Qocalar evində yaşayanları unutma!
1. Qocalar evində yaşayanlara nə üçün xoş xəbəri çatdırmalıyıq?
1 Qocalığın gətirdiyi problemlərlə üzləşənlərin sayı günbəgün artır (Vaiz 12:1—7). Yaşlı nəslin nümayəndələrindən bəziləri qocalar evində yaşadığı üçün evdən-evə təbliğ edərkən onlara rast gəlməyə bilərik. Hətta yaşlı valideynlərin övladlarının və ya qohumlarının yanına köçmək adəti olan ölkələrdə də bu müşahidə olunur. Qocalar evində yaşayan yaşlılar və ya başqaları sərbəst hərəkət edə bilməsələr də, yaxud yaddaşsızlıq problemi olsa da, onlar hələ də öyrənmək, qavramaq və Yehovanı sevmək qabiliyyətinə malikdirlər. Bəs biz onlara xoş xəbərin «səadət dolu [ümidini]» necə çatdıra bilərik? (Tit. 2:13).
2. Qocalar evinə baş çəkmək üçün məlumatı haradan tapa bilərik?
2 Başdan başla. Adətən, qocalar evlərinin siyahısını yerli telefon bələdçilərindən «Qocalar evi» və buna bənzər başlıqlar altında tapmaq olur. Xidmət nəzarətçisi bu kimi yerlərə müvafiq təbliğçilərin baş çəkməsini təşkil edə bilər. Belə yerlərdə yaxşıca planlaşdırma və Yehovanın köməyi sayəsində, adətən, qrup şəklində Müqəddəs Kitab öyrənməsinə başlamaq olur (Sül. məs. 21:5; 1 Yəh. 5:14, 15).
3, 4. a) Müqəddəs Kitab araşdırması ilə bağlı kimdən icazə almalıyıq? b) Öyrənməni necə təşkil edə bilərik?
3 Öyrənməni necə başlayacağımız getdiyimiz qocalar evindən asılıdır. Sakinlərinin və işçilərinin sayı çox olan böyük qocalar evində, yaxşı olar ki, qəbul şöbəsinə yaxınlaşıb müdiriyyətlə görüşmək istədiyimizi bildirək. Azsakinli və bir neçə işçisi olan balaca qocalar evində isə müəssisə sahibi ilə söhbət etmək olar.
4 Hər iki halda, bildir ki, sən Müqəddəs Kitabı oxuyub müzakirə etməyi xoşlayan insanları ruhlandırmaq üçün vaxt ayıran könüllüsən. Orada həftədə bir dəfə 30 dəqiqə ərzində Allahın Kəlamını qrup şəklində araşdırmaq istəyən insanların olub-olmadığını soruşa bilərsən. Müxtəlif nəşrlərimizdən istifadə etmək olar. Bir çox təbliğçilər fikir vermişlər ki, orada yaşayanlar «Müqəddəs Kitab hekayələri» nəşrinə daha çox maraq göstərirlər. Bu ədəbiyyatlarımızı müdirə də göstərmək olar. Günü, vaxtı, görüş otağını onunla məsləhətləş və çalış ki, bu məlumat qocalar evinin ümumi cədvəlində qeyd olunsun. Özünü Yehovanın Şahidi kimi təqdim etməyə çəkinmə. Eyni zamanda, müdirə başa sal ki, sən bura din yaymağa gəlməmisən, sadəcə olaraq, məqsədin Müqəddəs Kitab üzrə maarifləndirməkdir.
5. Hansı praktiki məsləhətlər müzakirəni rəngarəng və faydalı edə bilər?
5 Müqəddəs Kitab üzrə araşdırmanın keçirilməsi. Araşdırmanın necə keçirilməsi qocalar evindəki şəraitdən və mühitdən asılıdır. Buna görə də uyğunlaşmağı bacar və anlayışla yanaş. Təbliğçi araşdırılacaq nəşrin bir neçə nüsxəsini gətirməli, müzakirənin sonunda isə onları geri toplamalıdır. Ola bilsin, bəzilərinə nəşrin irişriftli nüsxəsi lazım olsun. Qayda üzrə, abzaslar oxunmalı, sual-cavab şəklində müzakirə aparılmalıdır. İstəyən və bacaran kəslərdən abzasları və Müqəddəs Kitab ayələrini oxumağı xahiş etmək olar. Araşdırma zamanı müsbət əhval-ruhiyyəni qoru, gülərüz və dostyana ol. Müdiriyyətin razılığı ilə hərdənbir təşkilatımızın imanı gücləndirən, yaxud hansısa Müqəddəs Kitab hadisəsindən ibrətamiz nəticə çıxarmağa kömək edən videolar göstərə bilərsən. Müzakirənin əvvəlində və sonunda qısa dua etmək olar. Bəzi təbliğçilər hətta Padşahlıq nəğmələrini də oxuyurlar.
6. Etirazın öhdəsindən necə gəlmək olar?
6 Qocalar evinin sakini müzakirə zamanı nəyəsə etiraz edərsə, onda necə? Yaxşı olar ki, sözü ağzında bişirib sonra cavab verəsən (Kolos. 4:6). Məsələn, onu narahat edən mövzuya dair bir ayə oxuya bilərsən. Əgər bu mümkün deyilsə, etirazını səmimi olaraq qəbul et və müzakirədən sonra bu haqda ayrıca söhbət etməyi təklif et.
7. Qocalar evinin sakininin sualı yaranarsa, nə etmək olar?
7 Etiraz edən şəxs sual verə və ya əlavə məlumat əldə etmək istədiyini söyləyə bilər. Bu cür vəziyyətdə bir bacı, adətən, belə deyir: «Maraqlı sualdır, olar ki, bu sualı sonda ayrıca müzakirə edək?» Bunun sayəsində çox vaxt maraqlananla Müqəddəs Kitabı ayrıca araşdırmaq mümkün olur.
8. Qrupla və fərdi qaydada müzakirə necə hesablanmalıdır?
8 Adətən, yaxşı olar ki, qrupla müzakirəni həmişə eyni təbliğçilər aparsın. Müzakirədə iştirak edən təbliğçilər vaxtı hesablaya bilər. Qrupla müzakirəni aparan təbliğçi hesabatına hər müzakirə üçün bir təkrar başçəkmə və bir öyrənmə yaza bilər. Lakin kiminləsə fərdi olaraq Müqəddəs Kitab öyrənməsi başlanılarsa, bunu adi qaydada hesablamaq olar.
9, 10. Bu xidmətdə iştirak edən təbliğçilərdən hansı keyfiyyətlər tələb olunur? İzah et.
9 Davamiyyəti qoru. Qrupla müzakirənin öz vaxtı və günü olmalıdır. Sakinlər və işçilər sizdən gözləyəcəklər ki, müzakirə müntəzəm keçirilsin və vaxtında başlayıb vaxtında qurtarsın (Mat. 5:37). Buna görə də bu işdə məsuliyyət və nizam-intizam tələb olunur. Qrup şəklində müzakirədə iki bacarıqlı təbliğçi əməkdaşlıq etsə, yaxşı olar (Vaiz 4:9, 10). Böyük qocalar evində isə daha çox təbliğçi tələb oluna bilər.
10 Dostlaşmaq və səmimi maraq göstərmək də vacibdir (Filip. 2:4). İlk dəfə qocalar evinə gedəndə sakinlərin hər biri ilə şəxsən tanış ol. Adları özündə qeyd et və növbəti dəfə gələnə kimi əzbərlə. Lakin bəzi yaşlılar tanımadıqları adam onlara təkcə adı ilə müraciət edəndə inciyirlər. Səbir və şəfqət göstərsək, hər kəs özünü rahat və dəyərli hiss edəcək.
11. İşçi heyətinə və orada yaşayanların ailə üzvlərinə hörmət etdiyimizi necə göstərə bilərik?
11 İşçi heyətinə və orada yaşayanların ailə üzvlərinə də qarşı hörmətcil və xeyirxah olmaq vacibdir. Öyrənmənin vaxtını və keçirilmə tərzini dəyişmə. Vaxtaşırı müzakirə ilə bağlı müdiriyyətin fikrini öyrən. Orada yaşayanların ailə üzvləri öyrənmə zamanı onlara baş çəkərsə, onlarla tanış ol və nə üçün Müqəddəs Kitab əsasında müzakirə apardığını izah et. Onları burada yaşayan ailə üzvlərinə qarşı səmimi olduğuna əmin et və oturub müzakirəyə qulaq asmağı təklif et.
12, 13. Qocalar evində şahidlik etməyin faydalı olduğunu göstərən nümunələr çək.
12 Nailiyyətlər. Səyyar nəzarətçilərin və yığıncaqların hesabatlarından görünür ki, təbliğin bu növündə çoxlu nailiyyətlər əldə edilib. Bir dəfə orada yaşayanlardan 20 nəfər ilk müzakirəyə qatıldı. Altı nəfərlə fərdi öyrənmə başlanıldı. Onlardan biri isə vəftiz olundu. Başqa bir qocalar evində isə 85 yaşlı bir qadın yığıncağa getməyə başladı və sonradan vəftiz olunmaq istəyini bildirdi. Bir dəfə müdiriyyət bu müzakirələrə son qoymaq istəyəndə müzakirədə iştirak edən sakinlər müdirə öz etirazlarını bildirdilər. Nəticədə, müzakirələr yenidən aparılmağa başlandı və həmin müzakirələrdə iştirak edənlərin sayı 25—30 nəfər oldu.
13 Göstərdiyimiz məhəbbət yalnız orada yaşayan sakinlərə yox, işçilərə də güclü təsir edir, çünki hərdən onlar da müzakirələrdə oturur, hətta iştirak edirlər. Beləcə, qocalara göstərdiyimiz səmimi maraq sayəsində ətrafdakılara da gözəl şahidlik etmiş oluruq (1 Pet. 2:12). Bir müdir belə müzakirələrin məqsədini biləndə dedi: «Siz indiyə kimi harada idiniz? Nə vaxtdan başlayacaqsınız?» Digər bir müdir yazmışdı: «Mən belə müzakirələri bütün qocalar evinə məsləhət bilirəm. Çünki Yehovanın Şahidləri ibadətlərinin bir hissəsi olan bu xidməti pulsuz-təmənnasız icra edirlər». Havay adalarındakı qocalar evinin birində Yehovanın Şahidlərinə xeyirxah əməllərinə görə sertifikat vermiş və bu könüllüləri «dəyərli xəzinə» ilə təsvir etmişdilər.
14. Nəyə görə biz qocalar evində yaşayanları unutmamalıyıq?
14 Yehova yaşlı nəslin nümayəndələrini də Ona həmd etməyə səsləyir (Məz. 148:12, 13). Bu dəvət qocalar evində yaşayanlara da aiddir. Bəs sizin ərazidə elə qocalar evi varmı ki, orada xoş xəbərdən faydalanacaq qocalar olsun? Yerli ağsaqqalların və qocalar evinin müdirlərinin köməyi ilə biz oranın sakinlərinə xoş xəbəri çatdıra bilərik. Yaşa dolan kəsləri unutmamaqla Yehovanı təqlid etmiş oluruq (Məz. 71:9, 18).