FƏSİL 9
Xoş xəbəri təbliğ etməyin üsulları
İSA xoş xəbəri usanmadan təbliğ edirdi və bununla davamçılarına gözəl nümunə qoydu. O, şəxsən insanların yanına gedir, ictimai yerlərdə, evlərdə onlarla söhbət edir və öyrədirdi (Mət. 9:35; 13:36; Luka 8:1). İsa insanlarla fərdi şəkildə söhbət edir, şagirdlərinə ayrılıqda təlim verir, bəzən isə minlərlə insanın qarşısında vəz edirdi (Mark 4:10—13; 6:35—44; Yəh. 3:2—21). O, hər fürsətdən istifadə edərək insanlara könüloxşayan və ümidverici sözlər çatdırırdı (Luka 4:16—19). Hətta yorğun olanda belə, şahidlik etmək imkanını əldən vermirdi (Mark 6:30—34; Yəh. 4:4—34). Sözsüz ki, İsanın xidməti ilə bağlı ruhlandırıcı hadisələri oxuyanda, həvarilər kimi, bizdə də onu təqlid etmək istəyi yaranır (Mət. 4:19, 20; Luka 5:27, 28; Yəh. 1:43—45).
2 Gəlin görək təxminən 2000 il əvvəl İsa Məsihin təməlini qoyduğu bu işə hansı töhfəni verə bilərik.
EV-EV TƏBLİĞ
3 Biz, Yehovanın Şahidləri, Padşahlıq haqqında xoş xəbəri mütəşəkkil şəkildə ev-ev təbliğ etməyin vacib olduğunu dərk edirik. Hamı bizi ev-ev təbliğ etməyimizlə tanıyır, çünki biz bu üsuldan geniş istifadə edirik. Əldə olunan nailiyyətlər sübut edir ki, qısa müddət ərzində milyonlarla insana xoş xəbəri çatdırmağın ən gözəl üsulu ev-ev təbliğdir (Mət. 11:19; 24:14). Biz ev-ev təbliğ etməklə Yehovanı və insanları sevdiyimizi əməldə göstəririk (Mət. 22:34—40).
4 Ev-ev təbliği Yehovanın Şahidləri icad etməyib. Həvari Bulus insanlara evlərdə təlim verdiyini yazırdı. O, Efesdəki ağsaqqallara öz xidməti barədə demişdi: «Asiya əyalətinə ayaq basdığım gündən bəri... sizə xeyir gətirən şeylər haqqında danışmaqdan,.. ev-ev öyrətməkdən vaz keçmədim». Həvari bu və digər üsullarla «həm yəhudilərə, həm yunanlara tövbə edib Allaha tərəf dönmək və Ağamız İsaya iman etmək haqqında ətraflı şəhadət» verirdi (Həv. 20:18, 20, 21). O dövrdə Roma imperatorları insanlara bütpərəstliyi təlqin edirdilər, buna gərə də çoxları müxtəlif ilahlara ibadət edirdi. Bu insanlar «dünyanı və onun içindəki hər şeyi yaradan» və harada yaşamalarından asılı olmayaraq, insanların hamısına tövbə etməyi buyuran Allahı axtarmalı idilər (Həv. 17:22—31).
5 Bu gün insanlara xoş xəbəri çatdırmaq əvvəlkindən daha təcilidir. Bu şər dünyanın sonu sürətlə yaxınlaşır. Buna görə də bütün gücümüzü səfərbər etməliyik. Ev-ev təbliğ həqiqəti axtaran insanları tapmağın sınaqdan çıxmış üsuludur. Bu üsul İsanın və həvarilərin vaxtında olduğu kimi, bu gün də effektivdir (Mark 13:10).
6 Siz ev-ev təbliğdə tam şəkildə iştirak edə bilirsiniz? Əgər belədirsə, əmin ola bilərsiniz ki, Yehova Allah sizdən razıdır (Hizq. 9:11; Həv. 20:35). Ola bilsin, ev-ev təbliğ etmək sizə çətindir. Bəlkə, səhhətiniz buna yol vermir, yaxud təbliğ etdiyiniz ərazidə insanlar xoş xəbərə laqeyd yanaşır, hətta dövlət tərəfindən müəyyən maneələr yaradılır. Bəlkə də, utancaq olduğunuz üçün tanımadığınız insanlarla söhbət etməyə çəkinirsiniz. Bu səbəbdən, hər dəfə ev-ev təbliğ edəndə narahatçılıq keçirirsiniz. Ruhdan düşmək lazım deyil (Çıx. 4:10—12). Dünyada bir çox bacı-qardaşlarınız da eyni şeyi yaşayır.
7 İsa şagirdlərinə söz verib demişdi: «Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mət. 28:20). Bu sözlər bizim şagird hazırlamaq qətiyyətimizi gücləndirir. Biz həvari Bulusun növbəti sözlərinə şərikik: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filip. 4:13). Yığıncağınızın ev-ev təbliğ üçün təşkil etdiyi tədbirlərdə tam şəkildə iştirak edin. Başqaları ilə əməkdaşlıq etmək sizə sevinc gətirəcək və püxtələşməyə kömək edəcək. Üzləşdiyiniz maneələri aşmaq üçün dua edin və bir müjdəçi kimi özünüzü bu işə həsr edin (1 Yəh. 5:14).
8 Biz insanlara xoş xəbəri çatdırmaqla onlara ümid bəxş edirik (1 But. 3:15). Get-gedə siz ümidini Padşahlığa bağlayan insanlarla ümidsiz insanlar arasındakı təzadı daha aydın görəcəksiniz (Əşy. 65:13, 14). Siz İsa Məsihin «qoy sizin də nurunuz insanların qarşısında parlasın» əmrinə əməl etdiyiniz üçün məmnunluq duyacaq, insanlara Yehovanı tanıtmağın və əbədi həyata aparan həqiqəti öyrətməyin sevincini dadacaqsınız (Mət. 5:16; Yəh. 17:3; 1 Tim. 4:16).
9 Həftəsonu, eləcə də həftəarası ev-ev təbliğ üçün müəyyən tədbirlər görülür. Gündüz vaxtı insanları evdə tapmağın müşkül olduğu ərazilərdə bəzi yığıncaqlar axşam şahidlik etmək üçün müəyyən tədbirlər görürlər. İnsanların, ola bilsin, səhər yox, axşam saatlarında vaxtı olur.
LAYİQLİ ADAMLARI AXTARIN
10 İsa şagirdlərinə layiqli adamları axtarmağı tapşırmışdı (Mət. 10:11). İsanın özü səmimi insanları yalnız ev-ev təbliğ etməklə axtarmırdı. O, hər fürsətdən istifadə edib insanlara təbliğ edirdi (Luka 8:1; Yəh. 4:7—15). Həvarilər də onun kimi müxtəlif yerlərdə şahidlik edirdi (Həv. 17:17; 28:16, 23, 30, 31).
Məqsədimiz əlimizdən gələni edib Padşahlıq xəbərini hamıya çatdırmaqdır
11 Bu gün də məqsədimiz əlimizdən gələni edib Padşahlıq xəbərini hamıya çatdırmaqdır. Biz şagird hazırlamaq işində İsa Məsihdən və onun həvarilərindən nümunə götürməli, həmçinin zəmanənin dəyişkən və insanların şəraitinin fərqli olduğunu nəzərə almalıyıq (1 Kor. 7:31). Məsələn, təbliğçilər insanların iş yerlərində onlarla səmərəli söhbət edir. Bir çox ölkələrdə küçədə, parklarda, avtomobil dayancaqlarında, bir sözlə, insanların olduğu hər yerdə təbliğ etmək gözəl bəhrələr gətirir. Bəzi yığıncaqlar öz ərazilərində masa və stendlər qoyub təbliğ edirlər. Həmçinin filial bir neçə yığıncaqdan olan təbliğçilərin köməyi ilə böyük şəhərlərdə gediş-gəlişin sıx olduğu yerlərdə xüsusi ictimai şahidlik təşkil edir. Bunun sayəsində xoş xəbər təbliğçilərin evdə tapa bilmədiyi insanlara çatır.
12 İctimai yerlərdə Müqəddəs Kitabdakı müjdə ilə maraqlanan insanlarla söhbət edəndə onlara münasib nəşr təklif edə bilərik. İnsanın marağını artırmaq üçün ona öz əlaqə nömrənizi saxlaya və növbəti dəfə nə vaxt gələcəyinizi deyə bilərsiniz. Həmçinin onu jw.org saytına yönləndirə, yaxud ona görüşlərin keçirildiyi ən yaxın ibadət evinin ünvanını verə bilərsiniz. Beləcə, görəcəksiniz ki, ictimai yerlərdə şahidlik xidməti genişləndirməyin ən gözəl yollarından biridir.
13 Məsihilərə yalnız xoş xəbəri təbliğ etmək tapşırılmayıb. Əgər maraq göstərən insanların həyata aparan həqiqəti qəbul etmələrini istəyirsinizsə, onların yanına təkrar-təkrar getmək lazımdır. Bunun sayəsində onlar yetkin məsihi olacaqlar.
TƏKRAR SÖHBƏT
14 İsa davamçılarına demişdi: «Yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həv. 1:8). Bundan əlavə, belə göstəriş də vermişdi: «Gedin və bütün xalqların içində şagird hazırlayın,.. sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Mət. 28:19, 20). İnsanlarla təkrar görüşüb söhbət etmək Yehovaya ibadətdə duyduğumuz sevinci artırır. Xoş xəbərə maraq göstərən insanlar, bəlkə də, sizinlə yenidən görüşməyə şad olacaqlar. Müqəddəs Kitab həqiqətlərini bölüşmək onların Allaha olan imanını möhkəmləndirə və ruhani ehtiyaclarını dərk etməyə kömək edə bilər (Mət. 5:3). Yaxşı hazırlaşmaq və münasib vaxtda insanın yanına təkrar getmək, Müqəddəs Kitab dərsi başlamağa gözəl zəmin yaradır. Təkrar görüşüb söhbət etməkdə məqsədimiz məhz budur. Biz yalnız həqiqət toxumlarını əkməməliyik, həmçinin əkdiyimizi sulamalıyıq (1 Kor. 3:6).
15 Bəzilərinə insanlarla təkrar söhbət etmək çətin gəlir. Ola bilsin, siz məharətlə qısa təqdimatlar edirsiniz və bununla kifayətlənirsiniz. Amma növbəti dəfə qayıdıb ev sakini ilə söhbəti davam etdirmək sizə aşılmaz dağ kimi görünür. Yaxşı hazırlıq əminliyinizi artıracaq. Həftəarası görüşdəki praktiki məsləhətləri tətbiq edin. Həmçinin daha təcrübəli təbliğçi ilə əməkdaşlıq edin.
MÜQƏDDƏS KİTAB DƏRSLƏRİ
16 Müjdəçi Filip Allahın Kəlamını oxuyan yəhudi prozeliti ilə söhbət edərkən ondan soruşmuşdu: «Oxuduğunu başa düşürsən?» O belə cavab vermişdi: «İzah edən olmasa, necə başa düşə bilərəm?» «Həvarilərin işləri» kitabının 8-ci fəslində deyilir ki, Filip həmin adamın Müqəddəs Yazılardan oxuduğu yerdən başlayaraq «İsa haqqındakı müjdəni ona danışdı» (Həv. 8:26—36). Filipin prozelitlə nə qədər söhbət etdiyini dəqiq bilmirik, amma o, müjdəni elə izah etmişdi ki, nəticədə, həmin adam imana gəlib vəftiz olmaq istədi. O, İsa Məsihin şagirdi oldu.
17 Bu gün çoxları Müqəddəs Kitabla tanış deyil. Buna görə də insana iman aşılayıb onu vəftizə hazırlamaq üçün təkrar-təkrar onun yanına gəlib həftələrlə, aylarla, hətta bir il və ya illərlə Müqəddəs Kitabı araşdırmaq lazım gələ bilər. Səbir və məhəbbət göstərsəniz, səmimi insanlara Məsihin şagirdi olmağa kömək etməklə zəhmətinizin bəhrəsini görəcəksiniz. İsa demişkən: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həv. 20:35).
18 Dərs keçəndə Müqəddəs Kitabın tədrisi üçün nəzərdə tutulmuş vəsaitlərdən istifadə edin. Həftəarası görüşdəki göstərişlərə əməl etdikcə və yığıncağınızdakı təcrübəli Müqəddəs Kitab müəllimləri ilə əməkdaşlıq etdikcə səmərəli dərslər keçirəcək və insanlara İsa Məsihin şagirdi olmağa kömək edəcəksiniz.
19 Sizə Müqəddəs Kitab dərslərini başlamaq və keçirmək çətindirsə, nəzarətçilərin birindən və ya bu sahədə təcrübəsi olan təbliğçidən kömək istəyin. «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndəki təkliflərdən və ibadət görüşlərindəki səhnəciklərdən yararlanın. Yehovaya güvənin, bu barədə Ona dua edin (1 Yəh. 3:22). Ola bilsin, siz artıq ailənizdən kiməsə dərs keçirsiniz. Ancaq yaxşı olardı ki, başqaları ilə də Müqəddəs Kitab dərsi keçməyi qarşınıza məqsəd qoyasınız. Nəticədə, sevinciniz birə-beş artacaq.
İNSANLARI YEHOVANIN TƏŞKİLATINA YÖNƏLDİN
20 İnsanlara Yehovanı tanımağa və İsanın davamçısı olmağa kömək edəndə onlar yığıncağın bir parçası olurlar. Şagirdlər bu təşkilatın Allahın təşkilatı olduğunu qəbul edib onunla əməkdaşlıq etsələr, ruhən inkişaf edib yetkin məsihi olacaqlar. Bunu şagirdə öyrətmək çox vacibdir. Məhz bu məqsədlə müxtəlif videomateriallar və «Yehova Allahın müasir xalqı» broşürü hazırlanıb. Həmçinin bu nəşrin 4-cü fəslindəki bəzi məlumatlar da faydalı ola bilər.
21 Müqəddəs Kitab dərslərini keçdiyiniz ilk gündən şagirdə Yehovanın təbliğ işini Öz təşkilatı vasitəsilə yerinə yetirdiyini başa salın. Müqəddəs Kitab dərsləri üçün nəzərdə tutulmuş vəsaitlərin dəyərini vurğulayın və bu nəşrlərin özünü Allaha həsr etmiş könüllülər tərəfindən necə hazırlanıb bütün dünyaya yayıldığını izah edin. Şagirdi ibadət evində keçirilən görüşlərə dəvət edin. Görüşlərin necə keçirildiyini danışın. Onu dostlarınızla, həmçinin böyük toplantılarda digər bacı-qardaşlarla da tanış edin. Bu minvalla onlar Yehovanın xalqı arasında əsl məsihilərə xas xüsusiyyətin — məhəbbətin olduğunu aydın görəcəklər (Yəh. 13:35). Onlar təşkilatı qiymətləndirdikcə Yehovaya daha yaxın olacaqlar.
NƏŞRLƏRİMİZDƏN İSTİFADƏ EDİN
22 İlk məsihilər Allahın Sözünü həvəslə yayırdılar. Onlar Müqəddəs Yazıların surətini köçürüb şəxsən oxuyur və yığıncaqda araşdırırdılar, həmçinin başqalarına da Allahın həqiqət kəlamını oxumağı tövsiyə edirdilər. Əl ilə köçürülmüş bu nüsxələr az olduğu üçün çox qiymətli idilər (Kol. 4:16; 2 Tim. 2:15; 3:14—17; 4:13; 1 But. 1:1). Bu gün Yehovanın Şahidləri müasir çap üsullarından istifadə edərək yüz milyonlarla Müqəddəs Kitab və ona əsaslanan dərs vəsaitləri dərc edirlər. Bu nəşrlərə yüzlərlə dildə bukletlər, broşürlər, kitablar və jurnallar daxildir.
23 Xoş xəbəri təbliğ edəndə Yehovanın təşkilatının təqdim etdiyi Müqəddəs Kitaba əsaslanmış dərs vəsaitlərindən istifadə edin. Yehovanın Şahidlərinin ədəbiyyatlarını şəxsən oxuyub-araşdırmağın sizə hansı faydanı gətirdiyini görəndə onları başqalarına da təklif etmək istəyəcəksiniz (İbr. 13:15, 16).
24 Bu gün get-gedə daha çox insan məlumatı internet vasitəsilə almağa üstünlük verir. Bu səbəbdən, xoş xəbəri yaymaq üçün biz yalnız Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlardan yox, həmçinin rəsmi jw.org saytımızdan istifadə edirik. Bütün dünyada yaşayan insanlar Müqəddəs Kitabı və ona əsaslanan ədəbiyyatları kompüter vasitəsilə oxuya və ya dinləyə bilərlər. Bizimlə söhbət etməkdən çəkinən və ya Yehovanın Şahidlərinin az olduğu ərazilərdə yaşayan insanlar inanclarımız barədə evdə oturub saytımızdan özləri məlumat ala bilərlər.
25 Buna görə də biz hər fürsətdən istifadə edib insanları rəsmi saytımızla tanış edirik. Ev sakini etiqadlarımız haqda sual verəndə elə oradaca mobil cihazdan və ya kompüterdən istifadə edərək cavabı saytdan göstərə bilərik. Başqa dildə, həmçinin jest dilində danışan insanla rastlaşanda onun diqqətini saytımıza yönəltməliyik ki, öz dilində Müqəddəs Kitabı və ona əsaslanan ədəbiyyatları tapa bilsin. Bir çox təbliğçilər saytdakı videolardan istifadə edərək insanlarla Müqəddəs Kitab əsasında söhbətə başlayırlar.
QEYRİ-FORMAL ŞAHİDLİK
26 İsa onu dinləyən şagirdlərə demişdi: «Siz dünyanın nurusunuz... Qoy sizin də nurunuz insanların qarşısında parlasın ki, onlar yaxşı işlərinizi görüb göydəki Atanızı mədh etsinlər» (Mət. 5:14—16). İsa özü haqqında demişdi ki, «mən dünyanın nuruyam». Şagirdlər ondan nümunə götürməklə Yehovanın qanunu ilə yaşadıqlarını göstərirdilər. İsa onu dinləyən insanlar üçün həyat nuru saçırdı və bununla o, məsihilərə gözəl örnək qoyub (Yəh. 8:12).
27 Həvari Bulus da bizim üçün nümunədir (1 Kor. 4:16; 11:1). Afinada olanda o, hər gün bazar meydanında qarşısına çıxan insanlara təbliğ edirdi (Həv. 17:17). Filippidəki məsihilər ondan nümunə götürürdülər. Bu səbəbdən həvari Bulus bu məsihilər haqqında yazırdı ki, onlar «pozğun və əxlaqsız nəslin içində» yaşayır və onların arasında «nur kimi» parlayırlar (Filip. 2:15). Bu gün də biz təbliğ etdiyimiz hər yerdə sözlərimizlə və hərəkətlərimizlə Padşahlıq haqqında həqiqət nurunun parlamasına imkan yarada bilərik. Düzdür, dürüst və saleh olmağımız özü-özlüyündə başqalarının diqqətini çəkir və onlara bu dünyadakı insanlardan fərqli olduğumuzu göstərir. Amma xoş xəbəri təbliğ edəndə onlar bizim nəyə görə fərqli olduğumuzu başa düşürlər.
28 Yehovanın Şahidlərinin əksəriyyəti işdə, məktəbdə, ictimai nəqliyyatda, yaxud gündəlik işləri ilə məşğul olduqları hər yerdə qarşılarına çıxan insanlara xoş xəbəri təbliğ edirlər. Biz harasa yol gedəndə yol yoldaşlarımıza təbliğ edə bilərik və adi söhbət vaxtı şahidlik etməyə hazır olmalıyıq. Gəlin hər fürsətdən istifadə edib hər kəsə şahidlik verək.
29 Təbliğimizlə Yaradanımıza şərəf gətirdiyimizi və Onun adını ucaltdığımızı yadda saxlasaq, fürsəti əldən verməyib şahidlik edəcəyik. Bundan əlavə, səmimi insanlara Yehovanı tanımağa kömək edə bilərik. Bunun sayəsində onlar Yehovaya ibadət edəcək və İsa Məsihə imandan doğan əbədi yaşamaq ümidinə sahib olacaqlar. Yehova çəkdiyimiz zəhmətə yüksək dəyər verir və buna müqəddəs xidmət kimi baxır (İbr. 12:28; Vəhy 7:9, 10).
TƏBLİĞ ƏRAZİSİ
30 Yehovanın iradəsi bundan ibarətdir ki, xoş xəbər bütün dünyada, həm şəhərlərdə, həm də ucqar ərazilərdə təbliğ olunsun. Bu məqsədə çatmaq üçün filial yığıncaqlara, həmçinin ucqar ərazilərdə xidmət edən təbliğçilərə təbliğ ərazisi təyin edir (1 Kor. 14:40). Bu, birinci əsrdə Allah tərəfindən verilən göstərişlərə uyğun olaraq edilir (2 Kor. 10:13; Qal. 2:9). Yaşadığımız bu axırzamanda Padşahlığın işi daha geniş vüsət alıb. Əgər yığıncağın ərazisində təbliğ fəaliyyəti yaxşı təşkil edilərsə, bu işdə çox şeyə nail olmaq olar.
31 Bu iş xidmət nəzarətçisinin nəzarəti altında həyata keçirilir. Təbliğçilərə təbliğ sahələrini verməyi yığıncaq xidmətçisinə tapşırmaq olar. İki növ təbliğ sahəsi var: qrup sahəsi və fərdi sahə. Sahələri məhdud sayda olan yığıncaqlarda qrup şəklində təbliğ etmək üçün qrup nəzarətçilərində sahələr olur. Sahələrin çox olduğu yığıncaqlarda isə hər təbliğçi ayrıca sahə götürə bilər.
32 Ayrıca sahəsi olan təbliğçi təbliğ görüşünün keçirilmədiyi vaxtlarda və görüşün vaxtı ona əl verməyəndə istədiyi vaxt sahəyə gedə bilər. Bəzi təbliğçilər iş yerlərinin yaxınlığında sahə götürüb nahar fasiləsində və ya işdən sonra orada təbliğ edirlər. Ailələr isə yaşadıqları ərazidə sahə götürür və axşamlar təbliğ edirlər. Münasib ərazidə sahə götürmək təbliğçiyə sahə xidmətinə daha çox vaxt sərf etməyə imkan verir. Təbii ki, fərdi sahələri qrupla xidmət edəndə də işləmək olar. Fərdi sahələri sahələrə cavabdeh qardaşdan götürə bilərsiniz.
33 Həm qrup nəzarətçisi, həm də təbliğçi götürdüyü sahələrdəki bütün sakinlərə təbliğ etmək üçün əlindən gələni etməlidir. Təbliğ sahələrinin işlənmə qaydası ölkədəki fərdi məlumatların qorunma qanununa müvafiq olmalıdır. Sahə götürən qrup nəzarətçisi və təbliğçi sahəni dörd ay ərzində işləməlidir. Sahəni işləyib qurtarandan sonra sahələrə cavabdeh qardaşa məlumat vermək lazımdır. Şəraitdən asılı olaraq, qrup nəzarətçisi, yaxud təbliğçi ya sahəni özündə saxlayıb yenidən işləyə, ya da sahələrə cavabdeh qardaşa qaytara bilər.
34 Bütün yığıncaq göstərişə uyğun davransa, sahəni tam şəkildə işləmək olar. Ev sakinlərini narahat etməmək üçün ehtiyatlı olmalıyıq ki, bir sahəni eyni vaxtda bir neçə təbliğçi işləməsin. Bununla biz həm bacı-qardaşlarımızı, həm də sahəmizdəki insanları nəzərə aldığımızı göstərmiş olarıq.
HƏR XALQA TƏBLİĞ
35 Hər kəs Yehova Allah, Onun Oğlu və Padşahlıq barədə eşitməlidir (Vəhy 14:6, 7). Biz hər dildə danışan insana Yehovanın adını çağırıb xilas olmağa və məsihi xüsusiyyətlərinə yiyələnməyə kömək etmək istəyirik (Rom. 10:12, 13; Kol. 3:10, 11). Çoxdilli ərazilərdə xoş xəbəri təbliğ edəndə hansı çətinliklər yarana bilər? Bu çətinliklərin öhdəsindən necə gəlmək olar? Necə etmək olar ki, mümkün qədər çox insan Padşahlıq xəbərini daha yaxşı başa düşdüyü dildə eşitsin? (Rom. 10:14).
36 Yığıncağın təbliğ ərazisi yığıncağın dilinə uyğun olaraq təyin olunur. Buna görə də çoxdilli ərazilərdə müxtəlif yığıncaqların təbliğçiləri eyni ərazidə xidmət edirlər. Müəyyən hallarda yaxşı olardı ki, hər yığıncağın təbliğçiləri onların dilində danışan insanlara təbliğ etsinlər. Bu qaydaya hər il keçirilən xüsusi kampaniyalar vaxtı da əməl etmək lazımdır. Amma ictimai yerlərdə təbliğ edəndə və qeyri-formal şahidlik edəndə təbliğçilər hər kəslə danışa və istədikləri dildə ədəbiyyat paylaya bilərlər.
37 Bəzən başqa dildə danışan yığıncaqlar uzaq əraziləri müntəzəm işləyə bilmirlər. Bu halda yığıncaqların xidmət nəzarətçiləri bir araya gəlib sahəni işləmək üçün plan tərtib etməlidirlər. Bunun sayəsində hər kəs Padşahlıq xəbərini eşidəcək və təbliğçilər əbəs yerə ikiqat əmək sərf etməyəcəklər (Məs. 15:22).
38 Əgər təbliğ edən zaman qapını başqa dildə danışan insan açarsa, nə etməliyik? Arxayın olmaq lazım deyil ki, onun dilində danışan təbliğçi ona baş çəkəcək. Bəzi təbliğçilər onların ərazilərində ən çox danışılan əcnəbi dildə sadə təqdimat öyrənirlər. Biz başqa dildə danışan insanlara saytımızdan öz ana dilində ədəbiyyatlarımızı necə oxumağı və yükləməyi göstərə, yaxud həmin dildə ədəbiyyat gətirməyi təklif edə bilərik.
39 Kimsə səmimi maraq göstərərsə, biz onun başa düşdüyü dildə danışa bilən təbliğçi tapmalıyıq. Həmçinin həmin insana yaxınlıqda onun ana dilində keçirilən yığıncağın yerini demək lazımdır. Əgər o, onun dilində danışan təbliğçi ilə əlaqə yaratmaq istəyirsə, saytımız vasitəsilə əlaqə məlumatlarını necə göndərməyi göstərə bilərik. Filial isə, öz növbəsində, ona yaxın ərazidəki təbliğçiyə, qrupa və ya yığıncağa ona kömək etməyi tapşıracaq.
40 İnsan öz dilində danışan təbliğçi ilə əlaqə saxlayana kimi onun yanına getmək lazımdır. Bəzən filial ağsaqqallara məlumat verə bilər ki, o ərazidə həmin insanın dilində danışan təbliğçi yaşamır. Belə olan halda, ev sakininin marağını artırmaq üçün əlimizdən gələni etməliyik. Mümkündürsə, onun dilində olan ədəbiyyatın köməyi ilə Müqəddəs Kitab dərsi keçin. Əgər şəkillərdən məharətlə istifadə etsəniz və sitat gətirilən ayələri ona oxutsanız, o, Müqəddəs Kitabın bəzi əsas təlimlərini mənimsəyəcək. Onun ailə üzvlərindən biri həm öz dilini, həm yerli dili kifayət qədər bilirsə, tərcüməçi kimi sizə kömək edə bilər.
41 Maraq göstərən insanı Yehovanın təşkilatına yönəltmək üçün, hətta proqramı tam başa düşməsə də, onu ibadət görüşünə dəvət etmək lazımdır. Ayələr oxunanda, varıdırsa, ona öz dilindəki Müqəddəs Kitabdan həmin ayəni tapmağa kömək edin. Yığıncaqdakılarla ünsiyyət özü-özlüyündə ona müsbət təsir edəcək və ruhani inkişafına kömək edəcək.
42 Natamam qruplar. Natamam qrup dedikdə yığıncağın dilindən fərqli dildə təbliğ edən bir neçə təbliğçinin olduğu qrup nəzərdə tutulur. Bu qrupda həmin dildə həftəlik görüşləri aparmaq üçün yararlı ağsaqqal və ya yığıncaq xidmətçisi olmaya da bilər. Əgər aşağıdakı tələblərə cavab verilirsə, filial bir yığıncağı natamam qrupa məsul seçə bilər:
1) Həmin ərazidə yığıncağın danışdığı dildən fərqli dildə danışan kifayət qədər əhali yaşayır.
2) Həmin dildə danışan və ya bu dili öyrənmək istəyən ən azı bir neçə təbliğçi var.
3) Ağsaqqallar şurası həmin dildə təbliğ işini təşkil etməyə hazırdır.
Əgər ağsaqqallar şurası natamam qrupa məsul olmaq istəyirsə, rayon nəzarətçisi ilə məsləhətləşməlidir. Ola bilsin, rayon nəzarətçisi bu dildə danışan insanlara başqa yığıncaqların təbliğ etdiyini bilir və hansı yığıncağın natamam qrupa məsul olmasının daha münasib olduğunu müəyyən etmək üçün dəyərli məlumat verə bilər. Məsul yığıncaq müəyyən olunandan sonra həmin yığıncağın ağsaqqalları natamam qrupa məsul yığıncaq kimi rəsmi təsdiq olunmaq üçün filiala məktubla müraciət edə bilər.
43 Qruplar. Əgər aşağıdakı tələblərə cavab verilirsə, filial bir yığıncağı qrupa məsul seçə bilər:
1) Həqiqətə kifayət qədər maraq göstərilir və bu sahənin potensial inkişafı var.
2) Həmin dildə danışan və ya bu dili öyrənmək istəyən ən azı bir qrup təbliğçi var.
3) Həmin dildə ən azı həftənin bir görüşünü, yaxud görüşün müəyyən hissəsini, məsələn, açıq məruzə və ya «Gözətçi qülləsi» müzakirəsini keçirə bilən münasib ağsaqqal və ya yığıncaq xidmətçisi var.
Əgər bu tələblərə qənaətbəxş cavab verilirsə, ağsaqqallar şurası yığıncağın nəzdində qrupun yaradılmasının rəsmi təsdiq olunması üçün filial təfərrüatlı məktubla müraciət etməlidir. Bu qrupa məsul olan ağsaqqal və ya yığıncaq xidmətçisi həmin qrupun müvafiq olaraq, qrup nəzarətçisi, yaxud qrup xidmətçisi hesab ediləcək.
44 Qrup yaradılanda məsul yığıncağın ağsaqqallar şurası ibadət görüşlərinin digər hissələrinin keçirilməsinə ehtiyac olub-olmadığına və bunun ay ərzində neçə dəfə olacağına qərar verə bilər. Qrup üçün təbliğ görüşləri də təşkil etmək olar. Qrupdakılar aid olduqları yığıncağın ağsaqqallar şurasının nəzarəti altında fəaliyyət göstərməlidirlər. Ağsaqqallar tarazlı göstərişlər verməli və qrupun qeydinə qalmalıdırlar. Rayon nəzarətçisi qrupun aid olduğu yığıncağı ziyarət etdiyi həftə qrupla əməkdaşlıq edib onun nailiyyətləri və xüsusi ehtiyacları barədə filiala qısa hesabat göndərəcək. Müəyyən müddətdən sonra qrup yığıncaq kimi fəaliyyət göstərə bilər. Əgər qrupda olan hər kəs teokratik göstərişə əməl etsə, Yehova bu işi avand edəcək (1 Kor. 1:10; 3:5, 6).
QRUPLA TƏBLİĞ
45 Özünü Allaha həsr etmiş məsihilər insanlarla xoş xəbəri bölüşmək məsuliyyəti daşıyırlar. Bunu etməyin müxtəlif yolları olsa da, əksər məsihilər bir-biriləri ilə əməkdaşlıq edərək ev-ev təbliğ etməyi daha çox xoşlayırlar (Luka 10:1). Buna görə də, yığıncaqlar həm həftəsonu, həm də həftəiçi təbliğ görüşləri keçirirlər. Bayram günləri qrupla təbliğ etmək üçün əlverişlidir, çünki bacı-qardaşlar həmin günlər işləmirlər. Yığıncağın xidmət komitəsi münasib vaxtda və yerdə, günorta və axşam saatlarında təbliğ görüşləri təşkil edir.
46 Qrupla təbliğ təbliğçilərə əməkdaşlıq etmək və bir-birilərini ruhlandırmaq imkanı verir (Rom. 1:12). Yeni təbliğçilər bacarıqlı və təcrübəli bacı-qardaşlarla əməkdaşlıq edib təcrübə toplaya bilərlər. Bəzi ərazilərdə təhlükəsizlik məqsədilə iki və daha çox təbliğçinin birlikdə təbliğ etməsi məsləhətdir. Sahəni təkbaşına işləməyi planlaşdırsanız da, qrupla görüşdə iştirak etmək yaxşı olardı, çünki bu görüş hamını ruhlandırmaq üçün nəzərdə tutulub. Biləndə ki, eyni ərazidə sizinlə bərabər başqaları da təbliğ edir, daha cəsarətli olacaqsınız. Öncüllər və digər təbliğçilər yığıncağın bütün təbliğ görüşlərində (xüsusilə də hər gün keçirilirsə) iştirak etməyə məcbur deyillər. Lakin həftəlik təbliğ görüşlərinin bir neçəsində iştirak etmək yaxşı olardı.
47 Gəlin hamımız İsanın və həvarilərin qoyduğu nümunəni izləyək! Bu vacib işdə, Padşahlıq haqqında xoş xəbərin təbliğində bütün gücümüzü səfərbər etsək, əmin ola bilərik ki, Yehova bizə mükafat verəcək (Luka 9:57—62).