxtəlif dini təşkilatlar qısa və uzunmüddətli tibbi müalicə təqdim edən xəstəxanaları və ya qocalar evini idarə edir. Ümumi götürdükdə, belə yerlər Böyük Babilin maraqlarına xidmət etmək üçün təsis edilmir (Vəhy 18:2, 4). Onların təsis edilməsinin əsas məqsədi dini təşkilata gəlir gətirmək ola bilər. Bu gün bəzi xəstəxanaların sadəcə adı dinidir, ancaq digərlərində isə işçilərin bəziləri hələ də ruhanilər olaraq qalmaqdadır.
Əgər Yehovanın Şahidinə xəstəxanada və ya qocalar evində qalmaq lazım gələrsə, o, dini təşkilatla ola bilər bağlılığı olan yerdə qalıb-qalmayacağına dair özü qərar verməlidir. Birinin vicdanı ora getməyə yol verə bilər, ancaq başqasının vicdanı yox (1 Tim. 1:5). İnsanın qərarına müxtəlif amillər təsir göstərə bilər və yaxşı olardı ki, onlardan bəzilərini nəzərdən keçirək.
Məsələn, ola bilər ki, hansısa ərazidə təkcə bir xəstəxana olsun, o da dini təşkilatın rəhbərliyi altında fəaliyyət göstərsin. Yaxud da yaxınlıqda başqa xəstəxana olsa da, ola bilər, məhz dinlə əlaqəsi olanda daha yaxşı xidmət göstərilsin. Ola bilər, belə xəstəxana hansısa müalicəni təqdim etmək üçün lazımi avadanlıqlarla təchiz edilmiş yeganə xəstəxanadır, yaxud da həkim və ya cərrah səni yalnız orada müalicə edə bilər. Həmçinin bəzi özəl və dövlət xəstəxanalarında sənin bir məsihçi kimi qana dair nöqteyi-nəzərinə hörmətlə yanaşılmadığı halda, dinlə əlaqəsi olan xəstəxanalarda hörmətlə yanaşıla bilər. Beləliklə, bunlar hansı xəstəxananın xidmətlərindən istifadə edəcəyini qərara alarkən nəzərdən keçirməli olduğun bəzi amillərdir.
Dinlə əlaqəsi olan xəstəxana və ya qocalar evinin xidmətlərindən istifadə etmək qərarına gəlsən, ola bilər, sən buna göstərilən xidmətin əvəzində pul ödəmək kimi baxasan. Ola bilsin, sən buna dini təşkilatın gəlir mənbəyi kimi baxıb düşünəsən ki, onların xidmətlərindən istifadə etmək yalan dini dəstəkləmək üçün birbaşa könüllü ianə etmək demək deyil, sadəcə aldığın malın və ya xidmətin haqqını ödəyəcəksən.
Əlbəttə, belə vəziyyətdə, bir məsihçi kimi, əmin olmalısan ki, yalan ibadətdə heç bir vəchlə iştirak etməyəcəksən. Bundan başqa, orada işləyənlərə və ya baş çəkənlərə «Ata» və ya «Bacı» kimi dini titullarla müraciət etməyəcəksən (Mat. 23:9). Sən əmin olmalısan ki, müalicə aldığın və ya xidmətindən istifadə etdiyin yer sırf biznes xarakteri daşıyır.
Xəstəxanaya qəbul edilərkən Yehovanın Şahidi olduğunu və yerli ağsaqqalların sənə baş çəkməsini istədiyini bildirə bilərsən. Bunun sayəsində sən orada qaldığın müddət ərzində ağsaqqallardan lazımi ruhani köməyi ala biləcəksən (1 Salon. 5:14).
İmanlı ailə üzvləri, yığıncağın ağsaqqalları və həmimanlılar qocalar evində yaşayan yaşlı bacı-qardaşların ruhani ehtiyaclarına məsuliyyətlə yanaşmalıdırlar, xüsusilə də əgər həmin qocalar evi dini təşkilat tərəfindən idarə olunursa. Bu sahədə yaşlı bacı-qardaşlarımıza can yandırmaq onları ruhlandıracaq və kömək edəcək ki, belə yerlərdə keçirilən dini mərasimlərdə, bayramlarda və bu kimi başqa tədbirlərdə təsadüfən iştirak etməsinlər.
Bütün bunları yadda saxlayaraq, hər kəs vəziyyəti hərtərəfli nəzərdən keçirməli, sonra hansı xəstəxana və ya qocalar evindən istifadə edəcəyinə dair özü qərar çıxarmalıdır (Qalat. 6:5).